adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2015 23:15
6207
İDMAN
A- A+

Səfərov gümüş, Orucov bürünc medal qazandı - Yenilənib

Mayın 23-də Mərakeşin Rabat şəhərində cüdo üzrə "World Master" turniri start götürüb.

Adalet.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının reytinqində yüksək pillələrdə qərarlaşan tatami ustalarının iştirakı ilə keçirilən turnirdə Azərbaycan yığma komandası da 6 nəfərlik heyətlə təmsil olunur. Yarışın ilk günündə 4 cüdoçumuz mübarizəyə qoşulub. Onlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ardıcıl olaraq İsrail, Almaniya və Monqolustandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda onu Yaponiya cüdoçusu Naohisa Takato gözləyir. 73 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Rüstəm Orucov isə yarımfinala qədər qarşısıalınmaz olsa da, finala çıxış görüşündə rusiyalı rəqibinə məğlub olub. Məğlubiyyətə baxmayaraq, o, bürünc medal şansını saxlayır.

Tatamiyə çıxan digər iki cüdoçumuzdan Nicat Şıxəlizadə 1/4 finalda, ardınca təsəlliverici görüşdə, İlqar Müşkiyev isə ilk mərhələdə məğlub olaraq medal qazanmaq şansını itirib.

Qeyd edək ki, sabah yığmamızın daha iki üzvü - 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov və Elmar Qasımov mübarizəyə qoşulacaq.

***

Orxan Səfərov həlledici görüşdə yaponiyalı rəqibinə məğlub olub. Görüş ərzində heç bir cüdoçu xal qazanmasa da, Səfərova verilən xəbərdarlıqlar sayəsində Takato turniri qalib olaraq tamamlayıb.

Rüstəm Orucov bürünc medal uğrunda görüşdə fransalı rəqibini "ippon"la yenərək turniri üçüncü pillədə tamamlayıb.


Sahib ƏSƏDBƏYLİ