adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 May 2015 16:27
1815
GÜNDƏM
A- A+

Berlində I Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb

Berlində I Avropa Oyunlarına həsr olunmuş "Azərbaycan – İdman foto obyektivdə” adlı sərgi açılıb. Trend-in məlumatına görə, Berlinin tarixi "Kunztschule” qallereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya Nümayəndiliyinin təşkilatçılığı ilə "Azərbaycan – İdman foto obyektivdə” (ASİF) sərgisinin açılış mərasimi keçirilib.

Cəmiyyətdən verilən məlumata görə, tədbir idman həmrəyliyinə və 12-28 iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilib. Altmış beş foto şəkildən ibarət olan sərgi daha öncə London, Nitsa və Maastrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. Iki yüz əllidən çox qonağın iştirak etdiyi sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporasının fəalları, həmçinin Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov da iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Almaniya Nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaq: "Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir. Bakının I Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir".

Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer Avropada keçirilən bu sərgilərlə bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, "Azərbaycan – İdman foto obyektivdə” müsabiqəsinin təşkili və eyni adlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaradır: "Bu sərgiylə tanışlıqdan sonra bir daha əmin olursan ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu ölkənin qədim, zəngin tarix və mədəniyyəti kimi, zəngin idman ənənələri də var. Əminəm ki, I Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasına töhfə verəcək".

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş "Azərbaycan – İdman foto obyektivdə” adlı foto müsabiqənin nəticələri həmin ilin dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edir.

I yerə azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun "Şöhrətə Doğru”, II yerə fransalı fotoqraf və videoqraf Pol Robionun "İpanema – Rio de Janeyro”, III yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın "Yekun Təlimat” adlı fotoşəkillər layiq görülüb.

Məlumat üçün bildirək ki, münsiflər heyətinin tərkibində tanınmış amerikalı fotojurnalist, "VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə "World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi ad qazanmış almaniyalı fotoqraf Filip Ratmer və bir çox beynəlxalq mükafatların laureatı azərbaycanlı fotoqraf Əğdes Bağırzadə olub.