adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DAŞA DÖNƏN KƏNDiMiZ

VƏSİLƏ USUBOVA
28307 | 2011-07-08 23:01
-Nə əcəb harasa getmirsiz? Dincəlməyə...
   
   - Gedə bilmirəm. İmkanım yoxdu...
   
   -Başa düşürəm. Çətindi. Heç olmasa, beş-on günlüyə kəndə gedin. İndi kəndin yaxşı vaxtıdı...
   
   Kəndə getməyə nə var ki?! Hava isti, bürkü, yollar tozlu-boğanaqlı olsa da, getmək olur. Həmişə ayağımın can atdığı, ürəyimin atlandığı yerdi kəndimiz. Buraya bir cümlə də əlavə edə bilərdim. Başımın rahatlandığı, sinirlərimin sakitləşdiyi yerdi. Təəssüf ki, son vaxtlar bunu deyə bilmirəm. Bu şoran torpaq həmişə məndən ötrü dünyanın ən müqəddəs məkanı olub. Söhbətləşdiyim hər kəsə o qədər sevgiynən, həsrətnən tərifləmişəm ki, görməyənlər görmək istəyib. Görənlərsə,... qəribə tərzdə üzümə baxıb deyiblər: bunun nəyini tərifləyirdin? Dədə görməmisən, elə bilirsən Şahqulu da dədədi. Azərbaycanda kəndlər var ki,...
   
   Mübahisə eləməmişəm. İlk baxışda onlar haqlıdılar. Yurd şirinliyini hamı anlamaz ki...
   
   Üfüqləri geniş idi. Hər səhər tarlaların, arxların lap o başından, sanki çox-çox uzaqlardan boylanan günəş, mənə görə, dünyanın hər yerindən çox buranı nurlandırır, isidirdi. Yay aylarında göyün o başından qalxıb od yağdıra-yağdıra bu başınacan süzəndə, sonra da gömgöy bulud kimi sıx və qalın tuğay meşəsinin o üzündə portmüş camalını gizlədəndə bu yerlərdə elə sərin, canayatan mehlər əsməyə başlayırdı ki, gündüzünü görməyən bütün günü hər tərəfin isti ocaq kimi sifət qarsıtdığına inanmazdı. Həm də elə bilirdin ki, əsən yellər elə meşənin başı üstündən adlayıb axmazın sularını tərpədir, balıq qoxulu nəm havasını bu yerlərə çatdırırdı. Kəndimizin cadar-cadar olmuş, duzu üstünə çıxmış şoran torpağını sevirdim. Bu torpaqda nə bitirdisə, hamısını sevirdim. Ən xırda ətirsiz otlarını, yulğununu, qanqalını, saksaulunu, tünd bənövşəyi quşüzümü gətirən tikan kollarını, xəfif qoxusu adamda qəribə kədər oyadan yovşanını, yalın ayaqlarımıza batıb şirin-şirin ağrıdan dəvətikanını,,, hamısını, hamısını sevirdim. Yemlik, yağlıca, quşəppəyi yığdığımız arxlar, qanovlar bizdən ötrü dünya xəritəsinin ən gəzməli, maraqlı, zəngin yerləri idi. Düşünəndə, danışanda, yazanda o qədər hissə qapılıram ki, bəzən özümdə də şübhə yaranır: bəlkə doğrudan da, hər şeyi şişirdirəm?! Yox, yox! Vallah, mən ancaq öz ürəyimin, son illər mənə rahatlıq verməyən xatirələrimin diqtəsiynən yazıram bunları...
   
   Amma... bir zamanlar mən də ancaq bu kənddən getmək barədə düşünürdüm. Daha gözəl yerləri, daha maraqlı adamları görmək ümidiynən. Xəyallarım o qədər qanadlıydı ki, qarşıma çıxan hər şeyi vurub dağıtmağa hazır idim...İstədiyimi elədim. Ancaq xəyallarımdakı zənginliyi tapa bilmədim. Başqa yerdə yaşayıb işləməli olsam da, həmişə kəndimizə uça-uça gəldim. Doğma yerlər, doğma adamlar... Daha dünyanın o başı maraqlı və cazibədar deyildi. Hər şeyin yaxşısı elə burda, öz el-obamda imiş, deyə düşünürdüm...
   
   Hər şeyin bir sonu varmış. Ən şirin duyğuların, ən ülvi istəklərin də...
   
   
   
   ***
   
   İllər ötdükcə o şirinlik, cazibə azalmağa, yerini həsrət və göynədici, ağrıdıcı əzablar tutmağa başladı. Nə baş verdiyini hərdən özüm də anlamıram. Bəlkə də anlayaram, əgər həyatın bu sərt, qəddar üzünü təbii saysam. Hər dəfə kəndə gedəndə artıq həyatda olmayan insanların yoxluğuynan barışsam. Nə təbii sayıram, nə də barışa bilirəm. Sanki dünya təkcə mənə görə öz əzəli və əbədi qanunlarını dəyişməlidi. Hər şey mən istədiyim kimi olmalı, mənim şıltaq qəlb ehtiraslarıma tabe edilməlidi. Bilirəm ki, bunlar olmayacaq. Ancaq əzablarımdan da əl çəkmirəm...
   
   Hərdən özümə haqq qazandırmaq istəyirəm. Niyə də qazandırmayım?! Axı, biz balaca olanda adamlar bu qədər özlərinə qapanmamışdılar. Həyət qapısından keçənlərə bir stəkan çay, bir kasa sərin ayran təklif edərdilər. Evlərdən bir-birinə ensiz cığırlar uzanardı. Bu cığırlarla qonaq gedər, pay aparıb, pay gətirərdilər. Həyətlər bir-birindən alçaq qamış, yulğun çəpərlərlə ayrılardı. Bağ-bostan çox vaxt çəpərsiz, gözətçisiz qalardı. Yoldan ötən də çəkinmədən, sıxılmadan qarpızdan-yemişdən dərib yeyər, aclığını-susuzluğunu yatırdardı. "Bostandan oğurluq haram sayılmaz" deyərdi böyüklərimiz. Nə qızıl sözlərdi! Öz zəhmətini ehtiyacı olana halal eləmək deməkdi bu. Tikəsini bölüşmək, başqasının toxluğundan, ehtiyacsızlığından zövq almaq deməkdi. Çəpərlər də çox vaxt dəlik-deşik olardı. Uşaqların, toyuq-cücənin, itin-pişiyin əlinə girəvə düşərdi. Qonşu həyətində hər şey dadlıydı. Uşaqlar yayın istisində dincəlməyib qonşunun bir qədər çimir eləməsini gözləyərdilər ki, beş-on dəqiqədən sonra köynəkləri meyvəynən dolu qayıtsınlar. Qız-gəlinlər çəpər başından hal-əhvallaşır, təzə xəbərləri bir-birlərinə ötürür, dedi-qodu yapmaqdan zövq alırdılar...
   
   Hər şeyi keçmiş zamanda yazıram. İndi yazacaqlarım həsrətimin, qüssəmin heç də nahaq yerə yaranmadığını sizlərə isbat edəcək.
   
   Tanıdıqlarımın üçdə dördü artıq həyatda yoxdu. Hər addımbaşı boynumu qucaqlayıb üz-gözümdən öpən, hal-əhval tutan, dünyadan köçənlərimə rəhmət, həyatda olanlarıma cansağlığı arzulayan şirin dilli, istiqanlı ağbirçəklərə rastlamıram. Heç bir qonşunun arasında cığır qalmayıb. Evlərin, hasarların, hətta mal tövlələri və toyuq hinlərinin çoxu daşdandı. Nə həyətdən boylanan var, nə həyətə boylanan. Əvəzində hamının evində şüa yayan, xəstəlik törədən əksər müasir məişət cihazlarından tapa bilərsən. Qonşunun evində bağrı çatlasa da, heç kəs xəbər tutmaz. Yeganə ünsiyyət vasitəsi mobil telefonlar, market və çayxanalardı...
   
   Daha həyətlərdə bitən ağacları, o ağacların başında saralan, qızaran meyvələri də görmək mümkün deyil. Görsən də, bu daş hasarı aşa bilməzsən. Görəsən, bu uşaqlar böyüyəndə nəyi xatırlayacaqlar?! Öz övladlarına, nəvələrinə hansı şirin xatirələrini danışacaqlar?!
   
   Elə bil hamının ürəyi də daşa dönüb. Daş divarlar, hasarlar arasında yaşayan bəs necə olmalıdı?! Bu adamların yaddaşları da daş kimi qalacaq: soyuq, səssiz...
   
   Qəribə bir gərginlik, soyuqluq hökm sürür kəndimizdə. Dünənindən ayrılmağına ayrılıb, amma hara gedir, bilinmir.
   
   Görəsən, arxaya baxmadan qabağı görmək mümkündümü?!

TƏQVİM / ARXİV