adalet.az header logo
  • Bakı 18°C

QALXIN, SüKUT GƏLiR!

ƏBÜLFƏT MƏDƏTOĞLU
36386 | 2011-07-08 23:01

   
   Bəlli bir həqiqət var. Və bu həqiqət düşünən insanların hər birinə gün işığı kimi aydındı. Belə ki, Tanrıdan sonra ikinci yaratmaq gücündə olan varlıq insandı. O insan ki, o təkcə əliylə, zehni ilə deyil, həm də xəyalı ilə qurub-yaradır. Və nə yaxşı ki, bu xəyal insanın özündən başqa kimsə tərəfindən görünmür. Yoxsa, xəyalda qurduqlarımızı görən olsa, ya bizi dəli hesab edib doyunca gülər, ya da gördüklərini danışıb sirrimizi faş edər...
   
   Xəyal demişkən, havaların isti keçdiyi bir məqamda gözümü yumub canımla vuruşurdum. Birdən əlim mobil telefona toxundu. Bəlkə də qəsdən israrla axtarsaydım həmin anda həmin şəkli mobil telefonun yaddaşında tapa bilməyəcəkdim. Amma əlim toxunan kimi mərhum dostum, şair qardaşım Vahid Əlifoğlunun başdaşında çəkilmiş şəkli bir panorama kimi açıldı gözümün qarşısında. Həminki təbəssüm, həminki ciddi görkəm və uzaqlara sancılmış baxışlar. Elə o baxışlardan da tutub yol getməyə başladım. Elə bir yol ki, o yolu kimliyindən asılı olmayaraq gec, ya tez hamı gedir...
   
   İnsan yaratmaq gücündədi. Amma insan həm də yaratdığını dağıtmağı da bacarır. Özü də bəzən heç ruhu da incimir, tükü də tərpənmir. Əziyyətinə, əməyinə heyifi də gəlmir. Ya məcburiyyətdən, ya qəzəbdən, ya da elə-belə, kefi istəməyindən vurub dağıdır qurduğunu, yaratdığını. Sonra da ancaq xatirə kimi yaşadır içində. Gah acı, gah da şirin xatirə kimi...
   
   Qəribədir ki, biz, mərhumlardan söz düşəndə, hüzr mərasimlərində olanda nədənsə daha çox "Allah rəhmət eləsin, haqqa qovuşdu, Tanrı dərgahına getdi" deyirik. Amma fərqinə varmırıq ki, kimin hara getdiyini, kimin harda olduğunu biz müəyyənləşdirmirik. Haqqın yolu, haqqın qapısı hamının üzünə açıqdı. Amma bu yolu kim gedəcək, bu qapını kim açacaq və Tanrıya kim qovuşacaq, bunu yalnız yaradan özü bilir. Ona görə də söz xatirinə dediyimiz "Tanrı dərgahına getdi, Tanrıya qovuşdu" fikri mənim heç ürəyimcə deyil. Çünki burda məntiq görmürəm. Amma...
   
   Həyat bir andı. Onu yüz il də getmək olur, elə bir an kimi unutmaq da. Təəssüf ki, biz həyatı vaxtında dəyərləndirmirik. Günü, zamanı harda gəldi öldürüb harda gəldi itiririk. Və sonra da ona böyük ehtiyac duyanda başlayırıq axtarmağa, qədrini bilməyə. Onda da çox gec olur. Mən Vahid Əlifoğlunun böyüklüyünü, şairliyini və xüsusilə insanlığını vaxtında duysam da zaman mənim istəklərimin əleyhinə at oynatdı. Qaçqınlıq, müharibə imkan vermədi ki, onunla üz-üzə oturub bir-birimizə canımızda olanları deyək, kağıza köçürək. İndi onu vaxtsız itirəndən sonra (vaxtsız itirmək sözü də heç gerçəkliyi ifadə etmir, çünki bu müəyyənlik haqqı da Tanrıya aiddi. Kimi nə vaxt aparırsa, demək elə vaxtı da onda tamam olur - Ə.M.) onun barəsində daha çox düşünməyə, daha çox xəyala dalmağa başlamışam. Və indi də başdaşı ilə üzbəüz oturub söhbət edirəm. Söhbətin ilk anında sanki məni kimsə silkələyib oyadır. Özümdən asılı olmayaraq yerimdən qalxıram, onun qarşısında sükuta dalıram. Bir anlıq, bir dəqiqəlik sükuta!!! Elə bir sükuta ki, o sükut mənimlə Vahidin arasında həm körpüyə çevrilir, həm də tərcüməçi-dilmanca. Axı Vahidin olduğu dünyanın dili ilə mənim yaşadığım dünyanın dili arasında müəyyən fərqlər var. Deməli, mütləq tərcüməçi olmalıdır. Yoxsa Tanrı dərgahına ucalan, haqqa qovuşan Vahidlə mən necə danışa bilərəm. Təbii ki, yalnız sükutun köməyi ilə.
   
   
   
   Hərdən
   
   pəncərəmdən
   
   boylanıb
   
   keçir -
   
   isitmək üçün
   
   hərdən də
   
   məni seçir
   
   günəş...
   
   hərdən
   
   pəncərəmdən
   
   şimşək də
   
   baxır
   
   və təəccübündən
   
   elə gülür ki,
   
   sanki
   
   göydən
   
   dağ boyda
   
   qəhqəhə yağır...
   
   hərdən
   
   bunları
   
   düşünə-düşünə
   
   ara vermək
   
   istəsəm də
   
   hər günkü işimə
   
   alınmır
   
   təklik,
   
   xatirələr
   
   və ölən
   
   ümidlər
   
   məni
   
   özümdən xəbərsiz
   
   balaca
   
   pəncərəmin
   
   önündəki
   
   məzarlığa
   
   baxmağa
   
   çəkib aparır!..
   
   
   
   ***
   
   Deməli, biz bütün məntiqlərə görə, gerçək dünyada yaşayırıq. Amma bu gerçək dünyanın içindəki həqiqətlər isə heç də hər şeyin yaxşı olduğunu göstərmir. Bir az da çılpaq desəm, əslində bu gerçək dünyada o qədər yalanlar, o qədər yanlışlıqlar var ki, biz onlara vaxt ayırdıqca, güc sərf etdikcə özümüz də o yalanlara bulaşır, o yalanların içində ömür-gün əridirik. Və bir də onda xəbər tuturuq ki, bizim də adımızın bir nöqtəsində yalan ilişib qalıb. Təbii ki, bundan bir az utansaq, bir az narahat olsaq da hamının bizim günümüzdə olduğundan özümüz özümüzü yola veririk. Başqa cür də mümkün deyil. Bu gerçək dünyanın yalanları içərisində kiminsə təpədən dırnağa dürüst, yalansız, yanlışsız yaşadığına inana bilmirəm. Bu ümumiyyətlə, ağıla sığan iş deyil. Ən azı ona görə ki, heç bir fərd tək özündən ibarət olmadığı üçün özünün, ailəsinin, dostunun, millətinin, vətəninin, bir sözlə, kiminsə və nəyinsə xatirinə hardasa bir yalanlıq, bir yanlışlıq məqamı da yaşayır. Bu qaçılmaz bir gerçəklikdir.
   
   İllərin sürəti ilə xəyalın sürəti arasında oxşarlıq axtarmağa dəyməz. Çünki ikinci birincini həmişə qabaqlayır, üstələyir. Və ikinci birincini həm də təkrar yaşamağa məcbur edir. Belə olan halda biz xəyala daha çox güvənir, onunla daha çox baş-başa qalırıq. Özümüz də bilirik ki, bu yalnız təsəllidir. Orda gerçəklik axtarmaq gülüncdür. Deməli, istəyir ilğım olsun, istəyir xəyal, bu ümid verirsə, bu ömür uzadırsa bundan niyə qaçaq ki? Bir halda ki, xəyal məni dünənimdən beş əlli tutmağa məcbur edirsə və dünənimi mənimlə çəkib bu günə gətirirsə, onda niyə baş əyməyim xəyalımın qarşısında? Xüsusilə həmin o yaşananların hamısı heç kimin görmədiyi, heç kimin dinləmədiyi bir şəraitdə baş verirsə. Yəni sükut və onun içərisində xəyal. Əslində bu xəyalın özü də sükutun əksidir. Onun əks-sədasıdı, dayanıblar üzbəüz, danışırlar və mən də bu danışıqların içərisində yaşayıram. Necə ki, Vahidlə danışdığım kimi.
   
   
   
   Yayınıb
   
   hamının gözündən
   
   qapını bağlayıb
   
   pərdəni çəkək...
   
   dörd divar
   
   arasında
   
   bir tala
   
   kədər əkək...
   
   suyu-
   
   qanımız,
   
   günəşi-
   
   nəfəsimiz...
   
   göyərsin,
   
   boy atsın
   
   lap buludlara
   
   çatsın
   
   göy üzündən
   
   o yanda
   
   bir maraq
   
   oyatsın-
   
   kədərimiz
   
   və ona
   
   sarılmış
   
   sevirəm!-
   
   pıçıldayan səsimiz
   
   bu məqam
   
   bəsimizdi,
   
   bəsimiz!
   
   
   
   ***
   
   Dünyada ən ədalətli və ən hökmlü məhkəmə vicdan məhkəməsidir. Bu məhkəmədə şahid də, sübut da, vəkil də, hakim də, hətta dövlət ittihamçısı da elə vicdanın özüdü. O adam, o insan özünü rahat saya bilər ki, o aylı gecədə əllərini başının altında daraqlayıb göy üzündəki ulduzlarla təmas qurmaq istəyəndə vicdanı onu narahat etmir. Bu tənhalığın, bu aylı-ulduzlu gecənin sorğu-sualında təngnəfəs olmur, tıncıxmır. Əksinə, vicdanın rahatlığı qəlbin öz ritminə uyğun çırpıntılarını, döyüntülərini nizamlayır və yalnız sükutu pozmaq gücü o çırpıntılara, döyüntülərə qismət olur.
   
   Deməli, biz özümüz özümüzü uydurduğumuz və ümidimizə, təsəllimizə çevrilən böyük aforizmlərlə, deyimlərlə aldada-aldada yaşadıqca elə bilirik ki, bundan heç kimin xəbəri yoxdur. Unuduruq ki, bizim düşüncələrimiz, bizim söykəndiyimiz həmin o aforizmlər, həmin o deyimlər, inanclar əslində hamıya aiddir və hər kəsə də bəllidir. Bu bəlli olan gerçəkliyin içərisindəki göy üzünün əlçatmazlığı və yaxud göy üzünün qapısının hər kəsə açıq olması fikirləri poetik olduğu qədər də cəlbedicidir, amma burda bir danılmaz sübuta ehtiyacı olmayan həqiqət də var. O da o uzaq göy üzünə, o qapısı açıq göy üzünə hər kəsin üz tuta bilməməsidir.
   
   Təsəvvürünüzə gətirin ki, dağın zirvəsində dayanıb göy üzüylə təmas qurmaq istəyən bir duyğulu insanla, ona şahidlik edən və yaxud da yoldaşlıq edən göy üzündən xəbərsiz birisinin yaşadıqları nə qədər bir-birinə oxşayır və yaxud bir-birini inkar edir. Əgər bunu təsəvvür edə bilsəniz, onda tam əmin ola biləcəksiniz ki, göy üzü və onun qapıları hamı üçün deyil. Yəni Tanrı göy üzünü sevənlər, duyanlar və sevib duyduranlar üçün yaradıb. O qapıya da yalnız həmin o müqəddəs duyğularla yaşayanlar üz tuta bilərlər. Yoxsa..
   
   
   
   Göy üzünün qapısını,
   
   Hər bəndə döyə bilməz ki?
   
   Gələn mələk hamımızı-
   
   Qaldıra, göyə bilməz ki?!
   
   
   
   Dünyanın qərbi, şərqi var,
   
   Rənglərin bəlli fərqi var.
   
   Dərdin də özəl xərci var-
   
   Müftədir, deyə bilməz ki?
   
   
   
   Mizan-tərəzi nisbətdən,
   
   Əbülfət keçdi müsbətnən.
   
   Allahım verən qismətdən
   
   Artığın yeyə bilməz ki?!
   
   
   
   Bəli, biz sükutun böyüklüyünü yaman gec dərk edirik. Ona görə də özümüz özümüzü itirib, axtarıb tapa bilmirik. Və bu məqamda bir dəqiqəlik sükut hər şeyi yerinə qaytarıb qoyur. Elə indiki anda da nədənsə ürəyimdən çox qəribə bir duyğu gəlib - keçir. Elə istəyirəm ki, bütün səsimlə, bütün gücümlə hayqıram, özümdən çıxıb dəli kimi bağıram və deyəm:
   
   - Qalxın, sükut gəlir!!!
   
   Siz onun gəlişini xəyal saymayın. O doğrudan da istədiyi vaxt gəlir. Bir az da onun gəlişini siz istəyin.

TƏQVİM / ARXİV