adalet.az header logo
  • Bakı 13°C

MƏMMƏD İLQAR

MƏMMƏD DƏMİRÇİOĞLU
36338 | 2015-05-23 10:07
4-cü yazı

Məmməd İlqar haqda bitib tükənməyən fikirlərimi, onunla bağlı xatirələrimi nə qədər qısa yazmağa çalışdımsa, uzun alındı deyəsən. Ümidvaram ki, "Ədalət"in oxucuları Məmməd İlqar haqda sonuncu yazımı da maraqla qarşılayacaqlar. Bu bir həqiqətdir ki, həm dəyərli, şair, həm dəyərli dost, həm də ümumən çox maraqlı insan olan Məmməd İlqar haqda bundan qısa yazmaq mümkün olmadı...
Maraqlı xasiyyətlərindən biri də sözə, şairə olan münasibətidir. Belə ki, az-az şair, az- az şeir haqda ağız dolusu təriflər söyləyər. Daha doğrusu onu qane edən mükəmməl şair, mükəmməl söz barmaqlarının sayından çox deyil bəlkədə. Elə mən özüm, uzun illər yazdığım şeirlər haqda ondan xoş söz eşitməyin çox arzusunda olmuşam. Bu onun xəsisliyi deyil, sadəcə olaraq onun tamahı düşən şeirlər yazmaq lazımdır yəqinki. Bəlkə ona görədir ki, günlərin bir günü:

Qələm əldə, söz dodaqda kilitdi,
Mən isdəyən yazılmır ki, yazılmır.
Yazdıqlarım yazılıbdı min ildi,
Mən isdəyən yazılmır ki, yazılmır...

şeirini yaza bildım. Amma "Söz - Söz açılan göy üzü" kitabının təqdimat mərasimində bir cüt xoş söz eşidə bildim, arkadaşımdan: - "Məmməd o şairlərdəndir ki, tək-tük şeirlərinə tamahım düşür. Amma yapdığı heykəllərə - Ağamalı Sadiq Əfəndiyə və Akif Səmədə ucaltdığı abidələrə daha çox tamahım düşüb". Hətta aşağıdakı şeirlə sifarişini də verib:

Dəmirçioğlu, ilğımdı,
Dumandı - döşlə getsin...
Zornan - zülümnən gələn
Olurmu xoşla getsin?

Ömürdü - amanatdı,
Qarsanmadı, afatdı...
Demirəm zarafatdı,
Demirım boşla getsin...

Arxamca bir saz ağlar,
Arar da bulmaz, ağlar...
Yaxınlaşır uzaqlar -
Büstümü başla getsin...

Məmmədin qəribə ithaf şeirləri yazmağı var. Mən deyərdim ki, illərlə bir şeir üstündə işləyən Məmməd, ithaf şeirlərini çox zaman elə məclisə getdiyi anlardaca yazır. Daha doğrusu bir neçəsinin yazılmasına gözlərimlə şahid olmuşam. Ağsaqqal şairimiz Ələddin İncəlinin 70 yaşı münasibəti ilə Kəmərliyə tədbirə gedərkən elə yoldaca dizinin üstündə yazdığı şeiri misal gətirə bilərəm:

Bilirəm yetmişə necə yetmisən,
Yetmişin yetmiş min dərdi var, abi.
Günlər yaşanmasa il başa varılmaz,
Günün də sayası, sərti var abi...

Günlərin bir günü Akif Səməd, Məmməd İlqar, mən və Mehti Şıxlinski, Mehtinin Ceyrançoldəki qoyun yataqlarına getmişdik. Mehtinin əmisi Vayna kişi bizi çox xoş qarşılayıb bir quzu da kəsmişdi. Yaxşıca yeyib içdikdən sonra yanağı qızarmış, kepqası yana əyilmiş Vayna kişinin maraqlı söhbətləri qeyri adi jestləri Məmmədə o qədər xoş təsir bağışlamışdi ki, elə o andaca qələmə aldığı bu şeir nümunəsini də nəzərinizə çatdırmaq istərdim.
KƏNDÇİ KİŞİLƏRƏ
ŞƏHƏR SOVQATI

Sovqatımı qəbul edin,
Sovqatdı paylı kişilər,
Adınıza layiq ola
Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,
Əkində də, biçində də,
Dərdin-qəmin içində də
Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz.
Hər müşgülü bilərsiniz,
Siz ayrı kişilərsiniz -
Var olun ayrı kişilər!

Bar-bərəkət aylarında,
" İp atdırmaz" öylərində....
Oğul-uşaq toylarında
Kepqası əyri kişilər!

Söz düşmüşkən bunu da qeyd etmək yerinə düşərdi. İlk nəvəm dünyaya gələndə Akif Səmədlə məsləhətləşib məni təbrik etmək üçün bizə gəlirlər. Yolda Akif Səməd soruşur ki, "ayə, a Məmməd, bə biz Dəmirçioğlugilə əliboşmu gedək?" Məmməd isə "səni bilmərəm, mən bir şeir yazmışam, elə yoldaca. Amma iki bəndi var, üçüncüsünü evə çatana kimi gərək tamamlayım" deyibmiş. Məclisimizin taraz yerində gördüm ki, Məmməd nə isə yazir. Sən demə, şeirin üçüncü bəndini tamamlayırmış.

Akif Səməd, çoxdu hələ
Tostumuz Dəmirçoğluna.
Tanrı bir nəvə göndərib,
Dostumuz Dəmirçoğluna.

Köçümüz körpüyə çatır,
Gücümüz gör nəyə çatır-
İstimiz özgəyə çatır,
Tüstümüz Dəmirçoğluna.

Yazdım ki, varağa düşsün,
Sevgimiz sınağa düşsün,
Qəbrimiz Qazağa düşsün,
Büstümüz Dəmirçoğluna.

Məmməd İlqarın "Qaratel" poeması haqda da qısaca məlumat vermək istərdim. Artıq ikinci il idi ki, Məmməd bütün məclislərdə, mərəkələrdə, evində-eşiyində, işində-gücündə çox dalğın, fikirli dolaşırdı. Deyərdim ki, hər an, hər dəqidə Qaratel haqda düşünür-daşınırdı. Hərdən biz dostları ilə məclis quranda söz əsnasında Qaratel poemasından söz açıb deyərdi - "bircə Allah mənə möhlət versin Qaratelə borcumu verə bilim". Verdi borcunu Məmməd İlqar. Ləyaqətlə, layiqincə, hamımızın əvəzindən də verə bildi bu borcu.
Çağdaş ədəbi tənqidimizin öncüllərindən biri olan Vaqif Yusifli Məmmədin bu əsərini yüksək qiymətləndirərək son illərin ən uğurlu poeması kimi dəyərləndirmişdir. Həmin poemadan bir parçaya nəzər salaq:

Qaratellə birinci görüş
Bura - Məmləkətin ağlağan yeri,
Bura - Qədd əyilən, bel bükülən yer...
Bura - Sinələrin dağlanan yeri,
Bakının başına daş tökülən yer...

Daşlar eyni boyda, eyni biçimdə,
Şoxundan gözlərim alacalandı.
Bir az da böyüdü dərdim içimdə -
Bu dünya bir az da balacalandı...

İlahi! Budurmu sonu varlığın?
Kərəm qıl - xiyaban olmaz bu boyda...
Qapısı bağlansın bu məzarlığın -
Qapılar bağladı gör neçə sayda...

Şahlar ki beş əllə yapışdı taxtdan,
Düşman qarşısına güllə yeridi, -
Bu qara xiyaban elə o vaxtdan
Paytaxtın üzündə şillə yeridi!
Buludlar böyüdü ahlarımızdan,
Yağdı başımıza qəfil bəlalar...
Duman dağılmadı dağlarımızdan -
Daşlara dağıldı şəkil balalar...

Haqqın Divanından qaçılarmı heç -
Gül-çiçək gətirir-gələnlərə bax.
Gör o gül-çiçəkdən seçilirmi heç,
Gül-çiçək namına ölənlərə bax.

Vaxtında kəlləni kölgəyə verdik,
Vurmadıq həyacan təbillərini.
Gültək körpələri gülləyə verdik -
Güllərə tuturuq qəbirlərini.

El keçir-yanağı yaş altındadı,
Dərdimiz birdimi, beşdimi, fələk?
Hər oğul bir qara daş altındadı,
Dinmirsən, ürəyin daşdımı, fələk?!

Hamı qannı-qannı baxır göylərə,
Bir bəndə, günahı özündə bilmir.
Qarğışlar, nifrinlər yağır göylərə,
Nə desin? Tanrının özü də bilmir...
Xeyir güdən günü şər tapasıyıq,
Hələ xeyri-şəri düz bilmiriksə...
Ərzin yaxasında sirr bafasıyıq -
Bizi kim biləcək - biz bilmiriksə?

Aşıqlar, mollalar və şairlərik,
Gah fala baxırıq, gah deyişirik.
Nə bilim, və sair... və sairlərik...
Hər işdən bezəndə, şah dəyişirik!

Daşır şöhrətimiz, tutur dünyanı -
Kim belə bəzəyər gorxanaları?
Bizəmi daş kəsir bütün dünyanın
Mərmər mədənləri, karxanaları?

Dön bax təzə əsrin astanasından,
Bizdən nələr qaldı? viranələrdi!
Bizim qismətimiz asdan ağzında,
Bizim qüdrətimiz - əfsanələrdi!

Yerlə-Göy arası sədamız olub,
Göydənmi gəlmişik, Yer oğluyuqmu?
Düzdü -Koroğlular babamız olub -
Amma gör birimiz Koroğluyuqmu?

"Dostların" niyyəti qaranlıqdı ki,
Nə kənar dururlar, nə tən gəlirlər.
Kimlərin kefinə qurbanlıqdı ki,-
Bağır parasını bağrına basıb
Özünü qayadan atan gəlinlər?!

Yurda can qıyanın evi yurd olub,
Başdan papaq salır mülkü, bəylərin!
Ovu aslan olub, ovu qurd olub
Xəlvət dərələrdə tülkü bəylərin...

İtirib başını çadır şəhərcik,
Kim görüb - başsız da bədən olarmı?
Səni andıra qal, andır şəhərcik! -
Səndən balalara VƏTƏN olarmı?

Əllər ətəkləri gəzir hələ də,
Əngəl var ətəklə əl arasıda.
Bir belə qanların günahkarları,
Bu cansız canların günahkarları
Günahsız başları kəsir hələ də -
Günahkar axtarır el arasında...

Söhbəti bir ayrı vaxta qoyuram ,
Deyəsən mətləbi yersiz uzatdım.
Burda gileylərə nöqtə qoyuram -
Daha Qaratelin qəbrinə çatdım...
Son söz əvəzi

Məmmədlə bağlı yol xatirələrim çoxdu. Onlardan birini son söz əvəzi yazmaq istərdim.
Belə hallar çox olub ki, Məmmədlə birgə İncə dərəsinə səfərlər etmişik. Yolun damarını qırmaq üçün çox zaman ya Məmməd, ya da mən bir qafiyə atıb bədahətən deyişə-deyişə yol getmişik. Məsələn, Ağ sudan keçərkən: "Perevaldan tamaşa qıl Ağsuyu", Göyçaydam keçərkən: "Gəl indi də tərif edək Göyçayı" - kimi rədiflərə, yarızarafat, yarıciddi deyilmiş o deyimlər ele ağzımızdan çıxıb havaya uçaraq yox olub getmişlər. Amma onlardan biri qalıb. Necə olubsa, bizim deyişməmizi yanımızda oturanlardan biri (səhv etmirəmsə, Nofəl Sadiq Əfəndi olub) gizlicə qələmə alıb. Hərçəndi bu deyişməni ciddi şeir nümunələri kimi qəbul etməsək belə, maraqlı olduğu üçün necə yazılıbsa eləcə də nəzərinizə çatdırmaq niyyətinə düşdüm:
M. İlqar
Ömrü boyu çox ötmüşük yanından,
Baah! Nə gözəl məkanıymış Həsənsu.*
Su - saflıqdı, bu hesabnan götürsək,
Nə o sudu, nə mən suyam, nə sən su.

M. Dəmirçioğlu
Bulaq oldu, zümzümədə dil açdı,
Cadar-cadar təşnələrə əlacdı.
Qönçə-qönçə çiçək açdı, gül açdı,
Damcı-damcı göy üzündə əsən su.

M. İlqar
Sağlıq olsun, qış ötüşər, yay olar,
Günəş doğar, ulduz olar, ay olar.
Arzumuznan sağ- solunda toy olar,
Səbr eləsin, səbirləri kəsən su.

M. Dəmirçioğlu
Yaz olanda döndü coşan sellərə,
Tablamadı nərəsinə dağ-dərə.
İçimizi car eylədi ellərə,
Gözümüzdən, könlümüzdən küsən su.

M. İlqar
Demə dünya fil qulağı- yatmışıq,
Şöhrətinlə çox şöhrətə çatmışıq.
Hansı suyu səndən artıq tutmuşuq,
Yalandısa de: bu mən su, bu sən su?

M. Dəmirçioğlu
Suvardıqca boy eyləyir ot, çayır,
Dəryalarda saman çöpü batmayır...
Onsuzdan da Tanrımıza çatmayır,
Bu qıyvatı ha mən deyim, ha sən su.

M. İlqar
El namına el qəhrini çəkirsən,
Eldən ötrü səndə bir cür kökürsən.
Düzə qalsa, nə Arazsan, nə Kürsən,
Məzəlisən, məzən olsun, məzən, su.

M. Dəmirçioğlu
Su eşq imiş, şəlaləylə dillənər,
Daşı deşər, dağı aşar, sellənər
Bahar çağı çıçək açar, güllənər-
Açan puçur, lalə, nərgiz, süsən - su.

M. İlqar
Sular axsın, gözəlliklər bol olsun,
Baxışlardan könüllərə yol olsun.
Sağın-solun lilpar olsun, göl olsun,
Ağ qularla bəyaz geyin, bəzən su.

M. Dəmirçioğlu
Ahu-zarın dağ başında - qardadı,
Göz yaşların gizlənibdi - nardadı.
Yerin- yurdun, elin-oban hardadı,
Bu dünyanı diyar-diyar gəzən su?

M. İlqar
Hansı səmtə yönün düşdü - həyatdı,
Ürəyimdə minbir arzu boy atdı.
Arzu təzə, bu dərd, bu qəm boyatdı,
Məmməd adlı balasından küsən su.

M. Dəmirçioğlu
Anlamazın bu dünyada nə dərdi,
Biz oxuyan, qəm qoxuyan kədərdi.
Dəmirçoğlu yazdı, pozdu-hədərdi,
Su səsinə, su nəğmənə əhsən, su.

son
*Ağstafada yer və çay adı





TƏQVİM / ARXİV