adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ƏYLƏN, DEYiM ŞƏXSiYYƏTiN QiYMƏTiNi

OQTAY SALAMOV
17891 | 2011-07-08 23:01

   
   Bu yaxınlarda iki tanınmış adam məhkəmədə qarşılıqlı iddia qaldırmışdı. Hərəsi də şərəf və ləyaqətlərinin, şəxsiyyətlərinin tapdalanmasını və buna görə kompensasiya ödənilməsini tələb edirdilər.
   
   Qəribəsi isə bu idi ki, işə iki məhkəmədə baxılmışdı və hər məhkəmə bunların şəxsiyyətlərinə başqa-başqa qiymətlər qoymuşdu. Dilim dinc durmadı, qəzetdə yazdım ki, bunların hər ikisinə antipatiyam var, məhkəmə hakimindən soruşdum ki, bunların şəxsiyyətlərinin aşağı yeri varmı və cəriməni kreditlə ödəmək olarmı?
   
   Məni qınamayın, əgər "bazar iqtisadiyyatı" şəraitində yaşayırıqsa, insanın ürəyini, böyrəyini və başqa orqanlarını konkret qiymətə satıb-alırlar, insan alveri bütün dünyada ən gəlirli alverlərdən biri sayılırsa, niyə şəxsiyyətin qiymətindən danışmağım ədəbsizlik sayılsın ki?
   
   
   
   Məhkəmələrdə meyar kimi hansı keyfiyyətləri götürsün koroğlular?
   
   
   
   Adamın yaşı, təhsili, vəzifəsi, nəsil-şəcərəsi, kabinetinin iriliyi, maaşı və gəlirlərinin miqdarı, cəmiyyət arasında hörməti və nüfuzu, bədən parametrləri, gücü... Doğrudan da çətin problemdir. İllah da ki, şəxsiyyətin qiymətini pulla müəyyənləşdirmək istəyələr. Koroğlu Həmzəyə yalvarırdı ki, barı Qıratın qiymətini bil, "səksən min ilxıya, sürüyə dəyişmə!". İndi adamın qiymətini necə müəyyənləşdirmək olar?..
   
   Özü də heç Avropa standartları ilə də müəyyənləşdirmək olmur, maaşlar o standartlarla verilmir axı...
   
   Mənasız işdir,
   
   amma maraqlı işdir
   
   
   
   Necə bilirsiniz, "hipotetik" olsa da, şəxsiyyətin qiymətini necə müəyyən etməli? Bazar iqtisadiyyatı deyil? Hər şeyin qiyməti yoxdur? Deməli, şəxsiyyətin də qiyməti olmalıdır, düzdü?
   
   Bilirəm ki, deyəcəksiniz ki, lap qədimdən şəxsiyyət, onun dəyəri və başqa keyfiyyətləri haqda fəlsəfə, sosiologiya, psixologiya və digər elmlərin tədqiqat obyekti məhz bu mövzular olmuşdur. Amma biz indiki şəraitdə, bazar nəzər-nöqtəsindən baxırıq və görürük ki, bu elmlərin öyrətdikləri ya bizi qane eləmir, ya da öz qiymətimizi bilmirik. Niyə mənasız iş adlandırıram? Çünki bizə oyrədilənlərin nəzəriyyəsi ilə əməliyyəsi uyğun gəlməyib. Fikir vermisizsə, bir şeyin çox qiymətli, baha olduğu zamanda çox ucuz olmasını bildirəndə "qiymətsiz" sözünü işlədirik. Şəxsiyyətin qiyməti də bu "qiymətsiz" ölçüdədir. Kimin üçün qiymətsiz, ziqiymət, kiminə isə elə qiymətsiz, heç nə kimi qəbul edilir, qiymətləndirilir.
   
   
   
   
   
   Elmifason yanaşanda
   
   
   
   Şəxsiyyət nədir? Şəxsiyyət - müstəqil, öz bildiyini edən, mənəvi-intellektual substansiyadır. Bəlkə də təbiətdə mövcud olmayan, amma başa düşülən, tətbiqi mənada "qəlb" variantında şəxsiyyət anlayışını deyirəm.
   
   Şəxsiyyət - informasiyanın dərk olunması prosesində olan kompleksdə, onların işlənilməsi və insanın həyat fəaliyyətində işlədilməsinin məcmusudur. Xarici görünüşdə şəxsiyyət müəyyən dərəcədə inkişaf etmiş, orqanizə olunmuş hər bir adamdır. Şəxsiyyət konkret adamın spesifikliyi, onun təkrar olunmaması, başqalarından fərqləndirən, eyni zamanda onlara oxşadan xarakterdir. Şəxsiyyət insanın ətraf mühitə və insan cəmiyyətinə təsirinin nəticəsidir.
   
   Bir çox alimlər şəxsiyyətə verilən təriflər və izahlar arasında itib-batırlar, nəticə isə nəticəsizlik olur. Koroğlu Keçəl Həmzəyə barmaqhesabı deyir ki, bu atın qiyməti sənin ağlının kəsə bilməyəcəyi qiymətdir. Alimlərin dedikləri nəyi desən göstərir, amma şəxsiyyətin qiymətini müəyyənləşdirə bilmir.
   
   
   
   Dini baxış və reallıq
   
   
   
   Allah-Təala insanları demək olar ki, bərabərhüquqlu, doğuluşundan şəxsiyyət fərqi olmadan yaradıb. Ona görə demək olar deyirəm ki, peyğəmbərləri və fenomenal adamları da insanlar arasında yaradır. Amma deyəsən bu bərabərhüquqluluq elə ilk saniyələrdən pozulur. Harda, hansı ailədə, mühitdə doğulmasından başlayaraq şəxsiyyət kimi formalaşması və ya heç formalaşmaması da daha başqa yollarla baş verir.
   
   Deyəsən, bundan sonra başqa konstitusiya ilə yaşamaq lazım olur ki, şəxsiyyətin formalaşması və ya formalaşmaması məhz bu konstitusiya ilə baş verir. Vay o günə ki, düşəsən keçid dövrünə. Əli aşından da olursan, Vəli aşından da. Bizim kimi adamların şəxsiyyətinin formalaşması bazar iqtisadiyyatı tərəfindən tənzimlənir. Bu isə o deməkdir ki...
   
   Bu isə o deməkdir ki, rəngləri qarışdırmamaq üçün, belə deyək - işə qəbul edənin şəxsiyyəti və qəbul olanın şəxsiyyəti arasında leqal və qeyri-leqal fərqlərin olması qaçılmazdır. Sözsüz ki, fərdlərin özləri də "boyunlarına qoyulmuş şəxsiyyət yükü"nü daşımağa məcbur olurlar. Və burada adamın "qiyməti" ona cəmiyyət tərəfindən verilən mükafatlar, güzəştlər, adlar... vasitəsi ilə "bilinməyə " başlayır.
   
   "Koroğlu" dastanında Koroğlu Keçəl Həmzəyə Qıratın qiymətini bir sazla söyləyirdi. İndi sazla elektronlaşıb, yanında türlü-türlü alətlər yığışıb, səs, işıq, qrafika effektləri, indi şəxsiyyətin maya dəyəri bilirsiniz necə qalxıb? İndi "əylənmək" vaxtı deyil, elə qulağında qulaqcıqlar sənə deyəcək ki, hansı adama cəmiyyət şəxsiyyət qiyməti verir, hansına heç qiymət də vermir. Heç nə, ziqiymətlə qiymətsiz eynimənalı olub...

TƏQVİM / ARXİV