adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2015 13:30
3550
MƏMLƏKƏT
A- A+

Alov Məşəli Balakən və Zaqatalada

Ağdaş və Mingəçevir şəhərlərindən sonra "Baku 2015” İlk Avropa Oyunlarının Alov məşəli bu gün Balakən və Zaqatala rayonlarına aparılacaq. Balakəndə 15:00-da məşəl estafeti olacaq. 16:00-da isə Heydər Əliyev parkında qarşılama mərasimi baş tutacaq. Saat 16:30-da isə tədbirin yekunlaşdırılması nəzərdə tutulub.

Balakəndən sonra növbəti məşəl Zaqatalaya aparılacaq. 18:00-da məşəl estafeti olacaq, 19:00-da məşəlin qarşılanma mərasimi Qala Meydanında baş tutacaq. 19:30-da isə tədbirə yekun vurulacaq.

Balakən əhalisinin sayı 95 000 nəfərdir. Balakən Azərbaycanın Gürcüstan və Rusiya ilə həmsərhəd olan ən ucqar şimal regionunun mərkəzidir. Təbiəti mənzərəli meşələr, dağ çayları və ölkədəki ən böyük şəlalələr ilə zəngindir. Balakən fındıq, xurma, armud və bal kimi təbii məhsulları ilə məşhurdur. Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır. Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.

Zaqatalada isə əhalisinin sayı 124,900 nəfərdir. Azərbaycanın "fındıq mərkəzi” olan bu şəhər Böyük Qafqaz dağlarından gələn iki böyük dağ çayının qovuşduğu ərazidə yerləşir. Rayonda tütün və qızılgül də yetişdirilir.

Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülüb. Ekoloji turizm üçün burada əla şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasib yerlər var. Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır.

Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə aid Adban qalası və XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar kəndində Pəri qalası, Paşan kəndində XIII əsrə aid alban qalası, Car kəndində XIV əsrə aid Çingözqala qülləsi və s.

Zaqatalanın mövcud iqlim şəraiti bu şəhəri dağ-iqlim kurortuna çevirməyə imkan verib. Zaqatala şəhərindəki parkın yanında yerləşən qədim qala orta əsrlər dövründə tikilib. "Potyomkin” qiyamçı zirehli gəmisinin matrosları bu qalada saxlanılıb. Rayonda turist bazası, istirahət mərkəzləri və mehmanxana var.