Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
27863 | 2011-07-02 11:10
(əvvəli ötən şənbə sayında)
   
   
   
   ABŞ Konqresinin maliyyə dəstəyi ilə təşkil edilən bu səfərdə təkcə Amerikanı yox, həm də özümüzü yaxından tanımaq imkanı qazandıq.
   
   
   
   Xoşbəxtlik qayğıları
   
   
   
   "Açıq Dünya" proqramını ərsəyə gətirənlərin məramı aydındı. Layihənin məzunlarına Amerikanı daha yaxından tanıtmaq istəyirlər. Bunun ən yaxşı yollarından biri də amerikalı ailələrdə qalmaq, onlarla ünsiyyətdə olmaq, gündəlik məişətlərini müşahidə etməkdi. "Dini Tolerantlıq" proqramı üzrə ilk dəfə okeanın o tayına dəvət edilən nümayəndə heyətinə də belə bir imkan yaradılmışdı.
   
   Bir müddət öncədən qonaq qalacağımız ailələrlə qiyabi tanış olmuşduq. İnternet vasitəsi ilə informasiya mübadiləsi aparmış, haqqımızdakı bilgiləri bir-birimizə çatdırmışdıq. Hələ Bakıda olanda bilirdik ki, mən və Şərq-Qərb Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Bəhram Həsənov Kaliforniya ştatındakı Qranada Hills şəhərinin sakinləri Frank və Freddie McGinnis ailəsinin qonağı olacağıq. Bu üzdən Burbank Hava limanında bizi qarşılamağa gələn yaşı 80-ni haqlamış cütlüyü görəndə heç də təəccüblənmədik. Bizi təəccübləndirən başqa məqam oldu. Bu barədə bir qədər sonra...
   
   Ev sahibi Frank McGinnis musiqişünasdı. 79 yaşlı professorun avtomobil həvəskarı olduğuna inanmaq üçün həyətdəki avtoparka baxmaq yetər. Ötən əsrin 50-ci illərində istehsal olunan iki ədəd "Linkoln" Frankın maşın kolleksiyasına aiddi. İki təzə "Toyota" isə gündəlik istifadə üçündü. Birini özü sürür, digərini isə xanımı.
   
   Evin xanımından söz düşmüşkən, ərindən bir yaş kiçik Freddie Lu ixtisasca musiqi müəlliməsidi. Pianoda və orqanda ifa etməyi beş barmağı kimi bilir. Xanım Freddie bizim üçün adi görünən, Amerikada isə nadir hallarda rast gəlinən işi məharətlə görüb- 5 qız böyüdüb. İndi 6 nəvəsi var. Özü də hamısı qız. Övladları və nəvələri müxtəlif ştatlarda yaşayırlar. Frank və xanımı Viskontedə doğulublar. Qranada Hillsə işləməyə gəliblər və elə vaxtdan da yaşıllığa qərq olan bu şəhərdə məskunlaşıblar. Cütlük dünyanın müxtəlif ölkələrini gəzməyə imkan tapıb. 1993-cü ildə Türkiyənin İzmir şəhərini də gəzib-dolaşıblar. Polşanı, Banqladeşi, Rumınyanı təmsil edən nümayəndə heyətlərinin ev sahibi olublar. Bir neçə il öncə İtaliyadan gələn qızların dəli-dolu hərəkətlərini hələ də ironiya ilə xatırlayırlar.
   
   İndi pensiyada olan McGinnislərin hökumətdən aldıqları pul sıxıntısız yaşamalarına tam yetir. Aldıqları avtomobillərlə ayaqlarını yerdən götürür, səliqəli geyinib-keçinir, teatra, konsertə getməyə para və vaxt tapırlar. Hələ üstəlik tez-tez xeyriyyə tədbirlərində yaxından iştirak edir, əllərini ciblərinə salırlar. Sağlam həyat tərzi keçirdiklərindən hər ikisi çox gümrah görünür, ünsiyyət qurmaqdan yorulmurlar. Evlərində qonaq qaldığımız bir həftə ərzində hədsiz qonaqpərvərlik göstərməklə bizi əməlli-başlı təəccübləndirdilər. Günün istənilən vaxtı rahatca avtomobil sürmələri isə başqa aləm idi.
   
   
   
   ...Yoldaşlar
   
   
   
   Nahaq demirlər ki, yaxın dostu, hətta doğma qardaşı sınamaq üçün ən yaxşı üsul onunla yola çıxmaqdı. Uzun, incə bir yola çıxıb okeanın o tayına səfər edərkən təkcə Amerikanı yox, həm də özümüzü yaxından tanıdıq. Kaliforniya ştatına göndərilən nümayəndə heyətinə təhkim edilən Əhəd Kazımov ABŞ-ın İndiana Universitetində ali təhsil alıb. Əhəd bəyin savadı, dünya görüşü, təşkilatçılıq bacarığı təkcə nümayəndə heyətinin üzvlərini deyil, ünsiyyətdə olduğumuz amerikalıları da heyran qoymuşdu.
   
   Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və Şərq-Qərb Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru Bəhram Həsənov Türkiyədə təhsil alıblar. İngiliscə sərbəst danışan, tariximizi, dinimizi və dilimizi mükəmməl bilən bu gənclərlə tanış olmaqdan sözün əsl mənasında qürur duydum. Hər iki gənc alim Azərbaycan, onun insanları haqqında ancaq xoş təəssürat yarada bildilər. Keçirdiyimiz müxtəlif görüşlərdə etdiyi çıxışlar zamanı onlar ölkəmiz barəsində Amerika ictimaiyyətinə dolğun bilgi verməyi bacardılar.
   
   Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev də belə görüşlərdə həmişə diqqət mərkəzində idi. Elnurun Azərbaycandakı tolerantlıq mühiti, xristianların yaşam tərzi haqqında ingilis və rus dillərindəki çıxışı xüsusi maraqla qarşılanırdı.
   
   Xanəmir Telmanoğlu nümayəndə heyətində əvvəlcədən tanıdığım yeganə insan idi. İstedadlı şair və tərcüməçi Xanəmirin yaradıcılığına bələd idim. Bu vaxta qədər müxtəlif tədbirlərdə dəfələrlə görüşsək də, səfərə çıxmamışdıq. Xanəmirin yol yoldaşlığı başqa bir aləm imiş. Amerikaya ayaq basan gündən şair dostumuz yeni qitənin qədim sakinləri-qızıldərililərlə maraqlanmağa başladı. Səfərimizin sonuna yaxın şairin qonaq qaldığı ailənin başçısı professor Con Paton Xanəmiri qızıldərililərin gənc bir üzvü ilə görüşdürdü. Məlum oldu ki, Xanəmir qızıldərililər haqqında bu gəncin özündən çox bilir...
   
   
   
   Dağlar qızı Cəmilə Del Mistro
   
   
   
   Yol yoldaşlarımdan daha birini xüsusi qeyd etmək lazımdı. Təkcə xanım olduğuna görə yox. Həm də mehriban xanım olduğu üçün. Əslində tərcüməçimiz Cəmilə xanım Del Mistro bizə Kaliforniya ştatında qoşulmuşdu. Bir həftə ərzində keçirdiyimiz bütün görüşlərdə peşəkar tərcüməçi kimi əziyyətimizi çəkdi. Cəmilə xanım mehribanlığı və sadəliyi ilə nümayəndə heyətinin rəğbətini qazana bildi. Səfərin sonuncu günü şərəfimizə verilən ziyafətdə qol götürüb milli rəqsimizi məharətlə oynamasını isə görməyə dəyərdi...
   
   Cəmilə xanımın soyadındakı qəribəliyə gəlincə... Əslən Xızı rayonundan olan Cəmilə xanım Yasamalda boya-başa çatıb. Qərb Universitetində hüquq və beynəlxalq əlaqələr ixtisası üzrə ali təhsil alıb. Bakıda fəaliyyət göstərən əcnəbi şirkətlərin birində çalışıb. Çalışmaq üçün Azərbaycana gələn ingilislə ailə həyatı qurduqdan sonra Amerikaya köçüb. Dünyaya gələn oğluna İsgəndər adını qoyub. Vəkillik və tərcüməçiliklə yanaşı balaca İsgəndərin təlim-tərbiyəsinə də vaxt ayırır. Həyat yoldaşının italyan kökənli olması soyadında da büruzə verir- Del Mistro.
   
   
   
   Birləşmiş ştatları
   
   birləşmiş saxlayan məqamlar
   
   
   
   Okeanın o tayına ayaq basdığım ilk gündən "Birləşmiş Ştatları birləşmiş saxlayan nədir" sualına cavab tapmağa çalışdım. 10 günlük səfər müddətində suala tam cavab tapmaq mümkün olmasa da, müəyyən məsələləri aydınlaşdırdım. Necə deyərlər, okean suyunun dadını bilmək üçün bütün okeanın suyunu içməyə ehtiyac yoxdu...
   
   Amerika mühacirlər ölkəsi olsa da dünyanın hər yerindən gələ insanlar özlərini amerikalı hiss edir və qayda-qanunlara hörmət etməyi öyrənir. Hamı yaxşı başa düşür ki, yaşadığı ölkənin daim inkişaf edən və hərəkətdə olan tempinə uyğunlaşmalı, necə deyərlər, irəli getməyi bacarmalıdı. Hansı sahədə çalışmasından asılı olmayaraq insan ləyaqətinə və hüquqlarına inam bəsləməli, ədalətli olmağa səy göstərməlidi. Amerikalılar tarixi öyrənməyə o qədər də maraq göstərməsələr də, adətən daha çox bugünə və gələcəyə baxsalar da keçmişdəki səhvlərdən nəticə çıxarmağı bacarırlar. Müstəqillik Aktına, Konstitusiyaya sayğı onla üçün müqəddəs bir işdir.
   
   Amerikanı "Gülən insanlar ölkəsi" də adlandırmaq olar. Qarşıdakı insana təbəssüm, müsbət enerji bəxş etmək onlar üçün yaşam tərzidi. Milyonlarla insan könüllü çalışır. 70-80 yaşlı vətəndaşlar bu yolla dövlətinə fayda vermək istəyir. Amerikada hərə özünə cavabdeh olsa da, xeyriyyəçilik, xeyriyyəsevərlik bir həyat normasıdı. Saysız-hesabsız xeyriyyə təşkilatları təkcə sözdə yox, əməldə də cəmiyyəti bir araya gətirir, insanı tanıdığı, tanımadığı, qonşusu, yadı barəsində də düşünməyə vadar edir.
   
   Necə deyərlər, Amerikada kimsəsizlərin də kimsəsi var...
   
   
   
   

TƏQVİM / ARXİV