AğSAQQALSIZ OCAQ...

FAİQ QİSMƏTOĞLU
23537 | 2011-07-02 11:10
...Bu gün çoxları bir-biri ilə görüşəndə gileylənir ki, zəmanə yaman dəyişib, nə böyüyə hörmət var, nə də ağsaqqala, ağbirçəyə. Çoxunun heç nəyə hörməti-izzəti qalmayıb. Məclisə gedirsən böyüklərin yanında uşaq-muşaq siqaret çəkir, bəzi cavanlarsa ağzına gələni danışırlar. Tay fikirləşmirlər ki, məclisdə ağsaqqal var, ağbirçək oturub, qadınlar əyləşib...
   
   Bütün bunlara görə, zəmanəni qınamaq bizcə ədalətsizlik olardı. Elə zaman həmin zamandı. Səhər gün çıxır, axşam gün batır. Qış olur, qışdan sonra yaz gəlir, yay olur, sonra da payız olur. Tay burda biz zəmanəni niyə qınamalıyıq? Bəlkə papağımızı qabağımıza qoyub elə özümüzü qınayaq? Qınayaq ki, nə üçün böyüklərə hörmət olunmur? Məclislərdə ağsaqqalın, ağbirçəyin qabağında cavanlar lavarsaq-lavarsaq danışmaqdan və siqareti siqaretə calamaqdan utanmırlar...
   
   Belə çıxır ki, hər şey zaman-zaman cılızlaşmağa, öz əvvəlki dəyərini itirməyə başlayıb. Yəni belə olmasaydı, hər şey 30-40 il bundan əvvəlki kimi davam eləyərdi. Biz heç də köhnəliyin, haradasa millətə yad olan yabançı hisslərin tərəfdarı deyilik. Sadəcə olaraq, onun tərəfdarıyıq ki, gərək hər şey öz yerində, öz yatağında və məhvərində olsun. Amma elə ki, nəyinsə yeri dəyişir, bax, onda rəhmətlik Qabilin dili ilə demiş olsaq: "Müsibət oluruq biz, səhv düşəndə yerimiz". Yerimiz səhv düşdüyünə görə, oturuşumuzu-duruşumuzu bilmirik. Məsələn, biri kiminsə hesabına gəlib icra başçısı və yaxud da icra hakimiyyətinin müavini kreslosunda əyləşir. Həmin kresloda əyləşən kimi onun oturuşu da, duruşu da, insanlara münasibəti də tamamilə dəyişir. Sanki zalım oğluna kresloda əyləşən kimi vergi verilir. Yəni o özünü hamıdan ağıllı, hamıdan savadlı və hamıdan səviyyəli hiss edir. Ancaq ağzını açıb bir kəlmə danışan kimi hiss edirsən ki, o, bu vəzifə kreslosunda hansısa "dayının" hesabına əyləşib. Çünki danışığından bir təməsik anlamaq olmur. O da hiss edilir ki, təsadüfən vəzifə kreslosuna əyləşən bu şəxs "piyadadır". Başqa sözlə demiş olsaq, onun nə işindən xəbəri var, nə də insanlarla ünsiyyət yaratmağı bacarır...
   
   
   
   ***
   
   Bu yaxınlarda qohumlarımızdan biri tanınmış restoranların birində qızına toy eləyirdi. Orda da ağsaqqalın, ağbirçəyin olmamasından gileyləndilər. Dostlarımızdan bir neçəsi dedi ki, heç indiki yaşlı adamlar da özlərini ağsaqqal, ağbirçək kimi aparmırlar. Əgər onlar özlərinə qiymət qoymurlarsa, cavanların yanında necə gəldi hərəkət eləyirlərsə, təbii ki, ətrafdakılar da onlara o qədər hörmət eləməyəcək. Düz sözə nə deyəsən. 70 yaşında ağsaqqal kişi toyda atıla-atıla oynayırsa, cavanlara xas olan hərəkətləri eləyirsə, aydındır ki, kənardakılar da onu ələ salacaq, dolayacaq və məzələnəcək.
   
   Vaxtı ilə bizim Böyük Bəhmənli kəndində çox sayılıb- seçilən, ağayana, sanballı, sözü bütöv kişilər olub. O kişilərə kənddə böyükdən kiçiyə qədər hamı hörmət eləyib. Həmin kişilər məclisə, toya-düyünə gələndə milçək uçsa səsi eşidilərdi. Kimin ağzı nə idi ki, molla oğlu Əliş, Əsəd Qəhrəman oğlu, Abbas kişi, Sərxan kişi, Pənah kişi olan məclisdə səs-küy salaydı. Ümumiyyətlə, onlar elə adam idi ki, ağayana, ağır təbli insan olduqları üçün kəndimizdə hamı o kişiləri çox istəyirdi. Mən uşaq olanda onları çox məclisdə görmüşəm. Görmüşəm ki, hətta kəndin sayılıb-seçilən, varlı, dövlətli və pullu kişiləri o ağsaqqalları görəndə özlərini yığışdırıblar. Xüsusən kənddə ağır qan davaları, düşmənçilik olanda el-oba bu kişiləri qabağa verər və onlar da hər şeyi yoluna qoyardı. Nə zərər çəkən tərəf, nə də təqsirkar bu ağsaqqalların sözündən çıxa bilməzdilər. Düzdü, bəzən nəm-nüm eləyən adamlar da olurdu. Ancaq onlar bir qədər fikirləşəndən sonra o ağsaqqalların dedikləri ilə razılaşardılar.
   
   Bu gün də kəndimizdə ağsaqqal kişilər var. O kişilərdən biri Seyidəli əmimdi. Seyidəli əmim gələn yerdə hamı özünü yığışdırır, heç kəs artıq-əskik danışmır. Hamı bilir ki, seyid Əbdürrəhimin oğlu Seyidəli kişi həmişə düz söz deyir. Elə düz söz dediyinə görə də Böyük Bəhmənlidə Seyidəli kişini hamı özünə ağsaqqal sayır. Çətin gündə, kimlərinsə davası olanda, barışmaq məqamı gələndə hər şeyi Seyidəli kişi yoluna qoyur. Hansı qapıya gedirsə, qan da olsa o kişiyə görə keçməli olurlar. Deyirlər ki, qapımıza Seyidəli gəlib. Seyidəli kişi gəlibsə, deməli, hər şey yaxşı olmalıdır. Toyda, şənlikdə çoxlarımız xeyir-dua vermək üçün və qızlarımızı ocağın başında dolandırmaq üçün Seyidəli əmimi çağırırıq. O, kənddə yeni ailə quran yüzlərlə gəncə - oğlana, qıza xeyir-dua verib. Xeyir-duası da bu olub ki, bir ocaqda ömrünüzün sonuna qədər bir yerdə qarıyasınız, çoxlu oğul-uşaq, nəvə-nəticə sahibi olasınız. Nə yaxşı kəndimizdə Seyidəli əmim kimi ağsaqqallar var...
   
   
   
   ***
   
   
   
   Cavanlıq heç də yaşla ölçülmür. Bəzən görürsən ki, 25 yaşında cavan yerindən tərpənib hərəkət eləməkdə çətinlik çəkir, tənbəllik eləyir. Amma bir də xeyirdə, şərdə, toyda qeyri-adi bir hadisənin şahidi olursan. Görürsən ki, yaşı 80-ni haqlayan bir kişi və yaxud da bir qadın elə cəld hərəkət eləyir ki, sanki cavan oğlandı. Bir daha mən belə bir hadisənin yaxın vaxtlarda şahidi oldum. Yaxın qohumlarımızdan biri olan Akifin qızının toyunda 86 yaşlı anası Xurşud xala elə cəld hərəkət eləyirdi ki, sanki onun 30-40 yaşı vardı. O, öz nəvəsinin toyunda qol qaldırıb oynadı və hətta əlinə mikrofon götürüb nəvəsinə xoşbəxtlik də arzuladı. Yaxın qohumum və dostum Əbdürrəhimin xalası olan Xurşud arvad hamı ilə bir-bir görüşdü. Gözləri çox yaxşı görürdü. Tay demək lazım deyildi ki, bu filankəsdi, bu da filankəsin oğludu. Adətən yaşlı, qocalmış adamlar ləng hərəkət edir, ağır eşidir və zəif görürlər. Amma Xurşud xala çox çevik idi. Uşaq vaxtı necə görmüşdüksə, elə həmin çevikliklə də hərəkət eləyirdi. Çox qəribədi, bəzən o yaşda qadınlar evdən çölə çıxmırlar. Ancaq el-obada hansı toya, xeyirə-şərə gedirəmsə, Xurşud arvadı orda görürəm. Əbdürrəhim deyir ki, xalamı cavan saxlayan onun zəhmətkeşliyidi. Mənim xalam şəhər arvadları kimi yatıb dincəlmir. O, səhər 5-də yuxudan durub həyət-bacanı sahmana salır, hətta toyuq-cücəyə, mal-heyvana da baxır. Elə Xurşud xalanı da cavan, gümrah saxlayan onun zəhmətkeşliyi və bu yaşda da iş-gücdən ayrılmamağıdı.
   
   Biz uşaq vaxtı pambıq yığmağa gedəndə Xurşud xalanı orda görərdik. Mənim rəhmətlik anam Mirvari, Əbdürrəhimin anası rəhmətlik Ceyran xala, Qaratel bibim bir yerdə pambıq yığardılar. Günorta da süfrə açar, hər kəs evdən gətirdiyi ləziz yeməkləri süfrənin üstünə düzər və elə iştahla nahar edərdilər ki, bizim ağzımızın suyu axardı. Düzdü, onlar bizim ağzımızın suyunun axmasına imkan verməzdilər, ən yaxşı tikələri, ən yaxşı yeməkləri yenə bizə verərdilər. Biz də o yeməkləri iki daşın arasında yeyib aradan çıxardıq. Daha doğrusu, bizimki pambıq yığmaq deyil, vaxt öldürmək idi. Fikirləşirdik ki, axşamüstü pambıq yığımından sonra futbol oynamağa vaxtımız qalacaq, yoxsa yox?! Xurşud xalanın oğlu İsrafil bizdən bir sinif yuxarı oxuyurdu. O daha çox pambıq yığırdı. Vaqif Bəhmənli ilə mən balaca kisəmizi pambıqla doldurandan sonra əyləşəşib ya söhbət edərdik, ya da Vaqif təzə bir kitabı oxumaq üçün mənə verərdi...
   
   Xurşud xalanın uşaqlarının hamısı zəhmətkeş idi: İsrafil, Akif, Vəli daha çox çalışırdılar. Hiss olunurdu ki, bu ailənin qazancı halal zəhmətdən yoğrulub. Təbii ki,evdə bünövrə necə qoyulurdusa, uşaqlar da o yolu davam etdirirdilər. Gözünün yağını da uşaqlarına yedizdirərdi Xurşud xala. Elə bu gün də uşaqları öz gözlərinin yağını Xurşud xalaya yedizdirir. Xüsusən də Akif anasına daha çox görüm-baxım eləyir. Hər ay Bəhmənliyə gedir, Xurşud xalanın nəyi varsa hamısını sahmanlayıb gəlir.
   
   Heç özüm də bilmədim Xurşud xalanı niyə yadıma saldım. Amma bircə onu bildim ki, Xurşud xalanı görəndə anam Mirvari, bibim Qaratel və Ceyran xala yadıma düşdü. Hər halda, onların da iyini, ətrini Xurşud xalada duydum. Nə yaxşı ki, hələ bu ocaqda, bu yurdda Xurşud xala kimi ağbirçəklər var. Ağbirçəklər, ağsaqqallar olan yerdə isə həmişə xeyir-bərəkət, ruzi bol olub...

TƏQVİM / ARXİV