iLiN YARISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
25975 | 2011-07-02 11:11
Bəzən deyirlər ki, dünya beş gündü. Onun da son iki günü şənbə-bazara düşür. Yəni hələ bu dünya da insanlar kimi hardasa istirahət edir, bazar-dükana gedir, yarmarkalara baş çəkir, alış-veriş edir, tay nə bilim, gəzir ürəyi istədiyi kimi. Bəlkə də belədi, mübahisə edə bilmərəm. Çünki dünyanı nə bazar-dükanda görmüşəm, nə də istirahət mərkəzlərində. Doğrudu, axırıncıda heç özüm də olmamışam, amma olanlar da dünya ilə orda rastlaşdıqlarından danışmayıblar. Deməli, dünyanın beş gün olması fikri xüsusilə onun sonuncu iki gününün şənbə-bazara düşməsi bir az qəliz məsələdi. Həm də qəliz olduğu qədər də düşündürücüdü. Nə isə...
   
   Bir də deyirlər ki, dünya bir pəncərədi, hər gələn baxıb gedir. Bu da mübahisəli məntiqə söykənir. Çünki bu boyda dünyada həm də o özü də pəncərədisə, biz hara, nəyə baxırıq, niyə baxırıq?! Elə bu dünyanın özü ilə dil tapıb ona baxsaq, onunla qol-boyun olsaq, onunla sevib-sevişsək məgər hər ikimiz üçün daha maraqlı, daha uğurlu olmazmı?! Təbii ki, bu sual ətrafında da saatlarla mübahisə etmək imkanı var. Amma... nə isə...
   
   Hə, bir də deyirlər ki, ömür keçir, gün keçir cavan olmaram bir də mən. Bax, bu bir az inandırıcıdı. Çünki elə mən özümdən götürürəm. Dünənki halım-əhvalım, dünənki düşüncələrim bu gün yaman öləziyib, soluxşuyub, yəni elə bil ki, yaşıl yarpaq üzü payıza qədəm qoyub, üz tutub. Nə qədər yaşıllığını qorumaq istəsə də payız daha güclüdü. Onun qarşısında at oynatmaq hələ kimsəyə nəsib olmayıb. Bax, bu mənada günlə bərabər ömrün də keçməsi bir gerçəklikdi. Bu gerçəkliyin içərisində insanı bir anda min hala salan doğum günləri də var. Yığışıb qeyd edirik, təbriklər səsləndiririk və unuduruq ki, bu 50 yaş, bu doğum tarixi ömrün bir səhifəsini qatlamaq deməkdi, ömrün 50 ilini arxada qoymaq deməkdi. Ən vacibi isə o arxada qalanla araya bir sədd çəkmək deməkdi. Bax, belə bir məqamda həmin o keçib gedənlər üçün istər-istəməz təəssüflənməmək, könül titrəyişlərini gizlətmək mümkün deyil. Çünki keçib gedir və bir də geri qayıtmayacaq. Yəni bir də nə sən, nə mən, nə də o, bu günkü biz olmayacağıq, cavanlıq, gənclik geri qayıtmayacaq... nə isə...
   
   Hə, bütün bu düşüncələrin ardınca nə vaxtdan bəri içimdə ilan kimi qıvrılıb arada bir ürəyimi sancan fikirlərimi alt-üst edən bir məqama üz tuturam. O məqam insandı. Özü də bütün mənalarda yaşamaq haqqı-hüququ olan insan. Amma nə yazıqlar olsun ki, o insanın bu dünya ilə dil tapması böyük bir müşkülə çevrilib. Sanki qəfəsə salınıb və bu qəfəsin açarı da dibi görünməyən qaranlıq quyuya atılıb, ora isə nə işıq salmaq mümkündü, nə də kəndir sallamaq. Eləcə Allaha yalvara-yalvara bu bağlı kilidin nə vaxtsa açılacağı ümidiylə yaşayır insan, o qəfəs içində...
   
   Mən onun halına acıyıram... mən onu özüm kimi anlayıram... mən onu özüm kimi dərk edirəm...mən onunla yatıb dururam... mən onu köynəyimdən keçirirəm, o da məni... o mənim ürəyimin şirəsi ilə qidalanır, mən də onun...o məni tanıdır, mən də onu... o mənim əvəzimə sıxılır, əzilir, mən də onun. Qəribədir, elə həmin o vurğuladığım insan mənim özüməm. Mən özümün özümə suallarımla bərabər, cavablarımı da hazır şəkildə daşıyıb apırıram. Amma hara, niyə, nə üçün onu izah edə bilmirəm. Çünki ömür keçir, gün keçir mən isə heç nə etmək gücündə deyiləm. Ona görə ki, bu boyda dünyada mən boyda insana sığınacaq üçün ayrılan yer əsirlikdədi. Mən başqasının durmalı olduğu yerdə bir ayağımın üstündə təhkimli kəndli kimi dayanmışam. Külək də əsəndə, yer də silkələnəndə, çiyninə quş da qonanda tarazlığımı itirirəm. Bax, onda daha gərgin anlar yaşayır, daha böyük həyəcanları, iztirabları od-alov kimi canımdan silkələyib yerə tökmək istəyirəm, ancaq alınmır. Alınmasa da nə isə etməliyəm. Amma nə?
   
   
   
   nəsə etmək lazımdı
   
   amma bilmirəm ki, nə?..
   
   çıxıb getmək lazımdı-
   
   hara və yaxud kimə?..
   
   
   
   özüm özümlə döyüş
   
   səhnələri qururam
   
   özüm özümü hər gün
   
   ürəyimdən vururam.
   
   
   
   tökülən qan özümün
   
   tətik çəkən barmaq da!
   
   mən mahir nişançıyam-
   
   öz- özümü vurmaqda...
   
   
   
   daha özümdən bezib
   
   döyüşdən usanmışam
   
   yağışdan, sudan uzaq-
   
   büsbütün islanmışam...
   
   
   
   nəsə etmək lazımdı...
   
   nəsə gəldi fikrimə
   
   gözüm sataşdı qara
   
   çərçivədə şəklimə!..
   
   
   
   ***
   
   
   
   Ötən istirahət günü yarım əsrlik yaşımda ikinci, ya da üçüncü dəfə ən dəhşətli məqam yaşadım. Kəndim işğal olunan günü də yaşamışdım o anı... Və bir də ovuc içi boyda olan qaçqın həyətimdə kitablarıma bir qəbir qazdım - bax, onda yaşadım həmin anı...
   
   İnana bilməzsiniz, amma bu bir gerçəklikdi. Mən müharibədə, yəni cəbhədə çoxlu qan görmüşəm, şəhidlərin parça-parça olmuş bədən hissələrini görmüşəm. Bir an öncə çörək kəsib, hal-xoş etdiyim döyüşçünün bir an sonra əsgər şinelinə bükülmüş cəsədini tanımamışam. Çünki son dərəcə tanınmaz hala düşübdü. Amma onların hamısına dözmüşəm. Bilmirəm, müharibə mənim ürəyimi daşlaşdırmışdı, yoxsa qan tutmuşdu məni. Nə qədər istəyirdim, ağlaya da bilmirdim. Gözümün dibi də qurumuşdu. Ovurdum, ovurdum kirpiklərim nəmlənmirdi, əsəbləşirdim, ağlaya bilmədiyimdən xəcalət çəkirdim. İndi isə...
   
   Həmin gün özülü olmayan və hökumətin də dediyi kimi qanunsuz tikilmiş təkdaşdan ibarət olan evimdə yır-yığış aparılırdı. Adətdi, bəzən istirahət günlərində, ya da bayram qabağı evin xanımları mir-mitili tökürlər, səliqə-səhman yaratmağa, nəyinsə yerini dəyişməyə çalışırlar. Bir növü dizaynerlik edirlər. Ola bilsin ki, bu, xəyalında özünə təm-təraqlı ev bəzəyən, qonaq otağı, yataq otağı, mətbəx düzəldən xanımların arzularına qovuşa bilmədikləri halda özlərini aldatmaq üçün, təsəlli üçün atdıqları addımdı, gördükləri işdi. Deyə bilmərəm, amma hər nədisə bizim evdə hər dəfə əşyalardan birinin yeri dəyişilən kimi qızlarım özünə təsəlli verir ki, evimiz indi əvvəlkindən də qəşəng görünür. Təbii ki, növbəti həftələrin birində həmin o qəşəng adlandırdıqlarını özləri yenidən başqa qəşəngliklə əvəzləyirlər. Mən də susub baxıram. Çünki onlara istədikləri evi, istədikləri şəraiti yarada bilməmişəm. Nə isə...
   
   Deməli, ötən istirahət günü evdə yır-yığış edəndə məlum oldu ki, bir küncdə üst-üstə yığdığım kitabların, jurnalların, qəzetlərin əlindən evdə tərpənmək mümkün deyil. Necə deyərlər, iki siçan dalaşanda biri tavaya düşəcəyi real olan bu evin içərisində kitablar, qəzetlər xeyli yer tutmuşdu. Ailə üzvləri hamısı bir anlıq gözucu məni seyr etdi. Sonra bir-biri ilə danışırmış kimi eşitdirdilər:
   
   - Bəlkə köhnə əlifba olan kitabları, qəzetləri ataq getsin, evdə yer tutur, heç kimə də lazım deyil...
   
   Elə bil ürəyimə küt bir bıçaq sancıldı, ağrıdan qıvrılıb açıldım. Sonra buz kimi tərə batdım və o soyuq tər də məni ayıltdı. Astaca yerimdən qalxdım, ortaya tökülmüş kitablara, qəzetlərə yaxınlaşdım. Mənə elə gəldi ki, ortada bir doğma adamın nəşi qoyulub. Mən ona diqqətlə baxmağa qorxdum. Elə qorxdum ki, sanki o adamın kimliyini bilirdim. Amma nə dilimə gətirmək, nə də yumulu gözlərinə baxmaq istəmirdim. Eləcə qorxa-qorxa da kitab qalağının yanında yerə çökdüm. Öncə aftoqrafla mənə bağışlanmış kitabları bir tərəfə seçdim, sonra həyatımın müəyyən məqamları ilə bağlı olan, müəyyən xatirələrini özündə yaşadan kitabları ayırdım. Sonra...
   
   Kitabları bir-birindən ayırmağa gücüm çatmırdı, amma məcbur idim. Çıxış yolu kimi müəllifi özüm olduğum kitablara üz tutdum. Sayca 10-15 dənədən artıq olan və kiril əlifbası ilə nəşr edilmiş kitablarımın "yer tutanlarını" bir kənara yığdım və qucağıma alıb həyətə çıxdım. Kibrit çəkdim, kitablarıma od vurdum. Yer tuturdular bunlar evdə, darısqallıq edirdilər, əl-ayağa dolaşırdılar. Hə, sonra balaca bir qəbir qazdım. Yandırdığım kitabların külünü həmin qəbirə süpürüb doldurdum... Kitablar yandıqca qəribə bir tüstü, qoxu hiss etdim. Sanki ürək yanırdı, ruh yanırdı, duyğular yanırdı. Sanki hardasa nəyisə dağlayırdılar. Bu tükürpəşdirən, amma adamda çox-çox qəribə duyğular oyadan anları təsəvvür və təsvir edə bilmirəm. Yanan kitablarımla birlikdə özüm də yanırdım. Kitabın hisi, tüstüsü bədənimə hopmuşdu, gözlərim qan çanağına dönmüşdü. Mən ağlayırdım! Yandırdığım və yanan kitablarım üçün ağlayırdım. Ağlamağımdan da təəccübləndim. Deməli, hələ ürəyim bütünlüklə daş olmayıbmış. Bu boyda məmləkətdə mən boyda bir qələm adamlarının kitablarını yığmaq üçün yer tapa bilmədiyimə yarı yaşımda hönkür-hönkür ağladım. Və nə isə...
   
   
   
   yandırdım
   
   əslində
   
   kitablarımı yox
   
   övladlarımı
   
   və özümü...
   
   yandırdım-
   
   heç kimin
   
   xəbəri olmadı
   
   bu bəşəri cinayətdən-
   
   heç
   
   budaqdakı quşlar da
   
   qanad salmadı
   
   uçub getmədi
   
   bu xəyanətdən...
   
   yandırdım-
   
   nöqtəsini
   
   vergülünü
   
   sualını
   
   nidasını
   
   dilimin əlifbasını
   
   gizlənmədən cəmiyyətdən
   
   yandırdım-
   
   sözümü
   
   ruhumu
   
   nəfəsimi
   
   heç kimə
   
   gedib çatmayan
   
   səsimi...
   
   yandırdım-
   
   Bakının ortasında
   
   və
   
   ilhamımı da
   
   sakitcə
   
   alışan gördüm
   
   alovların arasında...
   
   yandırdım ki,
   
   şairin
   
   cisminə
   
   sığınacaq düzəldim
   
   əl içi boyda
   
   özülsüz
   
   daxmasında...
   
   
   
   ***
   
   
   
   Deməli, bu dünya nə beş günlükdü, nə gəlimli-gedimlidi, nə də kiminə cavan, kiminə qocadı... Bu dünya elə bir sifətdə, bir görkəmdə, bir ölçüdədi. Nə böyüyür, nə kiçilir, nə artır, nə azalır, nə doğur, nə törəyir. Eləcə qısır qalıbdı. Amma bu qısırlıqdan həmişə istədin-istəmədin bir dərd cücərir. Elə bir dərd ki, o da hər kəsin ürəyi boydadı. O ürək ki, dərd boyuna biçilib. Nə vaxtsa yazdığım bir şeirin ilk misralarında dediyim kimi.
   
   
   
   dərdin
   
   böyüyü-kiçiyi olmur
   
   dərdin
   
   ölçü vahidi
   
   ürəyin tutumudu...
   
   
   
   Hə, bu da ilin yarısı, məni ağladan yarısı...

TƏQVİM / ARXİV