adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

FOBiYA

OQTAY SALAMOV
28723 | 2011-07-02 11:11
Bu sözə bir çox sahələrdə rast gəlirik. Əvvəlcə "fobiya"nın nə olduğunu yada salaq sonra keçək sözün məmmədqulusuna. Sözüm də bir neçə məmmədquluya bəs edər hələ artıq da qalar. Beləliklə:
   
   Fobiya mənşəcə yunan sözü olan "fobos" sözündəndir, mənası qorxu deməkdir. Fobiya daha çox ürək döyünməsi, tərləmə, titrəmə, təngnəfəslik, boğulma, əzələlərdə gərginlik, baş gicəllənməsi, ürək bulanması, ağzın quruması, əllərin və ayaqların keyləşməsi və s. əlamətlərlə üzə çıxır. Fobiya başlıca olaraq, üç qrupa ayrılır: aqorafobiya, spesifik fobiya və sosial fobiya...
   
   1. Aqorafobiya. Aqorafobiyası olan adamlar daha çox küçə, meydan, bazar, kinoteatr, teatr, körpü, tunel və s. kimi izdihamlı yerlərdən qorxurlar. Çox vacib olduqda isə belə yerlərə ailə üzvləri və ya dostları ilə getməyi üstün tuturlar. (Məsələn, bir çox ölkələrdə əhalisi narazı olan hakimiyyətlərin mitinqlərə olan fobiyasını göstərmək olar-O.S.).
   
   2. Spesifik fobiya. Spesifik fobiya özünü əsasən heyvanlara, yüksəkliklərə, qapalı və ya açıq mühitlərə, təyyarəyə, liftə və s. qarşı göstərir. Hətta bu fobiya qrupuna daxil olanlar bəzən qan və yara görməkdən də qorxurlar. Heyvanlara qarşı qorxunu yırtıcı heyvanlara qarşı qorxu ilə qarışdırmaq olmaz. Çünki bu, təbii qorxudur. Digər tərəfdən, heyvanlara qarşı fobiyası olanlar bəzən adi heyvanlardan da qorxurlar. Məsələn, it, pişik, kəpənək və s. kimi ...
   
   3. Sosial fobiya. Sosial fobiyası olan adamlar daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan çəkinirlər. Həmçinin bu siyahıya ümumi nəqliyyat vasitələrindən istifadə etmək, qonaq qəbul etmək, əl-ələ görüşmək və s. də daxildir.
   
   Dünən bir ingilis qızının qəribə fobiyası haqda oxudum. Deyir, Paula Ross adlı qızın banana fobiyası var. Yəni, ayıb da olsa, banan görəndə qorxuya düşür. Paulanın bu qorxusuna səbəb uşaq vaxtı valideynlərinin onu meyvə yeməyə məcbur etməsi olub. Nəticədə o, 20 il boyunca banana fobiyası olan insana çevrilib. Məlumata görə, qız banan görəndə xəstələnir, ürəyi bulanır. O, hətta bu meyvə ilə eyni otaqda belə dayana bilmirmiş. Qız ancaq 23 yaşında bu qorxusundan azad ola bilib. Bu xüsusi terapiya sayəsində mümkün olub. Artıq o heç bir qorxusu olmadan bananla eyni məkanda dayana bilir.
   
   Deyəsən, bizim "Aysel" jurnalı artıq Paulaya və bütün banandan qorxmayanlara yaxşı pəhriz növü təklif eləyib də : 3 gün ərzində təkcə bananla qidalanaraq 3 kq arıqlamaq olar.
   
   Ermənistan müxalifəti prezident Sarkisyanın deyəsən çox qəribə bir fobiyasını üzə çıxarıb. Düzdür, hələlik bunu onun fobiyası yox, məqsədi adlandırıblar, amma mənası üst-üstə düşür. "Armenia Today " in verdiyi xəbərə görə, bunu Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin rəhbəri Aram Manukyan Erməni Milli Konqresinin ölkənin "Azadlıq" meydanında keçirdiyi mitinq zamanı bəyan edib ki, "Son bir-iki ildə Ermənistanı təqribən 250 min erməni tərk edib - bu, hakimiyyətdə duran iki silahlı cinayətkarın həyata keçirdiyi soyqırımdır".
   
   Onun sözlərinə görə, hazırda hakimiyyət təşkilati şəkildə Ermənistan vətəndaşlarını ölkədən "ixrac" edir. Fermerlərin 1/3 hissəsi ölkəni tərk edib:
   
   "Gümridə insanlar möhlətlə aviabiletlər alır, turizm şirkətləri insanları xaricə göndərir, lakin onlar bir daha geri qayıtmırlar. Hakimiyyət bunu çox gözəl bilir, onlar özləri bunu təşkil edirlər. Müxtəlif xarici ali təhsil müəssisələri ilə müqavilələr bağlanır və hərbi çağırış həddində olan gənclər xaricə göndərilir və orduda xidmət etməkdən məhrum edilirlər. O hesab edir ki, hakimiyyətin son məqsədi - ermənilərsiz Ermənistandır.
   
   Mən elə bilirdim ki, ermənilərin hamısının bir türkəfobiyası var, sən demə, bunların prezidentlərinin elə erməniəfobiyası da varmış...
   
   Bilmirəm bizim ATƏT-in Minsk qrupuna qarşı xüsusi rəğbətimiz var, yoxsa təkbaşına qəti qərar qəbul etməyimizə qarşı fobiyamızmı var, hər halda yamanca yapışmışıq bu qrupun ətəyindən. Diqqətlə baxanda məlum olur ki, həmsədrlərin ətəyi də yoxdur. Əcəba, görəsən biz nədən tutub asılı qalmışıq? Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, "Təbii, vasitəçiləri dəyişmək olar. Amma bununla nə dəyişəcək?! Minsk Qrupuna hazırda real alternativ görmürəm. Hərgah BMT-dən danışırıqsa, ATƏT-lə müqayisədə BMT daha "dişsiz" qurumdur. Həmsədr ölkələr ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının üzv olmaqla yanaşı, nüfuzlu dövlətlərdir. Üstəlik, Fransa Minsk qrupunda tək özünü yox, Avropa Şurasını da təmsil edir. Yəni söhbət üç güc mərkəzindən gedir". Ərəstun müəllim soruşur ki, həmsədrlər yarıtmaz işləyir - amma yaxşı variant varmı?
   
   Bizim bütün televiziya kanallarımızda reklam fasilələri vaxtı başqa verilişlər olsa da qalan müddətlərdə ancaq mətbəx verilişləri gedir. Elə bil millətin işi yemək, müalicə olunmaq və tum çırtlamaqdır. Nə isə... Həmin veirilşlərdə göstərmə kimi də olsa, əllərinə əlcək geyinirlər ki, ərzaqdan əllərinə mikrob düşməsin. Təklif edirəm ki, biz də Minsk qrupunun ətəyi olan yerdən tutanda barı əllərimizə əlcək geyinək, bilmək olmaz, bəlkə murdar yerləri var... Əşi, vallah, bu murdarafobiya deyil ey, adi təhlülkəsizlik qaydalarına riayət eləməkdir...g
   
   Güman eləyirəm ki, qəzetimizin oxucuları arasında qadınlar da var. Onlara üzümü tutub soruşuram ki, bizim bir çox ayıb da olsa, şou-bizneslə məşğul olan qadınlarımızda bu paltarafobiya nədən yaranır? Yəni, paltarafobiya deyəndə lütlənmə azarını nəzərdə tuturam. Yəqin parçalarda qaşınma mikrobları aşkar ediblər. İndi dəb idmançılara keçib. Düzdü, onlar yarımçılpaq olurlar, amma bundan sonra lap çılpaq ola bilərlər. Odey, Rusiyanın "Rossiyanka" qadın futbol klubunun üzvləri soyunmaq qərarına gəliblər. Onlar elə meydandaca soyunub, məşqlərini ediblər. Məşq uğurlu olsa, yəqin ki, oyuna belə çıxacaqlar. İndi qaldıq iki od arasında, futbola bax, yoxsa...
   
   Fobiyalar arasında biri də var, deyəsən əksəriyyətimiz ona tutulmuşuq: Bibliofobiya- kitablardan qorxmaq.
   
    Qorxular haqda məlumatım genişləndikcə dəqiqləşdirdim ki, ermənilərdə Antropofobiya, yəni: insanlardan qorxmaq xəstəliyi varmış.
   
   Bizim bir çox deputatlarımızda Qlossofobiya, yəni ictimai yerlərdə danışmaqdan qorxmaq azarı varmış. Ad çəkib özümü reklam niyə edim ki, məndə də Siderofobiya: ulduzlardan qorxmaq mərəzi var. Yox, göydəkilərdən yox, yerdəkilərdən qorxuram.
   
   Akrofobiya: yüksəklikdən qorxmaq. Bakıda kişi özünü 20-ci mərtəbədən atdı. Bu yazığın qorxusu yüksəklikdən daha qorxulu imiş..
   
   Deyəsən Yunanıstanda qaçqın olmayıbmış. Yoxsa bunun da fobiyasına ad verərdilər. Qaçqınafobiya Məcburi köçkün Bakıda özünü öldürdü...g
   
   Fobiyalar haqda məlumatda 100-ə qədər qorxunun adı çəkilir, amma bircə dəfə də pula, rüşvətə qarşı fobiyaya rast gəlmədim, nə yunanca, nə də azərbaycanca. Amma xəbər verilir ki, Gəncədə hərbi komissarlığın şöbə müdiri rüşvətə görə həbs olunub.g
   
   Yazını bədbin ruhla bitrimək istəmirəm. Deyir, Almaniyanın ən seksual deputatları seçilir. Bilirəm, dəxli yoxdur, amma nə isə xoş bir şey yazmalıyam, yoxsa yox?..

TƏQVİM / ARXİV