GÖY üZü DAŞ SAXLAYIR...

FAİQ QİSMƏTOĞLU
38444 | 2011-06-25 11:34
Dünyada o qədər böyük daşlar var ki?! Bəzən göy üzü bu daşı saxlayır, bəzən də o daş göy üzündan yerə düşür. Amma yerdə hara düşür, kimin başına dəyir, onu bir Allahdan savayı heç kəs deyə bilməz. Böyük şair Ramiz Rövşən çox gözəl bir şeir yazıb: "Göy üzü daş saxlamaz". Həmin şeirin aşağıdakı misralarında deyilir:
   
   
   
   Bir gün bu dünyada qəbrin qazılsa,
   
   Bəlkə də baş daşın göydən düşəcək.
   
    Durub göy üzünə daş atan oğlun,
   
   Göy üzü daş saxlamazg
   
   
   
   Ancaq indi göy üzü daş saxlayır. Özü də elə-belə daş yox. İri-iri metroidləri, böyük daşları. Bu iri-iri metroidlər və böyük daşlar hələ ki, göy üzündə dayanıb, lakin bu göy üzündən bu gün təpəmizə iri-iri dolular yağır, iri-iri yağışlar tökülür və bu iri dolular və yağışlar hələ də bizi haqqın yoluna qaytara bilmir. Fikirləşirik ki, göy üzüdür, ordan yerə yağış da yağar, dolu da yağar, qar da yağar. Biz fikirləşə-fikirləşə gəlib düşmüşük düz quyunun dibinə. Quyunun dibindən isə göy üzündən başqa heç hara görünmür. Bir göy üzü qalır, bir də bizg
   
   Görünür, hələ də Ulu yaradanın bizə yazığı gəlir. Günahlarımız çox, savab işlərimz az. Günaha bata-bata çoxumuz Allahın dərgahına gedirik. Orda bizdən nələr soruşulur, hansı haqq-hesab çəkilir bunu Allah-Təaladan başqa heç kim bilməz. Əsas məsələ odur ki, insanlıq bir çox halda itir, haqq-ədalət ayaq altında qalır, kasıb-kusubun sonuncu tikəsini də hansısa zalım onun ağzından alır. Tay fikirləşmir ki, sonuncu tikəni o kasıbın əlindən alandan sonra onun qarnı necə doyacaqg
   
   g Bax belə. Kimin əlinə bir balaca imkan keçən kimi o dəqiqə özü, ailəsi, balaları və qohum-əqrəbası haqqında fikirləşir. Fiikrləşdiyi də o olur ki, necə eləsin vəzifədə olan müddətdə ev-eşik sahibi olsun, uşaqlarına bir gün ağlasın, qohumlarının əlini çörəyə çatdırsın. Başqaları haqqında vəzifədə olan adamların düşünməyə o qədər də nə vaxtları çatır, nə də həvəsləri olur. Sadəcə olaraq, zaman elə sürətlə gəlib keçir ki, onlar hər anın, hər dəqiqənin qədrini bilirlər. Bilirlər ki, vəzifə müvəqqəti və ötəri bir işdir. Günlərin birində onlar da bu kreslodan düşəcək. Deməli, yenə qayıdır hər şey insanın maraqları üstünə. Söhbət şəxsi maraqlardan gedir ha. Xalqın, millətin və dövlətin mənafeyindən söhbət getsəydi, bu başqa məsələ. Əgər bir kimsə vəzifədə əyləşəndə birinci xalq, millət və dövlət haqqında fikirləşirsə, bu ancaq möcüzə ola bilər. Biz demək istəmirik ki, millətini, xalqını və dövlətini sevən adamlar yoxdu. Belə adamlar kifayət qədərdi. Ancaq həmin insanlar vəzifə başında deyillər. Vəzifə başında olanların isə əksəriyyəti özlərinin bu günü və sabahı haqqında götür-qoy eləyirlər. Düşünürlər ki, Allah bir az da onlara möhlət versə, öz məmləkətlərində deyil, başqa ölkələrdə də işlər görəcək, iqtisadi əlaqələr yaradacaq, malikanələr və var-dövlət sahibi olacaqg
   
   Hələ ki, Allahın bizə yazığı gəlir və göy üzündəki ən ağır daşları saxlayır. Ulu yaradan fikirləşir ki, bizə - insanlara bir qədər də vaxt versin, bəlkə daşı ətəyimizdən tökdük. Biz isə daşı ətəyimizdən yerə tökən deyilik. Əksinə ətəyimizə çoxlu daş yığırıq. Yığdığımız daşları isə lazım gələndə düşmənə yox, özümüzə tərəf elə atırıq ki, az qala gözümüzü çıxarda. Gözümüzün çıxmağındansa qorxmaq lazımdı. Göz görməyəndən sonra yaşamağın nə mənası var?!
   
   Amma bu günahları biz insanlar törədirik, çətin ki, onu Ulu yaradan bağışlaya. Heç olmasa ziyanın yarısından da qayıtmaq istəmirik. Elə günbəgün günahlarımızı ağırlaşdırırıq. Nə Allahdan qorxuruq, nə qanundan qorxuruq, nə də insanların, kasıb-kusubların qarğışından. Elə özümüz bildiyiimz kimi də tutduğumuz yolla gedirik. Tay bilmirik ki, bu yol bizi hara aparacaq. Axı göy üzündə duran daşlar o qədər də çox dayana bilməz. Göy üzü nə qədər daşa dönmüş günahlarımızı saxlayacaq. Günlərin birində həmin daşa dönmüş günahlar bizim təpəmizə töküləcək. Onda isə o daşlardan canımızı qurtara bilməyəcəyik.
   
   
   
   ***
   
   
   
   Kitabı çoxları müqəddəs bir varlıq kimi qəbul eləyir. Düzdür, indi hər yerindən duran bir cızma-qara edib kitab buraxır. Amma vallah bunlar kitab deyil, ancaq "maklatura"dı. Kitab ona deyilir ki, kimsə o kitabı vərəqləyir, orasına-burasına baxır və axıra qədər oxuyur. İndi çap olunan kitabların 90 faizi cəfəngiyyatdan ibarətdir. Biri hansı varlı adamınsa pulunu alıb onun əsilli-nəcabətli bir insan olduğunu sübut eləyən kitab buraxır. Kitabın da içi tərcümeyi-haldan və şəkildən ibarət olur. Təbii ki, o kitabı yazan adam ancaq fikirləşir ki, kitabı yazdırandan nə qədər pul qopardacaq. Onun ki, kitab yazmaq deyil, pul qazanmaqdır. Əgər bir adam 500 nüsxə kitab buraxırsa və onu da heç kim almırsa, buna kitab demək olarmı?!
   
   Kitab da var ki, əl-əl gəzir. Məsələn, Məmməd Arazın, Əli Kərimin, Musa Yaqubun, Ramiz Rövşənin, Seyran Səxavətin, Vaqif Bayatılı Ödərin, Vaqif Bəhmənlining kitablarını çoxları böyük səbirsizliklə gözləyir. Onların kitabı işıq üzü görən kimi oxucular bu kitabları axtarmağa başlayır. İmkanı olan da, olmayan da çətinliklərə baxmayaraq pul tapıb yazarların kitabını alırlar. Yaxşı yazıçı, yaxşı şair, yaxşı publisist heç vaxt kitabının yayılmasında və satılmasında çətinlik çəkməyib.
   
   Sumqayıt şəhərində bir kitab həvəskarı var: Xan Rəsuloğlu. O özü də kitab satışı ilə məşğuldu. Görəndə ki, biri kitab almaq istəyir, kitab axtarır və imkanı yoxdur, o kitabı həmin adama pulsuz verir. Bəziləri də soruşur ki, ay Xan, sən nə üçün balaların üçün çörək qazanarkən bəzi oxuculara pulsuz kitab verirsən? Onun da cavabı belə olur ki, həmin adamın savadı var, istedadı var, ancaq pulu yoxdur, kitab oxumaq istəyir. Mən də kitabı ona pulsuz verirəm. Ona görə pulsuz verirəm ki, həmin adam ziyalıdı, kitabı sevir və onu oxuyur. Kitab oxumaq üçündü, rəfə qoyulmaq üçün deyil. Adam var ki, çox bahalı kitablar alır, onu rəfə qoyub üzünə baxır. Bir dəfə olsun qiymətli kitabı vərəqləmir ki, Allaha xoş getsin. Xan Rəsuloğlu ailəsini və balalarını kitab satmaqla dolandırır. Deyir ki, kitabdan qiymətli dünyada heç bir sərvət yoxdur. Mən hər şeyin nisyə alındığını görmüşdüm, kitabın alındığını görməmişdim. Bir dəfə tanıdığım bir oxucu mənə yaxınlaşıb böyük şairlərimizdən birinin yenicə çapdan çıxmış kitabını nisyə almaq istədi. Mən də onun imkanı olmadığını görüb kitabı ona hədiyyə elədim. Həmin adam elə sevindi ki, sanki dünyanı ona bağışladımg
   
   İndi dünyamız yaxşı və xeyirxah adamların qıtlığını, azlığını yaşayır. Yəni yaxşı adamlar çox azdır, mərdimazarlar isə qat-qat çoxdur. Bu yaxşı adamların hesabına hələ ki, göy üzü iri-iri daşları, metroitləri saxlayır. Vay o günə ki, həmin yaxşı adamlar azalsın və yoxa çıxsın, bax, onda çətin ki, göy üzü həmin iri-iri daşları saxlaya. Bax, o iri-iri, böyük-böyük daşlar nə vaxtsa təpəmizə tökülməsə yaxşıdı...

TƏQVİM / ARXİV