ÖMRüMDƏ YERi OLAN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
35183 | 2011-06-24 23:37
Hərdən öz-özümə düşünürəm ki, görəsən zamanın sürətini nə ilə müəyyənləşdirmək olar. Çünki günə, aya, ilə nəzər yetirib, onları saysaq çox az fərq olacaq. Zaman barmaqsayı görünəcək və bəlli olacaq ki, biz 30 ildi bir-birimizlə yanaşı addımlayırıq. Amma 35 ildi ki, bir köynəkdən çıxıb böyük dünyaya doğru yol gəlmişik. Bu köynəyin adı Dövlət Universitetidi. Və mən də özümdən yaşca kiçik olan bu 50 yaşlı cavanla məhz o vaxtın Azərbaycan Dövlət Universitetinin qoynunda tanış olmuşam.
   
   Adı İlqardı, soyadı Məmmədli. Özü də Bakının çox qədim bir guşəsində, düz dənizin ortasında dünyaya gəlib və dənizin maviliyi də gözlərinə çöküb. Dənizin pıçıltıları da sözlərində həyat haqqı qazanıb, ləpələrin pıçıltısı onun asta yerişlərini mənə xatırladır. Amma coşanda, əsəbləşəndə də ərköyün Xəzər yadıma düşür. Görünür, insan doğulduğu torpağa, doğulduğu mühitə həqiqətən çox oxşayırmış, çox bənzəyirimş. Mən bütün bunları İlqarı zaman-zaman tanıdıqca, ailəvi dostlaşdıqca, duz-çörəyimizi birgə böldükcə daha yaxından duydum, anladım. Və anladım ki, Pirallahı deyilən, yaşlı adamların yaddaşında Artyom kimi qalan o adanın ən qayım kişilərindən biri də mənim dostum-qardaşım İlqar Məmmədlidi.
   
   Söz adamları zamanı sözün içərsində də, nöqtə-vergülün arasınada da, hətta sualın qarmağa oxşayan ucunda da yaşadıb kimlərəsə, haralarasa çatdıra bilir. Bu onların həyatda ən böyük xoşbəxtlikləridi. Mən şəxsən yazmağı bacaran, fikrini kağıza köçürmək qabiliyyəti olan hər kəsə sevgi ilə, maraqla, bir az da həsəd hissi ilə baxıram. Çünki yazmağı bacarmaq özü-özü ilə danışmaq kimi bir şeydi. Gördüyünü, duyduğunu, yaşadığını, zamandan çəkib qopardığını kağızda əbədiləşdirirsən. Həmin o görüb duyduqlarına, zamandan qopardıqlarına heykəl qururusan. O heykəlin həm fəhləsi, həm də heykəltəraşı sənin özünsən. Ona görə də yaratdığın heykəl səni tanıdır, səni təqdim edir.
   
   Lap tələbəliyin ilk günlərindən bir bəstəboy oğlanın mavi gözlərindən tökülən şirinliyin içərsiində nə isə tapmışdım. Amma onun adını bilmirdim. Sonra öyrəndim və gördüm ki, tələbə yoldaşlarımın içərisində hamıdan çox lətifə, baməzə söz-söhbətlər sahibi olan elə İlqardı. İstənilən mövzuya, istənilən məsələyə aid gözləmədyin yerdə, gözləmədyin halda söylədiyi lətifə sənə əməlli-başlı bir nəşə gətirir, xoşallanırsan və unudursan ağrı-acını. Mütaliəsi son dərəcə geniş olan İlqar rus ədəbiyyatından, rus lətifələrindən elə nümunələr söyləyir, elə notlara toxunurdu ki, həm söz yerinə düşürdü, həm də daşı kimə atırdısa, o da payını götürürdü. Və mən də çalışırdım ki, özümdən yaşca kiçik olan dostumun yanında hansısa günaha batmayım. Onun "qara siyahı"sına düşməyim. Amma mümkün deyil, biz bu həyatda aydan arı, sudan duru yaşamaq üçün mələk olub göy üzünə çəkilməliyik. Amma neyləyək ki, Tanrı bizi mələk yaratmayıb. Ona görə də günahlarımızı da yanımızca gəzdirməyə, özümüzlə dolandırmağa məhkumuq.
   
   
   
   Mən tək gəzmirəm ki, yerün üzündə
   
   Nə qədər günahlar gəzir mənimlə...
   
   Özü də bilmədən yerin üzündə-
   
   Günah günahkara dözür mənimlə...
   
   
   
   Səhər açılandan şər qarışana
   
   Qırışmış çöhrəmdə tər qarışana
   
   Şahiddi, ömrümə hər qarışana-
   
   Onları gözaltı süzür mənimlə...
   
   
   
   Ümid işığının qəmdi, mayası
   
   Hələ çin olmamış dəmdi mayası
   
   Qazancı bir yana, kəmdi mayası-
   
   Tale axarında üzür mənimlə...
   
   
   
   Əyilib tərəzim, itib sərhəddim
   
   Özümü gərəksiz üzüb çərlətdim
   
   Mən ki, bu dünyaya az-çox bələddim-
   
   Dünya günqahımı çözür mənimlə...
   
   
   
   
   
   ***
   
   
   
   Hə, qardaşım İlqar, biz səninlə 1980-ci ildən Azərbaycan Dövlət Universitetinin mühazirə otaqlarından yoldaşlıq edib bu dünyanın ağ üzündə qoşa bir cığır açmağa başladıq. Tələbə dostlarımız Rəfael, Firudin, Asif, Vaqif, Yusif və daha kimlər... Gah telefonla əlaqə saxlayırıq, gah xeyirdə-şərdə görüşürük, gah da ad günlərində, övladların məclislərində. Ancaq bunların heç birində biz özümüzdən danışmırıq, nədənsə daha çox tələbəlik illəri, keçmişdə qalan o uzaq zaman kəsiyi bizi özünə çəkir. Və biz də həmin o zaman kəsiyində yaşadıqlarımızı - senminarların, mühazirələrin, ayrı-ayrı müəllimlərimizin, təcrübə keçdiyiimz məktəblərin, tələbə-inşaat dəstəsindəki gözəl anları nöqtə vergülünə qədər təkrar-təkrar xatırlayır, təkrar-təkrar bir-birimizə danışıırq. Ən qəribəsi də budur ki, min dəfələrlə danışdığımız söhbətlər bizə hər dəfə yeni görünür. Bizə hər dəfə təzə nəyisə xatırladır. Elə bil ki, biz o söhbətlərin içərisində yenidən tələbə oluruq, yenidən auditoriyalara qayıdır. Nə bilim vallah, həyatdı da. Biz bu həyatın yükü deyilik. Mən buna tam əminəm. Heç kimin yerini tutmamışıq, heç kimin haqqını əlindən almamışıq, heç kimə də quyu qazmamışıq!..
   
   Yox, deyəsən bir az çox zil oldu. Bizim də bir quyumuz var. Həmişə bal kimi şirəsi, dadı-tamı olan, bizi yaşadan quyu. Biz onu həm də ürək adlandırırıq, onun saxlancı bizi yaşadır. Bizi bir-birimizdən ayrılmağa, uzaq düşməyə qoymur. Ona görə də suyu da, şirəsi də, dadı-tamı da özündən olan ürək adlı bu sevgi, dostluq, doğmalıq, insanlıq quyusunun kənkanı özümüzük. Öz quyumuzun bizə verdiyi tale payını balalarla, ailə ilə, dostlarla, doğmalarla, hələ bir az da artıq qohum-əqrəba ilə bölüşə-bölüşə yaşayırıq.
   
   Qohumlar demişkən, mənim tanıdığım insanlar içərisində bir neçə şəxs var ki, onların həyatını dostlar, doğmalar əməlli-başlı zəbt edib. Onlardan biri də elə sənsən. Tanıdığım gündən bu ana qədər hansısa qohumun problemi üçün qaçırsan, hansısa bir doğmanın məsələsini çözmək üçün vaxtını, gücünü sərf edirsən. Bir sözlə, özündən, ailəndən çox doğmalar üçün, ətrafındakılar üçün çalışıb, vuruşub yaşayırsan. Mən belə məqamlarda yazdığım şeirlərdən birini xatırlayıram:
   
   
   
   bu səhər
   
   yuxudan oyananda
   
   bir qəriblik
   
   hiss etdim
   
   canımda...
   
   və sonra da
   
   bir tənhalıq gördüm
   
   otağımda
   
   ürəyimi dələn
   
   acını qovmaq üçün
   
   tələsik açdım pəncərəni
   
   və dan yerini buraxdım yatağıma
   
   düşünmə sevişməyə,
   
   yox, sadəcə
   
   yarımçıq qalmış
   
   yuxumun sonunu
   
   işığa
   
   büksün deyə!
   
   
   
   ***
   
   
   
   Bəli, İlqar Məmmədli, Dövlət Universitetinin tələbəsi olmaq bizim zamanıımzda hər kəsə nəsib olmayan, bəlkə də dünyanın ən böyük xoşbəxtliyi idi. Bizə elə gəlirdi ki, bu universitetin məzunu olan kimi qapılar üzümüzə açılacaq, hamı boyumuzu sevib bizə, yuxarı başa keçin, deyəcək. Amma yaman yanıldıq. Özü də təkcə ümidlərimizdə, arzularımızda yox, həm də güvəndiyimiz zamanda yanıldıq. Çünki biz sovet dövrünün uşaqları idik, tələbələri idik. Öyrəndikləriimz də fərqli idi, ideyalar da, elə quruluş da. Ona görə də bildiklərimizin çoxu tarixin arxivində qaldı. Yeni dövr, müstəqil Azərbaycanın vətəndaşları kimi adı "keçid" olan zaman kəsiyinin bütün problemlərini hopdurduq canımıza. O üstümüzə gəldi, biz də ona qarşı getdik. İndi nəfəs dərib toxtamışıq. Amma gəncliyimiz əriyib gedib. Bizim övladlarımız bizim tələbə dövrünün yaşını yaşayır. Ona görə də itirdiklərimizi, arzularımızı övladlarımızda görmək, onlarda tapmaq istəyirik, onlar üçün çalışıb - vuruşuruq. Neyləmək olar, valideynlərimiz bizim üçün çalışır, biz də övladlarımız üçün bu yükü daşımalıyıq. Sən dünyaya, müstəqil Azərbaycanın təqviminə istinad etsək, Milli Mətbuatımızın doğum günündə, 22 iyulda gəlmisən. Görünür bu bir təsadüf olmayıb. Bu bir alın yazısı, tale hədiyyəsi olub. Çalışdığın müxtəlif mətbu orqanlarda öz imzanı oxucuya da, qələmdaşlarına da sevdirməyi bacarmısan. Daha çox sənayedən, ölkənin sosial-iqtisadi həyatından yazırsan. Bir vaxtlar qocaman qəzetlərimizdən olan "Vışka"da baş redaktorun müavini idin. Bu gün isə "İki sahil" qəzetində məsul bir işdə çalışırsan, ağır bir sahəni öz qələminlə tərənnüm edir, təqdir edirsən.
   
   İlqar, qələm adamına sözlə bağlı nə isə demək, nə isə arzulamaq mənim üçün çətindi. Ona görə də bircə fikri, daha doğrusu, özümün özümə ithaf etdiyim bir şeiri sənə ərmağan edirəm. Düşünürəm ki, bu misralarda nələr dediyimin sən mütləq ən son nöqtəsinə qədər fərqinə varacaqsan, mahiyyətini müəyyənləşdirəcəksən.
   
   
   
   işıqfora söykənib
   
   bir şəkil çəkdirmək istəyirəm
   
   özü də
   
   sarı gözü yananda...
   
   üstündən
   
   xətt çəkdiyim
   
   o qədər pisliklər
   
   var ki,
   
   hamısını
   
   unutmaq istəyirəm
   
   bir anda...
   
   çəkdirmək istədiyim
   
   şəklimə baxanlar
   
   dərvişliyimi
   
   anlayacaqlar
   
   məni
   
   özləri kimi duyanda...
   
   
   
   Hə, əzizim İlqar, özümə-sözümə nələr arzu edirəmsə, onu sənə də, sənin sözünə də, qələminə də arzu edirəm. Və bir də demək istəyirəm ki, 50 yaşın müxtəlif tərifləri var. Hər kəs ona öz istədiyi baxış bucağı altında diqqət yetirir. Amma mən heç kimi təkrarlamaq, köhnə deyilənləri təzələmək istəmədim. Sadəcə səni və özümü təbrik etmək üçün ürəyimdən keçənləri kağıza köçürdüm. Necə alındı deyə bilmərəm. Alınmasa da bilirəm ki, dilxor olmayacaqsan. Çünki yazılanların hamısı səmimi və ürəkdən gələn sözlərdi. Bu sözlərin işığında sənə Düz və Yüz əlli il arzu edirəm. Doğum günün mübarək!

TƏQVİM / ARXİV