adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

TiRE

OQTAY SALAMOV
25818 | 2011-06-24 23:37

   
   Öz Allahından qorxma - özündən qorx. Özünün uğurlarının yaradıcısı və öz bədbəxtliyinin səbəbkarı özünsən. Cənnət də, Cəhənnəm də sənin öz qəlbindədir.
   
   
   
   Pyer Silven Mareşal
   
   
   
   Müəyyən dövrü işarə etmək üçün başlanğıc və son arasında qoyulan işarə. Ən çox qəbir daşlarında rast gəldiyimiz işarə- doğum və ölüm arasında həyat adlanan bir ömürün sığışacağı köndələn bir işarə. Hər şeyin- xoşbəxtliyin də, bədbəxtliyin də, yaxşılığın da, pisliyin də, ürəyiaçıqlığın da, xəbisliyin də... - hər şey bircə bu işarənin içindədi. Sənə dilənən rəhmət, lənət, bir də əməllə, yaddaşlarda qalmağın sığışmır bu tirenin içərisinə...
   
   Yaponlar yuxuları qeyd edən cihaz icad ediblər... Deyir, yaponiyalı alimlər hazırladıqları yeni bir cihazla insan beynindən keçən fikirləri və şüuraltı düşüncələri kompüter monitoruna nəql etməyə müvəffəq olublar. Bu sahədə görülən yuxular və heç kimə açıqlanmayan düşüncələri qeyd etmək mümkün olacaq. Layihə üzərində işləyən alimlər bu texnologiya sayəsində insanların gördükləri yuxuların və beyinlərində qəbul etdikləri obrazların izlənilə biləcəyini deyiblər.
   
   İnanmıram. Bunlar o yuxarıda dediyim tireyə daxil olmayan şeylərdir. Bunlar sənə dilənən rəhmət, lənət, xatirələr kimi qeyri-maddi şeylərdir. Allahın sənə verdiyi, hesabını ancaq Özünün soruşacağı vergidir, lap yapon olmur, kim olur olsun, Allah özünə şərik qoşmayacaq ki... Amma Şeytanı da unutmayaq, o qədər işləklərini Allahın adına çıxıb günahlar eləmişik ki...
   
   Dünyanın nüfuzlu agentlikləri xəbər verirlər ki, ən bahalı süd... siçan südüdür. Onun 1 litrinin qiyməti minimum 22 min dollardır. Siçan südü dünya səhiyyəsində bir sıra vacib dərmanların hazırlanmasında istifadə olunur. Sən demə, 1 litr südün yığılması üçün 4000-dən artıq siçan "sağılmalıdır". Onların südünü xüsusi qurğu vasitəsilə alırlar. Görəsən bu da kiminsə tiresinə daxildir, yoxsa onlar ana südünü daha qiymətli bilərlər? Elə-belə soruşuram, indiki analar da öz südlərinə siçandan ucuz qiymət qoymurlar...
   
   Şair Əli Əkbər bəlkə də yeganə adamdır ki, özünü əclaf sayır. Tənqidçilər deyirlər ki, o da orijinallıq naminə belə deyir, amma ozünü əclaf-zad saymır. Heç mən də saymıram. Amma güzgüdə özümə baxanda tanıdığım yaxşı adamlar arasında da, ən əclaflar arasında da fərqlənmədiyimi görürəm. Qəribə bir ifadə ilə rastlaşdım: "Gözəl qəlbin sifəti uşaq sifətidir"... Hansı uşağın, dilənən uşağın, oğru uşağın, yoxsa maşın təkəri qaraldan uşağın qəlbi uşaq sifətlidir?..
   
   Əclafı nəyindən tanıyırsan? O keçmiş hind kinoları idi ki, müsbət qəhrəmanın sifəti də qəşəng olurdu. İndi o qədər qəşəng sifətlər arxasında əclaflar gizlənib ki... Bəlkə sınayaq, təsnifatını aparaq, dərəcəsini bilək?
   
   Aktiv və passiv əclaflar. Böyük və kiçik əclaflar. Yumor hissi olan və olmayan əclaflar. Yumor hissi olmayan əclaflar daha qorxuludur.
   
   Deyəsən əslaflığın bünövrəsi lap uşaqlıqdan qoyulur. Bəlkə də onların içdikləri süd başqa xarakterli olur. Amma yox, sonradan görüb-götürmüş əclaflar daha həyasız olur... Əclaflıq belə adamların fəlsəfəsi, həyat obrazı, düşüncə tərzi olur. Tək-tək adamlar olur ki, bu virus onlara təsir edə bilmir, qanında, südündə, tərbiyəsində halallıq, imuniteti var, belələrinə əclaflıq sirayət edə bilmir. Nə yaxşı ki, yaxşılar var. Yoxsa tirelər qiyamət başlamamışdan dik durarlar. Nə demək istədiyimi bilənlər bilməyənlərə öyrətsin...
   
   Amerikada bir nəfər banka gəlir, kassirə "zapiska" verir ki, bəs o silahlıdır və ona 1 dollar lazımdır. Sonra oturub polisin gəlməsini gözləyir. Polis Ceymsi qarətçiliyə görə həbs edəndə məlum olur ki, 59 yaşlı, işsiz olan bu kişinin səhhətində problemlər var, onurğasında dəlik var, həm də xərçəng olması şübhəsi var; amma onun həkimə getməyə pulu yoxdur... Bank qarət etməkdə məqsədi də o imiş ki, bəlkədə həbsxanada ona hansısa tibbi yardım göstərələr.
   
   Sən demə, Amerikanın qəzetləri bizimkilər kimi mövzular yazırmış. Bilirsiz "Honesty" nə yazdı: "Fotoqrafiyada olan sifətə diqqətlə baxın və sonra isə güzgüdə oz sifətinizə baxın. Bu "yeni amerika reallığının sifəti"dir. Bizim özümüz seçdiyimiz hökumətimiz bizi iç-çalatımızla birgə satıb. Və biz buna görə hesab verməliyik. Bizim vergi dollarımız tamahkar və korrupsiyalaşmış siyasətçilərimizin maaşlarına gedir".
   
   "Dumby": "Bu necə ölkədir! Siz vətəndaşsınız, amma sizi müalicə etmək istəmirlər. Siz varlısınız və qanunları pozursunuz, amma həbsxanaya göndərilmirsiniz, ev dustağı adı ilə evdə oturursunuz. Tezliklə dünyanın korrupsiyalaşmış üçüncü dövlətlərinə çevriləcəyik"...
   
   Bir çox ölkələrdən Ceymsin adına məktublar gəlir və çoxları da bu ideya üçün ona təşəkkürlər edirlər. Burada bir tire qoyub bizim kasıbların ingilis dilini bilmədiyini yazmaq yerinə düşərdi...
   
   Ruslar kəbinə də, zay məsula da "brak" deyirlər. Nə bilim, vallah, yaxşı işin adını brak qoymazlar. Kəbin demişkən, Yer kürəsini son yüzillikdə ən güclü günəş fırtınası gözləyir. Bunun kəbinə nə dəxli var? Var, var, elə tireyə də dəxli var.
   
   Yaxın 18 ayda Yer son 15 əsrdə ən güclü maqnit fırtınası ilə üzləşəcək. Günəşdə partlayışın nəticəsidir. Britaniya alimləri xəbərdarlıq edirlər ki, bunun nəticəsində İngiltərənin vacib əhəmiyyətli sistemləri, o cümlədən elektrik enerjisi və kompüter avadanlıqları sıradan çıxa bilər. Mütəxəssislər belə hesab edirlər ki, Günəşin indiki aktivlik mərhələsi özünün pik nöqtəsinə 2012-ci ildə çatacaq.
   
   Dünyanın sonu haqda dini, fantastik, elmi, cadugərlik, astronomik.. fərziyyə və proqozların 2012-ci ilə düşdüyünü bilirsinizmi? İndi də Günəşi də bu işə qoşublar, deməli... Deməli, tirenin içərisində qalmağımızın sonu yaxındadır. Qarşıda bizi dərgah qarşısında cavabdehlik - son imtahan gözləyir. Görürsünüz, burada da tire var...

TƏQVİM / ARXİV