Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
28382 | 2011-06-24 23:37
(əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Səfər proqramımızı tərtib edənlər müsəlman icması ilə görüşümüzü məhz cümə gününə planlaşdırmışdılar.
   
   
   
   "Dini kitabları yandırmaq yox, oxumaq lazımdı"
   
   
   
   Əslən Şri-Lankadan olan Sürəyya Daan Los-Ancelesdə müxtəlif konfenssiyaları bir araya gətirən Dinlərarası Əlaqələr Komitəsinin fəallarından sayılır. Onun İslam dini haqqında yazdığı kitablar, etdiyi çıxışlar Amerika ictimaiyyətində maraq doğurub. Sürəyya xanım bizimlə görüşdə də natiqlik bacarığını nümayiş etdirir: "Bir dəfə oğlum mənə dedi ki, ana, biz terrorçuyuq? Bu sualı eşitmək həqiqətən də bir ana kimi mənim üçün çox ağır idi. Elə etməliyik ki, övladlarımız heç zaman bizə belə sual verməsinlər. Hansı dinə sitayiş etməsindən asılı olmayaraq, bütün insanlar bir-birinə hörmətlə yanaşmalıdır. Başa düşməliyik ki, din bölücü yox, dünyanın bütün insanlarını birləşdirən bir faktordur".
   
   Sürəyya Daan bir müddət əvvəl müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimi yandırmaqla bütün dünyanın hiddətinə səbəb olan ABŞ-da yaşayan keşiş Terri Consun hərəkətini də pisləyir: "Dini kitabları yandırmaqla dini yox edə bilmərik. Amma dini kitabları oxumasaq, dindən uzaq düşərik. Ona görə də hesab edirəm ki, dini kitabları yandırmaq yox, oxumaq lazımdı. Biz yaydığımız müraciətdə həmin keşişin hərəkətini pisləmişik. Özünü din xadimi hesab edən heç bir insan belə hərəkətə yol verməməli idi".
   
   
   
   "Zəngin müsəlmanlar dindar deyillər"
   
   
   
   Tarzanadakı məscidin imamı Şeyx Camma Misirdə doğulub. 13 ildir ki, Amerikada yaşayır. İslam dinində hüquq məsələlərini araşdırır. Bu sahədə 20 kitabı çap olunub. Kaliforniya ştatının ayrı-ayrı universitetlərində mühazirələr oxuyur.
   
   Onun sözlərinə görə, Birləşmiş Ştatlarda müsəlmanlara qarşı heç bir dini ayrı-seçkilik yoxdu: "Digər dinlərin təmsilçiləri kimi bizə də burada şərait yaradılır. İş yerlərində, xəstəxanalarda, hava limanlarında və həbsxanalarda ibadət otaqları var. ABŞ prezidenti hər il iftar süfrəsi təşkil edir. Konqres üzvləri, mer və digər rəsmi adamlar dini bayramlarda yaxından iştirak edir, icmaların fəaliyyəti ilə müntəzəm maraqlanırlar. Biz burda özümüzü sərbəst, təhlükəsiz hiss edirik. Başqa-başqa ölkələrdə doğulsaq da bu gün Amerika vətəndaşlarıyıq, ölkənin ictimai-siyasi həyatında fəalıq göstəririk. Bu dövlətin inkişafı üçün çalışırıq. Amerikada yaşayan müsəlman buranı öz evi sayır".
   
   Şeyx Camma son illər ABŞ-da İslam dininə marağın artdığını deyir: "Xüsusi ilə gənclər İslama böyük maraq göstərməyə başlayıblar. Bu məsələdə televiziyanın və mətbuatın, internetin də öz təsiri var. İslamla bağlı telekanallarda proqramların sayı artıb, qəzetlər dini mövzularda xəbərlər dərc edir. Dini bayramlar zamanı bəzi telekanallarda məscidlərdən canlı yayımlar təşkil olunur. Statistika da, müşahidələr də göstərir ki, İslamın Amerikada böyük gələcəyi var. 1980-ci ildə Cənubi Kaliforniyada 5 müsəlman icması fəaliyyət göstərirdisə indi onları sayı 60-dan çoxdur. İcmalar tez-tez toplaşır, müxtəlif tədbirlər keçirir, dünyada baş verən prosesləri müzakirə edirlər".
   
   Məscidin imamı ilə söhbətdən məlum olur ki, təkcə Kaliforniya ştatında İrandan köçüb gələn müsəlmanların 20-yə yaxın telekanalı var. Əfqanların isə 10-dan çox kanalı efirə çıxır.
   
   Təbliğat həmişə və hər yerdə böyük maliyyə tələb edir. Maliyyə məsələsində isə... Yaxşısı budur şeyxin özünü dinləyək: "Bəzi ərəb ölkələri yardım göstərirdilər. Lakin 2001-ci ildən sonra həmin yardımlar dayandı. Çünki bu yardımlar bəzən düz başa düşülmürdü. Elə bilirdilər ki, vəsait terroru dəstəkləmək üçün ayrılır. Maliyyə sıxıntısı üzündən məscidin təmirini başa çatdıra bilmirik. ABŞ-da yaşayan zəngin müsəlmanlar isə yardım göstərmirlər. Çünki onlar dindar deyillər..."
   
   Söhbət zamanı son zamanlar ərəb ölkələrində baş verən proseslərə də toxunuruq. Əslən Misirdən olan şeyx Camma ata vətənindəki hadisələrə münasibətini açıqlayır: "Misirdə baş verənlər təsadüfi hadisə deyil. Milyonlarla insan səfalət içində yaşayırdı, ailələr qəbiristanlıqda gecələyirdi. Uşaqlar təhsil ala bilmirdilər. Hüsnü Mübarəkin zülmündən qurtulmaq istəyənlər axır ki, öz etirazlarını bildirdilər. Liviyada bu gün də qan tökülür, insanlar həyatlarını itirirlər. Qəddafi öz vətəndaşlarına divan tutur. Bu zülm necə yerdə qala bilər? Təəssüf ki, bəzən ərəb ölkələrində baş verənləri dinlə bağlayırlar. İslam dini zorakılığı qətiyyətlə pisləyir. Bu, bir daha göstərir ki, biz din xadimi olaraq daha çox çalışmalı, İslamın mahiyyətini insanlara çatdırmalıyıq. Hər bir din xadimi bu gün həm də sülh diplomatı olmalıdır".
   
   Həmsöhbətimiz Qarabağa da tezliklə sülh gələcəyinə inanır: "Azərbaycan ərazilərinin işğal olunduğundan məlumatım var. Bəzən ermənilər dini məsələni önə çəkmək istəyirlər. Lakin müharibə siyasi məsələdi, bunun dinə heç bir aidiyyəti yoxdur. Allahın köməyi ilə Ermənistan gec-tez siyasi oyunların qurbanı olduğunu anlayacaq və Qarabağdan çıxacaq".
   
   
   
   Amerika- İran və Səudiyyə Ərəbistanından
   
   daha çox müsəlman ölkə
   
   
   
   İslam Mərkəzinin qarşısında canlanma diqqətimizdən yayınmır. Cümə günü olduğundan müsəlmanlar namazı mərkəzin içindəki məsciddə qılırlar. Cavan bir oğlan ingilis dilində xütbə oxuyur, dindarları ədalətli olmağa, bir-birinə qarşı mehribanlıq göstərməyə çağırır. Məscidin kişilər və qadınlar üçün nəzərdə tutulan zallarında xeyli dindar var. Sağlamlığında müəyyən qüsur olanlar dəhlizdə quraşdırılmış ekran qarşısında oturaraq xütbəyə qulaq asa bilirlər. Kitab mağazasında İslama aid müxtəlif nəşrlər, suvenirlər satılır.
   
   Mərkəzin nümayəndəsi Salam Əl Mavayati Azərbaycandan gələn müsafirləri ikinci qatdakı kabinetində qəbul edir. ABŞ-a İraqdan köçən Salam çalışdığı İslam Mərkəzinin fəaliyyəti barədə danışır: "Cümə namazında, dini bayramlarda müsəlmanlar mərkəzdə bir araya gəlir. Məsciddə imam yoxdu. Hər cümə namazında Los-Anceles şəhərində və ətrafda yaşayan din xadimlərindən birini xütbə oxumağa dəvət edirik.
   
   Başqa dinləri təmsil edən icmalarla da xoş münasibət qurmuşuq. Onlar yaxşı başa düşürlər ki, hər hansı bir terrorçunun törətdiyi hərəkətin İslam dini ilə heç bir bağlılığı yoxdur. Bir müddət öncə keşişlərdən biri müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırmaq aksiyası keçirdi. Biz bu hərəkəti pisləməklə yanaşı onu da qeyd edirik ki, keşişin addımını bütün xristianlara aid etmək olmaz".
   
   Salam deyir ki, Amerikada müsəlman olmaq Səudiyyə Ərəbistanında və ya İranda müsəlman olmaqdan daha rahatdı: "Çünki ABŞ-da dövlətin sənə heç bir basqısı yoxdur".
   
   ABŞ Konqresinin maliyyə dəstəyi ilə təşkil edilən bu səfərdə təkcə Amerikanı yox, həm də özümüzü yaxından tanımaq şansı qazandıq. Qonaq qaldığımız amerikalı ailə və səfər yoldaşlarım haqqında növbəti və sonuncu reportajda.
   
   
   
   (Ardı növbəti şənbə sayımızda)
   
   
   
   

TƏQVİM / ARXİV