adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
48906 | 2011-06-23 23:58
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   - 1-ci sual: Sabah möhtəşəm hərbi paradın keçiriləcəyi bildirilir. Siz onu seyr etmək üçün meydana gedəcəksinizmi?
   
   - 2-ci sual: Bu günlərdə havaların kəskin soyuyacağı söylənilir. Sizcə bu anomallıq nə ilə bağlıdır?
   
   - 3-cü sual: Nəqliyyat Nazirliyi rəsmləri bildiriblər ki, sentyabrdan başlayaraq ictimai nəqliyyatda gediş haqları qaldırılacaq. Bunu da paytaxtda nəqliyyatın intellektual idarəetmə sisteminin qurulması ilə əlaqələndirirlər. Belə bir dəyişiklik sizi qane edirmi?
   
   
   
   1. - Vilayət: (bir neçə günlüyə əyalətdən Bakıya gələn) Şəxsən mən çox istərdim ki, gedib parada baxım. Amma burada olmayacağam. Sabah səhər tezdən rayona qayıtmalıyam. Qalmağım mümkün deyil. Yəqin əla bir parad olacaq.
   
   2. - Əslinə qalsa anomal olan təkcə havalar döyül. İndi hər bir işimiz baş-ayaq olub. Heç nədən baş açmaq mümkün deyil. O gün televizorda göstərirdilər ki, Türkiyədə qoz boyda dolu yağıb. Maşınların şüşəsini qırmışdı. Əgər bizdə də havaların soyuyacağını deyirlərsə, demək düzdü... Fikir verirsizsə, dünəndən onsuz da havalar dəyişib... Belə də olacaq, çünki bu havanın başına o qədər oyun açıblar ki, daha əmələ gəlmir.
   
   3. - Mən bu haqda eşitməmişəm. Amma bahalaşmadan danışırlarsa, demək olacaq. Amma biz rayonda yaşadığımız üçün bu bahalaşmanın bizim üçün qorxusu olmayacaq.
   
   1. - Teyyub: (poçt işçisi) Mən çox istərdim ki, gedib tamaşa edim, amma bu baş tutmayacaq. Çünki yolları elə bağlayırlar ki, gedib ora çıxmaq olmur. Bir də o qədər basa-bas olur ki, adam bezir. Çox yəqin ki, televiziya vasitəsi ilə paradı göstərəcəklər, oturub evdə baxacağam.
   
   2. - Havalar əslində elə indidən soyumağa başlayıb... Təbiətin başına min cür oyunlar açılır, ekologiya tamam korlanıb. Bəs belə olacaq da. İnsanlar öz xeyirləri üçün təbiəti korlamaqla məşğuldurlar. Məncə ya gec, ya da tez, bir ekoloji fəlakət dünyanı dağıdacaq. Bunun başqa yolu yoxdur.
   
   3. - Bizim hökumət bahalaşdırmaq ustasıdır. Hələ eşitməmişəm ki, nəyinsə qiymətini ucuzlaşdırsınlar. Vallah, nəqliyyat bir az da bahalaşsa bilmirəm bu kasıb-kusubun halı necə olacaq?.. Mən də o yeni sistem haqqında eşitmişəm, amma cibində pulu olmayan adamlara nə xeyri var?
   
   
   
   1. - Şəfaət: (iş yerini söyləmədi) Mən də keçiriləcəyini eşitmişəm. Amma getmək fikrində deyiləm. Çünki həmin günlər şəhər çox basırıq olur.
   
   2. - Əslində hər yerdə havalar anomallaşıb. İnsanlar təbiətin başına elə oyunlar açıb ki, indi o da əvəzin çıxır... Görmürsünüz, hər tərəfdə zəlzələlər, tufanlar aləmi dağıdır? Dənizə bir gedin baxın, görün nə gündədir. Hava da onun kimi...
   
   3. - Nə düzəldirlərsə düzəltsinlər, onun pulunu camaatın canından niyə çıxarırlar ki? Camaatda pul var bəyəm? Heç kimə intellektual sistem-zad lazım deyil. Guya əhali gedib onlardan xahiş eləyib ki, o cür aparatlar quraşdırın.
   
   
   
   1. - Səfadil: (çayxanada işləyən) Şəxsən mənim üçün parad hər gün elə bu çayxanada keçirilir. Mənim orada nə işim var. Guya baxsam nolacaq, baxmasam nolacaq.
   
   2. - Bu anomallığın nə ilə bağlı olduğunu hər kəs bilir. Amma bir xeyiri yoxdu. Bəziləri elə bilir ki, hər tərəf pis günə düşə də ona heç nə olmayacaq, ancaq qiyamət başlayanda heç bir imkanlıya, imkansıza fərq qoyulmayacaq.
   
   3. - Mən də eşitmişəm, hamı bunu danışır. Belə fikirləşirəm ki, hökumət kasıb-kusubun axırına çıxmaq istəyir... Qoy çıxsın, görək nə olur.
   
   
   
   1. - Tubu: (pensiyaçı) Nə parad, xəstə adamam, yerimdən tərpənə bilmirəm. Paradda-zadda nə ölümüm var?
   
   2. - Hər şeyin, elə havanın da zibili çıxıb. Heç bilmək olur ki, yay nə vaxtdı, qış nə vaxt? Bunun da günahı böyük-böyük ölkələrdi. Hər tərəfi yaman günə salıblar...
   
   3. - O gün mən də eşitdim bunu. Avtobusları bahalaşdırsalar, bilmirəm mən başıma haranın daşını salacağam. Pensiyaçı adamam, aldığımı hələ indi çatdıra bilmirəm.
   
   
   
   1. - Ağa: (iş yerini söyləmədi) Çox istəyərdim, amma ora yaxın durmaq mümkün olmayacaq. Ən yaxşısı evdə oturub televiziyada tamaşa eləməkdi. Kaş həmin gün bir təcili iş-filan çıxmaya...
   
   2. - Əşşi, hava bu zıppıltıya necə dözsün ey?.. bu təbiətin başına daha hansı oyunlar açmırlar ki?
   
   3. - Qaldırsınlar. Guya bizim nə deyəcəyimizin bir əhəmiyyəti var?.. Kefləri necə istəyir, elə də eləyirlər...
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV