adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 May 2015 15:11
2497
MƏMLƏKƏT
A- A+

Ölkəmizdəki işsizlik səviyyəsi Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib. İclas həyat səviyyəsinin təhlili və aktuar hesablamalar, habelə Türkiyənin sədrlik etdiyi G20 iştirakçı-ölkələrinin Məşğulluq üzrə İşçi qrupu çərçivəsində keçirilən toplantılarda iştirakın təmin olunması sahəsində görülən işlərə həsr edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda həyat səviyyəsinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupların sosial müdafiəsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrini vurğulayıb. S.Müslümov bildirib ki, nazirliyin fəaliyyət istiqamətlərindən biri kimi, əhalinin həyat səviyyəsi və qabaqcıl dünya təcrübəsi öyrənilməklə, ümumiləşmiş obyektiv məlumatlar, sosial-iqtisadi sahə ilə bağlı statistik göstəricilər əsasında təhlillər və aktuar hesablamalar, tədqiqatlar aparılır, sosial sahə ilə bağlı islahatlar kursunun, hüquqi-normativ bazanın təkmilləşdirilməsi üçün səmərəli təkliflər, büdcə və aktuar proqnozlar hazırlanır. Nazir ölkəmizdəki işsizlik səviyyəsinin 4,9 faiz olmaqla, Avropa məkanındakı 11,5 faizlik, Avropa Birliyindəki 10 faizlik göstəricidən aşağı olduğunu qeyd edib: "Demoqrafik göstəricilər əsasında aparılan təhlillər isə ölkəmizin əhalisinin 2005-2015-ci ilə olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Verilmiş statistik məlumatlar əsasında aparılmış proqnoza əsasən 2025-ci ildə doğulanların sayının 205300 nəfərə (təbii artım 1,34 faiz sabit qalmaqla) çatacağı, əhalinin sayının 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir”. Daha sonra iclasda müzakirə olunan digər məsələyə toxunan S.Müslümov bildirib ki, Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupunun zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak edir.