adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 May 2015 12:04
2240
MƏMLƏKƏT
A- A+

FHN binalara nəzarəti gücləndirdi

15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğından sonra FHN-in əməkdaşları üzlənən binaların qarşısında keşik çəkir.

Axar.az xəbər verir ki, yanğınla əlaqədar dünən ölkə başçısının rəhbərliyi ilə yaradılan Dövlət Komissiyasının ilk iclası keçirilən zaman Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üzlənmiş binalarda baş verəcək hər hansı faciənin qarşısını almaq məqsədilə belə bir təkliflə çıxış edib. Nazir bildirib ki, təhlükəli olan üzlüklərlə örtülü olan binaların fasadı daha təhlükəsiz üzlüklərlə əvəz edilənə qədər yanğınsöndürən maşınlar binaların qarşısında keşik çəkəcək.

Bu məqsədlə artıq bir çox bina dünən gecə saatlarından etibarən qorunur. Belə ki, Günəşli qəsəbəsində penoplasla üzlənmiş binaların yanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını qoyulub. Həmçinin binalarda 2 əsgər də keşik çəkir. Binəqədi rayonu ərazisində Ayna Sultanova parkı ətrafında olan binalar da dünən gecədən mühafizə edilir.

Qeyd edək ki, ölkə başçısının rəhbərliyi ilə yaradılan Dövlət Komissiyasının dünən keçirilən ilk iclasında nazir K.Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurulub. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Nazir bildirib ki, ölkədə bu qəbildən olan 263 bina var: "Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik".

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında ölənlərin sayı 15, xəsarət alanlar isə 50 nəfərdir.