adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ÖYüNGƏN AVROPA VƏ BiZ

SEYFƏDDİN ALTAYLI
50325 | 2011-06-18 07:59
Türkiyədə aylardır davam edən seçki həyəcanı axırda qurtardı və hay-küylər, partiyaların insanı təngə gətirən təbliğat xarakterli kampaniyaları da axıra çatdı.
   
   Qərblilər, seçki kampaniyalarına demokratiya deyirlər, ola bilər; ancaq hər millətin özünə məxsus bir demokratiya anlayışı vardır, bu cür seçkilər bizim tarixi dövlətçilik gələnəyimizə uyğun gəlmir. Tarixi əsərlərdən öyrəndiyim qədəriylə eradan qabaqkı əsrlərdə babalarımızın həyata keçirdiyi demokratiya anlayışı indinin dünyasında yoxdur. İndikilər şəxsi maraqlara daha çox üstünlük verir, o vaxtlar isə dövlətin marağına üstünlük verilirdi. Dövlət güclü olanda xalq da güclü olurdu, ona görə də dövlətə güc bəxş edəcək şəxslər qurultaylarda öz ləyaqətlərinə görə xalqın nümayəndələri tərəfindən seçilirdilər. Genələ-genələ küçələrə sığışmayan və özlərini demokrat, insansevər gözündə görən avropalıların, dilə gətirdikləri ilə həyata keçirdikləri arasında uçurum vardır və onlar heç cürə bir-birinə uyğun gəlmirlər.
   
   Avropalılar kahalara, hinlərə oxşayan daxmalarında kir-pasaq içində üzərkən və insan nədir, insan hüququ nə mənəm şeydir, onu bilməzdən minlərlə il əvvəl biz yaradılanı yaradandan ötürü sevmə anlayışını mənimsəmişdik, ruhumuza hopdurmuşduq. O anlayışın adı insan sevgisi idi.
   
   Osmanlı padşahı Fateh Sultan Məmməd, hakimiyyətləri altındakı xıristiyanlara deyirdi ki; "Hər məscidin yanına bir kilsə tikə bilərsiniz". Qərbli imperialistlərin quyruğuna ilişib onlara maşalıq edən ermənilər, rusların əlilə işğal etdikləri Şuşa şəhərindəki Cümə Məscidinə mal bağlayıb pəyəyə çeviriblər və heç bir qərbli və ya şərqli xalqın, dövlətin hər hansı şəxsinin və ya ziyalısının bu mövzuyla bağlı bircə cümləlik reaksiyası da qəzetlərdə əks etdirməmişdir. Osmanlı padşahı II Əbdülhəmid İstanbulda yaşayan ermənilərin maddi vəziyyətinin yaxşı olmadığını xəbər aldıqda Erməni Katolik Patriarxlığına lazımi maddi yardımın göstərilməsini əmr etmişdi. Qərblilərlə bizi ayıran ən önəmli xüsusiyyətlərdən biri də bu anlayışdır.
   
   Bu gün hərəsi insanları kütləvi şəkildə qiyma maşınına oxşayan silahlarıyla güc nümayiş etdirən imperialist qərblilər, yalnızca öz maraqlarını güdən materialist fəlsəfənin nümayəndəsidilər. Onlar özlərinin inam bəslədiyi dəyərlərdən fərqli şeylərə tapınan xalqların inamlarına əsla hörmətlə yanaşmayıblar və yanaşmırlar. Fransada 18-ci əsrin axırına kimi protestantların evlənməsinə icazə verilmirdi. Yəni protestant xristiyan məzhəbinə inanan hər hansı bir gənc qız, ya oğlan evlənib özünə yuva qura bilmir, oğul-uşaq sahibi ola bilmirdi. Hansı din bu cür bir anlayışı mənimsəyib, insanları öz nəsillərini davam etdirmək azadlığına sərhəd qoyubdur?! Xristiyanlıq da eynilə islamiyyət kimi səmavi bir dindir və peyğəmbəri Həzrət İsa da böyük peyğəmbərlərdəndir. Nə həzrət İsanın bir nitqində və ya təhrif olsalar da hər hansı bir İncildə bu cür bir hökm yoxdur. Bu düşüncə tamamilə Fransız xalqının öz şəxsi xarakterindən bəhrələnibdir. Onlar Əlcəzairdə və Afrikanın digər yerlərində bəşəriyyətə uyğun gəlməyən soyqırımları dəfələrlə həyata keçirmədilər?
   
   Almaniyada bir ildə neçə musəvinin evlənə biləcəyi qanunla müəyyən edilmişdi, o rəqəmə çatdıqda evlənmək istəyən minlərlə Yəhudi olsa belə onların ailə qurmağına icazə verilmirdi. Bu qanun 1834 ilinə kimi qüvvədə qaldı və ancaq o tarixdə ləğv olundu. Bu gün almanlar bizə insanlıq dərsi keçməyə cürət edirlər, fələyin işinə bax hələ..! Həmin əsrdə yaşayan II Əbdülhəmid İstanbulda darülacəzə deyilən və kimsəsizlərin sığınacağı olan düşkünlərevindəki musəvilər üçün bir sinaqoq tikdirmişdi. İstanbulu Türk və İslam dünyasına qazandıran Fateh Sultan Məmməd 1458-ci ildə yaydığı fərmanda, "Xristiyanların Qüdsdəki bütün patriarx, keşiş və köməkçiləri, bac, xərac və digər vergilərdən azad olsunlar" deyə buyururdu. O tarixlərdə Qüds Osmanlı sərhədləri xaricində idi.
   
   Bugünkü nəsillər, xüsusilə Osmanlı padşahlarını asdığı astıq, kəsdiyi kəsdik bir gücə və qüdrətə malik insanlar kimi fikirləşir, daha düzü qərblilərin uydurma tarix anlayışının təbliğatı nəticəsində belə fikirləşirlər. Bunun da həqiqətlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Padşah, gördüyü və görəcəyi hər işdə Şeyxülislamdan fitva almağa məcburdu, yəni bir mənada ona tabe idi. Şeyxülislam da tanrının buyruğuna görə hərəkət edirdi, hökm verirdi və bu cızıqdan o yan-bu yana çıxa bilməzdi. Xalq padşahı küçədə, meydanda aşkar şəkildə tənqid atəşinə tuta bilərdi. Onlar padşahı tənqid edərkən polis, ya da jandarm qüvvələrindən bir dənəsi də gəlib onlara "padşahı niyə tənqid edirsən?" sualını belə verə bilməzdi. Xalq dövlət adamlarını lağa da qoya bilərdi. "Orta oyunu" adlanan və bədahətən ifa edilən xalq tamaşalarında xalqın xoşuna gəlməyən dövlət qulluqçuları yerin dibinə soxulub çıxarılırdı. Yəni, eradan qabaqkı əsrlərdə təşkil olunan qurultaylarda yaranan mənzərələr tarix boyu heç bir dəyişikliyə məruz qalmadan və inkişaf etdirilərək o günlərə gəlib çıxmışdı. Osmanlı dövlətini 630 il hökmran edən də bu cür bir dövlətçilik anlayışı idi. Qərblilər, dövlət böyüklərini tənqid etmək gələnəyini bizdən götürübdür.
   
   Osmanlı dövlətinin xaricə yolladığı ilk böyükelçi 28-ci Məmməd Çələbi, ikincisi isə Seyid Əli əfəndidir. Əli əfəndi, 1797-ci ilin mart ayının 24-də gəmi ilə yola düşüb və əlli iki gün sonra Parisə çatıb. Fransızlar, öz yazıçıları Maurice Herbettenin qeydlərinə əsasən Çar Dəli Pyotra göstərmədikləri əlaqəni Osmanlı səfirinə göstərib. İnsan dönüb indiki mənzərəyə baxdıqda az qalır ürəyi partlasın. Yenə fransızların özlərinin yazdığına görə Paris xalqı Seyid Əli əfəndini görə bilmək üçün gecəli-gündüzlü onun ya evinin qabağında və ya səfirliyin önündə saatlar boyu gözləyib, onu görəndən sonra qayıdıb evinə gedib, bunu da qonşularına, dostlarına qürurla danışıb.
   
   Səfir Seyid Əlinin qaldığı məhəllədə ev qiymətləri birdən üç-dörd qat bahalanıb; çünki Osmanlı səfirinin yaşadığı məhəllədə olmaq onlar üçün böyük bir mənəvi titul idi. Parisin aristokrat təbəqəsi səfirin ora getməsindən sonra Osmanlı libaslarını təqlidə və eynilə türklər kimi geyinməyə başlayıb. Yazıçı Herbette qeydlərində, "Səfirin yaşadığı məhəllə geyim-kecim yönündən birdən dönüb Türk məhəlləsinə oxşadı" deyə yazıb.
   
   Həəə, gəlin bir də indiyə baxaq. Paris bu gün hardasa dünya modunun mərkəzinə çevrilib. Dünən bizi yamsılayanlar, bu gün hardadır biz hardayıq! Türk dünyasına dönüb baxsaq görərik ki, qızlarımız və oğlanlarımız parisli qızların və oğlanların geyim-kecimini yamsılayır. Özümüzə məxsus olan sənət anlayışımız, dünyaya baxışımız, demokratiyamız, geyim-kecimimiz, böyük-kiçik arasındakı münasibətlər, qonşuluq əlaqələrimiz tamamilə fərqliləşib, bir sözlə özümüzü itirmişik. Qeyrətli ziyalılarımız və kəndlilərimiz olmasa dilimizi də itirərik, şükür ki, onlar var. Bizə xas olan dəyərlərimizi yaşadan yerlər isə ucqar kəndlərimizdir; ancaq deyəsən onları da yadırğamağa başlamışıq.
   
   Məhəllələrimiz, kəndlərimiz, şəhərlərimiz keçmiş vaxtlardakı simalarını çoxdan dəyişiblər. İnsanlarımız isə əlaqələrini bir-birindən sındırmış halda barama qurdu kimi öz qınına çəkilib tək-tənha yaşayır.
   
   Qərbin bizdən alıb inkişaf etdirdiyi və zirvəyə çatdırdığı elmini, texnologiyasını yox, onların bir pula dəyməz dəyərlərini matahmış kimi götürüb eynilə mənimsəyirik. Nə qərbli ola bilirik, nə də özümüz!.. Hibrid bir varlığa dönürük, vəssalam. Daha silkinib özümüzə qayıtmaq vaxtı gəlməyib?!
   
   Azərbaycanda şahidi olduğum bir neçə şey vardır ki, məni həddən artıq sevindirir. Məsələn, onlardan biri Azərbaycanlı ziyalılar ya gedib hər hansı bir kənddə torpaq alıb özünə ev tikdirir, müəyyən vaxtlarda gedib orda dincəlir və ya məzuniyyətini gedib öz kəndində keçirir. Beləliklə, ziyalılar kəndlilərlə qaynayıb-qarışırlar. Bu isə elə-belə məsələ deyil, toplumun gələcəyi yönündən həddən artıq önəmlidir; çünkü ziyalı-kəndli arasında gerçəkləşən bu cür qaynayıb-qarışma, gələcəyin böyükləri olacaq nəsillərə nümunə olur, onlara xalqın vəhdətləşməsi yolunun hardan keçdiyini göstərir, onların üfüqünü açır, onlara mənəvi qida verir.
   
   Bunun adı özünə qayıdışdır. Bizi xilas edəcək yeganə yol da özümüzə qayıdışımız, minlərlə il əvvəlində olduğu kimi öz milli mənliyimizə sahib çıxmağımız, öz milli dəyərlərimizlə qucaqlaşmamız olacaqdır.
   
   

TƏQVİM / ARXİV