adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

NƏFS

BABƏK YUSİFOĞLU
52725 | 2015-05-21 09:23
Diqqət edin, dünyaya və dünyada yaşayan xalqlara...
 
Müqəddəs Kitablar içərisində insanları mərhəmətə, ədalətə, sevgiyə, inama, saflığa, sülhə, düzlüyə, nəfs üzərində hakim olmağa ən çox səsləyən Quran-dır. Və müsəlmanlar düz 1500 ilə yaxındır ki, bu Kitabı müqəddəs tutaraq oxuyurlar. Hətta əsrlər boyu Quran islam ölkələrinin idarəçiliyində başlıca rol oynayıb, dövlət kitabı kimi də istifadə edilib. Amma...
Diqqət edin, min illərdi ki, müsəlman müsəlmanı öldürməkdən, bir-birilərinin yurdunu tar-mar etməkdən, dindaşına qənim kəsilməkdən əl götürməyib. Gəlin heç uzaq tarix səhifələrini vərəqləməyək, son 50 ildir ki, müsəlman dövlətləri, müsəlman tayfaları, müsəlman fərdləri arasında ölüm-dirim savaşları bitmək bilmir. Dövlətlər qan-qadaya fasilə verdikləri zamanlarda isə dini əllərində bayraq edən yalançı dindarlar özləri üçün ölüm briqadaları yaradaraq öz dindaşlarını məhv etməyə başlayırlar.
Xristian ideoloqlarının təlimatıyla Qərbin müsəlmanların başına açdığı oyunlar azmış kimi bir də özlərinə müsəlman deyən bu adamlar silahlı dəstələr düzəldərək kütləvi qətllər törədirlər. Niyə islam dövlətləri, müsəlman xalqları dönüb dünyada yaşayan digər millətlərə diqqət yetirmirlər??? Baxmırlar ki, son 50 ildi yalnız müsəlman ölkələrində qırğınlar səngimir? Görmürlərmi yalnız bu ölkələrdə hər gün terror aktları nəticəsində kütləvi şəkildə insanlar, uşaqlar qətlə yetirilir??? Bəs Qurani-Kərim buyurmurmu Allahın yaratdığını məhv etmək ağır günahdı??? Amma görünür insanlığa qənim kəsilən qərblilərin sifarişləri nəfsgirlər üçün daha əzizdi...
Son 50 ildə İranda, İraqda, Yəməndə, Suriyada, Liviyada, Əfqanıstanda, Pakistanda, maşa dövlətlərin vasitəsiylə Azərbaycanda, Fələstində, Kosovoda daha haralarda öldürülənlərin sayını hesablasalar milyonları ötər. Məni qınamayın, bu qədər insanı öldürmək üçün nəinki müsəlmanlıqdan, hətta Allah bəndəliyindən çıxmaq lazımdı.
Özlərini üləma, alim, başçı adlandıranlar Tanrının Məhəmməd peyğəmbər vasitəsiylə bəndələri üçün göndərdiyi uca dini dilim-dilim təriqətlərə, məzhəblərə bölməyiblərmi? Peyğəmbərimizin nəsihətlərini, vəsiyyətlərini, tövsiyələrini heçə sayıb hər biri müəddəs Kitabımızı öz düşüncəsinə, öz maraqlarına görə şərh edərək insanlara sırımayıblarmı? Alim olmaq, üləma olmaq mütləq bir təriqət yatamağa xidmət etməkdirmi?
Türkiyənin ən böyük ilahiyyatçı alimlərindən biri olan Yaşar Nuri Öztürk bu xaotik işlərə belə qiymət verir. "Min dörd yüz ildir islam düşmənləri insanlara Məhəmmədin göstərdiyi Quranı deyil, Müaviyənin təlimlərini öyrədirlər". O Yaşar Nuri Öztürk ki, kitabları Avropa dillərində çap olunur, yazdığı əsərlərdən Qərbdə doktorluq müdafiə edilir, Türkiyədə isə göstərişlər əsasında bütün qapılar üzünə qapadılır...
Müqəddəs - "Nəfsinizə hakim olun" buyuruğundan xəbərdar olub onun əleyhinə hərəkət edənlər sizcə nə qədər müsəlman sayıla bilər ki? Hələ bunun günahı bir tərəfə qalsın. Nəfsin hökmüylə başqa birisinə, yaxud topluma zərər verən işlər görməklə maddi məfəət əldə edənlər, haramın daha böyüyünü, daha yağlısını götürənlər və bundan rahatlıq, fəxr, zövq duyanlar Allah kəlməsini necə dilləriə gətirə bilirlər?
Amma gətirirlər. Bəlkə digərlərindən də çox gətirirlər. Gətirsinlər. Müqəddəs kəlamlarda buyurulur ki, zahirdə Tanrıya inandıqlarını göstərib, batində axirətə inanmayanlar münafiqdirlər. Və yaxşı olar ki, belələri öz adlarını bilsinlər. Həvəsləri olsa onun nə demək olduğunu da öyrənsinlər.
Bu məqamda kimlərsə irad tuta bilər ki, Qərb dünyasında da müharibələr olub, insanlar qırılıb. Əlbəttə, Allahın daha əvvəl nazil etdiyi Kitaba iman gətirən xalqlar arasında da oxşar hadisələr yaşanıb. Amma gəlin etiraf edək ki, onlar dünənlərindən dərs götürüblər. Onlar Allahın bəşər övladının daha rahat, daha yaxşı yaşaması üçün bəxş etdiyi elmi əllərində bayraq ediblər. Necə inkişaf etməyin yollarını öyrəniblər. Əgər belə olmasaydı, neftin pullarını ciblərinə dolduran ərəb şeyxləri cürbəcür kef, əyləncə mərkəzlərindən öncə ərəblərə məxsus müasir texnologiyaların istehsalına rəvac verərdilər. İlahinin müsəlmana bəxş etdiyi həmin sərvətləri hərəmxana yaratmağa sərf etməzdilər, ya da Şakiralara, Lopeslərə qurban verməzdilər.
Hərəmxanası olan bir avropalı gördünüzmü? Hərəmxananın özü nəfsin göstəricisi deyilmi? Dünyaya hökm edən türk sultanlarının sonucda dizini qıran hərəmxanalarına yığdıqları düşmən qadınları olmadımı?
Bəlkə düşünmək, nəticə çıxarmaq, ən adi ədalət duyğusunu içimizdə pöhrələndirmək üçün gec deyil. Bəlkə - "müsəlman müsəlmanın qardaşıdır" kəlamına inanaq. Başqalarının həyatını təhlükəyə məruz qoyacaq, digərlərinə sıxıntılar, əzablar, məhrumiyyətlər, ağır itkilər yaşada biləcək hərəkətlərə yol verməyək. Gəlin nail olduğumuz, yaratdığımız yaxşı nə varsa hamılıqla arxasında duraq, xeyirxah işlərin içərisndə olaq, irəliləyək, halal yolu çaşdırmayaq...

BABƏK  YUSİFOĞLU

TƏQVİM / ARXİV