adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MƏNiM BiLMƏDiYiM ŞEYLƏR...

VƏSİLƏ USUBOVA
26632 | 2011-06-18 07:59

   
   "Yaşlandım, ancaq müdrik olmadım"
   
   Bir filmdən
   
   
   
   Axır ki, mən də qürrələnməyə bir şey tapdım. Həm də hər kəsdə olmayan bir şey... Mən, bilmədiklərinin hələ bildiklərindən xeyli çox olduğunu boynuna alan tək-tək adamlardanam, desəm, təəccüblənməyin. Dedim axı, öyünməli çox az işlərim var. Bir az irəli getsəm, özümü lap Sokrata da oxşada bilərəm. Ancaq əndazəni aşmaq istəmirəm. Hələ bilmədiyim çox-çox şeylərlə yanaşı təvazökarlığım da var mənim.
   
   Bildiklərimlə bilmədiklərim arasında çox böyük fərqin olduğunu həmişə bilmişəm. Bildikcə də qorxmuşam. Biliksizliyi gücsüzlük sayıb qorxmuşam. Ən zəif yerim bilib bu nöqtədən vuracaqlarından ehtiyat eləmişəm. Eyni dərəcədə də qarşımdakının biliksizliyindən çəkinmişəm. Anam böyük Nizaminin bir sözünü tez-tez təkrar edərdi: "Anlamazla nərd oynamaq çətindi". Nərd oynamağa nə var ki,... İstəməzsən, qapağını örtüb qalxıb gedərsən. Bununla da hər şey bitər. Vay o gündən ki, anlamaz həmişə böyründə ola. Lap elə sənin doğman, əzizin ola. Yadları ömründən qovmaq, çıxarmaq elə də müşkül məsələ deyil. Ən böyük talesizlik odur ki, sənin qismətinə, ömrünə düşənlər səni anlamasın, qanmasın. Bundan ağır faciə təsəvvür eləmirəm...
   
   Amma mən bilmədiyim şeylərdən danışmaq istəyirdim. Söz çox olanda, fikir haçalananda cümlələrin də əlini-ayağını yığmaq olmur. Demək istədiklərinə mətləbə dəxli olmayan sözləri də qatırsan. Bir də görürsən, mövzu harda, sən harda...
   
   Hərdən elə bilirəm bütün bildiklərim mənə ağırlıq edir. Məmnuniyyətlə hər şeyi unutmaq, dincəlmək istəyirəm. Onda da ağlıma qəribə fikirlər gəlir: görəsən, boş kəllə ilə, duyğusuz ürəklə necə yaşamaq olar?! Arada bəsit adamlara həsəd aparıram. Yükləri yüngüldü, deyirəm. Yoxsa, bizim kimi? Hər şeyi bilmək, öyrənmək, başımıza, qəlbimizə yükləmək acgözlüyü nədən yaranıb bəzilərimizdə?! Heç nədən xəbəri olmayanlar elə bilirlər ki, dünya onların ayaqları altındadı. Elə rahat ürəklə, sakit əsəblərlə yaşayırlar ki, adamın qibtə eləməkdən başqa əlacı qalmır. Üstəlik, belələrinin işi daha asan, rəvan gedir, məqsədlərinə daha tez çatırlar. Bəlkə öz həyatlarını mürəkkəbləşdirmirlər, ona görə?! Bəlkə, elə dünyanı necə tutarsan, elə də gedər fikrində danılmaz bir həqiqət var?! Eh, deyəsən, yenə hər şeyi qatıb-qarışdırdım...
   
   Əli qələm tutanlarımız bu milləti həmişə biliyə, savada səsləyiblər. Həm də yana-yana, göynəyə-göynəyə səsləyiblər. Elmdən, təhsildən bəhrələnən millətləri misal çəkiblər, onlardan nümunə götürməyə çağırıblır. Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" pyesindəki müəllimin dili qabar olmuşdu deməkdən: "Oxumaq işıqdı, oxumamaq zülmət!" Biz də elliklə oxuduq. Diplomlularımızın sayı ilə qürurlandıq. İndi də oxuyuruq, lap iki-üç institut bitirməyi də dəb halına salmışıq. Bəs, bu oxumağın, savadlanmağın işığı hanı?!
   
   Yüz-yüz əlli il əvvəl bu məmləkətdəki savadlıları barmaqla saymaq olardı. Rusiyanın, Avropanın şəhərlərində təhsil alıb vətənə dönənlərimiz millətin ayılması, məlumatlanması, işıqlı günlərə çıxması üçün hər şeyi edirdilər. Ehtiyacdan, təqiblərdən, dəstək almamaqdan qorxmurdular. Ömürləri bahasına da olsa, çox şeylər edə bildilər. Bəs, bugünkü oxuyanlarımız necə, onlar da belə edirlərmi?! Deyəsən, hamı oxuyub təhsilli olandan sonra daha millət, Vətən anlayışı arxa plana keçdi. Hamı özünü və özünküləri düşünməyə başladı. Bir millətin içində hamı bir nəfər kimi elmli, məlumatlı, gözüaçıq ola bilməz. Ən sivil millətlərdə belə yəqin ki, bisavad, öz hüququnu anlamayanlar var. Və hər millətin başbilənləri də öz xalqının nümayəndələrini müdafiə etmək, qorumaq, hüquqlarını anlatmaq vəzifələrini yerinə yetirirlər. Bunu şərəf və vicdan məsələsi bilirlər. Təəssüf ki, bizdə məsələnin məhz bu tərəfi axsayır. Hər kəs qarşısında avam və başıqapazlı vətəndaş görmək istəyir. Təki heç nə anlamasın, mən də istədiyim kimi onun ciblərini soyum. Müəllim gözüaçıq, tələbkar valideyni sevmir. Həkim qəbuluna gələn xəstənin öz sağlamlığı barədə nəsə bilmək hüququnu belə tanımaq istəmir. Suallarına acıqla, hiddətlə cavab verir, ya da heç vermir. Qəssab-qoyun münasibəti...Vətəndaşlarımızın böyük əksəriyyəti öz hüquqlarını anlamır. Lazımi yerlərdə özünü, mülkünü müdafiə edə bilmir. Çünki hüquqi biliklərin təbliği zəifdi, yaxud yox dərəcəsindədi. Hüquqşünaslarımız adamları müdafiə eləməkdən çox, dolaşdırmaq elmini daha yaxşı mənimsəyiblər. Qarşısındakını quş tək dimdiyindən tələyə salmağı vərdişə çeviriblər. Yenə mühafizəkarların mızıltısını eşidirəm. Mızıldanmayın, bərkdən danışın! Kim əlini cibinə salmadan, minnətçi, köməkçi axtarmadan, tapşırılmadan müalicə olunursa, haqqını ala bilirsə, hüquqları qorunursa, bir addım qabağa çıxsın. Mən hər cür mübahisəyə hazıram. Bu dərdlər də, çatışmazlıqlar da, bu Vətən də, onun yaraları da bizimdi. Təriflə yaralar sağalmır. Əgər Vətənimizi, millətimizi seviriksə, onun qüdrətini arzulayırıqsa, bir-birimizə can yandırırıqsa, hər cür təriflərdən, üzgörənliklərdən üz çevirməliyik! İşıq, Düzlük, Təmizlik, Haqq, Ədalət hardadırsa, ora yönəlməliyik! İstəsək də, istəməsək də bu belədir. Zamanın tələbidir!
   
   Mənim bilmədiyim şeylərin arasında elmə, biliyə dəxli olmayanları da çoxdu. Lap elə bayaqdan bəri saydıqlarım, həm də içdən göynəyə-göynəyə saydıqlarım şüurumun dərk edə bilmədikləridi. Axı, pul, vəzifə, maşınlar, villalar nə olan şeydi ki, dünyanın bütün gözəlliklərinə sahib olan insanı öz xislətindən bu qədər uzaqlaşdıra bilir?! Bu qüdrəti cansız kağıza və cansız əşyalara kim verib? Yəqin ki, biz özümüz. İnsan özü öz yaratdıqlarının əsiri olub, əlində oyuncağa çevrilib. Nəticədə tək qalıb, tənhalaşıb, öz içinə sığınıb. Öz içində də tamahdan, nəfsdən başqa bir şey tapmayan adamın aqibəti necə olmalıdı?! Cavabı hamıya aydındı. Sadəcə heç kəs cəsarət edib sürüdən ayrıla bilmir, sadə, halal bir ömür sürməyə özündə güc tapmır. Bəlkə, cəhd edək?! Mən inanıram. İnanıram ki, nəsə alınacaq!
   
   
   
   Əgər alınmasa...
   
   Yenə də günah
   
   özümüzdədi...
   
   Deməli, hər şeyin
   
   düzənini pozmuşuq...
   
   Cəzasını da özümüz
   
   çəkirik...
   
   Hələ bu başlanğıcdı...
   
   Hələ ki, düşünməyə
   
   vaxtımız var...
   
   

TƏQVİM / ARXİV