Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
30276 | 2011-06-18 07:59
(əvvəli ötən şənbə sayında)
   
   
   
   İlin-günün bu vaxtı Los-Ancelesə gələsən, Sakit okeana baş çəkməyəsən?
   
   
   
   Sakit bir okean
   
   - Sakit okean
   
   
   
   Sakit okeanın sahilindəki xiyaban Los-Ancelesin axarlı-baxarlı məkanlarındadı. Ətrafdakı binalardan okeana gözəl bir mənzərə açıldığından buralar şəhərin ən bahalı ərazilərindən sayılır. Ticarət mərkəzləri də müştəri qıtlığından gileylənmirlər. Bu məhəllədə yaşayanlar, gəzməyə gələnlər pulla nəinki mağaza və restoranların qapılarını rahatca açır, hətta çox müşkülü asana çevirə bilirlər.
   
   Deyilənə görə yaxın vaxtlara qədər burda zəngin müştərilərə xidmət edən "Kaspian" restoranı var imiş. Dünya şöhrətli Azərbaycanlı, "Oskar" mükafatı laureatı, kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyova məxsus olduğu deyilən "Kaspian" restoranı da bu ərazidə yerləşir. Amma məşhur soydaşımızın zəngin müştərilərə xidmət edən restoranını axtarmaq həvəsində deyilik. Çünki nə cibimizdə milyonçularla bəhsə girməyə paramız var, nə də kasıblar qədər gen-bol vaxtımız. Hava qaralmağa doğru getdiyindən biz də Sakit okeanı daha yaxından görməyə tələsirik. Bir neçə gün öncə Qranada Hillsdə Bob və Qaylen ailəsinə məxsus hovuzda bəs deyincə məşq etdiyimizdən özümüzü okeanda üzməyə hazır sayırıq. Lakin...
   
   Adına layiq Sakit okeanda cimmək bizə nəsib olmur. Özünü sakit aparsa da, suyu soyuq olduğundan risk etmirik. Yalnız ayaqlarımızı Sakit okeanın sularına toxundururuq ki, Bakıya qayıdanda and içmək mümkün olsun.
   
   Sahildə turist olduqları ilk baxışdan bilinən xeyli insan var. Onlar da ayaqlarını suya vurmaqla kifayətlənirlər. Görəsən onlar da məmləkətlərinə qayıdanda dost-tanışı inandırmaq üçün and içəcəklər?
   
   
   
   Emilin barmaqları, Teyyubun və Pərvanənin avazı, rəqqaslarımızın ayaqları...
   
   
   
   Amerika reportajının əvvəlində qeyd etdiyim bir məqam yəqin ki, diqqətli oxucuların yadında qalıb. Qeyd etdiyim kimi, biz ABŞ-a gələrkən yol yoldaşlarımız arasında incəsənət ustalarından ibarət böyük bir qrup da var idi. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti ilə Los-Ancelesdə görüşəcəyimizi də vurğulamışdım. Tanış, doğma insanlarla uzaq Amerikada görüş anı yetişdi...
   
   Los-Ancelesin mərkəzindəki Wilshire Ebell Teatrının qarşısında qələbəlik var. Azərbaycanın bu şəhərdəki baş konsulluğu ABŞ-Azərbaycan əlaqələrinin 20 illiyi münasibəti ilə konsert proqramı təşkil edib. Min nəfərdən çox tamaşaçı tutumu olan zalda boş yer tapmaq mümkün deyil. Los-Ancelesdə və ətraf şəhərdə yaşayan azərbaycanlılar, burada çalışan türkdilli dövlətlərin diplomatları tədbirin başlanmasını səbirsizliklə gözləyirlər. Öncə səhnəyə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov çıxır və qonaqları salamlayır. Yeri gəlmişkən, Los-Ancelesdə olduğumuz müddətdə görüşdüyümüz rəsmi şəxslər, ayrı-ayrı insanlar baş konsulun peşəkar diplomat kimi fəaliyyətindən razılıq etdilər, Elin Süleymanovun Azərbaycanın təbliği ilə bağlı çox böyük işlər gördüyünü vurğuladılar.
   
   Qayıdaq ABŞ-ın və Azərbaycanın dövlət bayraqları qoyulan səhnəyə... Konsertin birinci hissəsi Emil Əfrasiyabın rəhbərlik etdiyi folk-caz qrupunun möhtəşəm ifası ilə yadda qalır. Tamaşaçılar istedadlı pianoçunu dəfələrlə alqışlayırlar. Bu mənzərəyə şahidlik etmək mənim üçün ikiqat sevindirici olur. Çünki...
   
   Bir neçə il əvvəl gənc istedad Emil Əfrasiyabla ilk böyük müsahibəni mən hazırlamışdım. Müsahibə Emilin Dövlət Filarmoniyasındakı ilk solo konserti ərəfəsində məhz "Ədalət" qəzetində işıq üzü gördü.
   
   Əməkdar artist, gənc olmasına baxmayaraq, səsi YUNESKO-nun səhnəsindən və əcnəbi ölkələrin konsert salonlarından eşidilən Teyyub Aslanov, sənətdə parlaq gələcək vəd edən xanəndə Pərvanə Əsgərova muğamlarımızı, xalq, eləcə də bəstəkar mahnılarını böyük şövqlə ifa edirlər. "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Ay Laçın" ifa olunduqca zalı alqış sədaları bürüyür, tamaşaçılar xanəndələrimizin səsinə səs verir, bəzən onlarla birgə oxuyurlar. Proqramın ikinci hissəsi də möhtəşəm alınır. Dövlət Rəqs Ansamblı üzvlərinin çıxışını, amerikalı tamaşaçıların onları necə heyranlıqla seyr etdiklərini görməyə dəyərdi...
   
   İki saatdan çox çəkən konsert başa çatsa da, heç kimi zalı tərk etmək istəmir. Azərbaycandan gələn incəsənət ustaları dəfələrlə səhnəyə dəvət olunur. Konsertdə iştirak edənlər fikirlərini həvəslə bizimlə bölüşürlər.
   
   Frannk Ginnis (musiqişünas, professor): "Möhtəşəm bir konsert izlədik. Məni caz musiqisi ilə heyrətləndirmək çox çətindi. Amma bu gün Emil Əfrasiyab öz fantastik ifası ilə məni heyrətləndirməyi bacardı. Muğamlarınızı və folklor mahnılarınızı dinləmək xoş oldu. Müğənnilər böyük peşəkarlıq nümayiş etdirdilər. Rəqqaslarınız isə tamam başqa bir möcüzə idi. Onlar sanki rəqs etmir, səhnədə quş kimi süzürdülər. Dünyanın çox yerlərini gəzmişəm, çox ifalar eşitmişəm. Azərbaycan musiqisi bu gün məni həqiqətən valeh etdi".
   
   Möshe İrani (iş adamı): "Konsertə xanımımla gəlmişəm. Çünki bizim ailədə Azərbaycan musiqilərini çox sevirlər. Səhnədə göstərilən ifalardan böyük zövq aldıq. Bu konsert bir daha sübut etdi ki, Azərbaycanda həm muğamı, həm də cazı yüksək səviyyədə ifa edən musiqiçilər var. Belə musiqiçi və rəqqaslarla təkcə Amerikada yox, dünyanın istənilən yerində xalqınız haqqında ən yüksək fikirlər formalaşdırmaq olar".
   
   Belə
   
   xəsis olar?
   
   
   
   Gələcəkdə yolu Los-Ancelesə düşəcək oxuculara məsləhətim var. Getta Mərkəzinə baş çəkməyə hökmən vaxt ayırın. Mərkəzin yerləşdiyi ərazinin mənzərəsi, buradakı muzeydə tamaşa edəcəyiniz incəsənət əsərləri sizi valeh edəcək.
   
   Təkcə var-dövləti ilə deyil, həm də xəsisliyinə görə məşhurlaşan neft maqnatı Trast Con Pola Getta hərdən pul kisəsinin ağzını açıb şəxsi kolleksiyası üçün sənət əsərləri alırmış. 1983-cü ildə xəsis milyonçu ibrətamiz addım atmaq qərarına gəlir. Los-Ancelesin Santa-Monika bölgəsində 300 hektar torpaq sahəsi alaraq muzey tikdirir. Az qala bütün dünyanı axtarandan sonra muzeyi layihələndirmək üçün ən yaxşı memarı tapır və bu məsuliyyətli işi Riçard Meyerə həvalə edir. İstedadlı memar da adına və aldığı qonorara uyğun iş görür. İndi Getta Mərkəzi adlanan kompleksin 1997-ci ilin dekabrında rəsmi açılışı olur. Hələ bu harasıdı? Milyonçu Getta həmin mərkəzi dövlətə bağışlayır!
   
   Bir vaxtlar bakılıların və paytaxta gələn qonaqların xidmətində duran, Bəhram Gurun heykəli önündən Şəhidlər Xiyabanına tərəf qalxan funikulyor yadınızdadı? Getta Mərkəzindən yazarkən funikulyoru təsadüfən xatırlamadım. Kompyüterlə idarə olunan tramvay ziyarətçiləri 5 dəqiqəlik yolçuluqdan sonra dəniz səviyyəsindən 270 metr hündürə qaldırır. Bu yüksəklikdən Los-Ancelesə gözəl bir mənzərə açılır. Ərazidə muzeydən əlavə araşdırma və bərpa institutları, Getta Fondu fəaliyyət göstərir.
   
   Qonaqlara əvvəlcə xüsusi zalda Getta Mərkəzinin tarixi və bu günü barədə məlumat verən qısametrajlı film nümayiş etdirilir. Sonra hərə öz zövq və maraq dairəsinə uyğun zalı seçərək muzeylə yaxından tanış olmaq, qiymətsiz sənət əsərlərinə baxmaq imkanı qazanır. Mərkəzə gələnlərin işini asanlaşdırmaq üçün dünyanın bir neçə dilində, o cümlədən, rus dilində məlumat-kitabçalar paylanılır. Nəcib əməli ilə rəhmət qazanan Gettanın dövlətə bağışladığı bu unikal mərkəzdə restoran və suvenir mağazalarındakı alış-verişdən başqa bütün xidmətlər pulsuz başa gəlir.
   
   Dünyanın görkəmli rəssamlarının fırçasından çıxan əsərlərə, heykəltəraşların yaratdığı gözəl nümunələrə tamaşa edəndən sonra restoranda toqqanın altını bərkitməyin özgə ləzzəti olurmuş...
   
   
   
   1 milyon 400 min kitab
   
   
   
   Bakıdan gələn incəsənət ustalarının konsertinə getmək, Sakit okeanın sahilində gəzmək, Getta Mərkəzində əsərlərə baxmaq öz yerində, rəsmi görüşləri də yaddan çıxarmaq olmaz.
   
   Kaliforniya Dövlət Universitetinə dəvət edilmişik. 36 min tələbənin təhsil aldığı bu nüfuzlu tədris ocağında dini çalışmalar fakültəsinin işi ilə tanış oluruq. Nümayəndə heyətini fakültənin dekanı professor Rick Talbott qəbul edir və üzrxahlığını bildirir: "İmtahanların qızğın vaxtı olduğu üçün müəllim və tələbələrlə sizi görüşdürə bilməyəcəyəm. Amma çalışacam ki, söhbətimiz maraqlı alınsın. Professor Talbott deyir ki, fakültədə bütün dinlər bərabər səviyyədə tədris olunur. Tələbələr dünyanın müxtəlif ölkələrində təcrübə keçirlər. Həmsöhbətimizə Bakı İslam Universiteti, Bakı Dövlət Universitetindəki ilahiyyat fakültəsinin fəaliyyəti barədə bilgi veririk. Fakültə dekanı Azərbaycanda dini təhsil verən tədris ocaqları ilə Kaliforniya Dövlət Universitetinin əməkdaşlıq perspektivinə normal yanaşır: "Gələcəkdə bu barədə düşünmək olar. Niyə də olmasın? Müəllimlərimizi Bakıya ezam edə bilərik. Ümumiyyətlə, müəllim və tələbə mübadiləsi aparmaq, təcrübələrimizi bölüşmək maraqlı olar. Lakin bütün bunlar həmin ali məktəblərlə rəsmi müqavilələr bağlandıqdan sonra mümkündü".
   
   Cənab Talbott Azərbaycandan gəldiyimizi nəzərə alıb bizi fakültədə çalışan türkiyəli müəllimlə görüşdürməyə söz verir. Bir azdan otağa geyimilə tələbələrdən o qədər də seçilməyən gənc daxil olur. Məlum olur ki, Mehmet Rüzgar Türkiyənin Uludağ bölgəsində doğulub. Artıq bir neçə ildir ki, Kaliforniya Dövlət Universitetinin dini çalışmalar fakültəsində dərs deyir. Türkiyəli hocanın sözlərinə görə, son illər Amerika cəmiyyətində, xüsusilə də gənclər arasında İslam dininə maraq artıb. Mehmet Rüzgar dəvət olunacağı təqdirdə Bakıda məmnuniyyətlə çalışacağını deyir: "Qardaş Azərbaycana gəlmək, Bakıda çalışmaq mənim üçün də xoş olardı".
   
   Böyük əraziyə malik Kaliforniya Dövlət Universitetinin kitabxanası ilə tanışlıq da maraqlı olur. Hollivud filmlərini sevənlər yəqin ki, "Ulduz yolu"na da baxıblar. Filmin bəzi kadrları məhz bu kitabxana binasında lentə alınıb. İmtahanların qızğın vaxtı olduğundan kitabxananın müxtəlif oxu zallarında boş yer tapmaq mümkün deyil. Aldığımız məlumat bizi təəccübləndirir. Məlum olur ki, kitabxananın fondunda 1 milyon 400 min kitab saxlanılır. Hər hansı kitabı oxumaq istəyən tələbə cəmi 10 dəqiqədən sonra sifarişini ala bilir. Kitabxananın xidmətindən digər ali məktəblərin tələbələri də yararlanır. Bizi qədim əlyazmaların saxlandığı muzeylə də tanış edirlər. Onlardan ən qədimi Mesopatamiyada yazılıb. Özü də 2500 il bundan əvvəl. Digər bir zalda isə tələbələr seks barədə, lesbiyanların, homeseksualların həyat tərzi haqqında yazılan kitablarla tanış ola bilirlər. Nə isə, burada oxumaq üçün hər cür şərait var, yetər ki, tələbənin oxumaq istəyi olsun...
   
   
   
   Katolik dostu olmayan katolik
   
   
   
   Digər dinlərin təmsilçiləri kimi katoliklərə də Los-Anceles və onun ətrafında hər cür şərait yaradılıb. Buradakı katolik kilsəsinə gələnlər yazdıqlarımıza əmin ola bilərlər. 2002-ci ilin sentyabrında istifadəyə verilən məbəd böyüklüyünə görə katolik kilsələr arasında dünyada 11-ci, üzvlərinin sayına görə isə 3-cü yerdədi. Maraqlı üslubu ilə seçilən tikilini İspaniyadan dəvət edilən memar inşa edib. Tikinti materialları Türkiyə də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən gəmi ilə gətirilib. Binanın orijinallığı ondadır ki, inşa edilərkən zəlzələyə qarşı tədbirlər görülüb. Kilsənin yerləşdiyi ərazinin aktiv zəlzələ nöqtəsinə düşməsi ispan memarı müəyyən qabaqlayıcı addımlar atmağa məcbur edib.
   
   Katolik kilsənin tikilməsində imkanlı şəxslərin xüsusi köməyi olub. Daniel Donohue məbədin inşası üçün vəsait toplamaq üçün təşəbbüslə çıxış edəndən sonra digər imkanlı adamlar da pul kisələrinin ağzını açıblar. Özü də söhbət milyonlarla dollardan gedir. Maddi yardım göstərənlərin adları kilsənin divarına vurulub. Ulduz aktyor, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsnegerin də adı onların arasındadı.
   
   Kilsədə qorunan eksponatlardan biri keçmiş Roma Papası II İoann Pavel ilə bağlıdı. Vatikanın mərhum rəhbəri sonuncu dəfə Los-Ancelesə səfər edərkən onun üçün burada tikilmiş geyim bu gün də qiymətli əşya kimi kilsədə saxlanılır.
   
   Bizi məbədlə tanış edən Robert Rocers 80 yaşı olmasına baxmayaraq, çox gümrah görünür. Maraqlı həmsöhbətimiz 15 yaşından kilsədə xidmət edir. Könüllü çalışan katolik Robert deyir ki, İslam dininə böyük sayğım var: "İslam dininə, müsəlmanlara hörmətim böyükdür. Qurani-Kərimi oxumuşam. Həzrət Məryəm haqqında Qurani-Kərimdə yazılanlar "İncil"də yazılanlardan çoxdu. Mənə qulluq edən həkimlərin hər üçü müsəlmandı. Dostlarım həddindən çox olsa da, onların arasında bir nəfər də olsun katolik yoxdu. Siyasətçilərlə də dostluq etmirəm. Onlarla söhbətə vaxt itirməyə dəyməz. Çünki siyasətçilər həmişə yalan danışmalı olurlar. Prezident Barak Obamanın fəaliyyətindən narazıyam və bunu gizlətmirəm də..."
   
   
   
    Keçəl konqresmendən daraq hədiyyəsi
   
   
   
   Konqresmen Brad Şermanın təkcə Vaşinqtonda deyil, Los-Ancelesdə də ofisi fəaliyyət göstərir. Bu şəhərdə yaşayan seçiciləri konqresmenlə görüşmək üçün paytaxta getmir, yerli ofisin qapısını açırlar. "Salam"-deyib Bakıdan gələn qonaqları salamlayan Los-Anceles ofisinin rəhbəri Lara Maxey konqresmen Brad Şermanın fəaliyyəti barədə məlumat verir, bu ştatda yaşayan Azərbaycanlılarla sıx əlaqə qurmağın vacibliyindən danışır: "Nyu-Yorkdan, Bostondan fərqli olaraq, Kaliforniyada az sayda Azərbaycanlı yaşayır. Təəssüf ki, təmaslarımız bu vaxta qədər çox zəif olub. Ölkənizin son illər həyata keçirdiyi böyük iqtisadi layihələr barədə məlumatlıyıq. Azərbaycan bu gün regionda xüsusi rola və çəkiyə malik ölkədi. ABŞ-ın nəhəng şirkətlərinin belə bir ölkə ilə əməkdaşlıq etməsində maraqlıyıq. Belə bir əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər".
   
   Konqresmenin köməkçisi ilə söhbətdə Ermənistanın işğalı nəticəsində yaranan problemlər barədə danışır, Qarabağ məsələsinin ədalətli həllində Konqres üzvlərinin oynaya biləcəyi roldan bəhs edirik. Bəzi konqresmenlərin işğalçı tərəfin mövqeyini müdafiə etdiyini bir daha Lara Maxeyin diqqətinə çatdırırıq.
   
   Görüşün sonunda bizə üzərində konqresmen Şermanın əlaqə telefonları yazılan daraq hədiyyə verilir. Niyə məhz daraq?
   
   Brad Şerman seçki kampaniyası zamanı qeyri-adi üsul seçib. Keçəl olan cənab Şerman seçicilərinə daraq paylayıb. Bu da onun işinə yarayıb. Seçiciləri daraq qazanıb, o isə səs...
   
   Səfər proqramımızı tərtib edənlər müsəlman icması ilə görüşümüzü məhz cümə gününə planlaşdırmışdılar. Kaliforniya ştatında yaşayan müsəlmanlar barədə növbəti reportajda.
   
   
   
   (ardı növbəti şənbə sayımızda)
   
   
   
   

TƏQVİM / ARXİV