adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QADINLAR üçüN DAVAMLI MüNASiBƏTiN 10 QAYDASI

OQTAY SALAMOV
24267 | 2011-06-18 07:59

   
   Şəxs xoşbəxtliyini necə qurmalı? Münasibətlərdə necə xoşbəxt olmalı, sənə əziz olan adamı necə xoşbəxt etməli? İki cümlədə üç dəfə "xoşbəxtlik" sözunun işlədilməsi dilin kasıblığından deyil. Xoşbəxtlik hamının istəyi, hamının arzusudur. Kimin onu nədə görməsi o qədər də vacib deyil, əsas odur ki, adam həyatda özünü məsud saya bilsin. Öz ağlınla, özünə güvənərək yaşamağın əsas dövrü isə evliliklə üst-üstə düşür. Deməli, ailədə səadətin, xoşbəxtliyin yolunu tapmaq lazımdır.
   
   Hələ o vaxtlar Lev Nikolayeviç Tolstoy bu suala cavab vermişdi. Ona minnətdarlıqla hələ məktəb illərindən bilirik ki, "xoşbəxt ailələr bir-birinə bənzəyir, xoşbəxt olmayan ailələr hərəsi ayrı cür bədbəxtdir". Amma psixoloqlar əmindirlər ki, tamamilə əksinədir: bütün xoşbəxt olmayan ailələr adətən hamısı bir səbəbdən iztirab çəkir, xoşbəxt cütlüklər isə razılığa gəlirlər, öz yollarını axtarırlar. Onlar həmçinin gizlində münasibətləri saxlaya biləcək universal qaydalara riayət etməyə çalışırlar. Bunlar hansılardır?
   
   
   
   Qayda ?1. Hər kəs xoşbəxt münasibətləri özünə görə qurur
   
   
   
   Amma demə ki, sən heç vaxt bunu hiss eləməmisən. Nə vaxtsa bircə dəfə də olsa hansısa tanışlarının münasibətinə baxanda düşünmüsən: aman Allah, bunlar niyə indiyə qədər bir yerdədirlər, niyə bu qədər illər bir yerdə ömür sürəndən sonra bunların sifətindən razılıq oxunur".
   
   Əslində hər şey çox sadə, eyni zamanda çox mürəkkəbdir: bu ikisi bir-birlərində şəxsiyyəti görüb və qəbul eləyiblər. Və bunun əsasında da bir-birinə fərdi yanaşmaya görə əlaqələrini qurublar. Özgənin dəyərlərinə və xoşbəxtliyinə orientir kimi baxmağın mənası yoxdur, sən öz məhəbbətini, öz ailəni, öz xoşbəxtliyini qurursan. Sizin münasibətləriniz ancaq SİZİN münasibətlərinizdir.
   
   
   
   Qayda ?2. Kənar şəxsləri öz əlaqələrinizə buraxmayın
   
   
   
   Jurnallar, televerilişlər, rəfiqələr, sənin anan, onun anası, nənə, hətta qonşu da - hamı bilir ki, necə düzgün yaşamaq lazımdır. Amma! Heç kim sizin aranızda baş verənləri səndən yaxşı bilmir. Ona görə də fikrən özünün və o biri yarının ətrafında dairə çək və kənar adamları məhəbbətinizin fəzasına buraxma. O qədər münasibətlər ən yaxşı niyyətlə, istəklə analar, rəfiqələr tərəfindən pozulub ki. Onları bütün məsləhət və şərtləri ilə baş-başa qoy, qulaq asma!
   
   
   
   Qayda ? 3. Uğurlu
   
   münasibətlərin yolu mədədən keçmir
   
   
   
   "Kişilərin ürəyinə yol onların mədəsindən keçir" artıq hamının zəhləsini tökmüş frazadır. Və bir çox qadınlar ciddi-cəhdlə kulinariya ilə məşğul olurlar ki, münasibətləri zərif fransız mətbəxi vasitəsi ilə qursunlar... Amma Onun xoşbəxt axşamının resepti sadədir: bir qutu düşbərə, kiloqram peçenye, uzun oyunsuz seks və bu gün sənə niyə bir dəfə də olsun eşq elan etməməsini aydınlaşdırmamaq prespektivi. Düzdür, elə kişilər var ki, borşsuz ailə həyatını təsəvvür eləmir, amma başqaları da var. Onlar üçün vacib deyil ki, yarımfabrikat yeyirlər, yoxsa restoran menyusundan şedevr.
   
   Yeri gəlmişkən, niyə sobanın başında ancaq sən dayanmalısan? Sübut olunub ki, ən yaxşı aşpazlar kişilərdir. Bəlkə səninki təsadüfən eləsidir?..
   
   
   
   Qayda ?4. Münasibətləri gözəllik üstündə
   
   qurmamaq
   
   
   
   Marqaret Mitçelin məşhur "Küləklə sovrulanlar" romanı "Skarlet O""Xara gözəl deyildi..." sözləri ilə başlayır. Sonra isə əsas qəhrəmanın qadın cəlbediciliyinin iki şeyə əsaslanan sirləri gəlir: xarizma və cazibədarlıq. Münasibətlərdə gözəlliyə hesab götürmək, ümid etmək ən uduzulan variantdır. Həmişə eləsi tapılar ki, kiprikləri daha uzundu, saçları daha gurdu.
   
   Amma bu o demək deyil ki, təkcə qamburgerlə keçinmək o və manikür etməmək olar. Sadəcə olaraq sənin düzgün rənglənmiş gözlərində "şeytanlar oynamalıdır", sənin məşq etmiş bədənində zəriflik və şəhvət gizlənməli, danışığın savadlı və sözaltı mənalarla, zənəxdan və yanaqlarında hiyləgərlik, yerişində ceyran incəliyi olmalıdır.
   
   Həyatı və onun içərisində özünü sevmək lazımdır.
   
   
   
   Qayda ?5.
   
   Münasibətlərdən
   
   divanı yığışdır
   
   
   
   Münasibət qurarkən kişilərə rəhm etmək lazımdır. Onu tükünün əks istiqamətində sığallamaq, lazım oldu-olmadı divanın yerini dəyişdirmək təklifi ilə ilişmək olmaz. Boynuna daş asmaq istəyirsənsə, belə elə.
   
   Sözün mənası o deyil ki, kişini çərlətmək lazımdır. Mənası odur ki, divanın üstündə çox qalan şeyi yerindən dəbərtmək lazımdır. Kişilərin potensialı böyükdür, onlar həmişə müharibəyə olmasa da futbola, inqilaba olmasa da bilyard oyununa can atırlar.
   
   
   
   Qayda ?6. Səbirlilik həmişə münasibətlərin xeyirinə olmur
   
   
   
   İşinə yarımaq və ya qorxudan səbir etmək, dözmək lazım deyil.
   
   İntimdə özünü göstərir - dözürsən; dostları ilə bütün gecəni keçirir, sənsə susursan (qoy düşünsün ki, ideal həyat yoldaşısan); anası sənə ağır sözlər deyir, sən gülümsəyirsən (birdən onu sənin əleyhinə kökləyər)... Ciddi sayırsan ki, bu özüllə ciddi münasibətlər yaratmaq olar? Bir dəfə özünü saxlaya bilməyib ona həqiqəti deyəcəksən: "Mən heç vaxt yataqda səndən həzz almamışam", "sənin dostlarından zəhləm gedir", "sənin anan".
   
   Qayda ? 7.
   
   Münasibətləri sənə olan münasibətlə müqayisələndir
   
   
   
   Onunla "nəsə baş verdiyini, nəsə elə deyil"i başa düşmək üçün ayaqyolunun qapısında durub qulaq asmaq, poçtu açıb telefonda potensial aşnalarını axtarmaq lazım deyil. Sizə tez-tez məsləhət görürlər ki, xırda şeylərə reaksiya verməyin, hər şeyi çətin gün olduğu, pis əhval-ruhiyyə ilə əlaqələndirin. Amma bütün bunların əhəmiyyəti var (o necə baxır və ya baxmır, necə yeyir, necə yatır). Diqqətlə onun sənə münasibətinə bax. Hər şeydən şübhələnən manyaka çevrilmək lazım deyil, amma onun "sönmüş" baxışlarını da, hər şey özü-özünə keçər deyib nəzərə almamaq da kütlukdür.
   
   
   
   Qayda ?8. Rədd olsun çox yaxın münasibətlər!
   
   
   
   Müəyyən vaxtdan sonra bir-birinizə o qədər alışırsınız ki, əvvəllər eləməyə çəkindiyiniz, utandığınız hərəkətləri bir-birinizin yanında eləyirsiniz. Bu bir-birinə çox yaxın olmaq adlanır. Belə yaxınlıq lazım deyil, rədd edin getsin. Bu romantikanı və seksual cazibədarlığı öldürür.
   
   
   
   Qayda ? 9. Qalmaqallı münasibətlər
   
   
   
   Öz əlaqələrini, münasibətlərini aydınlaşdırmayan adamlar çox vaxt bunları qıraqda edirlər- başları öz hobbilərinə qarışır, "əvəzedici" (aşna, it, yaxşı dost) tapır, dərdlərini içkidə boğurlar.
   
   Ona görə də münasibətləri "tonusa gətirmək" üçün yaxşı qalmaqal bəzən sadəcə olaraq vacibdir. Əvvəla, neqativin çıxmasına kömək edir, ikincisi, küsüb barışmağın öz ləzzəti var (hər mənada), üçüncüsü də qalmaqal adətən mübahisədən yaranır. Mübahisə isə həqiqəti ortaya çıxarır.
   
   Narazılığını göstərməkdən çəkinmə. Bu hansısa bir şənlikdə nəsə qələt elədiyini sonra onunla aydınlaşdırmaqdan yaxşıdır.
   
   Əsas odur ki, həddi keçməyəsən. Hər cütlüyün aylıq qalmaqal norması var.
   
   Əgər bu qaydaları axıracan oxuyanların arasında kişilər varsa, indi sözüm onlaradır. Soruşa bilərsiniz ki, qadınlara aid olan bu qaydaları sən haradan bilirsən. Mən bilmirəm, ailə psixologiyası ilə məşğul olan xristian bir xanım mütəxəssislə söhbətim əsasında yazmışam. Ona görə də qaydalardan birini mentalitetimizə tam uyğun gəlmədiyi üçün, ümumiyyətlə, yazmamışam. Yazının içərisində elə məsləhətlər var ki, onlarla qətiyyən razı deyiləm. Bəzilərini mütəxəssis rəyindən kənara çıxmadan bacardığım qədər qəbul edilə biləcək şəkilə salmışam. Amma pelmenini düşbərə ilə əvəz eləsəm də borşu bozbaşla əvəz eləyib bozbaşı təhqir eləməmişəm. Bir də ki, qadına aid olan yazını siz niyə oxuyursunuz ki?!
   
   
   
   

TƏQVİM / ARXİV