adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
46646 | 2011-06-17 07:24
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Gündəlik həyatınızda ən çox nədən əziyyət çəkirsiniz?
   
   - 2-ci sual: Ekspertlər bildirirlər ki, dünyada yeni iqtisadi böhran gözlənilir. Bundan narahatçılıq keçirirsinizmi?
   
   - 3-cü sual: Evinizdəki məişət avadanlıqları sizi qane edirmi?
   
   
   
   1. - Cabir: (kondisioner ustası) Həyatımızda problemlər çoxdur, hamısı da adamın ürəyini üzür. Özü də elə bil qəsdən hər şey sıraya düzülüb. Birini həll eləyirsən, o birisi başlayır. Bəzi işlər var idi, elə onları təzə həll eləmişdim ki, xəbər gəldi ki, "JEK"-dən gəlib deyiblər ki, binanın üstündə qoyulan su çənlərini yığışdırmalıyıq. Özü də öyrənmişəm, söhbət heç "JEK"-lik də deyil, tapşırıq yuxarıdan verilirb. İndi də başlamışıq bu məsələ ilə əlləşməyə... Yüz faiz bilirəm, elə ki, bu işi də görüb bitirdik, bir ayrısı ortalığa çıxacaq.
   
   2. - Əşşi ekspertlər desələr də, deməsələr də, iqtisadi böhran başlasa da, başlamasa da bizim üçün bunun nə fərqi? Onsuz da biz "veçni" iqtisadi problemlərin işərisindəyik. Qısası odur ki, biz öyrənmiş canlarıq, nə olacaqsa, olsun...
   
   3. - (fikirləşir) Düzü, qaz sobamız köhnəlib, mütləq dəyişməlidir. O biriləri, şükür ki, babatdı.
   
   1. - Osman: (qəzet köşkündə satıcı) (gülür) Mənim dərdim gündəlikdi. Müəllim, qəzet-jurnal alan yoxdu. Elə bil bu millət oxumaqdan bezib daha. Ən çox satdığım qəzet proqram qəzetidi. Belə şey olar? Baxın, mənm dərdim budur, alver yoxdu. Al-ver yoxdusa, demək evə çörəkpulu apara bilməyəcəyəm... Hələ o biri problemləri demirəm...
   
   2. - Bu haqda mən də oxumuşam. Bu dəqiqə elə iqtisadi böhran keçiririk də. İqtisadi böhranın buynuzu-zadı olmalıdı bəyəm? Məncə bunları demək üçün heç ekspert olmaq lazım deyil. Bunu ki, hər kəs bilir...
   
   3. - Onlardan danışmayın. Keçən il kondisionerimiz xarab olmuşdu. Usta çağırdıq gəlib baxdı, dedi ki, qazı axıb gedib, təzədən qaz vurmaq lazımdı. Vurdu getdi, bu il yenə soyutmur. Usta gəlib baxıb, yenə deyir ki, qazı yoxdu. Belə çıxır ki, biz bu zəhrimara hər il qaz doldurmalıyıq.
   
   1. - Kübra: (satıcı) Gündəlik həyatımızda nədən razıyıq ki?.. Mən başqa şey demirəm, bircə oğluma ixtisası üzrə bir iş tapım dərdim olmaz. Uşaq bankda işləmək üçün institut qurtarıb, amma bir ildi, ona bir iş tapa bilmirik. Hara gedirik, qapılar üzümüzə bağlanır... Bu gündəılik dərd döyül bəyəm?..
   
   2. - İslanmışın yağışdan nə qorxusu. Bizim kimilər onsuz öyrənmiş candı. Nə olacaqsa, olsun.
   
   3. - Hələ ki, siz deyən böyük problemimiz yoxdu.
   
   1. - Murtuzəli: (Zaqatala sakini) Bizim gündəlik həyatımız elə problemlər içərisində keçmirmi? Uşaqların problemləri, evin, həyət-bacanın problemi... Hansını sadalayım ki? Mən İqtisadiyyat Universitetini bitirmişəm, amma aldığım maaşla düz-əməlli dolana bilmirəm.
   
   2. - Mən o haqda bir şey eşitməmişəm, amma belə bir fikir varsa, yəqin təhlükə gözlənir. Məncə belə bir şey olarsa, bundan ən çox əziyyət çəkən yenə imkansız ailələr, imkansız insanlar olacaq. Varlı adamların nə vecinə, yığdıqları milyonların üstündən götürüb xərcləyəcəklər, vay bizim kimilərin halına.
   
   3. - Çox şükür, olanlarımızdan razıyıq.
   
   1. - Elmira: (iş yerini söyləmədi) Nədən əziyyət çəkmirik ki? Hansını deyim, hansının adını çəkim?..
   
   2. - Nə olacağından xəbərsizəm, amma böhran olacaqsa, demək qara günlərimiz başlayacaq. Allah özü bu camaata kömək olsun, yoxsa hökumətdən heç nə gözləmirik.
   
   3. - Hamısı köhnəlib. Hər şey təzələnməlidi. Elə keçən ay televizorumuz xarab olmuşdu, 20 manat verib düzəltdirdik. Nə olacaq, bilmirəm...
   
   1. - Mədət: (çilingər) Bizim qapının ağzı yola baxır. Vallah, daha yorulmuşam deməkdən, burada işi olan, nəyinsə dalısınca gələn maşınını düz bizim darvazanın ağzında saxlayır. İnişil yaxınlığa üç-dörd balaca dirək basdırmışdım ki, maşınlar darvazaya qədər irəliləyə bilməsinlər. "Uçaskovı" "JEK"lə gəlib onu sökdürdülər. Dedilər olmaz. Amma problemə də bir əncam çəkmədilər. Bilirsiz, bu bizim üçün nə boyda problemlər yaradır?..
   
   2. - Nə deyim? Bizim gücümüz nəyə çatacaq ki?
   
   3. - O sarıdan bizimki bir az gətirib. Oğlum məişət avadanlıqlarının ustasıdır. Özü də hər şeyi bacarır, maşallah. Atelyedə də işləyir. Bir problem yarananda bizim xəbərimiz olmadan həll eləyir.

TƏQVİM / ARXİV