adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SUYA çEVRiLƏN ADAM...

BABƏK YUSİFOĞLU
50574 | 2011-06-14 00:24
Yer üzündə yaşları yüz illiklərlə, minilliklərlə ölçülən çox nağıllar, əfsanələr var. Bunlar o qədər çoxdur ki, onları təsəvvür belə etmək çox çətindir. Çünki dünyadakı bütün xalqların hər biri öz nağıllarını yaradıb. Eşq nağıllarını, qəhrəmanlıq, qorxulu... nağıllarını. Və bu nağılların da hər birinin öz qəhrəmanı var. Amma elələri də var ki, onları xalqlar yox gerçək qəhrəmanların özləri, onların keçdikləri həyat yolu yaradır. Özü də birini yox, ikisini yox... çoxunu, lap çoxunu. Və bu nağıllarda divlər, əjdahalar, mifiq güclər olmur. Heç orada qədim insanlar, qılınclar, atlar... da olmur. Axtarsaq belə nağılların şahidlərini, hətta iştirakçılarını da tapa bilərik, onlara toxuna bilərik, hətta dinləyə bilərik. Lakin bütün bunlar da həmin nağılları nağıllıqdan çıxara bilmir. Çünki həmişəyaşar sehirli, əfsanəvi, məhəbbət... nağılları olduğu kimi bunlar da gerçək nağıllardı...
   
   O da bir qədər nağıla, bir qədər əfsanəyə bənzəyirdi. Çünki o da gerçəklikdən çıxmışdı... Yəqin o nağılı bilənlər də var. Xəbəri olmayanlar üçünsə maraqlı olar...
   
   BRÜS Lİ...
   
   
   
   Biri vardı, biri yoxdu Çinin Kvanton əyalətinin Fatşan kəndində Li Xoy Çuen adlı bir aktyor yaşayardı. O elə bir aktyor idi ki, həm rəqs etməyi, həm kəndirbazlığı, həm də akrobatlığı bacarırdı və adamlar ona hörmətlə yanaşardılar. Bu aktyorun yarı çinli, yarı alman olan Qreys adlı gözəl bir arvadı da vardı. Və onlar elə teatrda tamaşaların birində tanış olmuşdular. Sonra bu gənclər evləndilər, ardınca da yaşamaq üçün Qonkonqun Koulun rayonuna köçdülər. Bu böyük şəhərə köçəndən sonra onların işləri daha da yaxşı getməyə başladı. Çünki kifayət qədər tanınan Çuen ailəsini saxlamaq üçün yaxşı qazanardı. Hətta ev işlərini görmək üçün xidmətçi belə saxlayardılar.
   
   Az keçdi, çox keçdi gənc ailənin bir oğlu dünyaya gəldi. Amma valideynləri sevinməyə macal tapmamış çağa öldü. Və bu onlar üçün sözün əsl mənasında böyük zərbə oldu. Çinlilərə görə, körpə ölürdüsə, demək ailə müqəddəs qüvvələrin qəzəbinə tuş gəlmiş sayılırdı. Bu cür bədbəxtliklərin davam etməməsi üçün ailədə növbəti dəfə mütləq qız uşağı dünyaya gəlməli idi. Ona görə də hər ehtimala görə, Çuenlər bir qız uşağını övladlığa götürdülər. Doğrudan da onların ikinci övladı da oğlan oldu. Özü də Çindən çox-çox uzaqlarda. Çuen Birləşmiş Ştatlara qostrol səfərinə getmişdi, ailəsini də özü ilə aparmışdı. O vaxt hamilə olan Qreys San-Fransiskodaca sonralar dillərin əzbərinə çevriləcək, bir çoxlarının həyat idealına çevriləcək, adını ən məşhurların sırasına yaza biləcək oğlanı dünyaya gətirdi. Onda 1940-cı il, noyabrın 27-i, səhər saat 6-8 idi. Çin təqviminə görə il Əjdaha ili, saatı da Əjdaha saatı idi. İnancına görə katolik olan Qreys oğlunu xaç suyuna salıb ona Li Çjen Fan adını verdi. Bu adı da ingiliscəyə çevirəndə "geriyə qayıt" mənasını verirdi. Anası inanırdı ki, onlar tezliklə Qonkonqa dönsələr də oğlu San-Fransiskoya qayıdıb burada yaşayacaq. Amma uşağın doğuşunu qəbul edən həkim Meri Qlover gənc anaya məsləhət gördü ki, körpəyə amerikan adı - Brüs adı versin. Qreys də razılaşdı. Lakin bu ad oğlan yalnız bir də Qonkonqda "Lya Sall" kollecində oxuyan zaman yada düşdü. Elə uşaqlıqdaca Brüsü digər yaşıdlarından fərqləndirən üç cəhəti var idi: heyrətamiz daxili enerjisi, iti zəkası və cəsurluğu. Heç vaxt bir yerdə oturmayan Brüs Liyə ailə üzvləri qeyri-rəsmi ad da qoymuşdular - Mo Si Tun. Yəni, "heç vaxt bir yerdə oturmayan".
   
   Brüsün uşaqlığı küçələrdə davam etdi. Ailədə uşaqların və onlarla birgə yaşayanların sayı çox olduğundan Brüsün evdə olmaması diqqəti cəlb etmirdi. Məhəllənin ən şuluqçu uşaqları ilə dostluq edən Brüs tez-tez müxtəlif problemlərə düşür, valideynlərinə cürbəcür başağrısı yaradırdı. Onun yeniyetməlik çağlarından dalaşmağa, küçə döyüşlərinə inanılmaz marağı vardı. Sanki o təkbətək vuruşmaq üçün yaranmışdı. Və həmişə də bu istəyini həyata keçirmək üçün bir bəhanə tapa bilirdi. Çünki o, dalaşmaq üçün ən kiçik şansı belə əldən vermirdi. Qeyd etmək lazımdı ki, Brüs arıq olsa da son dərəcə cəld, dözümlü idi. Onda olan qəribə özünəinamı Brüs fiziki gücüylə və zəkasıyla eyni an bir məqsəd üçün istifadə etməyi bacarırdı. Bu da küçə döyüşlərində, ən kəskin "razborka"larda onun qələbəsini təmin edirdi. Hətta Brüs özündən qat-qat böyüklərlə döyüşsə belə. Bu da şəhərdəki cavanlar arasında yavaş-yavaş onu liderə çevirirdi. Amma...
   
   
   
   
   
   KUNQ-FU ARDINCA
   
   
   
   Bir neçə dəfə vuruşda uduzan Brüs hər bir işini bölüşdüyü anasına kunq-fu ilə məşğul olmaq istədiyini söylədi və bu işin arxasınca getdi. Və o zaman Vin Çun stilinin patriarxlarından hesab edilən İp Mendən dərs almağa başladı. İşinin böyük ustası olan İp ilk günlərdəncə bu gəncin böyük bacarığa malik olduğunu hiss etdi. Maraqlısı bu idi ki, Brüs müəllimindən daha çox şeylər öyrənməyə can atırdı. Rəqibin ona azacıq da olsa güc gəlməsi Brüs Lidə qeyri-adi qıcığın yaranmasına səbəb olurdu. Məhz bu üzdən də müəllimi ilk növbədə Brüs Liyə sakitliyi və boşalmağı öyrətməyə məcbur qaldı. Amma bununla belə Brüs İp Menin yanında qısa müddətdə böyük uğurlar əldə etdi. Günlərin birində səbirsizliyi ilə baş-başa qalan Brüs bütün gücü ilə öz əksinə zərbə endirdi, daim onu təqib edən gərginliyini içindən çıxmaq istədi. Amma həmin vaxt o bilmirdi ki, bunun da yolları var. Sonralar bu vəziyyəti haqında Brüs bunları yazacaqdı: "Su dünyada ən yumşaq substansiyadır və çox asanca yerləşdiyi ən müxtəlif məkanın, qabın formasını alır. Amma bununla belə o həm də dünyada hər bir bərk substansiyanın içindən keçə bilir. Budur əsas məsələ. Mən mütləq su kimi olmalıyam..." Su kimi oldu da. Və bu ideya əslində Brüs Linin döyüş fəlsəfəsinə çevrildi. Onun döyüş manerası dəyişdi, daha da qarşısıalınmaz oldu.
   
   Artıq hər kəs onun nələrə qadir olduğunun fərqində idi. Bir çoxları da vardı ki, heç cür istəmirdi ki, damarlarında həm də qərbli qanı daşıyan bu gənc kunq-fu-da yüksək mərtəbə fəth etsin. Bundan ötrü İp Menə təzyiqlər də başlatdılar. Lakin tələbəsinin qeyri-adi bacarığına dəyər verən müəllimi onu yarı yolda buraxmadı. Bütün bunlardan xəbər tutan Brüs Li özü onunla məşqlərdən çəkildi. Bu dəfə İp Menin ən məşhur tələbəsi Vonq Şun Lenqin məktəbinə getməyə başladı. Və yeni məşqçinin fərqli üslubunu gördükdə əlavə məşqlər üçün ondan xahiş elədi. Çünki o qeyri-adi olmaq istəyirdi. Amma Vonq onunla razılaşmadı. Brüs bundan ötrü başqa planlar tökdü. Və nəhayət buna nail oldu. Döyüş yarışlarının birində məşqçisi ilə üz-üzə gəlməliydi. Lakin nədənsə Brüs qarşılaşmaya az qalmış müəllimi ilə döyüşdən imtina etdi. Vonqsa Brüsü döyüşmək üçün inandıra bildi. Həmin vaxt bundan xəbər tutan İp Men Vonqa belə demişdi: "Bu qarşılaşmadakı döyüş ustalığı əsas amil ola bilər. Və əgər Brüs nə vaxtsa məşhurlaşsa bundan ötrü ədalətli olaraq sənə minnətdar olmalıdır". Və təkbətək döyüş baş tutdu, Brüs Li buradakı qələbəsi ilə sonrakılar üçün gözəl bir bünövrə qoydu. Məhz bundan sonra Li Vonqu özünün müəllimi bildi və ömrünün sonundək onunla əlaqələrini itirmədi.
   
   
   
   DOĞULDUĞU
   
   ŞƏHƏRƏ QAYIDIŞ
   
   
   
   Oğlunun istəsə də-istəməsə də küçə döyüşlərinə cəlb olunması, cürbəcür adamların təhdidlərə məruz qalması anasını çox narahat edirdi. Bu üzdən də valideynləri Brüsü doğulduğu yerə getməsi üçün razı sala bildilər və Li 1959-cu ildə o, San-Fransiskoya gəldi. Sietldə atasının köhnə tanışlarından biri ona ilk günlər yardım göstərdi və Brüs Li yaşamaq üçün ilk vaxtlar təsadüfü qazanclar vasitəsi ilə keçinməyə başladı. Sonra çinlilərin məhəlləsindəki restoranların birində ofsiantlıq etdi. Lakin bütün bu işləri ilə bərabər o, məşqlərinə də ara vermirdi, hətta təhsilinin də qayğısına qalırdı. Çox keçmədi ki, Brüs ətraf məhəllələrdəki yeniyetmələrə döyüş qaydalarından dərs verməyə başladı. 1961-ci ildə isə Brüs Vaşinqton universitetinə daxil olaraq fəlsəfə elmini öyrənməyə girişdi. Eyni zamanda arzu edən tələbələrə kunq-fu məşqlərini keçirdi. Bu qədər işin içərisində hər şeyə çatmağı bacaran Brüs Li həm də bu dövrlərdə aktyorluq bacarığını da bir neçə dəfə sınamalı olmuş, bu sahədə də uğur qazanmışdı. Körpəlikdə çəkildiyi filmi nəzərə alınmasa, Brüs ilk dəfə "Yetim" lentində çəkildi. Ümumiyyətlə, onda aktyorluğa inanılmaz bir sevgi vardı. Bəlkə də bu ona atasından keçmişdi. Və onun qısa müddət ərzində 20 filmə çəkildiyini nəzərə alsaq yəqin ki, onun by sahədəki bacarığını da etiraf etmiş olarıq.
   
   Məşqlərdən, dərslərdən, işləməkdən... boş vaxta macalı qalmayan Brüs Linin heç də enerjisi tükənmir, yorulmurdu. Bu qarmaqarışıq işlərin içərisində hətta sevməyə də "vaxt tapmışdı". Onun haqqında yazanların sözlərinə inansaq Brüs 23 yaşında olarkən Linda Emeri Kedvell adlı qıza vurulmuşdu. Onunla tanışlıqdan sonra gənclər xeyli müddət görüşdülər. Təxminən bir il sonra Brüs Li sevgilisinə evlənmək təklifi etdi və çox çəkmədi ki, gənclər ailə həyatı qurdular. Onlarin iki övladı dünyaya gəldi - 1965-ci ildə oğlu Brendon, 1969-cu ildə qızı Şennon. Elə bu ərəfədə idi, Amerika karetesinin atası sayılan Ed Parker onu karetinin "möcüzələrini" nümayiş etdirmək üçün Brüs Lini böyük bir tədbirə dəvət edti.
   
   Brüs burada özünün "bir dyüm zərbə"sini, bir əlinin iki barmağı üstə özünü qaldırmasını, döyüş fəndlərini... göstərərək insanları heyrət içərisində buraxdı. Brüs kunq-fu-da, karetedə heç bir ustanın əldə edə bilmədiyi nəticələr əldə edib. Onun zərbələr seriyasının sürəti heç kəsin bacarmadığı cəldlikdə idi. Şahidlərin bildirdiyinə görə, azad vəziyyətdə Brüsün əlinin zərbəsi saniyənin beşdə birində baş verir. Brüs Li düz irəli uzatdığı bir əlində 32 kiloqramlıq ağırlıq daşını 20 saniyə saxlaya bilirdi. Hərəkəti o qədər cəld və dəqiq idi ki, buğda və ya düyü giləsini tullayıb çinlilərin yemək yediyi çubuqlarla onları havadaca tuta bilirdi. Bunlar qeyri-adi bacarıq idi.
   
   (Ardı qəzetimizin 21 iyun sayında)
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV