adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Azbaz xalq artistləri

İNTİQAM VALEHOĞLU
23701 | 2011-06-14 00:24
Çox vaxt qəzet jurnalistləri televiziyada işləyənlər (onlara jurnalist demək əsl jurnalistlərin haqqını tapdamaq kimi qəbul oluna bilər) barədə fikir söyləyəndə əks tərəfdən çox gülməli və məntiqsiz arqument gətirilir-paxıllıq edirlər, bacarsaydılar onlar da televiziyada olardılar.
   
   Gülməlidir... Eyni zamanda da çox məntiqsiz olan bu səbəblərdən birincisi qətiyyən ağlabatan deyil. Şəxsən mən belə düşünürəm. Amma ikinci hissəsiylə qismən razılaşıram. Doğrudan da bacarsaydılar onlar da televiziyada olardılar...sonra da bu yoldaşlar kimi özlərini biabır edərdilər. Di gəl ki, bacarmırlar.
   
   Düşünürəm ki, ümumiyyətlə, televiziyada kiməsə hər hansı verilişi aparmaq həvalə ediləndə, onun dünyagörüşü, verilişin formatına, tipinə uyğun gəlib-gəlmədiyi nəzərə alınmalıdır. Tutalım, tiblə, səhiyyəylə bağlı verilişi aparan şəxsin həmin sahəylə bağlı ən azı baytar qədər bilgisi olmalıdır. Həkim qədər bilgisi olsa, ixtisasca həkim olsa daha yaxşı.
   
   Yaxud da ailə-məişət məsələləriylə bağlı proqram hazırlanırsa, bura elə insanlar cəlb olunmalıdır ki, ailənin nə demək olduğunu qansın. Bir veriliş var, amma adını çəkmək istəmirəm. Sonra deyərlər ki, gör özünü kimin sayəsində reklam edir)) İndi adı dəyişdirilib. Amma formatı təxminən eynidir. Aparıcı qadın hər efirdə ailədən, ailəyə qayğıdan, övlada nəvazişdən danışır. Bəzən isə həddini aşaraq, övladına nəvaziş göstərə bilməyən, göstərməyən anaları əməllicə məzəmmət edir. ƏLA! Amma bu qadından soruşan lazımdır ki, hazırda doqquzuncu sinifdə oxuyan oğlunun paltarına bircə dəfə ütü çəkib məktəbə yola salmısanmı? Bircə dəfə dərsləriylə, nə yeyib nə içdiyi ilə maraqlanmısanmı?...
   
   Bəzən isə bu "simalar" elə canlı yayımdaca özlərindən yaşca və bəlkə də səviyyəcə böyük olan birisini elə tərzdə məzəmmətləyirlər ki...Sadəcə gülməlidir...
   
   Ən dəhşətlisi bilirsiniz nədir? Budur ki, teleməkanda iki evlilik proqramı gedir. Amma görək, bu verilişləri aparanlardan hansı düz-əməlli ailəyə sahibdirlər. Birinin oriyentasiyası naməlum, digərinin hərəkətləri nə olduğunu göstərir... o birisi...
   
   O gün də həmin aparıcılardan biri verilişə qatılanlardan birinin üstünə elə çımxırdı ki...Adamdan soruşarlar ki, belə böyük-kiçik yeri bilənsənsə, ailənin nə olduğunu qanırsansa, niyə 12 yaşında qızın ola-ola... Burasını deməzlər.
   
   Mən hər şeyi başa düşməyə çalışıram, hətta bəzən başa düşürəm ki, niyə bu cür qəribəliklər baş verir? Onu da anlayıram ki, televiziyaya hicabla gələn qız sonra şortiklə, bəzən də elə onsuz bəzi-bəzi məsul şəxslərin otağını "ziyarət" edir. Titrlərə baxanda görürsən ki, çalan da Əhmədovdur, oynayan da, atılıb düşən də. Bir qədər də dərinə gedəndə görürsən ki. Bu filankəsovlardan biri ərdir, o biri arvad, üçüncüsü isə kişinin nigahdankənar oğlu. Bunlarda da işim yox. Məni maraqlandıran odur ki, niyə demək olar ki, bütün verilişlərin çəkiliş pavilyonunun bir guşəsində mətbəx var. Bir də görürsən, 30 ilin xalq artistinin əllərinə rezin əlcəyi keçirib, bir yekə çömçəni də verirlər əlinə... Xalq artistidə bəh-bəhlə küftə-bozbaşdan, dolmadan, salatdan-filandan qayırır orda özüyçün. Hərdən də aparıcı gəlib deyir ki, filan mahnını zümzümə edin. Axı zümzümə eləmək müğənni olmayan insanlara aid sözdür.
   
   Səbəb nədir?
   
   Buradan yalnız iki nəticə çıxarmaq olar. Ya deməyə söz qalmayıb. Yaxud da telekanallar aşbaz sıxıntısıyla üzləşdiklərindən əməkdaşların yemək tələbətanı çalıb-oxuyanlar ödəyir. Çünki bildiyimə görə, hər gün səhər tezdən axşama kimi bişirilən yeməklər üçün lazım olan ərzaqları həmin manıslar alıb gətirirlər.
   
   Hər halda iki mahnıya görə 2-3 min manatından keçməkdənsə, mətbəx verilişlərində iştiraklasa da, tamaşaçıların yadında qalmaq pis deyil. Amma baxır necə yadda qalmaq.

TƏQVİM / ARXİV