ÖZüMüZƏ DƏYƏN ZƏRBƏ

FAİQ QİSMƏTOĞLU
25498 | 2011-06-11 07:46

   
   ... Hər yerindən duran əlinə mikrafon götürüb oxuyur. Özü də babat oxusa, dərd yarıdı. Belə qarğa kimi səs çıxarmaqdansa, heç oxumamaq yaxşıdı. Amma neyləmək olar ki, onu heç cürə səsi olmayan "müğənnilərə" başa salmaq olmur. Onlar elə fikirləşirlər ki, çox gözəl ifaçılardı və camaat onların səsi üçün sinov gedir...
   
   Belə baxanda bəlkə də dırnaqarası müğənnilər haqlıdılar. Çünki əksər toylarda onlar at oynadır və kefləri istədikləri qədər pul qazanırlar. Akademikin bir ilə qazandığı pulu onlar bir toyda əldə edirlər. Özü də elə-belə, boş, mənasız, ara mahnıları oxumaqla. Canımız yavaş-yavaş "Ay canı yanmış"dan qrutarmışdı ki, indi təzə bir "bezdarnı" ara mahnısı peyda olub. Bu mahının da adı "Can cana"dı. Hansı toyxanaya, hansı məclisə gedirsənsə, "Can cana"nı eşidirsən. Nə sözlərinin bir mənası var, nə də musiqisinin. Buna baxmayaraq, bu gün "Can cana" çoxlarını cana gətirib. Hətta "Toylar kralı" müsabiqəsində "Can cana"nın yaradıcısı və ifaçısı olan müğənni özünü elə aparırdı ki, sanki alçaq dağları o yaradıb. Onunla bir səhnədə çıxış edən Fərqani Əliyev çox gözəl şirin səsə və musiqi duyumuna malik idi. O, şirin mahnılar ifa etməklə yanaşı, təsnifər və muğam parçalarını da özünəməxsus bir formada oxuyurdu. Hətta onun ifası Əli Mirəliyevi də təəccübləndirirdi. Yəni münsiflərin özü də Fərqaninin ifasına heyran olmuşdular. Əli Mirəliyev deyirdi ki, bax, belə oxuyarlar, yoxsa "Can cana"...
   
   Düzdür, Fərqani Əliyev aşağı, orta və zil səsdə çox gözəl oxudu. Buna görə münsiflərin xalını qazandı. Ancaq nə olsun, sonda qalib gələn "Can cana"nın yaradıcısı və ifaçısı oldu. O, bu "bezdarnı" mahnını ifa edərkən hiss olundu ki, münsiflər bərk qəzəbləndi. Buna əhəmiyyət verməyən ifaçı münsiflərə yaxınlaşıb əlini Əli Mirəliyevin ciyninə qoydu. Yəni "sən bəyənmədiyinə baxma, görürsən, studiyadakı tamaşaçılar məni necə alqışlayırlar?!" Həqiqətən də verilişdə əyləşən yeniyetmə və gənclər "Can cana"nı elə alqışlayırdılar ki, sanki qeyri-adi bir ifa səslənmişdi.
   
   Musiqiyə ən gözəl qiyməti verən tamaşaçıdı. Az-çox musiqidən başı çıxan adamlar ara mahnılarını heç vaxt qəbul eləmirlər. Amma bu da danılmaz həqiqətdi ki, bütün dövrlərdə ara mahnıları olub və bu gün də var. Onların da ömrü bir neçə toy mövsümü çəkir. Bir neçə toy mövsümündən sonra digər ara mahnıları kimi "Can cana" da yaddan çıxacaq və unudulacaq. Yadda qalan isə bəstəkar, xalq mahnıları və muğamlar olacaq. Özünü az-çox musiqiçi sayan və ifaçı bilən müğənni ara mahnılarından deyil, bəstəkar, xalq mahnılarından və muğamlardan bəhrələnir...
   
   
   
   
   
   ***
   
   
   
   Şəhər nəqliyyatında bir çox marşrutlar üzrə işləyən avtobus sürücüləri camaatın əsəbləri ilə oynayırlar. Sanki onlar çalışırlar ki, kimlərisə əsəbləşdirsinlər və kimlərisə narahat eləsinlər. Metronun "Elmlər Akademiyası"ndan çıxıb avtobus dayanacağına gələn sərnişinlərin çoxu hər gün əsəb sarsıntısı keçirir. Çünki bu dayanacaqda gəlib duran avtobuslar nə az, nə çox, beş-altı dəqiqə tərpənmir və sonradan hərəkətə gəlir. Sərnişinlər isə bu cür vəziyyətlərə dözə bilmirlər. Məsələn, 96 saylı marşrutda işləyən avtobus sürücüləri bir qayda olaraq həmişə bu dayanacaqda sərnişinləri ləngidir, "hələ vaxtımız var" deyə avtobusu yerindən tərpətmirlər. Beş-altı dəqiqə vaxt itirən sərnişin də mənzilbaşına gecikdiyi üçün hövsələdən çıxır. Axır ki, beş-altı dəqiqədən sonra 96 saylı marşrutda işləyən avtobus yerindən tərpənir. Sərnişinlər sürücüyə iradını bildirəndə o isə çox soyuqqanlı halda deyir: "Xoşunuz gəlmir, düşün taksi ilə gedin, ya da başqa avtobusa minin. Mən heç nədən qorxmuram". Təbii ki, bu sözləri eşidən sərnişinlər bir az da əsəbləşirlər. Çünki avtobus sürücüsü nə qanunu saya salır, nə də sərnişinlərin iradlarına qulaq asır. Sonra da avtobusu yerindən tərpədir. Digər avtobus da onu keçmək istəyəndə başlayırlar bir-biri ilə ötüşməyə.
   
   "Azərbaycan" nəşriyyatının yaxınlığındakı dayanacağa çatanda isə sürücü sərnişinlərə deyir ki, tez düşün vaxtım azdı. Bax, bunu başa düşmək olmur. İndi sərnişin avtobus gedə-gedə yerə atılmalıdır? Axı sərnişin tələsik yerə düşərsə, onun hər an ayağı bürxula, qılçı sına bilər. Ancaq bu qətiyyən sürücüləri maraqlandırmır. Təki onların işləri yaxşı getsin. Deyirlər ki, Nəqliyyat Nazirliyinin ayrı-ayrı qurumları sürücülərə nəzarət edir. Bəli, bu həqiqətən də belədi. Nəqliyyat Nazirliyi tərəfindən işində nöqsanlara yol verən və sərnişinlərlə kobud rəftar edən sürücülər cəzalandırılır. Bəs belə isə 96 saylı marşrutda işləyən sürücülər niyə cəzalandırılmır?
   
   Biz görmüşük ki, avtobuslar ilk və son dayanacaqda daha çox dayanar, amma nədənsə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı dayanacaqda avtobuslar həddindən artıq çox durur. Özü də həmin dayanacaqda dispetçerlər var. Bəs belə isə həmin avtobusların dayanacaqda bu qədər ləngiməsinə səbəb nədir? Yəqin ki, səbəb odur ki, daha çox sərnişin yığsın və sonra da "vaxtım azdır" deyə sürücülər növbəti dayanacaqlarda sərnişinləri düşürdərkən insanların əsəbləri ilə oynasınlar. Bunu heç başa düşmək olmur. Olmazmı ki, hər şey dəqiqliklə və intizamla həyata keçirilsin. Yəni dispetçerlərin nəzarət etdiyi avtobuslar dayanacaqda çox dayanıb sərnişinlərin əsəblərini korlamasınlar. Onsuz da isti yay günlərində işə tələsən adamlar müəyyən çətinlik yaşayırlar. Havaların isti olması və eləcə də həddindən çox yorğunluq adamları təngə gətirir. Üstəlik də avtobus sürücülərinin dayanacaqda ləngiməsi bir çox yeni problemlərə yol açır. Çox istərdik ki, Nəqliyyat Nazirliyi bu məsələlərdən xəbər tutsun və intizamsız avtobus sürücülərini intizama dəvət eləsin...
   
   
   
   ***
   
   
   
   İndi heç kimə xəstələnməyi arzulamazdıq. Bir də xəstələnmək insanın özündən və iradəsindən asılı deyil. Bir də görürsən ki, insan soyuqladı, ya da başqa bir səbəbdən xəstələndi. Bax, onda xəstəxanaya yolun düşsə, işlərin o qədər də asan olmayacaq. Həkimlər səni yoxlayıb müayinə edəndən sonra analiz verməli olsan çox böyük çətinlkilə və maddi sıxıntı ilə üzləşəcəksən. Vay onda ki, həmin qan analizlərini özəl klinikalarda verəsən. Elə ki, özəl klinikaya getdin, həkimin əlinə düşdün, o dəqiqə sənin üst-başına, əyninə baxacaqlar. Görsə ki, imkanın yaxşıdı, beş-altı cür analiz yazacaq. Elə qan analizinin müxtəlif cür verilməsi xeyli pul tələb edir. İmkanın olsa da, olmasa da həmin analizləri verməyə məcbur olacaqsan. Tutaq ki, qara ciyərinlə bağlı problem varsa, tək ona aid deyil, digər orqanların fəaliyyəti ilə bağlı da səndən qan analizi götürüləcək. Nə az, nə çox qan analizlərinin verilməsi 150-160 manata başa gələcək. Bunun da səbəbini soruşanda həkimlər deyirlər ki, bütün şübhələndiyimiz xəstəliklərlə bağlı analizlərin cavabını bilməliyik. O qədər viruslar, hepotitlər var ki?! Ancaq bunlar qan analizi zamanı aşkarlanır. Özəl klinikalarda düzdür, yaxşı şərait var, hər cür avadanlıqlar, kompüter sistemi və müasir texnologiyalar mövcuddur. Təəssüf ki, bu camaatın imkanından qat-qat böyük məbləğdir. Hər hansı aparatdan keçmək üçün filan qədər pul ödəməlisən. Pulun yoxdusa, heç bir UZİ-dən və digər aparatlardan keçə bilməzsən. Görəsən, bizim məmləkətdə özəl klinikalarda müalicəni demirik, heç olmasa, müayinə və analizlərin qiyməti nə vaxt sadə insanların qazancları ilə düz mütənasiblik təşkil edəcək?! Elə bil bir az qəliz danışdım. Yəni demək istəyirəm ki, özəl klinikalarımızda bu analizlər nə vaxt ucuzlaşacaq? Belə getsə çətin ki, həmin klinikalarda ucuzluq yaransın. İrana müalicə üçün gedən pasiyentlər deyirlər ki, İranda müayinə bizdən ucuzdu. Elə müalicə də sərfəlidir. Bizdə bir ətək pul xərcləyirsən, heç bir şəfa tapmırsan. Amma İrana gedib həmin pulun bir hissəsini xərcləməklə həm düzgün müayinə olunursan, həm də müalicə alırsan. Görünür, hələ bizdə səhiyyə o qədər də yüksək səviyyədə deyil.
   
   Düzdür, səhiyyə ocaqları var, ən müasir aparatlar gətirilib, ancaq bizdə həkimlərin xətrinə dəyməsin, savadlı həkimlər çox azdır. Bir çox savadlı həkimlərimiz başını götürüb xarici ölkələrə gedib. Burda qalanları isə yaxına buraxmırlar. Çünki ya yaxşı adamın olmalıdır, ya da pulun. Adamın və pulun yoxdursa, elə öz yerində qalacaqsan. Bu da son nəticədə kasıb, aztəminatlı insanlara zərbə vurur...

TƏQVİM / ARXİV