adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SOYDAŞIMIZ UYğURLAR

SEYFƏDDİN ALTAYLI
49684 | 2011-06-11 07:46

   
   İnsan çox mürəkkəb bir varlıqdır və hər bir insanın özünə məxsus dünyası vardır. Sadəcə olaraq özünü fikirləşənlərə "eqoist" deyilir. Bizim qədim lüğətlərdə çox axtardım; ancaq bu sözün qarşılığı olan kəlməni tapa bilmədim. Son dövrlərin lüğətlərində bu sözün qarşılığında "məncil" ifadəsi tapılıb o işlədilir. "Eqoist" sözü bizə qərbdən gəlib, yəni itxaldır.
   
   Türklərin tarixini yaxşı araşdırsanız, babalarımızın təbiəti əlbir olub nə cür üstələdiklərinin, birlik düşüncəsinin mənasını eradan minlərlə il qabaq dərk etdiklərinin şahidi olarsınız. Ucsuz-bucaqsız bozqırlarda on minlərlə heyvanı təbiətin bütün çətinliklərinə baxmayaraq qorumaq, özlərinin sərvəti olan heyvanları üstün bir məharətlə o dövrün yüksək səviyyəli bir dolanışıq vasitəsinə çevirmək, babalarımıza böyük bir mənəvi güc bəxş etmişdir. Əlbir olmağın mənasını təbiətin çətinliklərini üstələyərək dərk edən babalarımız dövlət fəlsəfəsini də elə bu matahın özülü üstündə yüksəltmişdir. Onlar yalnızca qurduqları dövlətlə kifayətlənməyiblər və digər xalqları da öz qanadları altına alaraq onların da özləri kimi gözəl bir həyata qovuşmasını təmin ediblər, qoruyublar.
   
   Bizlərə məxsus olan Bozqır Mədəniyyətinin yaranması təbiətin çətinliklərini məğlub etməklə başlamışdır. Bozqır Mədəniyyəti, dövlətçiliyə çatdıqdan sonra başlayan, özünü, yəni dövlətini qorumaq fikri də, "Turan Hərb Taktikası"nın sınaya-sınaya tapılaraq mükəmməl bir hərbi vasitəyə çəvrilməsinə səbəb olmuşdur.
   
   Xalqımızın hal-hazırdakı Orta Asiyadakı əhali sayı ilə Çin və Rus əhalisinin sayı arasında böyük bir uçurum vardır. Bunun səbəbi də, tarix boyu üzləşdiyimiz faciələr, sürgünlər, köçürülmələr və qırğınlardır. Yəni qırıla-qırıla sayımız bu qədər azalıb. Oğuz xaqan, Çin imperatoru Kaonun özündən qat-qat artıq olan ordusunu Pətəng yaylağında eradan qabaq 200-cü ildə mühasirəyə saldığı vaxt həyat yoldaşı özünə demişdi:
   
   "Sən ey xaqan, Çini işğal etsən belə o böyüklükdəki ölkəni daimi olaraq hakimiyyətin altında tuta bilməzsən. Yaxşısı budur ki, saziş bağla və qoy imperator əsgərləriylə birgə evinə qayıdıb getsin".
   
   O da həyat yoldaşının sözünə qulaq asmışdı. Yəni o vaxtlar Çini məğlub edə biləcək qədər əhali sayına malik idik. Oğuz xaqandan sonra gələnlər onun qədər dirayətli deyildi və sərhədləri Xəzər dənizinə, bugünkü Suriyəyə kimi gəlib çatan Hun İmperiyası 300 il qədər ömür sürdükdən sonra Çinin daimi təzyiqi və daxili toqquşmalar səbəbiylə dağılıb getdi. Onun yerində qurulan Göytürk imperiyası da 75 il qədər yaşayaraq ömrünü başa vurdu. Orta Asiyadakı türklər tarix ərzində böyüklü-kiçikli dövlətlər yaratdılar və qırıla-qırıla gəlib bu vaxta çatdılar. əgər o qırğınlar və sürgünlər, sürgünlərdə üzləşilən faciələr olmasaydı, Asiyada bugünkü əhali sayımız azı 700 milyon olardı.
   
   Uşaqlığımda dünyanı kəndimizdən biraz böyük sayardım. İptidai məktəbə başlayandan sonra bu fikrimin səhv olduğunu başa düşdüm. Ölkəmizin yerləşdiyi Asiya və Avropa qitələrini, digər qitələrin varlığını öyrəndim. Türklərin də yalnızca Türkiyədə yox, özgə yerlərdə də yaşadıqlarını başa düşdüm. Dəmir Pərdə adlanan Sovetlər Birliyi daxilində yaşadıqlarından və bizə çox az məlumatları gəlib çatmasından asılı Asiya Türklüyü haqqında ətraflı məlumatım yoxdu. Universitetə başladıqdan sonra milli mənsubiyyətimizə həddən artıq əlaqə duyduğumdan Anadolu xaricindəki türklərlə maraqlanmağa başladım. 1977-ci ildə bir neçə yoldaşımla birləşərək Dış Türklər Kültür və Yardımlaşma Dərnəyini quraraq Türkiyə xaricindəki Türklərlə bağlı fəaliyyətimizə başladıq. Qazax və uyğurları da tələbəlik illərimdə yaxından görüb-tanımaq fürsətini tapdım. Zeytinburnu qəsəbəsində müəllim işləyərkən qazax və uyğur şagirdlərim vardı. Onların ailələri Çinin zülmündən asılı öz dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalan soydaşlarımızdı, eynilə Qərbi Azərbaycanlı, qarabağlılar kimi. Şagirdlərimin ailələriylə səmimi əlaqələr yaradaraq onlardan Şərqi Türküstan barəsində məlumatlar alırdım.
   
   İstanbulun Bayəzid səmtində olan və bukinistlərin yerləşdiyi "Sahaflar Çarşısı" deyilən yerə hər gün baş çəkirdim. Bir gün Tarıq Mümtaz Göztəpənin yazdığı "Türkistan Dramı" adlı əsəri görən kimi aldım və iki günün içində oxuyub qurtardım. Şərqi türküstanlı uyğur və qazaxların Çinə qarşı yeritdiyi mübarizəni, Osman Baturun Çinlilərə qarşı qiyamını, həddən artıq kiçik dəstəsiylə özlərindən azı on qat artıq olan çin ordularını dəfələrlə çil cücəsi kimi dağıtdığını, Canım Xan Hacı rəhbərliyində yola düşən və Çin hakimiyyətini tanımayan soydaşlarımızın Pamir dağlarını aşarkən çəkdikləri izdirabları, Çinli qüvvələrin daimi basqınları, dondurucu şaxtalar, dağların yüksək və oksigeni çox az olan yerlərində heyvanlarını, qafilədəki insanları babalarından öyrəndikləri metodlarla nə cür qoruduqlarını və beş mindən artıq bir sayla yola düşən ancaq bir neçə yüz insanla azadlığa qovuşduqlarını və Türkiyəyə gəldiklərini öyrəndim. Mərhum ağsaqqalımız, böyük mücahidimiz İsa Yusif Alptəkinin ətrafındakı əqidədaşlarıyla nə cür böyük mübarizələr yeritdiyini və Çin boyunduruğundakı Şərqi Türküstandan ayrılmaq məcburiyyətində qaldığını və min bir əziyyətlə, təhlükələrlə dolu uzun bir səfərdən sonra Türkiyəyə ayaq qoyduğunu Şərqi Türküstanlılardan, yəni uyğurların dilindən dəfələrlə dinlədim. Bir neçə dəfə də o mərhum ağsaqqalımızın konfransında iştirak etmək xoşbəxtliyini daddım.
   
   Uyğurlar, bu gün quzeydə Monqolustan, güneydə Tibet, şərqdə Çin, qərbdə isə özlərinə məxsus düzlüklərdə, yəni olduqca böyük bir sahədə yaşayırlar. Torpaqları həddən artıq məhsuldar, yeraltı sərvətləri isə imperialistlərin ağzını sulandıracaq qədər zəngindir. Ancaq torpaqlarının zənginliyi, varı-dövləti sümürülüb aparıldığı halda özləri ikinci, üçüncü yox, dördüncü sinif insan səviyyəsində yaşayırlar, Çin höküməti onlara bu cür rəftar edir. Ən sadə insan hüquqları belə əllərindən qəsb edilibdir. Çin dövlətinin həyata keçirdiyi siyasi, iqtisadi və mədəni təzyiq, uyğur soydaşlarımızın ya asimilyasiya olmasını, ya da ölkəni tərk etməsini məqsəd götürmüşdür. Ancaq uyğur türklərinin nə cür bir varlıq olduğunu, onların şilləsini tarix boyu yiyən çinlilər, türkün gücünü unudubdur deyəsən. Çinin həyata keçirdiyi bütün şiddət və asimilyasiya siyasətləri uyğurların ən qatı poladdan da möhkəm olan müqavimətinə dəyib dağılır, zəbun olur. Əhali sayı bir milyard yarım səviyyəsində olan Çin, on milyondan artıq uyğur qarşısında necə deyərlər zəlil olubdur və olacaqdır. Bir gün gələcək, müqəddəs arzumuz çin olacaq və Şərqi Türküstan da eynilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi müstəqil olacaqdır. Əslində saydığım bu dövlətlərin tamamı Azərbaycan xaric olmaqla Türküstan olaraq yad edilirdi. İmperialist Çar Rusiyasının yerində qurulan və ondan da qatı imperialist olan Sovet Rusiyası, Ulu Türküstanı bölərək kiçik dövlətciklər və bu dövlətciklər içində yaşayanlara da ayrı bir milliyət uydurmağa çalışdı. Qismən olaraq bəzi şeyləri də bacardı; ancaq yalan üstündə qurulan hər şey dağılmağa məhkum olduğu kimi rusların bu siyasəti də yavaş-yavax dağılıb gedir və gedəcəkdir. İmperialistlərin planı daimi olaraq əlbəttə öz yolunda yeriyə bilməz. Zəfər, axırda haqq sahibinin olacaqdır.
   
   Dünən dünya iki qütblü idi, bugün isə yalnızca ABŞ-ın zurnasının səsi eşidilir; ancaq Rusiya Federasiyası bir tərəfdən, digər tərəfdən Çin ona qarşı bayraq açıbdır. Əhali sayı bir milyard səviyyəsində olan Hindistan, Amerika qitəsində Braziliya da artıq bir güc kimi dünya siyasətində ağırlığını hiss etdirməyə başlayıb. Bir sözlə daha dünya uzun müddət tək qütblü halda yeriyə bilməz, bilməyəcəkdi. ABŞ, Çin və Rusiya Federasiyası, yəni bu üç imperialist qüvvə Asiya türklüyünü öz maraqları istiqamətində işlətmək üçün hər fürsətdən istifadə etməyə çalışır. Bizə düşən birinci vəzifə, özümüzü heç kəsin vasitəsinə çevirməməkdir.
   
   Biz, yüzillər boyu cahana hökm eləmiş bir millətik və şanlı bir tariximiz vardır. Keçmişdəki qüdrətimizə çatmaq bizim öz əlimizdədir. Ancaq keçmiş qüdrətimizi əldə etmək üçün də heç kəsin onu qızıl məcməidə gətirib bizə təqdim etməyəcəyini də yaxşı bilirik, bunun şüurundayıq. Daimi işləyərək, əl-ələ verərək bunu başaracayıq. Bu məsuliyyəti çiyinlərimizə babalarımızın ruhu, ulu tariximiz və gələcəyimiz yükləyibdir.

TƏQVİM / ARXİV