Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
29874 | 2011-06-11 07:46
(əvvəli qəzetimizin ötən şənbə sayında)
   
   
   
   Diplomatlarımızın bu sayğısızlığına boş verib otel odamıza qalxırıq. Paytaxt Vaşinqtonda rəsmi görüşlərimiz bitdiyindən səhər Kaliforniya ştatına uçmalıyıq.
   
   
   
   Fransadan güclü Kaliforniya
   
   
   
   Kaliforniya ABŞ-ın ən böyük ştatı sayılır. 50 milyon əhali yaşayan bu ştat iqtisadi gücünə görə Fransadan öndə gedir. Kaliforniyada uzun müddət ispanlar "at oynadıb". Yalnız 1847-ci ildə amerikalılar bu ərazilərə sahib çıxa biliblər. Ona görə də bu ştatda İspan və Meksika kökənli insanlar çoxluq təşkil edir. Memarlıq üslubundakı "İspan izləri" də öz yerində. Amma bütün bunları öz gözlərimizlə Kaliforniya ştatına ayaq basandan sonra görəcəyik. Hələlik isə hələ yenə göydəyik. Vaşinqtondan Kaliforniyaya çatmaq üçün 4 saatdan bir az artıq vaxt sərf edəcəyik.
   
   Amerikanın daxili reyslərinə aid hava gəmisi bizi San-Fransisko şəhərinin aeroportunda yerə endirir. Maraqlıdı ki, San-Fransiskodakı hava limanı okeanın lap sahilində salınıb. Burada çox yubanmırıq, növbəti təyyarədə yerimizi bərkidib Burbank şəhərinə uçuruq.
   
   1 saatdan sonra isə artıq Burbankdayıq. Azərbaycandan gələn qonaqları "İnsan İnsana" Beynəlxalq Təşkilatının nümayəndələri qarşılayır. Yeri gəlmişkən, bu qurumu ABŞ-ın 35-ci prezidenti Duayt Devid Eyzenhauer 1956-cı ildə təsis edib. Qurum böyük həcmli xeyriyyəçilik fəaliyyətilə məşğul olur.
   
   Bizi qarşılayan, bir həftə ərzində qayğı və diqqətlə əhatə edən təşkilat üzvləri, qonaq qaldığımız ailələr barəsində növbəti reportajların birində daha ətraflı...
   
   
   
   Kilsədə Azərbaycan xəritəsi
   
   
   
   Burbank hava limanından maşınla bir həftə qonaq qalacağımız tərcümədə Qranada təpələri mənası verən Qranada Hills şəhərinə gedirik. Səhər ilk görüşümüz bu şəhərdəki Metodist Kilsəsində olmalıdı.
   
   Bazar günü olduğundan kilsədə xeyli adam var. İbadətə gələnlər əsasən səliqəli geyinmiş yaşlı insanlar olsalar da gənclər də gözə dəyir. Kilsənin girəcəyindəki yazı diqqətimizi çəkir- "Həyatda, öləndə və öləndən sonra da Yaradan bizimlədir". Divarda quraşdırılmış böyük ekranda gündəlik duaların mətnləri ibadətə gələnlərin diqqətinə çatdırılır. Bir azdan həmin ekranda Azərbaycandan gələn nümayəndə heyəti barədə məlumat yerləşdirilir, ölkəmizin xəritəsi nümayiş etdirilir.
   
   Uşaqlardan ibarət kilsə xoru dini mahnılar ifa edir. Mərasimin sonunda xeyriyyə məqsədi ilə kilsə üzvlərindən ianə toplanır. Məlum olur ki, gecəqondularda yaşayan kasıb insanlara baş çəkiləcək, yığılan vəsait də həmin ərazinin abadlaşdırılmasına sərf ediləcək.
   
   Biz Metodist Kilsəsinə bir də axşam qayıdırıq. Kilsənin toplantılar üçün nəzərdə tutulan zalında Bakıdan gələn qonaqlarla görüş keçirilir. Kilsə üzvlərinə Azərbaycanın tarixi, bu günü, regionda tutduğu mövqe barədə ətraflı məlumat veririk. Ermənistanın yeritdiyi siyasət nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu, münaqişə nəticəsində mədəniyyət və dini abidələrimizə qarşı vandalizm hərəkətlərinə yol verildiyini sübut edən slaydlar kilsə üzvlərinin diqqətinə çatdırılır. Görüşdə Azərbaycan xalqının başqa din və mədəniyyət təmsilçilərinə tarixən tolerant yanaşdığını xüsusi qeyd edir, tolerantlığın gerçək ünvanı kimi tanınan ölkəmizin bu sahədə son illər qazandığı uğurlar barədə danışırıq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər kimi təkcə regionda deyil, dünyada sülhün qorunması yolunda səyləri, din xadimləri, siyasət adamları ilə görüşləri barədə məlumatlarımız maraqla qarşılanır. Ötən ilin aprelində Bakıda təşkil olunan Dini Liderlərin Ümumdünya Sammiti, bu nüfuzlu toplantıda qəbul edilən qərarlar haqqında dediklərimizə də kilsə üzvləri biganə qalmır, müxtəlif suallar verirlər.
   
   
   
   Hovuza düşdüm. Mən də, mən də...
   
   
   
   Kaliforniya ştatında, xüsusilə Los-Anceles ətrafında təbiətin ən gözəl vaxtıdı. Yayın gəlişi insanları hərəkətə keçirib. İndi hamı İstirahət barədə düşünür, bununla bağlı planlar qurur. Qranada Hillsdəki Ağ palıd küçəsində yaşayan Bob və Qaylenin də yayın gəlişinə öz planı var. Cütlük hovuz mövsümünün açılışını ailə dostları və Azərbaycandan gələn qonaqlarla birgə keçirmək qərarına gəlib. Hovuz mövsümünün açılışında iştirak etmək üçün bu qonaqpərvər ailənin təşkil etdiyi masanın ətrafına toplaşırıq. Şirin söhbətdən sonra həyətdəki hovuza baş vurmaq olar. Bu sətirlərin müəllifi də fürsəti əldən vermir. Hovuzda məşq edək ki, Sakit okeanda çimmək problem olmasın...
   
   Mövsümün açılışı musiqi proqramıyla yekunlaşır. İspan əsilli müğənni Mariana Ramirez Bakıdan gələn qonaqlar üçün repertuarındakı romanslardan oxuyur.
   
   
   
   "Qarabağ" restoranı, erməni məhəlləsi və filmdən qazanan kilsə
   
   
   
   İstirahət öz yerində, amma proqramdakı görüşlərə də diqqət göstərmək lazım. Növbəti görüşümüz Rus Pravoslav Kilsəsində olmalıdı. Los-Anceles şəhərindəki kilsəyə yol erməni məhəlləsindən keçir. Bu şəhərdə 500 mindən çox erməni yaşayır. Dünyanın hər yerində olduğu kimi onlar Los-Ancelesdə də özlərinə yaxşı şərait qurublar. Bizim üçün ayrılan və yapon əsilli Li xanımın sürdüyü mikroavtobus ermənilərin "Qarabağ" adlı restoranının qarşısından ötür. Erməni kilsəsini arxada qoyub "Erməni məhəlləsi" adlanan ərazidən keçirik.
   
   Rus Pravoslav kilsəsində bizi protiyarey Aleksandr Lebedev qarşılayır, özü və təmsil etdiyi kilsənin tarixi haqqında məlumat verir. Aleksandr ata almanların Avstriyada saldıqları əsir düşərgələrindən birində anadan olub. 1951-ci ildən ABŞ-da yaşayır. Məlum olur ki, gəzdiyimiz məbəd Rus Pravoslav Kilsəsinin Los-Ancelesdəki iki kilsəsindən biridi. Bu kilsəsinin tikilməsində kinonun özünəməxsus rolu olub. Yaxşısı budu Aleksandr atanı dinləyək: "Ruslar ötən əsrin 30-cu illərindən başlayaraq Amerikanın müxtəlif ştatlarına, o cümlədən də Los-Ancelesə mühacirət etməyə başlayıblar. Bir dəfə maraqlı bir hadisə baş verir. Hollivudda rusların həyatından bəhs edən film çəkilir. Filmin epizodlarından biri kilsədə çəkilməli imiş. Lakin məlum olur ki, Los-Ancelesdə rus kilsəsi yoxdu. Diribaş Hollivud əməkdaşları indi sizin qonaq olduğunuz yerdə taxtadan kilsə tikirlər. Film başa çatdıqdan sonra şəhərdə məskunlaşan ruslar bu ərazidə pravoslav kilsəsinin tikilməsi üçün yerli hakimiyyət orqanlarına müraciət edirlər. Razılıq aldıqdan sonra həmin bu yerdə daşdan kilsə tikilir. İndi bu kilsənin məktəbi də fəaliyyət göstərir". Din xadimi qonaqlara üzləşdikləri problemlərdən də danışır: "Burada vergilər və sığorta haqları yüksək olduğundan hər il xeyli pul ödəyirik. Yaxşı ki, bəzən burada yaşayan rus əsilli iş adamları maddi yardım göstərirlər. Elə son bir neçə ildə onlar kilsəyə 400 min dollar pul köçürüblər. Çünki düşünürlər ki, ikinci özəl təyyarə və yaxud ən son model avtomobil almaqdansa məbədə kömək etmək yaxşıdı". Söhbət zamanı məlum olur ki, kilsə yaxınlarda məhkəməyə verilibmiş: "Hər bazar ibadətə gələn bir qadın burada pilləkəndən yıxılıb qıçını sındırmışdı. Həmin qadın bizi məhkəməyə verdi və xeyli təzminat tələb edirdi. Məhkəmə iki il çəkdi və prosesin sonunda onun iddiası təmin olunmadı. Bizi məhkəməyə verən qadın ibadət üçün yenə hər bazar bu kisəyə gəlir..."
   
   
   
   Yeməyə görə mer növbəyə qalır...
   
   
   
   Bizim dilə çevirəndə Simi vadisi adlanan və Los-Ancelesin ətrafında yerləşən Simi Valley şəhərinin adı tarixə düşüb. Ötən əsrin məşhur kino ulduzlarından biri, populyarlığı nəticəsində "Ağ Ev"ə sahib çıxan, sabiq ABŞ prezidenti Ronald Reyqan bu şəhərdə doğulub. Mərhum prezident vəsiyyətinə uyğun olaraq doğma şəhərində dəfn edilib. Təəssüf ki, proqramın sıxlığı üzündən Reyqanın xatirə kompleksini ziyarət edə bilmədik. Vaxtımız yalnız bu şəhərin Rotari Klubunda təşkil edilən təqdimat mərasiminə qatılmağa çatdı.
   
   Rotari Klubda əsasən iş adamları toplaşır və belə klublar dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərir. Biz klub üzvlərinə və mərasimə qatılan şəhər meri Bob Huberə Azərbaycanın tarixi, müasir dövrü, əldə etdiyi uğurlar barədə geniş məlumat verdik. Ölkəmizin investisiya imkanları barədə danışdıq. Tədbir günorta vaxtına düşdüyündən əvvəlcədən planlaşdırıldığı kimi naharımızı klub üzvlərilə birgə yedik. Maraqlıdı ki, mer də klubun bütün üzvləri kimi yemək üçün növbəyə qaldı. Bizimlə bir masa arxasında oturan cənab Huberə nə yaltaqlanan oldu, nə də...
   
   Təqdimat mərasiminin sonunda xəstəlikdən əziyyət çəkən uşaqlara maliyyə yardımı üçün xeyriyyə aksiyası keçirildi.
   
   İlin-günün bu vaxtında Los-Ancelesə gələsən, Sakit okeana baş çəkməyəsən? Sakit Okean və dünyaca məşhur azərbaycanlı, "Oskar" mükafatı laureatı Rüstəm İbrahimbəyovun "Kaspian" restoranı barədə növbəti reportajda.
   
   
   
   (ardı növbəti şənbə sayımızda)
   
   
   
   

TƏQVİM / ARXİV