GÖRüŞ YERi

ƏBÜLFƏT MƏDƏTOĞLU
36246 | 2011-06-11 07:46
Həmişə eşitdiyim və yaddaşımda möhkəm-möhkəm saxladığım bir fikir var. Ola bilsin ki, bu fikri kimlərsə fərqli formada eşitmiş olsunlar. Etiraz etmirəm, amma onlar da məni düzgün anlasınlar. Mən eşitdiyimi kağıza köçürürəm...
   
   Bax, eşitdiyimə görə, həyat hardasa bir pilləkəndi, yəni nərdivandı. İnsan pillə-pillə qalxır... və sonra da başlayır o pilləkənləri ya pillə-pillə düşməyə, ya da sonuncudan üzüaşağı yumalanmağa... Mən heç kimə pilləkəndən yumalanmağı arzu etmirəm. Ən azı ona görə ki, hər pillə ömrün müəyyən bir məqamıdı, bir dövrüdü. O məqam üçün, o dövr üçün insan kifayət qədər çarpışır, vuruşur, yaxşı-pis anlardan keçir... isti-soyuq sulara baş vurur... gülümsəyən, ya da qəzəb tökülən baxışlarla qarşılaşır. Bütün bunlar ömür deməkdir. Deməli, hər pillə bir ömür deməkdir. Bir az da dəqiqləşdirsək, ömrün bir məqamıdı...
   
    Həmin gün hava da cansıxıcı idi, özümə yer tapa bilmirdim. Yəqin ki, hipertoniya xəstələri məni anlayarlar. Bax, özümə yer tapa bilmədiyimdən bir-neçə dəfə əl-üzümə su vurdum, 6-cü mərtəbənin pəncərəsi önündə dayandım. İstədim ki, məni qəbiristanlıq tərəfdən gələn meh bir az özümə qaytarsın. Amma Yasamal qəbiristanlığının havasında da bir bürkü var idi. Mən öncə bu bürkünün səbəbini anlamadım. Elə bildim ki, hamısı havadandı, hamısı zəmanədəndi. Sən demə, havadan və zəmanədən asılı olmayan çox şey var imiş. Həmin asılılığın içərisində insan faktoru xüsusi ilə diqqəti çəkir. Özü də...
   
   Gəlin etiraf edək ki, bu gün bizim İNSANlığa böyük ehtiyacımız var. Qarşılaşdığımız hər bəndədə insanlıq görmək istəyirik. Həm də istəyirik ki, həmin o gördüyümüz insanlıq bizim pozulmuş əhvalımıza nizam versin, bir az təimz hava qaytarsın, bir az dözüm bəxş eləsin, bir az yaşamaq həvəsi yaratsın, bir az da elə bizim özümüzü insan eləsin. Təəssüf ki, həmişə belə olmur. Çünki qarşılaşdıqlarımızın hamısı heç də İNSAN deyil. Onların arasında adam da var, adamcığaz da var, insancığaz da var, bəndəciyəz də. Bəlkə də belə daha yaxşıdı. Onlar həyatı mənalandırır, rəngarəng edir, eləcə də İNSANLARI bir-birini anlamağa, bir-birini dərk etməyə, bir-birinin qaydına qalmağa, halından xəbərdar olmağa yönəldir. Deyəsən bir az fəlsəfəyə vardım. Özümdən asılı olmadan nəsihət verməyə çalışdım. Amma...
   
   Məni doğru qəbul edin, düzgün başa düşün. Hisslər, duyğular üstün gələndə özüm-özümdən çox uzaq düşürəm, gerçəklikdən çox arzuladıqlarımı görmək, reallıqdan çox dürüst olanları seyr etmək istəyirəm. Amma bu istəklərim həmişə elə istək olaraq da qalır və bu gün də qalmaqdadı.
   
   Belə cansıxıcı havaların birində həmişə iş otağımdakı pəncərənin önünə uçub gələn göyərçinləri yemləyirdim. Ovcumdakı dəni səpdim, sonra keçib əyləşdim yazı masamın arxasında və başladım göyərçinləri seyr etməyə. Az qala heyranlıqdan özümü unutmuşdum. Bu cüt göyərçinə ağzımı açıb elə baxırdım ki, sanki birinci dəfə görürdüm. Onlara bu cür həsədlə baxmağım, deyəsən qəlblərinə toxundu, hiss etdilər məni. Sözün obrazlı mənasında "həsədim" onlara xoş gəlmədi. Əvvəl dimdiklərini dəndən çəkdilər, sonra bir-birlərinə və mənə baxdılar və sonra da uçub getdilər... Onların uçuşu, qanadlarının şaqqıltısı məni həmin o heyrət dünyamdan ayırdı. Bax, onda necə böyük bir qəbahət etdiyimin fərqinə vardım. Bir cüt göyərçinə - iki sevənə həsədimi gizlədə bilmədiyimə görə, özümü qınadım. Amma gec idi. Onlar mənim həsədimdənmi, paxıllığımdanmı, şairliyimdənmi, daha bilmirəm nədənmi incidilər. İmkanım olsaydı, onları geri qaytarıb, başlarına duz fırlayar, üzərrik yandırardım. Təəssüf...
   
   
   
   Pəncərəmin önünə
   
   Qonan cüt göyərçinə
   
   Elə həsədlə baxdım-
   
   Uçdular...
   
   
   
   Dən səpdim dönmədilər
   
   Fit çaldım - dinmədilər
   
   Nə çəkdim bilmədilər-
   
   Uçdular...
   
   
   
   Bilmədim qısqancdılar
   
   Bir baxış qısqandılar...
   
   Bir həsəd qazandılar-
   
   Uçdular...
   
   
   
   ***
   
   
   
   İnsan olmaq üçün hansısa bir məktəbi oxumaq, hansısa dərslərdə iştirak etmək vacib deyil. Mən belə düşünürəm. Və əminəm ki, insanlıq qandan, candan, havadan, sudan, torpaqdan, oddan, ocaqdan, bir sözlə, varlığın özündən gəlməlidi. Deməli, varlığın özünün qidalandırdığı, boya-başa çatdırdığı insan ona inamı, inancı, sədaqəti, əxlaqı və nəhayət, xüsusi olaraq insanlığı ilə fərqlənməlidir. Əgər fərqlənə bilmirsə, deməli, papağı günə yandırıb. O nimdaş papaqla, o nimdaş insanlıq arasında heç bir fərq yoxdur. Amma...
   
   Bəzən mədəniyyətlə mənəviyyatı qarışıq salırlar. Hətta mədəniyyətlə gödəniyyəti də uyğunlaşdıranlar, bərabər tutanlar tapılır. Belə olan halda adamın içindən acı bir təəssüf keçir. Çünki mənəviyyatın qidası ilə gödəniyyətin qidası yerlə göy qədər fərqlənir. Birinci qida insanı kamilləşdirir, ikincisi isə yaşaması üçün stimul olur. Yəni yaşayır ki, yesin!.. İstənilən halda yaşamaq üçün həm maddi, həm də mənəvi qidaya ehtiyac var. Daha doğrusu bu tələbatdır. Ancaq bəzən qədərini keçmək, hesabını itirmək və yaxud da qədərini və hesabını itirmək baş ağrısına, dilxorçuluğa, hətta yükə də çevrilə bilər. Elə bir yükə ki, onun altından ömrün sonuna qədər təkcə çiyinlərini deyil, heç ürəyini də çəkib çıxara bilməzsən.
   
   Mən istənilən yerdə, istənilən məqamda həmsöhbətlərimin, tanıyıb - tanımadığım insanların ilk kəlmələrinə, ilk jestlərinə fikir verməyə çalışıram. Bilmirəm, nədəndisə mənə elə gəlir ki, ilk tanışlıqda daha çox gödəniyyətlə bağlı mövzulara üstünlük verən şəxs mənəviyyatdan kasad olur. Ola bilsin ki, mən yanılıram. Lakin bütün hallarda mübahisə etməyə hazıram. Çünki gördüklərim həqiqətin mənim tərəfimdə olduğunu diktə edir. Hətta mənim tanıdıqlarımı məndən yaxşı tanıyanlar belə birmənalı olaraq düşündüklərimi təsdiq edirlər. Deməli, nə qədər özünü oda-közə vursan da fərq etmir. Çünki ikinin üstünə iki gələndə də dörd edir, vuranda da. Nəticə də var, vuran da, vurulan da, toplanan da.
   
   İndi bütün bu xatırladıqlarımı bir sıraya düzüb onların boyunu seyr edə-edə öz-özümə qərar verirəm:
   
   - Ya hamı kimi olmaq lazımdı, ya da özün kimi!!!
   
   Qərar qəbul olunmamış ürəyimdən bir səs gəldi. Mümkün deyil! Çünki həmin o yuxarıda söylədiklərimin ən xırda işartıları belə, insanı hamı kimi olmağa qoymur, imkan vermir. Bu özəlliyin ən xırda detalları ümuminin ən böyük hissəciklərindən dəyərli olur. Daha doğrusu, ona ehtiyac duyulur. Mən də bu ehtiyacı ürəyimdə, duyğularımda, sevgimdə tapıb yaşayıram və özümə çəkilib pıçıldayıram:
   
   
   
   bacarmıram!-
   
   doğrudan
   
   gücüm çatmır
   
   özümə...
   
   sudan çıxmış
   
   balıq tək
   
   çırpınıram,
   
   durmadan...
   
   fikrimi cəmləmək də
   
   işgəncəyə çevrilir
   
   gah önə boylanıram
   
   gah toz basan izimə
   
   ən xoş
   
   istəyim belə
   
   xəncər kimi sivrilib
   
   ürəyimə tuşlanır...
   
   mənim sevgi saydığım-
   
   sən əzab dediyindi!
   
   hər gün başdan başlanır...
   
   qəbahət sayma bunu
   
   açıq-saçıq deməyi:
   
   -bacarmıram!
   
   bağışla...
   
   bacarmıram
   
   hamı tək
   
   necə gəldi sevməyi!..
   
   
   
   ***
   
   Belə götürəndə Yer kürəsinin ölçüləri məlumdu. Eni də, uzunu da, dərinliyi, hündürlüyü də. Üstəlik dayaq nöqtəsi də bəllidi. Amma bir şey var ki, yer üzündə bütün yollar kəsişsə də, bütün insanlar, xüsusilə ürəyində sevgi, od-alov daşıyan insanlar çox az-az hallarda qarşılaşırlar. Görüşüb-qarşılaşanda da artıq "qatar" getmiş olur. Qalır onun arxasınca baxıb yaylıq yellətmək...
   
   Bir tikə çörəyi hər şeydən üstün bilib Füzuli şeirinə, Sabir istedadına, Vurğun poeziyasına, Bəxtiyar təfəkkürünə, Məmməd Araz zirvəsinə, Nüsrət Kəsəmənli sevgisinə ehtiyac duymayanları, hətta heç əhəmiyyət verməyənlərin halını düşünmək istəmirəm. Daha doğrusu, düşünmək istəyindən çox-çox uzağam. Çünki bu fikrə düşməyin özü bir qəbahətdi... Bu fikrə düşməyin özü həmin o böyük aydınları qaranlığın ayağına gətirməkdi. Doğrudu, işıq ayağa düşsə də, bəzən ondan qaranlıq yarılır. Lakin bu bir az dözüm, səbr tələb edən bir prosesdi.
   
   İstənilən halda bu böyük dünyada qarşılaşmaq, həmfikir olmaq, həmdərd olmaq, həmdəm olub həsrəti, ağrı-acını, problemi bölüşmək daha məsləhətli, daha ağla batan bir variantdı. Elə bu mənada da mən adamcığazlardan qaçanda həyatımda, yolumun üstündə, ömrümdə, gözümün qarşısında, çevrəmdə olan İNSANlara üstünlük verirəm. Çalışıram ki, bu insanların işığına bir az da mən qərq olum... bir az da mən yararlanım. Amma bu həmişə baş vermir. Çünki yenə qayıdıram əvvələ. Gödəniyyət çox vaxtı mənəviyyatı üstələyir. Neynəmək olar, bu bir gerçəklikdi.
   
   Gerçəklikdən incimək yox, onu qəbul etmək lazımdı. Mən də hər gün xəyalımda pıçıldayıb, duyğularımda həmsöhbət olduğum və bu söhbətləri də ağ vərəqə köçürdüyüm məqamlarda elə bil ki, bir az yerdən qopuram, bir az torpaqdan uzaqlaşıram, bir az ağacdan, bir az dənizdən, bir az adamlardan aralı dayanıb sənə yazıram:
   
   
   
   sənə bütün zənglərim
   
   və
   
   bütün söhbətlərim
   
   cavabı
   
   sadə olan
   
   amma çətin tapılan
   
   sualla yekunlaşır:-
   
   harda görüşək?
   
   
   
   bəlkə yüz ili keçib
   
   bəlkə də bircə anı
   
   bəlkə də qurumayıb
   
   təkrarlanan sualın
   
   ortada qalan qanı-
   
   harda görüşək?
   
   
   
   vaxtdan, zamandan kəsib
   
   dostdan, uşaqdan alıb
   
   gecə, gündüz bilmədən
   
   elə dilimdə qaıb
   
   ürəyimin səsi tək-
   
   durmadan təkrarlanıb:
   
   harda görüşək?
   
   
   
   mən bir sual əsiri
   
   sən vaxtının girovu
   
   kirpiyinin şehinə
   
   kirpiyimin qırovu
   
   pıçıldayır - taleyi
   
   gəl bölək, gəl bölüşək,
   
   söylə, harda görüşək?
   
   
   
   Hə, yəqin ki, bütün bu yazdıqlarımın hardan başlayıb, harda bitməsi sizin üçün bir az gözlənilməz oldu. Amma bir gerçəklik də var: - yaşamaq üçün yemək də lazımdı. Yəni gödəni ən azı mənəviyyatı yaşatmaq üçün qidalandırmaq zəruridi. Sadəcə qədərində və zamanında. Əks halda, görüş yeri olan bu dünya İNSANlardan çox, insancığazların umuduna qala bilər. Onda da heç kim heç harda görüşməyə tələsməz.
   
   

TƏQVİM / ARXİV