adalet.az header logo
  • Bakı 12°C

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
39567 | 2011-06-10 07:49
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   - 1-ci sual: Adətən yay mövsümlərində Bakıda su ilə bağlı müxtəlif problemlər yaşanır. Bu il də artıq istilər başlayıb. Su sarıdan çətinlikləriniz yaranıbmı?
   
   - 2-ci sual: Təqvimə görə hələ yay girməsə də artıq bəzi ərzaq və içkilərdən zəhərlənmə xəbərləri yayılır. Sizcə belə halları yaşamamaq üçün nə eləmək lazımdır?
   
   - 3-cü sual: Mənzilinizin təmirə ehtiyacı varmı?
   
   1. - Xanlar: (kafe işçisi) Düzünü desəm suyla bağlı problemimiz əskik olmur. Gündə, çox vaxtda günaşırı bizə su verirlər. Onu da ikicə saat. Su verilən vaxt çaşıb evdə olmasan, vəssəlam. Demək ən azı bir sutka susuz qalmalısan... Yox ey, mən sözbazlıq eləmirəm, axı ilin-günün bu vaxtı, paytaxtda mənzillərə iki saat su verilər? Camaat kosmosdan dəm vurur, biz hələ də 30-40 il bundan qabaqkı pronblemlərin içindəyik. Bəlkə düz demirəm, hə?..
   
   2. - Həqiqətən də belədi. O gün bizim uşaqlar bir yerdə yeyib-içiblər. Axşamı vəziyyətləri pisləşib. Yazıqlar "şlanq" udub səhərə qədər mədələrini yudurdublar. Vallah, belə şey olmaz. Hər kəs deyir ki, filan şeyi alanda ehtiyatlı olun. Ə kişilər, bu camaat necə ehtiyatlı olsun axı? Bazara gedən də özü ilə laboratoriya aparsın? Niyə bu zir-zibili buraxanların dərsini vermirlər ki?
   
   3. - Yüngülvari ehtiyacı var. Keçən il bir az əl-ayağımızı yığıb "remont" elətdirmişik. İnşallah bu bizə hardasa bir on il bəs eləyər. On ildən sonra da Allah kərimdi.
   
   1. - İlqar: (elektrik) Arada çətinliyimiz olur, amma deyim ki, bu problem səviyyəsində deyil. Düzdü, bizə qrafiklə su verirlər, amma evə "bak" qoydurmuşam. Su gələndə doldururuq, bizə bəs eləyir. Amma "postayannı" gəlsə lap bomba olar.
   
   2. - Gərək hökumət bu cür halların qarşısını alsın da. Camaat axı neyləyə bilər? Onsuz da hər il eşidirik, lap elə özümüz də görürük ki, nə qədər adam zəhərlənir... Nə bilim, vallah, harada qırıldı-qırıldı yaşayırıq da...
   
   3. - Otaqların hələlik elə də ehtiyacı yoxdur, amma mətbəxin təcili təmirə ehtiyacı var. Təmiz əldən çıxıb. Bir az imkan eyləyib gərək ona əncam çəkim.
   
   1. - Minirə: (satıcı) Sözün düzü, əvvələr var idi. Özü də lap çox. Amma bu il xeyli qaydasına düşüb. Yola veririk.
   
   2. - Onsuz da hər yay bu söhbətlər, bu çətinliklər yaranır. Hamı danışır. Amma bizdə belə problemlər olmur. Bizdə hər şey qaydasınca edilir. Lap istəyirsiz yoxlayın...
   
   3. - Belə köklü olmasa da var. Görürük ki, bəzi yerlərə əl gəzdirməsək, bir az sonra problem yaranacaq.
   
   1. - Sultanəli: (Qəbələ sakini) Bizim su sarıdan heç bir korluğumuz yoxdu. Həyət evində yaşayırıq, su həyətimizdədi. Bizim dərdimiz ayrı şeylərdəndir...
   
   2. - Keyfiyyətsiz mallardan heç danışmayın. Onlar camaatın axırına çıxıblar. İki ay əvvəl mağazadan 10 kilo şəkər tozu almışdım, içindən tay nələr şıxmadı? Belə şey olmaz axı. Yəni hökumətin o cür adamlara gücü çatmır bəyəm?.. Niyə qarşısını almır?..
   
   3. - Yoxdu. Olanda da özümüz hər şeyi eləyirik. Böyük oğlum özü ustadı, maşallah, əlindən hər bir iş gəlir. Yığışıb nə lazımdısa yoluna qoyuruq.
   
   1. - Gülmirə: (iş yerini söyləmədi) Çox şükür, bu ildən su məsələsi xeyli yaxşılaşıb. Əvvəllər çox korluq çəkirdik.
   
   2. - Düz deyirsiz. Keçən il qonşunun uşağı zəhərlənmişdi... Vallah, adam yaman qorxur. Neyləyək, yaşayırıq da bir təhər. Dükan-bazara gedəndə bilmirsən nəyi necə eləyəsən...
   
   3. - Var. Amma bir az pul düzəldib elətdirə bilmirik. İnşallah, imkan yaranan kimi təmir elətdirəcəyik. Təmtəraqlı olmasa da bir babat işlər gördürmək istəyirik...
   
   1. - Ağabala: (sürücü) Su məsələsini yerli-dibli həll eləmişəm. Həyətə üç tonluq bir "bak" qoymuşam. Bir dəfə doldururuq neçə gün bizə bəs eləyir. Amma istiyirsizsə alayı problemlərimi sadalayım. Qurtarmaq bilmir ki, bilmir... (gülür).
   
   2. - Müəllim, bu şey-şüyü dükan-bazara göndərənləri niyə gedib bir yoxlamırlar? Baxmırlar ki, bu adamlar nə ilə məşğuldurlar? İndi kimin bir azca imkanı var, mal buraxır. Bəzəkli etiketləri də yalandan yapışdırırlar üstünə, indi gəl baş aç, görüm mal girdirmədi, ya yox. Belələrinin bir-ikisini tutub damlasalar, o birilərinə də görk olar. Bir də belə qələtlər eləməz... Amma hanı?..
   
   3. - Şükür, babat elətdirmişəm. Amma qarajımda bir az görüləsi işlərim var. İnşallah onu da bu yaxınlarda qaydasına qoyacam. Vəssəlam...

TƏQVİM / ARXİV