adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SƏN iŞiNDƏ OL...

BABƏK YUSİFOĞLU
33163 | 2011-06-09 07:43
Futbol üzrə "Avropa Çempionatı-2012"-nın seçmə mərhələsində Qazaxıstana uduzub Bakıya dönəndən sonra Almanlarla qarşılaşacaqdıq. Srağagün qarşılaşdıq da. Üstəlik öz işimizi də yerinə yetirdik. Yəni nemeslərə də uduzduq. Düzü, mən iki şeydən çox narahat oldum: binincisi, düşündüm ki, birdən bu məğlubiyyətdən sonra Berti müəllim hirslənər, futbolçularımızın oyunundan narazı qalar, sonra da minər "samalyota" çıxıb gedər xarabasına. Onda bəs bizim millimizin halı necə olar? Gedib hansı ölkədən məşqçi gətirərik? Onsuz da hamını yoxlamadan keçirmişik.
   
   Vallah, bu fərasət ki, bizdə var, tay çətin ki, bura alayı məşqçi gəlsin. İkincisi də dedim, birdən onu çağırıb soruşarlar ki, sən Almaniyadan bura nədən ötrü gəlmisən? Millimiz səndən əvvəl də uduzurdu, sən gələndən sonra da. Uduzmaq uduzmaqdısa Diniyev işdən niyə çıxarıldı ki? Amma çox şükür ki, hər şey salamatçılıqla qurtardı.
   
   Əslində heç kim başqa şey fikirləşməsin, baş məşqçi sən demə oyundan əməlli-başlı həzz alıbmış. Bizimkilərin oyunundan yox, nemeslərin futbolundan. Həzzini mətbuata da bildiribmiş: "Bu gün Almaniya yığmasının oyunundan həzz aldım. Rəqibin gənc oyunçuları olsa da, əla çıxış etdilər. Onlar belə davam etsələr, Avropa çempionu olacaqlar". (Qol.Az). Vallah, düz sözə nə deyəsən. Çünki nemeslərin futbolu elə hamımıza ləzzət elədi. "Tem bole" almanlar Berti müəllimin yerliləridi.
   
   Elə öz futbolçularımızın da oyunu məşqçimizin xoşuna gəlib. İntəhası hamısı yox. Cəmi 30 dəqiqə. Bu 30 dəqiqə söhbəti yadıma millət vəkilimiz, qəzetimizin təsisçisi Aqil Abbasın bir təklifini xatırlatdı. Yadımdadı, millimizin məğlubiyyətlərinin birindən sonra Aqil müəllim demişdi ki, UEFA rəhbərliyindən xahiş eləmək lazımdı ki, bizim millimiz üçün futbol oyununun vaxtını 90 dəqiqədən yarım saata endirsinlər. Təklif çox gözəldi, amma mən inanmıram ki, dünya futbolunun rəhbərləri bu təkliflə razılaşarlar. Bizə qarşı yürüdülən ikili standartlardan həmişə əziyyət çəkmirikmi?
   
   Nemeslərin futbolundan həzz almasından heç də elə çıxmasın ki, Foqts bizimkilərin oyununa laqeyd qalıb. Əstəğfürullah. Berti müəllim həzz ala-ala arada bir bizimkilərə hirslənirmiş. Nemeslər birinci topu vuranda bir az narahat olub, sonra ikinci topu qapımızda görəndə narahatçılığı təkrarlanıb. 90 dəqiqə bitib və Berti müəllim gözəl hesablı məğlubiyyətin sevincini yaşamaq istəyirmiş ki, hakimin oyuna əlavə etdiyi dəqiqələrdə üçüncü top da qapımıza pərçimlənib. Bax, bu üçüncü topdan sonra bizim məşqçimiz bərk əsəbləşib. Nemeslərin də hirslənməyini bilirsiz də, dəhşət olur, Allah göstərməsin. Vallah, kim inanmır özü bilər, şəxsən mən əminəm ki, Berti Foqts bu cür əsəbləşəndən sonra rəqibin dərsini verəcəkmiş, sadəcə olaraq buna vaxt qalmayıb. İş tərs gətirəndə gətirir də neyləsin. Elə özü də hirsləndiyini gizlətməyib. Çox sağ olsun.
   
   Berti müəllim deyib: "Əlavə vaxtda qol buraxmağımız məni daha çox əsəbiləşdirdi. Artıq seçmə mərhələdə yeddinci qoldur ki, əlavə vaxtda buraxırıq. Bu, komandanın pis cəhətidir. Bu, təcrübəsizlikdən doğan konsentrasiya çatışmazlığından irəli gəlir. Biz bu məqam üzərində işləyirik. Söz verirəm ki, gələcəkdə belə hal baş verməyəcək". Bəli, çox sağ olsun ki, millimizin baş məşqçisi üçüncü topu qapımızda görəndə belə narahatçılıq keçirib. Keçirməsəydi neyləyərdik? Başımıza haranın daşını salardıq? Özü də hamının qarşısında söz verib ki, bundan sonra rəqibimiz kim olursa-olsun oyuna əlavə edilən dəqiqələrdə qapımıza bir top da olsa buraxmayacağıq. Kim qol vurmaq istəyirsə, canı çıxsın, əsas vaxtda vursun. Yoxsa, xamlayıblar bizi, bizim futbolçular oyunun əsas vaxtı qurtardığından arxayın olanda, fürsət yaxalayıb qapımızdan qol keçirirlər. Özü də heç Berti müəllimin nemesliyinə də hörmət qoymurlar.
   
   Əlavə edilən dəqiqələrlə bağlı möhtəşəm planlarından danışan Berti müəllimin dəyanətinə də, dözümlülüyünə də heyran qalmamaq olmur. O bütün oyunlarda (türk qadaşlarımızdan başqa) neçə illərdi uduza-uduza gələn millimizin sükanını buraxmayacağını deyib. Əslində bu hər baş məşqçinin işi deyil. Qapında hər oyunda çoxlu sayda qollar görəsən, rəngarəng məğlubiyyətlər yaşayasan, ünvanına bu qədər tənqidlər, sözlər deyilsin, amma sən vecinə almayasan. Dim-dik ayaqda durub, heç yerə getməyəcəyini bəyan edəsən. Bərəkəllah, Foqts. Beləcə möhkəm dur, heç nəyi vecinə alma, nə deiyiriksə-deyək, bu qulağından alıb, o birisindən vizıltıyla çıxar. Kefin istəsə deyilənləri heç qulağına da alma. Özü də AFFA ilə müqavilən var, kimin nə həddi var səni işdən çıxarsın. Maaşın da babatdı, şəraitində lyuksdu. Durub bundan sonra haraya gedəcəksən ki? Sən işində ol...

TƏQVİM / ARXİV