çAYA YAğIŞ YAğIRDI...

FAİQ QİSMƏTOĞLU
29898 | 2011-06-04 07:32
... Uşaqlıq dostlarım heç vaxt yadımdan çıxmır: Təbriz, Zülfüqar, Əsgər, Əhliman, Uğur, Bəhmən, Süleyman, Yavər, Dilavər... elə bir vaxt olmur ki, onlar ya yuxuma, ya da yadıma düşməsinlər. Bəzən illərin qanadında yenidən uşaqlıq dövrünə qayıdır, kəndimizin yolları ilə ayaqyalın-başıaçıq qaçır, sonra Quru çaya gəlir və doyunca çimirik... hətta Yavər və Dilavər qardaşları deyirlər ki, burda balıq var. Balığı tutmamış çaydan çıxan deyilik. Bir yay günündə bir də görürdün göy üzünü bulud aldı, qəfil yağan yağış bizi çayın içində tutdu. Heç onda da dünya vecimizə deyildi. Yağış yağmır, lap dolu yağsın, yenə bizi kimsə zor gücünə ordan - Quru çaydan çıxaran deyildi...
   
   ... Çayda çimib yaxşı-yaxşı qurulanardıq. Sonra da ya "Çalağaya", ya da "Şirəliyə" futbol oynamağa gedərdik. Futbolu da bir-iki saat oynamaqla kifayətlənməzdik. Günortadan gün batana qədər həmin meydançalarda top qovardıq. İçərimizdə ən cığalı bibim oğlu Təbriz idi. Amma onunla bir komanda da oynamaq bizə ləzzət eləyirdi. Çünki rəqib komandanın qapısından keçirmədiyimiz topu da çox mübahisələrdən sonra sübut eləyirdik ki, biz qol vurmuşuq. Rəqib komanda da onun dəmir məntiqi qarşısında aciz qalır və razılaşırdı. Bir dəfə də Yağlıvəndin yığma komandası ilə yarışda mən bir 11 metrlik vurdum, top qapının yanından keçdi. O vaxt da qapını iki dənə daşdan düzəldirdik. Yəni indiki kimi gözəl torlu futbol qapıları yox idi. Mən də 11 metrliyi vurdum, amma top qapıdan keçməyib düz həmin daşın üstündən ötdu. Təbriz bibim oğlu da qonşu komandaya sübut elədi ki, top onların qapısından keçib. Əlacları kəsilən qonşu komanda razılaşmalı oldu. Elə bu cığallığın hesabına da biz onları udduq...
   
   Ayaqyalın, başıaçıq kəndin yolu ilə o qədər o yan-bu yana gəzmişik ki?! Hətta gün batanda belə futbol oynamaqdan doymazdıq və evə gec qayıdardıq. Bunu da görən qonşumuz Gülüş kişi deyərdi ki, ay oğul, ay uşaqlar, görürəm, meydançadan evə qayıtmaq istəmirsiniz. Elə Sovet sədri Nuğaya deyin o futbol meydançasına bir işıq çəkdirsin və siz də səhərə qədər futbol oynayın. Bəlkə bundan sonra futbol oynamaqdan doydunuz. İmkan verin bir az da mal-qoyun oralarda otlasın. Yoxsa sizin əlinizdən qoyun-quzunu "Şirəliyə" çıxara bilmirik...
   
   Elə bil ki, hər şey dünən olub. Bu gün dünyada nə Gülüş kişi var, nə də bəzi uşaqlıq dostlarımız. Aramızda Əhliman da yoxdu, Süleyman da yoxdu, Bəhmən də yoxdu... Düzdür, onların yerində çox ağıllı, çox savadlı və çox tərbiyəli övladları var, oğulları onların çıraqlarını yandırır. Ancaq onlar nə Əhlimandı, nə Süleymandı, nə də Bəhməndilər...
   
   ... 4-cü sinfədək orta məktəbdə 4 a sinfində oxumuşam. Sonra elə olub ki, direktorumuz rəhmətlik Əvəz müəllim 4-cü sinfi bitirəndən sonra məni 5 b sinfinə göndərib. Ancaq mən o sinfə göndərilsəm də Təbrizə, Zülfüqara, Yavərə, Dilavərə, Əsgərə çox öyrəşdiyimə görə, bir müddət təzə sinfə gedə bilmədim. Dərs başlayanda elə 5 a sinfinə getdim. Onda da rəhmətlik Valeh müəllim dedi ki, oğul, sən yaxşı oğlansan, dərsə də yaxşı hazırlaşırsan, ancaq adın jurnalda getmir və məndən aldığın "5"-də jurnala yaza bilmirəm. Dərsə gəldiyimi eşidən direktorumuz, rəhmətlik Əvəz müəllim həmin sinfə gəldi və məni özü ilə götürüb 5 b sinfinə apardı. Gözlərimin yaşı qurumurdu, elə ağlayırdım ki, elə bir ətimi kəsirdilər. Zarafat deyil, 4 il oxuduğum və uşaqlığımız bir yerdə keçən dostlarımdan ayrılıb tanımadığım bir sinifə gəlirdim. Əvəz müəllim məni uşaqlara təqdim elədi və sonra da sinif rəhbəri Ənvər müəllimə üzünü tutub dedi ki, bu gündən bu uşaq sizin sinifdə oxuyacaq. Qoy ürəyi harda istəyir, gedib o partada əyləşsin. Mən də ürəyim istədiyi birinci partada əyləşdim. Hələ də göz yaşlarım qurumamışdı. Uşaqlar çoxu mənə təəccüblə baxırdı və istəyirdilər ki, az bir müddətdə ünsiyyət yaratsınlar, ürəyimdə olan niskili aradan qaldırsınlar...
   
   ... Birinci partada Yusif Namazovun yanında əyləşdim. İndi əyləşməyim, çünki bu yaxınlarda eşitmişəm ki, Yusif rəhmətə gedib. Təsəvvür edin, artıq bizim də yarpaq tökümümüz başlayıb. Bir müddət öncə Söhbət Səfərli rəhmətə getmişdi. Düzdür, biz rəhmətlik Söhbətlə bir sinifdə oxumamışdıq. O, "v" sinfində oxuyurdu, amma buna baxmayaraq, istedadlı uşaq olduğuna görə, onunla tez-tez görüşürdük. Məktəbin həyətində, elmi dərnəklərdə, yaradıcılıq gecələrində. Çünki rəhmətlik Söhbət Səfərli hekayələr yazırdı, yazdığı balaca-balaca hekayələri gətirib ilk dəfə dil-ədəbiyyat müəllimi Mətləb Kərimovun apardığı dərnəkdə oxuyardı. Bir dəfə də bir hekayə yazmışdı sonluğu çox bədbin qutarırdı. Mətləb müəllim də dedi ki, ay Söhbət, sənin hekayələrin mənim çox xoşuma gəlir, amma bir az sonluqları bədbin qurtarma. Çalış ki, hekayəni oxuyan oxucu axırda nikbin ovqatda olsun. Xülasə, Mətləb müəllim o vaxtı Vaqif Bəhmənliyə də, Söhbət Səfərliyə də, Şükür Şənola da və mənə də məsləhətlər verərdi. Bu məsləhətlərə qulaq da asırdıq və bəzən dinləmək də istəmirdik. Amma sonradan səhvlərimizi anlayır, onun dediklərinə əməl etməməyimizə peşmançılıq çəkərdik...
   
   Coğrafiya müəllimimiz Balaca müəllimin şirin, yumorlu və qeyri-adi hərəkətləri bu gün də yadımızdan çıxmır. O, bəzən adamı dərs bilməyəndə elə utandırırdı ki, bir şillə vursaydı ondan yaxşı idi. Deyərdi ki, bax, sən dərsini bilmirsən, pencəyinin düyməsini qıraram evə düyməsiz gedərsən. Dədən də soruşanda deyərsən Balaca müəllim qırıb və onda dədən biləcək ki, sənin düymən nə üstə qırılıb. Coğrafiyadan həmişə "5" alardım və sinfimizdə də yaxşı oxuyan uşaq uzaq başı 5-6 nəfər olardı. Biz də növbə ilə dərsi oxuyardıq, yəni növbəmiz çatmayanda dərsi o qədər də yaxşı oxumaz və bir təhər başa vurardıq. Bir dəfə "Çin xalq Respublikası" mövzusundan bəhs eləyən dərsdən "5" aldım və fikirləşdim ki, növbəti dərsdə Balaca müəllim məni çıxarmayacaq. Ona görə də özümdən arxayın halda əlimi böyük həvəslə yuxarı qaldırıb dərsi danışmaq istədim. Balaca müəllim isə çox sakit və təmkinli halda dedi ki, Hüseynov, bəlkə sən gəlməyəsən, başqası gələ. Çünki sən dünən dərs danışmısan. Təzədən təkid elədim, "Müəllim mən çıxım, mən çıxım..." - dedim. Sözün düzü, üzə düşmüşdüm, heç dərsi də yaxşı bilmirdim. Ancaq mövzunun adını bilirdim. Çıxdım yazı lövhəsinə mövzunun başlığını dedim və sonra da qaldım kəkələyə-kəkələyə. Balaca müəllim də dünyagörmüş ağsaqqal və son dərəcə ziyalı bir insandı. Ağzımı açan kimi bildi ki, mövzudan xəbərim yoxdur. Axı keçən dəfə "5" almışdım. Tam arxayın idim ki, "5" aldığıma görə və "növbə" mənim olmadığına görə dərs danışmağa çıxmayacam. Çıxdım və qaldım pis vəziyyətdə. Balaca müəllim də məni bu vəziyyətdən çıxardıb və dedi ki, görünür, Faiq xəstədir, ona görə dərsə hazırlaşa bilməyib. Yəqin bir də belə şey eləməz. Sözün düzü, Balaca müəllimin bu sözləri mənə güllə kimi təsir elədi və hiss etdim ki, müəllimimi aldatmışam. Bir daha dərsə hazır olmadan əlimi havada qaldırıb "Mən gəlim, mən gəlim..." - demədim...
   
   Sinfimizdə ən yaxşı oxuyan Gülbahar idi (O, Pedaqoji İnstitutun kimya fakültəsini bitirib və indi kəndimizdə kimya müəllimi işləyir. Özü də çox savadlı və ziyalı bir xanımdır). Gülbahardan sonra mən gəlirdim, məndən sonra Yusif Namazov, Gülyaz, Minə, Qənirə, Qədir... Qalanları da elə hərdən-bir dərsə hazırlaşardılar. Rəhmətlik Ənvər müəllim dərsini əlaçı oxuyanlara "əjdahalar" deyərdi və onu da deyərdi ki, bunların gələcəyinə çox böyük ümid bəsləyirəm. Amma Ənvər müəllim ümid bəsləsə də bizi başqa müəllimlərdən daha çox döyürdü. Sinfə iki ağac gətirirdi. Deyirdi bir ağacla dərsi bilməyən oğlanları, o biri ağacla isə qızları döyəcəm. Qızlara az-az ağac qaldırardı, amma bizi tez-tez zoğal ağacı ilə döyərdi. Ən çox da ipə-sapa yatmayan və sinfin tez-tez pəncərələrini sındıran, qışda sobasına nəsə basıb otağa tüstü dolduran Şiraslanı, Firqəti daha çox ağac altına salardı. Onlar da həddindən artıq döyüləndə bezər və deyərdilər ki, müəllim, gör, məktəbi qutarandan sonra sənin başına nə oyunlar açacağıq. Düzdür, biz müəllimlərimizin başına çox oyunlar açırdıq və bundan onlar asanlıqla çıxış yolu tapırdılar, amma həyatın bizim başımıza açdığı oyundan biz çıxış yolu tapa bilmirik. Elə o vaxt də müəllimlərimiz bizi ağacla ona görə döyürdülər ki, adam olaq. Eləmiz var adam olduq, eləmiz var adam ola bilmədik. Bax, ondan böyük dərd yoxdur. Müəllim həmişə istəyər ki, şagirdi savadlı və tərbiyəli olsun. Tay müəllim istəməz ki, onun şagirdi dünyanın altını-üstünə çevirib, ona-buna bir kəllə atsın və sonra da özü də kəllə-mayallaq olsun...
   
   ... 4-cü sinifdə oxuyanda ilk dəfə müəllimlik fəaliyyətinə başlayan Həqiqət müəllimə bizə dərs dedi. Gördük ki, bu müəllim heç də o biri müəllimlərdən deyil. Yəni Həqiqət müəllim hər birimizin xarakterini, xasiyyətini və boş damarını tapdı, ən zəif şagirddə belə oxumaq həvəsi oyatdı. Deyirdi ki, aranızda bir nəfər də pis oxuyan olmamalıdır. Həqiqətən də aramızda pis oxuyan olmadı. Sinfimizin yarısı əlaçı oldu, yarısı da yaxşı oxuyan. Deməli, hər şey müəllimdən və onun pedaqoji məharətindən asılı imiş...
   
   İllər ötdükcə hər şey dəyişirdi. Günlərin birində biz 9-cu sinifdə oxuyanda tarix müəllimimiz Məhər müəllim dedi ki, hazırlaşın, sizi Şuşaya ekskursiyaya aparacam. Biz də hazırlaşdıq və həmin günü səbirsizliklə gözlədik. Mayın 26-sı 1972-ci ildə Məhər müəllim bizi Şuşaya apardı. Amma Şuşaya getməmişdən öncə axşam məktəbdə gecələməli olduq. Çünki Füzuli şəhərinə gələn avtobus saat 6-da məkəbdən bizi götürməli idi. Biz də axşamdan məktəbə gəldik və orda özümüzə yer elədik. Amma yatmamışdan öncə məktəbin həyətindəki ərik ağaclarına gecəykən hücum çəkdik. Hərəmiz uzaq atamızdan, anamızdan meymun kimi bir ərik ağacının başına çıxmışdıq. Ərik yığmağımız bir yana, üstəlik də ağacın budaqlarını sındırıb yerə atır və istəyirdik ki, budaqlardakı əriklərin hamısını yeyək. Ağacların şaqqıltısına və səsinə məktəbin qarovulçusu xalaoğlu Tərxan gəldi. Onun gözü o qədər də yaxşı görmürdü. Amma ərik ağaclarının budaqlarını sındırılaraq yerə atılmasına heç cür dözə bilmirdi. Dişindən çıxan söyüşləri bizə yağdırırdı. Hərdən bir də deyirdi ki, köpək uşağı, sabah Əvəz müəllim qırılmış budaqları görəndə, mən nə cavab verəcəm?! Əvəz müəllimə də cavab vermək qarovulçuluq deyildi. Çünki o qədər zəhmli və o qədər ağır adam idi ki, hətta müəllimlər belə ondan qorxurdu. İndi o ki, qala xalaoğlu Tərxan ola?!
   
   ... Avtobus gəldi, məktəbi bitirən 10-cularla bir yerdə avtobusa əyləşdik. Vaqif Bəhmənli, Barat, Təbriz, Söhbət, Uğur, Dilavər, Yavər, Yusif... avtobusa mindik və bir neçə saatdan sonra Şuşaya çatdıq. Elə yol boyu Məhər müəllim bizə Şuşadan danışırdı. Xuramanın qayadan özünü necə yerə atmasını göstərdi. Sonra Molla Pənah Vaqifin məqbərəsini, Cıdır Düzünü və Şuşanın digər tarixi mədəniyyət abidələrini ziyarət etdik. Hər biri də qeyri-adi bir varlıq kimi yadımızda qaldı. Yadımızda qalan bir də Şuşada içdiyimiz İsa bulağının suyu və günorta yediyimiz borş oldu. O borşun dadı-tamı indi də damağımızdan getmir. Sinif yoldaşlarımızla görüşəndə Şuşa ilə yanaşı, İsa bulağı ilə bərabər həmin dadlı borş da yada düşür. Ondan sonra çox borş yemişik, amma heç birinin dadı o dadı verməyib. Uşaqlar deyir ki, Allah Məhər müəllimin ömrünü uzun eləsin, Şuşanı bizə 17 yaşında göstərdi. Sonradan uşaqlarımızdan eləsi var ki, heç Şuşaya getməyiblər və Məhər müəllimə onları Şuşaya apardığına görə, həmişə dua edirlər...
   
   ...Özüm də bilmədən xəyal məni düz 40 il bundan əvvələ- orta məktəb illərinə apardı. O illərə ki, indi onun həsrətini çoxlarımız çəkir, burnumuzun ucu göynəyir, həmin günlərə qayıtmaq istəyirik. Həmin günlərə isə qayıtmaq mümkün deyil. Sadəcə müəyyən xatirələri yada salmaqla, sinif yoldaşlarımı xatırlamaqla bir daha uşaqlıq illərini yenidən yaşadım. Heç özüm də bilmədim niyə uşaqlıq illərinə qayıtdım...

TƏQVİM / ARXİV