adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Səriyyənin ölümü

VƏSİLƏ USUBOVA
29377 | 2011-06-04 09:37
Yox, yox, ağlınız Səməd Vurğunun qəhrəmanına getməsin. Mənim Səriyyə xalam nə çadrasını atıb, nə də namərd əlilə qətlə yetirilib. Yaşı səksəni haqlasa da, bəlkə də ömründə çadra görməmişdi. Görsə də, o da kinolarda olardı. Rayonun qırağında xudmani bir həyət evində yaşayırdı. Düz mərkəzdə, gediş-gəlişin gur yerində bir çardağı vardı. Vaxtilə qastronom olmuş daş binaya bitişik. Bu balaca çardağın altında Səriyyə xala nələr satmırdı. Göy-göyərti, tərəvəz, yumurta, meyvə. Hava işıqlanar-işıqlanmaz bazara gedər, həyət-bacasının nemətlərini satmağa gətirən kəndçilərlə sövdələşib motosikl baqajı dolu malnan qayıdardı. Təkcə meyvəni bazardan almazdı. Özünün, qohum-qonşuların artıq meyvələrini gətirib satardı.
   
   
   
   ***
   
   
   
   Səriyyə xala hər barmağında on mərifət olan qadınlardan idi. Piştaxtasında öz əliynən bağladığı xiyar, pomidor, göyəm şorabası, duza qoyulmuş üzüm yarpağı, özünün çəkdiyi tomatlar müştəriyə "gəl-gəl" deyirdi. Yaxınlıqda yerləşən idarələrin işçiləri, həkimlər, müəllimlər, evdar qadınlar Səriyyə xalanın daimi müştəriləri idilər. Hamıya qayğı ilə, diqqətlə yanaşırdı. Kimin nə alacağını qabaqcadan bilirdi. Qəpik-quruş davası döyənləri sevməzdi. Gözü-könlü tox idi. Tərəzini çəkə-çəkə müştəridən xeyli hal-əhval tutardı. Bir dəfə də turş kəlmə dediyini eşitmədim. Ağzı dua ilə, alqışla açılırdı. Hamının yaxşı işinə sevinirdi, uğursuzluğundan kədərlənirdi. Amma heç vaxt naümid olmurdu. Başqalarına da bunu tapşırırdı. Allah gözəl Allahdı, deyirdi, sən istə, O, heç kəsi naümid qoymaz. Onunla söhbətləşəndən sonra qəlbində xeyli yüngüllük hiss edirdin. Adama elə gəlirdi ki, bu qadın ömür boyu nə pislik görüb, nə çətinlik çəkib. Sanki bütün işləri asanlıqla başa gəlib. Sifətində heç vaxt narazı ifadə görməzdin. İlin bütün fəsillərində açıq, təmiz havada olduğundan həmişə təravətli, gümrah görünürdü. Ömrünün ahıl çağında da rəng-rufu göz oxşayırdı. Payızın sazağında, qışın şaxtasında isti otaqlarımızda çiynimizə şarf, palto atmadan otura bilməyəndə Səriyyə xalamız açıq havada olurdu. Soyuq aylarda böyrünə neft maşınkası qoyur, üstündə çay dəmləyib, xörək qızdırırdı. Müştərinin azalan çağında elə oturduğu yerdəcə mürgüləyirdi. Belə vaxtlarda dayanıb ona baxmaqdan doymurdum. Bir dəfə də yaxınlaşanda gördüm papiros çəkir...
   
   -Bıy, Səriyyə xala, sən papiros çəkirsən?
   
   -Bəs nə?
   
   -Nə vaxtdan?
   
   -Lap çoxdan...
   
   -Niyə çəkirsən?
   
   Köksünü ötürdü:
   
   -Çəkirəm day...
   
   Yəni, bu nə sualdı verirsən?! Sən axı, bilməliydin. Elə özüm də sualımdan utanıb daha dinmədim...
   
   Onu tanıyandan ərsiz görmüşdüm. Deyilənə görə lap çoxdan dul qalıbmış. Yeganə oğlunu tək böyüdüb ev-eşik sahibi eləmişdi. Nəvələri, nəticələri vardı. Hamısının da ayrıca qayğısını çəkirdi. Bir də görürdün piştaxtasının üstündə bir balon təzə qatıq, göy-göyərti, meyvə səliqə ilə bükülərək zənbilə yığılıb. Bakıya gəlin gedən nəvəsinə pay göndərəcək Səriyyə xala.
   
   Bütün müştərilərinin xasiyyətinə bələddi. Elə bilirdin adamın cibini görür. Pulumuz azalanda bir az da rəhmli, həssas olurdu. Mənə qarşı xüsusilə diqqətli idi. Satdıqlarının qiymətini soruşanda həmişə ərklə acıqlanardı: "Əşşi, sənə nə var, neçəyədi? Nə istəyirsən götür, hamısı sənindi" deyərdi. Qəribə yumor hissi vardı. Hərdən onu qıcıqlandırmaqçın soruşardım:
   
   -Səriyyə xala, bunlar pulnandı?
   
   -Pullusu da var, pulsuzu da...
   
   Bu məntiqsizlik mənə xüsusi zövq verirdi:
   
   -Pulsuz da şey satarlar?
   
   -Nöşün satmırlar? Hamının həmişə pulu olmur ki,...
   
   Onunla dərdləşməyi sevirdim. Məsləhətlərinə ehtiyacım vardı. Hər sözü, hər kəlməsi adama rahatlıq, ruhi sakitlik bağışlayırdı. Elə bil ki, dünya binə olan gündən yer üzündə yaşayırdı. Yaxşını da görmüşdü, pisi də. Bu fani dünyanın çox işdəklərindən hali idi. Bəlkə ona görə qəlbən bu qədər rahat idi. Bəlkə heç rahat deyildi. Sadəcə olaraq "qarın süfrə deyil ki, hər gələnə açasan" prinsipinə əməl edirdi. İçindəki tufanlardan kimsənin xəbər tutmasını istəmirdi. Bilirdim ki, nə namaz qılır, nə də oruc tutur. Hava işıqlaşandan gün batanacan çöldə-bayırdı olan adamın əslində buna nə yeri, nə də imkanı var idi. Amma çoxlarından mömin idi. Qeybət qırdığını, paxıllıq elədiyini görən olmadı...
   
   
   
   ***
   
   
   
   Böyründəki qəssabdan süd alıb sərin qalsın deyə onun yanına qoyurdum. İki həftə idi ki, rayonda yox idim. Yerini boş görəndə elə də təəccüblənmədim. Belə hallar arada olurdu. Qohum-əqrəbada xeyir iş olanda, kimsə rəhmətə gedəndə bir-iki gün görünmürdü. Əlimdə süd butulkası onunla yanaşı oturan qadına yaxınlaşdım.
   
   - Səriyyə xala gec gələcək?
   
   - Səriyyə xalan ölüb ey, qızım...
   
   - Ola bilməz...
   
   Çox məntiqsiz söz dediyimin fərqinə varıb susdum. Amma düşündüyümü demişdim. Mən elə bilirdim ki, Səriyyə xala heç vaxt ölməyəcək...
   
   Deyirlər, çox rahat canını tapşırıb. Nə xəstə yatıb, nə də kimsəni incidib. Bütün ömür boyu elədiyi kimi. Özü yatağını düzəldib, üzü qibləyə uzanıb...
   
   Mənə elə gəlir ki, Səriyyə xala heç özü də öldüyünü başa düşməyib. Elə mən də bu xəbəri çox sakit qarşıladım...
   
   Yazın orta ayında budaqdan üzülən sapsarı, zərif yarpaq uçub-uçub dumduru suların qoynuna düşdü, sakitcə axıb getdi. Vəssəlam...

TƏQVİM / ARXİV