Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
29989 | 2011-06-04 07:32
(əvvəli qəzetimizin ötən şənbə sayında)
   
   
   
   Konqres Kitabxanası ilə tanışlıqdan sonra piyada gəzə-gəzə "Ağ Ev"in qarşısına gəlirik. Bu da ABŞ prezidenti Barak Obamanın oturduğu "Ağ Ev"...
   
   
   
   Bu evin yiyəsi hanı?..
   
   Və ya qəribə təsadüflər
   
   
   
   Bu gün Amerikanın dünya siyasətindəki yerini və çəkisini nəzərə alsaq, əminliklə demək olar ki, bütün ölkələrin taleyi bu binada həll edilir. "Ağ Ev"dəki odalarda hansı bir ölkə üçün ağ gün, digəri üçün isə qara gün yazılır.
   
   Hər binanın memarı olduğu kimi, "Ağ Ev"in müəllifi var. Bu orijinal tikili usta memarın əl işidi. İrland kökənli Ceyms Xoban bu layihəsinə görə qızıl medal da alıb. "Ağ Ev"in inşası 1800-cü ildə başa çatıb.
   
   Təsadüfə baxın ki, bu reportaj qəzetimizdə işıq üzü görən gün- iyunun 4-də "Ağ Ev"in qapıları ilk sahiblərinin üzünə açıq elan edilib. 1800-cü ilin məhz bu günü o zamankı prezident Con Adams həyat yoldaşı ilə bu binaya köçüb. Elə o zamandan ABŞ prezidenti seçilən şəxslər "Ağ Ev"də yaşamağa başlayıblar.
   
   1814-cü ildə şəhərə hücum edən ingilislər "Ağ Ev"in gününü qara edirlər. Bir il sonra amerikalılar prezidentin evini təmir edə bilirlər. Ötən əsrin ortalarında bina əsalı təmir olunur. Amma amerikalılar Ceyms Xobanın tarixi əsərinin xarici görünüşünə xələl gətirməyiblər.
   
   Vaşinqtona ayaq basan qonaqlar səfərlərinin məqsədindən asılı olmayaraq "Ağ Ev"i görməyə vaxt ayırırlar. Ona görə də "Ağ Ev"in qarşısına çatanda qələbəliyi görüncə təəccüblənmədik. Dünyanın müxtəlif yerlərindən gələn turistlər kimi bu məşhur binanın qarşısında şəkil çəkdirmək fürsətindən bolluca yararlandıq. Binanın qarşısındakı bağda dələlərin bu qədər ziyarətçinin arasında özlərini necə sərbəst hiss etdiklərinə maraqla baxdıq.
   
   Azərbaycandan gələn nümayəndə heyəti "Ağ Ev"in önündə gəzişəndə evin yiyəsi pəncərədən baxıb bizə əl etmədi. Bunun da iki səbəbi var idi. Birincisi, prezidentlərin oturduğu korpus "Ağ Ev"in hər gün ekrandan gördüyünüz binasının başqa qanadındadı. Həmin korpus elə inşa edilib ki, onu kənardan görmək mümkün deyil. İkincisi, Barak Obama həmin gün Vaşinqtonda deyildi. ABŞ prezidenti Nyu-Yorka getmişdi. Biz isə bundan ancaq axşam xəbər tuta bildik. Otel odamızda telekanallara göz atarkən Obamanın Nyu-Yorkdakı görüşlərini izlədik.
   
   Amma hələ otelə dönməmişik, Obamanın evinin qarşısındayıq. Yolu "Ağ Ev"ə tərəf düşənlər burada çadır quran qadını görməmiş olmazlar. Balaca çadırını müxtəlif fotolar və etiraz şüarları ilə bəzəyən bu qəribə qadın Amerika prezidentlərinin yeritdiyi siyasətə müxalifətdədi. Özü də düz 1981-ci ildən. Bu illər ərzində çox prezidentlər yola salıb. Növbə...
   
   
   
   ABŞ-ın da kasıb
   
   vaxtları olub...
   
   
   
   Vaşinqtonda daha bir maraqlı abidəni ziyarət etməyə dəyər. Bu, Birləşmiş Ştatların yaradıcılarından biri, ABŞ-ın müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə aparan Corc Vaşinqtonun xatirəsinə ucaldılan obeliskdi. Millət atası adlandırılan Corc Vaşinqtona bu ölkənin insanları sonsuz hörmət bəsləyirlər. Çünki məhz o, amerikalıların hərbi gücünü birləşdirməyə nail olub, ingilis ordusuna qalib gələrək ABŞ-ın müstəqilliyini təmin edib, prezident üsul-idarəsi qurub. Corc Vaşinqton 1789-cu ildə ölkənin ilk prezidenti seçilərək dövlətin inkişafına xeyli töhfələr verib.
   
   Milli Xiyabanın mərkəzindəki abidə Amerika xalqının Corc Vaşinqtona hörmətinin rəmzidi. Lakin bu abidəni tikmək amerikalılara asan başa gəlməyib. Bu gün nəhəng maliyyə qaynaqlarına görə bütün dünyaya meydan oxuyan Amerika obeliski tikmək üçün pul tapa bilməyib və abidənin inşası nə az, nə çox, düz 40 il çəkib.
   
   İlkin plana görə, abidə dairəvi formada yunan kolonnadası ilə əhatə olunmalı imiş. Amma bu çox baha başa gəldiyindən sütunları tikmək mümkün olmayıb. Paranın azlığından abidənin digər ölçüləri də qısaldılıb, proporsiyalar dəyişdirilib. 169 metr hündürlüyündə olan monument artıq illərdi ki, paytaxta xüsusi yaraşıq verir.
   
   
   
   Deputatın seçimi-
   
   Senatorla görüş,
   
   yoxsa alış-veriş...
   
   
   
   Proqrama uyğun olaraq paytaxt Vaşinqtonda daha bir rəsmi görüşümüz nəzərdə tutulub. Senator xanım Dian Feinşteinin köməkçisi ilə görüşümüz olmalıdı. Senatorların kabineti Konstitusiya prospektində yerləşdiyindən Kapitoliyanın Şimal tərəfinə getməliyik.
   
   Senatın hər ştatdan iki nümayəndə olmaqla 100 üzvü var. Onlar bu yüksək vəzifəyə 6 illiyə seçilir. 30 yaşına çatmış ABŞ vətəndaşı Senatın üzvü seçilə bilər. Təbii ki, seçilə bilsə.
   
   Hər senatorun müxtəlif sahələrdən məsul bir neçə köməkçisi olur. Azərbaycandan gələn qonaqları xanım senatorun beynəlxalq əlaqələrdən sorumlu köməkçisi Riçard Harper qəbul edir. Ölkəmiz haqqında cənab Haprerə məlumat vermək lazım gəlmir. Məlum olur ki, bir neçə il öncə senatorla Azərbaycana səfər edib, Bakını gəzməyə vaxt tapıb: "Azərbaycan və onun paytaxtı çox xoşuma gəldi. Bakıya baxanda dinamik inkişaf edən modern bir şəhər gördüm. Ölkəniz enerji resursları ilə bağlı nəhəng layihələr həyata keçirir və buna görə də təkcə regionda deyil, dünyada mühüm yerlərdən birini tutur. Azərbaycan turizmin inkişafı ilə bağlı da geniş imkanlara malikdi. Sevinirəm ki, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədə qurulub. Bu əlaqələrin daha da inkişafına çalışmalıyıq".
   
   "Açıq Dünya" proqramının dini tolerantlıq layihəsinə uyğun olaraq senatorun köməkçisinə Azərbaycanın bu sahədə qazandığı uğurlar barədə danışır, ötən ilin aprelində Bakıda keçirilən Dini Liderlərin Ümumdünya Sammiti haqında ətraflı bilgi veririk.
   
   Cənab Riçard Harperlə görüşdən qayıdarkən bizə təhkim olunmuş tərcüməçi xanım maraqlı bir hadisə danışır. Deyir ki, bir neçə il öncə Azərbaycan parlamentinin bir qrup deputatı ABŞ-a səfər edib. Proqrama görə millət vəkilləri senatorlardan biri ilə görüşə dəvət olunublar. Deputatlardan biri alış-verişə - "şopinqə" gedəcəyini əsas gətirərək həmin görüşdən imtina edir. Xanım deputat isə deyir ki, başım ağrıyır və senatorun qəbuluna yox, otelə qayıdır. Tərcüməçi xanım həmin iki deputatın Bakıya qayıtdıqdan sonra mətbuata verdikləri açıqlamaları internetdən oxuyarkən təəccüblənir. Hər iki deputat senatorla görüşdüklərini, Azərbaycan həqiqətlərini ona çatdırdıqlarını, xüsuslə ermənilərin Qarabağda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verdiklərindən ağız dolusu danışırlar.
   
   
   
   Vaşinqtondakı
   
   səfirliyimizin biganəliyi
   
   
   
   Axşam otelə dönürük. Təşkilatçılar xahiş edirlər ki, rəsmi geyimlərimizi dəyişməyə tələsməyək. Otelin restoranındakı şam yeməyini Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları ilə birgə yeyəcəyik. Xeyli gözlədikdən sonra restorana gənc oğlan və qız daxil olur. Təşkilatçılar onları qarşılayıb masa arxasına dəvət edirlər. Sonradan onların səfirliyimizin əməkdaşları olduğunu öyrənirik.
   
   Özlərini təqdim etməyə belə tənbəllik edən bu iki gənc yeyib-içəndən sonra otelin restoranını tərk edirlər. "Açıq Dünya" proqramının müxtəlif layihələri üzrə eyni gündə Vaşinqtona gələn 40 Azərbaycan vətəndaşı ilə bircə kəlmə kəsməyi, salamlaşmağı özlərinə rəva görmürlər...
   
   Diplomatlarımızın bu sayğısızlığına boş verib odalarımıza qalxırıq. Paytaxt Vaşinqtonda rəsmi görüşlərimiz başa çatdığından səhər Kaliforniya ştatına uçmalıyıq.
   
   
   
   (ardı növbəti şənbə sayımızda)

TƏQVİM / ARXİV