adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DüNYANIN TƏKƏRi

BABƏK YUSİFOĞLU
192707 | 2011-06-04 07:32

   
   Bəşəriyyətin bugünkü mərhələyədək inkişafı üçün milyonlarla il lazım gəldiyi kimi saysız-hesabsız kəşflər də vacib olub. Hətta mən deyərdim ki, bu tərəqqi üçün zamandan da çox məhz kəşfləri daha önəmli saymaq daha düzgün olardı. Və qeyd etmək lazımdır ki, bu gün bizə ən primitiv, ən kustar görünən nə varsa, çaxmaq daşının belə, daş uclu nizələrin belə düşünülüb tapılması, düzəldilməsi üçün on illiklər, hətta yüzilliklər sərf olunub. Belə demək mümkünsə, insanlıq bugünkü inkişaf mərhələsinə zərrə-zərrə irəliləyib.
   
   İndi istifadə etdiyimiz müasir vasitələrin heç vaxt fərqində belə olmuruq. Fərqində olmuruq ki, əcdadlarımız həmin nəsnələrin əldə edilməsi üçün neçə nəsil dəyişib, nə qədər ağır zəhmətlər sərf ediblər. Əlbəttə, indi həmin əşyaların, həmin dəyərlərin adlarını sadalamaq absurd bir şey olardı. Çünki onlar bizim hər tərəfimizdədi, hər anımızdadı. Onda bunları necə sadalamaq olar ki? Sadəcə indi onlardan biri, gündəlik həyatımızın hər santimetrində, hər yerində yararlandığımız, istifadə etdiyimiz vasitədən bəhs edəcəyik.
   
   Heç düşünmüsünüzmü təkər necə, harada, hansı zərurətdən yarandı? Müasir həyatımızı təkərsiz təsəvvür etmək mümkündürmü? Əlbəttə yox. Niyə düşünək ki?.. Lakin əslində onun da özünün bir tarixi var. Yalnız özünəməxsus tarixi...
   
   Təkərin yaranışının tarixi çox dərin qatlarına gedir. Onunla bağlı ilk məlumatlara bizim eradan əvvəl IV əsrdə rast gəlinir. Deyilənə görə, o ilk dəfə Mesopotamiyada meydana gəlib. Əlbəttə, ilk dövrlərdə onun indiki təkər kimi funksiyaları olmayıb. Sadəcə qədim insanlar təbiət hadisələri və təsadüflər nəticəsində yumru daşların necə dığırlandığını görmüşlər, sonradan onlara diqqət vermişlər. Və bundan başlayaraq təkərlə bağlı primitiv ideyanın rüşeymləri yaranıb. Daha sonra insanlar qaldıra, daşıya bilmədikləri ağır şeyləri yumru ağac kötüklərinin, daşların üstünə qoyaraq istədikləri yerə daşımışlar. Və bu əsrlər boyu belə davam etmişdir.
   
   İlk dəfə oxa bərkidilmiş yumru dairə, yəni müasir təkərin ulu babası qədim şumerlərə aiddir. Bu cür təkərlərin mövcudluğu çaylararası şəhər olan qədim şumer şəhəri Urukda aşkarlanmışdır. Belə ki, ilk dəfə bizim eradan qabaq 2700 il əvvələ aid olan araba rəsmlərinə təsadüf edilir. Bu cür şəkillərdən başqa, alimlərin apardıqları arxeoloji qazıntılar zamanı aşkarladıqları qəbirlərdə də bunula bağlı dəlillər tapılmışdır. Belə ki, bir sıra belə qəbirlərdə insan sümüklərinin yanında təkər qalıqlarına da rast gəlinir. Məlum olduğu kimi qədim şumerlər başçıları vəfat etdikdə onları bəzi əşyaları və gəzdikləri təkərli arabaları ilə birlikdə dəfn edirdilər. Onlarda belə təsəvvürlər var idi ki, rəhbərlərinin getdikləri dünyada bu miniklər mütləq onlara lazım olacaq. Məlumat üçün qeyd edim ki, bu cür qədim qəbirlərə Kişdə, Urredə və digər ərazilərdə də təsadüf edilib.
   
   Öz konstruksiyasına görə son dərəcə primitiv olduğuna görə, bu cür təkərlərin istifadəsi bir çox çətinliklər yaradırdı. Çünki bu təkərlər ağır, iri həcmli, keyfiyyətsiz idilər. Get-gedə onlar da təkmilləşməyə məruz qaldılar. Eramızdan 2 min əvvələ aidliyi ehtimal olunan minllərlə düzəldilmiş təkərlər meydana gəldi. Bu təkərlərin yaranması artıq böyük nailiyyət hesab oluna bilərdi. Çünki bu təkərlər yüngül, daha münasib idi. Metalın məişətə daxil olmasından sonra bir sıra metal alətlərlə yanaşı təkərlərin də yavaş-yavaş metallaşması prosesi başladı. Bu da təkərlərin uzunömürlü, davamlı, daha səliqəli dairəli olmasına şərait yaratdı. Çünki taxta və ya ağac təkərlər tez korlanır, səthi deformasiyaya uğrayırdı. Metal çevrəli təkərlər isə daha münasib idi və insanlıq uzun əsrlər məhz bu təkərlərin üzərində məişətini sürdürdü. Maraqlı bir məlumatı da qeyd edim ki, Rusiya ərazisində Vladimirovck vilayətində arxeoloji qazıntılar zamanı tapılmış, yaşı 25 min hesablanan təkər elə bir "model"li olub ki, onun harada, nədə istifadə edildiyini təyin etmək mümkün deyil.
   
   Əslində qədim təkərlərin yaranışı yalnız mənsub olduqları məlum funksiya ilə məhdudlaşmadı. Yəni yalnız təkər kimi istifadə üçün. Məhz təkər formalı vasitələr məişətin müxtəlif sahələrində də istifadə olunmağa başladı. Su dəyirmanları, ipliklərin əyrilməsində istifadə edilən cəhrələri, dulusçuluğu... bəhs etdiyimiz təkərlərsiz təsəvvür etmək mümkün deyil. Dənlərin üyüdülməsi üçün əl ilə işlədilən kiçik həcmli dəyirman daşlarını da üfiqi vəziyyətdə olan təkərlər hesab etmək olar.
   
   Təkər insanların həyatına, məişətinə daha çox daxil olduqca onun inkişafı, təkmilləşməsi də bir o qədər sürətləndi. Ilk yaranmış manifakturalarda, daha təkmil arabalarda, karetalarda, qala körpüləri üzərində qaldırılıb-endirilə bilən körpülərdə, əkin-biçin işlərində... bir sözlə bir çox yerlərdə təkər uğurla öz işini yerinə yetirirdi. Və bir qədər də zaman ötdükdən sonra dişli təkərlər (çarxlar) yaradıldı ki, bu da müxtəlif cür dəzgahların, istehsal sahələrin, müəssisələrin təşəkkül tapmasına gətirib çıxardı. Şinli təkərlər meydana gəldi. Təsəvvür edə bilərsinizmi, hətta kvadrat təkərlər də icad edildi ki, onlar dairəvi təkərlərdən fərqli olaraq qarlı, buzlu, dərin çala-çuxurlu yerlərdə daha etibarlı hərəkət qabiliyyətinə malik idilər. Məhz amerikalı A. Sfredd 1959-cu ildə bu kvadrat təkərə görə patent aldı. Onu da qeyd edim ki, bu cür təkərlər üzərində olan maşın saatda 60 km. sürətlə hərəkət edə bilir. Və belə demək mümkünsə, özü-özünün inkişafına güclü təkan olan təkər inanılmaz şəkildə inkişaf edərək müasir həyatımızın da ən vazkeçilməz hissəsinə çevrildi. Təkərin dünəni tarixdə qaldı.
   
   Hazırda bəşəriyyətin hər an yararlandığı TƏKƏRə əslində bir qədər fərqli baxsaq, bir az dərindən yanaşsaq, bu cismin elə ulduzlar sisteminin, planetlərin, zamanın, Yer kürəsinin özünün, canlı həyatın mövcudluğunun hərəkət troyektoriyasına bənzədiyinin şahidi olarıq. Bəli, hər şey təkər kimidir, hər şey elə təkər kimi dövr edir. Və əslində təkərin elə konstruksiyası sonsuzluq anlamını verir. Bənzətmə çox qüsurlu olsa da deyim ki, dünyanın özü belə təkərə oxşamırmı? Yəqin bütün bu məziyyətlərinə görədir ki, heç kim təkərin bir insan oğlu tərəfindən kəşf edildiyini deyə bilməz. Mən inanıram ki, o da bütün malik olduqlarımız kimi insanlara Uca Yaradan tərəfindən bəxş edilib....

TƏQVİM / ARXİV