ADINI DEYƏ BiLMiRƏM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28223 | 2011-06-04 07:32
Yenə başlayacaqlar məni qınamağa. Həm evdə, həm ətrafda dost-tanış qınaq ünvanı edəcək mənig yaşımı-başımı dilə gətirəcəkg ailə-uşağı dilə-dişə salacaqg bir sözlə, məni yazdıqlarıma peşman etməyə çalışacaqlar. Amma nə vaxtdan bəri içimdə rahatlıq verməyən, dincliyimi əlimdən alan bir mövzu hər həftənin sonunda özünü irəli atıb, kağıza-vərəqə köçürülmək istəyir. Mən isə onun ip ucunu tapa bilmədiyimdən birtəhər həftələri yola verirəm. Axır ki, tapdım o axtardığımı. Tapdım deyəndə ki, köməyimə aşıq Ələsgər gəlib-çatdı. Özü də lap vaxtında, vədəsində yetirdi özünü. Sanki üstümə gün doğdu, çiçəyim çırtladı və başladım onun məşhur qoşmalarından birinin iki bəndini təkrarlamağa:
   
   
   
   Adını çəkmirəm
   
   eldən ayıbdı,
   
   Filankəsin qızı
   
   filan oynasın!
   
   
   
   Bərəkallah, böyük ustad, min yaşa! Necə dəqiq və heç kimin tuta bilməyəcəyi, gözünün ovuna, könlünün ovçusuna "him-cim" eləmisəng işarə ilə qandırmısan kimin ortaya çıxıb sındıra-sındıra oynamalı olduğunu... boyuna baxıb, zövq almaq istədiyini, gözəlliyindən doymadığınıg xəyalından yatmadığını...
   
   Sənətkarlıq, ustadlıq bax budur. Adam oxuduqca elə bil sazın mizrabı onun ürəyinə toxunur, onun fikirlərini, onun səsini-sorağını həmin o ismi-pünhana çatdırır və bu pünhan sirr dillə dodağın arasından kənara çıxmır. Daha doğrusu, çıxır ey, amma bir ünvana üz tutur. Sözün sahibi onu göydə qamarlayır, qoymur ruhu incisin, qoymur ayağı toza bulaşsın... daşa dəysin... gözünün üstündə, ürəyinin başında saxlayır o sözü...
   
   
   
   Filankəsin qızı
   
   filan oynasın!!!
   
   
   
   Hə, bəlkə də bu, həm də bir ədəbi priyomdu, bir üslubdu, bir yaradıcılıq manerasıdı. Ola bilər. Böyük Aşıq Ələsgər məhz bu yolla sevənlərin sevgisini dilə gətirib, onların ismətini, abır-həyasını bir növü pərdəli şəkildə ifadə edib. Və bununla da böyük sevginin həm də müqəddəsliyini, paklığını, bakirəliyini, səmimiyyətini, ilahi bir vergi olduğunu ifadə etmiş olur. Aşiq nə qədər Məcnun olur-olsun, yenə Leylinin adını çəkmir, onun el içində qınaq yeri olmasına şərait yaratmır... gözləyir, qoruyur o adı da sevgi kimi... sevgini də uca tutur, müqəddəs bilir o ad kimi. Və beləcə, yalnız ürəyində pıçıldayıb gözdən, yad baxışlardan uzaq yerdə əks-səda verə biləcək bir pıçıltı ilə dilə gətirdiyi adı böyüdür ürəyində... böyüdüb ürəyi boyda edir. Amma o adı ondan başqa heç kim bilmir. Hətta onlar qovuşanda belə, birlikdə olanda belə o adı dilə gətirmək, o adı səsləndirmək onlar üçün bir həyəcan, bir təlaş, bir çaşqınlıq kimi hisslər yaradır. Başqalarının yanında özgələrinin eşidə biləcəyi bir səslə bir-birlərinin adını səsləndirməkdən, deməkdən çəkinirlər... çox qəribə hisslərdir.
   
   İndi bu sözləri bilgisayara diktə edərkən özümü cəmləyib onun adını yazmaq istədim. Amma bərkdən deyə bilmədim. Elə ürəyimdə həmişə dediyim şəkildə pıçıldadım o adı. Yəqin ki, yazını oxuyanda söhbətin kimdən, kimin adından getdiyini özü təxmin edəcək. Özü də təkcə bu mövzu bizim ikimizdən, bizim hamının yanında dilə gətirməyə qorxduğumuz, çəkindiyimiz adlarımızdan getmir, bütövlükdə hər kəsdən gedir. Ona görə də:
   
   
   
   Öpüb gözümün üstə
   
   Saxlamaq istəyirəm
   
   Öpdüyüm o əllərlə-
   
   Bağlamaq istəyirəm-
   
   Gözünü...
   
   
   
   Tellərini oxşayıb
   
   Sayım, sonra da hörüm...
   
   O tellərə dolaşmış-
   
   İstəyirəm ki, görüm-
   
   Özümü...
   
   
   
   Nəfəsinlə isinib
   
   Nazınla bədirlənim
   
   Qucağına sığınıb
   
   Səninçün sətirləyim-
   
   Sözümü...
   
   
   
   ***
   
   
   
   Bir kənarda dayanıb, gəlib-gedənləri gözdən keçirirəm. Və bu gəlib-gedənlərin hərəsinin öz görkəmi, öz nazı, öz ədası fikrimi qarışıq salmağa çalışır. Amma mümkün deyil. Çünki insan o vaxt fikrini dolaşdırır ki, ümidsiz, inamsız olsun. Bu mənada böyük inam yeri olan insanların varlığı həm də bir xilaskar mələk rolunu oynayır. Deyəsən rusların atalar sözüdür, nə vaxtsa oxumuşam. Onlar qoruyucu mələklər barəsində çoxlu maraqlı fikirlər söyləyiblər. Elə o vaxtdan da yaddaşımda ilişib qalıb. Hər dəfə məlum yerdə, məlum saatda dayanıb gəlişini gözlədiyim insanın addım səslərini yüzlərin addım səsləri içərisindən çox rahatca seçirəm. Elə bil, kimsə mənə onun gəldiyini, onun yaxınlaşdığını diktə edir, hətta barmağının işarəsi ilə göstərir də.
   
   İnanın ki, bunlar uydurma, fantaziya deyil. Sadəcə yaşadığım hisslərin məndə formalaşdırdığı bir qənaətdi, bir daxili inamın diktəsidi. Mən onun gəlişini o mənə çatmamışdan, o adamların, kütlənin arasında olanda belə uzaqdan görür, duyur, eşidirəm. Şükürlər olsun ki, bu inam əlimdən tutur, ürəyimə təpər, güc verir, həyata baxışımı formalaşdırır... özümün-özümə - ona güvəncimi artırır. Və mən də bu güvənclə perikən yuxulardan, qanadlı xəyallardan bir silsilə düzəldirəm, bir çələng hörürəm. Rəngbərəng, qeyri-adi olan bu çələng ancaq ona yaraşır, ancaq ona layiqdi.
   
   O isə hər dəfə özünəməxsus şəkildə bütün bunları qiymətləndirir, bütün bunlara isti bir təbəssüm bağışlayır və yalnız gözləri ilə mənim anladıqlarımı, duyduqlarımı deyir. Əslində onun dediklərini mən ondan xəbərsiz kağıza köçürürəm:
   
   
   
   yorğun görünürsən
   
   dayan
   
   dizini qatla
   
   otur...
   
   bir az nəfəs dər
   
   dincini al...
   
   mən də yorulmuşam
   
   dizimi qatlamayım
   
   amma
   
   diz çöküm
   
   qarşında
   
   əyim başımı...
   
   istəyirsən
   
   dincəlməyim üçün
   
   dizinin üstünə götür
   
   ya da
   
   başımı
   
   başdan sal...
   
   yol aşağı ötür-
   
   seçim özünündü
   
   sən dizini qatla
   
   otur
   
   mən diz çöküm!-
   
   sevginin önündə
   
   belədir
   
   ürəyimdən gələn
   
   hökm!...
   
   
   
   ***
   
   
   
   Bütün hallarda insan öz içərisini, öz daxili mənini, mənəvi dünyasını qısa bir müddətə gizlədə bilir. Bu da elə bir müddətdir ki, o bir an da ola bilər, bir saat da, qırx gün də. Çünki dil, gözlər, hərəkətlər daxilin, iç dünyanın nədən ibarət olduğunu sözsüz-səssiz ortaya qoyur, açıqlamalar, şərhlər verir. Ona görə də aldatmağın, aldanmağın ömrü qısa olur. Bu qısa ömrün acısı isə heç vaxt silinmir, unudulmur, yaddan çıxmır. Necə deyərlər, söz yarası sağalmır. Odur ki, düzlüyü, gerçəkliyi ortaya qoymaq, onu ifadə etmək daha doğru yoldur. Xüsusilə sevgidə... münasibətdə...ünsiyyətdə...
   
   İndi bütün bu bəlli duyğuları təkrar içimdən keçirə-keçirə öz-özümə düşünürəm ki, görəsən Məcnundan sonra Məcnun kimi sevən, Leylidən sonra Leyli kimi aşiq olan, Fərhaddan sonra Fərhad kimi Bisütun dağını çapmağa hazır olan bir kimsə varmı?! Ümumiyyətlə, bu hisslər öz aliliyini kimlərdəsə yaşadıb nəsillərə ötürə bilirmi? Deyəsən sual qəliz oldu. Amma doğrudan da maraqlıdı. Görəsən, elə bizim aramızda, bizim ətrafımızda kiminsə Məcnun sevgisi, kiminsə Leyli aşiqliyi yaşayırmı?..
   
   Hə, bu qəliz suallarla kimlərinsə kefinə soğan doğramaq istəmirəm. Çünki mən internet çatlarından tutmuş, bulvar və telefon sevgilərinə qədər bütün "sevgilərin" mövcud olduğu indiki dünyaya az-çox bələdəm. Və bilirəm ki, bu sevgilərin ömrü də elə o mesajların, o bulvarda keçən vaxtın özü qədərdi. Necə deyərlər, telefon düyməsinə əlin toxunur, mesaj silinir və sevgi də başa çatır. Növbəti nömrəni yığırsan, növbəti mesajı göndərirsən və yenə hər şey təkrarlanır... Bax, burda Füzuli dərd əlindən dağa çıxır... bax, burda Məcnun dünyaya qarşı üsyan edir... bax, burda Kərəm od tutub yanır. Çünki bu günün həmin o, oyun sevgiləri, əyləncə duyğuları məhz böyük sevgilərə kölgə salır, onları alçaldır, onları gülüş yerinə çevirir. Faciədi bu - dözülməyən, yazılmayan bir faciə.
   
   Hərdən kimlərsə məndən sevgi şeiri istəyir. Əvvəl onun özünə baxıram, istəyini, ifadə formasını içimdən keçirirəm, gözlərinin dibindəki yazıları oxumağa çalışıram və sonra birtəhər yola verirəm. Çünki sevgi şeiri istəyənin sevgi ruhu yoxdu, o əyləncə axtarır. Sevgi şeirləri əyləncədən yaranmır axı, başına dönüm! Sevgi şeiri ürəyin, odu, alovu, hətta ürəyin özüdü! Ona görə də həmin sevgi şeirlərinin səhifələrini çevirə-çevirə pıçıldayıram:
   
   
   
   elə bil yuxuluyam-
   
   anışdıra bilmirəm...
   
   üzümə bir qız baxır-
   
   danışdıra bilmirəm...
   
   
   
   dilimin açarını
   
   necə aldı əlimdən?!
   
   gündüz çıxan Ay idi-
   
   gecə, aldı əlimdən...
   
   
   
   söz uçdu kəpənək tək
   
   canım qaldı yanında...
   
   bu qızdı, yoxsa çiçək-
   
   baxır mələk donunda!
   
   
   
   mən yuxulu, sehrli
   
   o qız susur, qımışır...
   
   ürəyim gedir əldən-
   
   gözlərim də qamaşır...
   
   
   
   Hə, bir adı çəkmək, bir adı hər kəsin eşidə biləcəyi şəkildə dilə gətirmək o qədər də çətin deyil. Əgər o adın çəkisini, o adın verdiyi mənanı, o adın sənə bağışladığı həyatı qiymətləndirə bilmirsənsə... Yox əgər sən özünə və ona, eləcə də ona və sənə aid olan bir dünyanın sakinisənsə, o dünyada ad çəkməyə ehtiyac yoxdur. Baxışlar, duyğular, hərəkətlər, bir sözlə, sevginin özü hər şeyi elə sevgi notları ilə deyəcək, ifadə edəcək. Sadəcə dinləmək, qulaq asmaq lazımdı...
   
   
   
   

TƏQVİM / ARXİV