adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
52597 | 2011-06-03 07:24
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ
   
   SUALLAR:
   
   
   
   - 1-ci sual: Bu gün dünya internetsiz keçinə bilmir. Siz və ya ailə üzvləriniz internetdən istifadə edirsinizmi?
   
   - 2-ci sual: Satışda olan çörəyin keyfiyyətindən razısınızmı?
   
   - 3-cü sual: Evinizdə bədii, yaxud elmi ədəbiyyat vardırmı?
   
   
   
   1. - Firudin: (ərəb dili mütəxəssisi) Çox düz deyirsiz. Bu gün dünya internetsiz keçinə bilməz. Kompüter insanların həyatına elə daxil olub ki, indi əksəriyyət onsuz özünü təsəvvür edə bilmir. Özümlə bağlı deyim ki, hər gün internetdən istifadə edirəm. Həm öz işimlə əlaqədar, həm də informasiya oxumaq xətrinə.
   
   2. - Əvvəlki vaxtlar çörəyi çox bərbad vəziyyətdə bişirirdilər. İstifadə etdikləri un da siz deyən keyfiyyətdə olmurdu. Bərəkətinə qurban olum, çörəyi elə satırdılar ki, yemək mümkün olmurdu. Amma son vaxtlar keyfiyyəti xeyli düzəlib. Mənə elə gəlir ki, çörəklə məşğul olanlar dini-imanı heç yaddan çıxarmamalıdırlar, axı çörək müqəddəs nemətdir, bərəkətdir.
   
   3. - Var. Evdə bədii ədəbiyyat da var, elmi kitablar da. Əsasən tərcümə və elmi kitablar çoxdur. Çünki onlar mənim tez-tez istifadə etdiyim kitablardı. Son illər böyük oğlum da onlardan istifadə etməyə başlayıb. O ali məktəbdə, ikinci kursada təhsil alır.
   
   1. - İsrafil: (müəllim) Nə mən, nə yoldaşım siz deyən internetdən istifadə eləmirik. Əsasən evdə uşaqlar onunla məşğul olurlar. Əslində elə o da bizə əlavə bir başağrısı gətirib. İldə üç-dörd dəfə kompüter xarab olur, onu sürüyüb aparırıq ustaya.
   
   2. - Nə deyim... Bəzən görürsən yaxşı bişirirlər, bəzən də görürsən ki, alıb gətirdiyin çörəyi yemək mümkün deyil. Şəxsən mən özüm neçə dəfə satanlarla "spor"laşmışam. Amma nə xeyri var, yenə öz işlərindədirlər. Gərək bu çörəyi bişirənlərin bir ikisini ciddi cəzalandırsınlar ki, bir dəfəlik hamıya görk olsun, yoxs düzələsi deyil.
   
   3. - Var.
   
   1. - Adını söyləmədi: (gözəllik salonunun işçisi) İndi yoxdu. Çünki mən internetlə nə maraqlanıram, nə də ona vaxtım var. Amma oğlum yalvarıb-yapışmışdı, almışdıq. Sonra gecə-gündüz o zəhrimarın dalından durmadı. Dərslərini də axsatdı. Nə qədər illah elədik, düzəlmədi. Axırda atası da hirsləndi, aparıb satdı kompüteri... İnşallah 11-cidə oxuyanda alarıq. Qoy hələ dərslərini oxusun...
   
   2. - Bərəkətinə qurban olum, hərdən yaxşı bişirirlər, hərdən də pis. Camaat da neyləsin, məcburdu alsın. Niyə belə işlərə nəzarət eləmirlər, bilmirəm.
   
   3. - Xeyr, uşaqların dərs kitablarından başqa bizdə kitab yoxdu. Neyləyək? Yoldaşım sürücüdü, mən də belə... Kitab lazım olmayıb.
   
   1. - Telman: (ekspeditel) Yox, müəllim, internet nə mənlikdi, nə də yoldaşımlıq. Uşaqlar da hələ balacadı. Heç kompüterimiz də yoxdu. Hələ almaq fikrimiz də yoxdu. Gələcəkdə baxarıq...
   
   2. - Nəzər dəyməsin, pis deyil.
   
   3. - Yox, canım. Bizdə kitab-filan yoxdu. Çünki oxuyan yoxdu. İnşallah uşaqlar böyüyər, alaram. Əslində istəyirəm ki, uşaqlarım böyüyəndə mənim kimi savadsız olmasınlar, oxusunlar. Bir işin qulpundan tutsunlar.
   
   1. - Südabə: (iş yerini söyləmədi) Yox. Vallah, mən heç dəqiq bilmirəm ki, o nə olan şeydi. Üç uşağı təkbaşına böyüdürəm. Ataları beş il qabaq rəhmətə gedib. O qədər problemimiz var ki, başımızı qaldırıb ətrafımıza baxmağa macal da tapmırıq.
   
   2. - Düzü, satışda olan çörəkdən çoxdandı xəbərim yoxdu. Çünki evdə bişirirəm. Hər gün mağazadan çörək almaq bizə sərfəli deyil. Un alıram, evdə bişirirəm. Qurban olum uşaqlarıma, onlar da gücləri çatandan mənə kömək eləyirlər.
   
   3. - Evdə uşaqların ancaq dərs kitabları var, ayrısı yoxdur. Bizim dərd-sərimiz ucbatından yazıq uşaqlar da düz-əməlli oxuya bilmədilər. Böyük oğlum orta məktəbi təzəlikcə qurtarıb. İki aydı binamızın yanında bir sex var, orda fəhlə işinə düzəlib... Bizim kitablıq halımız, günümüz var? Kitabı imkanı, şəraiti olanlar oxuyar.
   
   1. - Qulaməli: (rəngsaz) (gülür) Mənim internetim də-minternetim də bu "kraskalardı". Elə şeylər boş vaxtı olan adamlar üçündü. İmkanı olub, kompüter alanlar üçündü. Bizlik döyül. İnternet mənim nəyimə lazımdı ki? Onunla məşğul olub pul qazanası deyiləm ki...
   
   2. - Çörəyi biz mağazadan almırıq. Mən hər ay bir tay un alıram, arvad evdə bişirir. Belə ucuz başa gəlir. Keyfiyyəti də yaxşı olur... Öz aramızdı, indi mağazada satılan malların hansı keyfiyyətlidi ki, çörək keyfiyyətli olsun?...
   
   3. - (başını bulayır) Beşinci sinifdə oxuyan bir oğlum var. Evdə onun kitab-dəftərindən başqa heç bir kitab yoxdur... Bu biri əlifbanı heç düzgün oxuya da bilmirəm...

TƏQVİM / ARXİV