adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2015 13:53
64463
RUBRİKA
A- A+

“Ən böyük problem məşğulluq – işsizlik problemidir”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə rubrikamızın bugünkü qonağı 114 saylı Şəki kənd birinci seçki dairəsindən olan millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidir.

-Əli müəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Biz öz deputat fəaliyyətimizi Konstitusiyamız və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsaslanan seçki platformamıza uyğun həyata keçiririk. Fəaliyyətimizdə Milli Məclisdə qanun yaradıcılığı prosesində fəal iştirak etmək, Şəki rayonundan seçildiyimiz dairənin problemlərinin Milli Məclisdə və kütləvi informasiya vasitələrində qaldırmaq, seçicilərin problem və müraciətlərinin yazılı və şifahi şəkildə aidiyyəti orqanlara çatdırmaq və onların müsbət həllinə nail olmaqdan ötrü əlimizdən gələni etmək, mətbuatla daim təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik prizmasından münasibət bildirmək, Milli Məclisdə seçicilərimizi, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etmək və s. bu kimi istiqamətlər əsas yer tutur.

Platformamızda öz əksini tapan həmin istiqamətlərdə müəyyən işlər görə bilmişik. Bu baxımdan deputat fəaliyyətimi şərti olaraq 3 kateqoriyaya bölmək mümkündür:

Birinci qəbildən olan məsələlərə deputatın Milli Məclisdə birbaşa fəaliyyəti aiddir ki, burada əsas hədəflər plenar iclas və komitə iclaslarında qanun yaradıcılığı prosesində fəal iştirak etməkdir. Bununla yanaşı seçicilərin problemlərinin qabardılaraq, onların həlli yollarına dair səmərəli təkliflərin verilməsidir.

Deputat kimi fəaliyyət göstərdiyimiz dövr ərzində həm komitə, həm də plenar iclaslarda kifayət qədər fəal ola bilmişik. Həm seçicilərin problemlərini və sözünü, həm də bütövlükdə cəmiyyəti narahat edən ictimai-siyasi problem və məsələlərlə əlaqədar olaraq şəxsi mülahizə və təkliflərimizi səsləndirmişik. Bizim qanun yaradıcılığı sahəsindəki işlərimiz Azərbaycanda çoxlarına məlumdur. Milli Məclisdə və mətbuatda Sovet dövründən qalma əmanətlərin qaytarılması məsələsinin ən çox biz gündəmə gətirirdik. Bununla əlaqədar olaraq biz deputat həmkarım Vahid Əhmədovla birlikdə Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsü subyektlərindən biri olaraq fəaliyyət dövrümüz ərzində "Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinə təzminat ödənilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nu hazırlamışdıq. Bu məsələni tez-tez Milli Məclisdə qaldırdıq, aidiyyəti hökumət strukturları ilə çox rasional fikir mübadilələrimiz oldu və bu istiqamətdə əlimizdən gələni etdik. Xüsusi Prezident Fərmanı ilə sovet dövründən qalma əmanətlərin qaytarılması Azərbaycan Prezidentinin bu ciddi problemin həllində xüsusi qeyd olunmalı xidmətləri sırasında önəmli yer tutur. Eyni zamanda bu problemin rasional həlli həm də hakimiyyətin qanunverici və icraedici qollarının fəaliyyətinin effektli koordinasiyasının yaxşı nümunəsidir. Bundan əlavə "Təhsil kreditləri haqqında Azərbaycan Respublikası Qanunu” layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Eyni zamanda "Reklam haqqında” Azərbaycan Respublikası Qanunu layihələrini yenidən hazırlayıb Milli Məclisin Aparatına təqdim etmişik.

Mövcud qanunlara əlavə və dəyişikliklər istiqamətində də xeyli iş görə bilmişik. "Azərbaycan Respublikasının Rəqabət "Şəhərsalma və Tikinti Məcəllələrinin, eləcə də "Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nun təkmilləşdirilməsi məqsədilə geniş təkliflər paketi ilə çıxış etmişik. Düşünürük ki, qanun yaradıcılığı prosesinin vacib tərəflərindən biri də hazırlanmaqda olan və ya qüvvədə olan qanunvericilik aktlarına müxtəlif sosial qruplardan olan əhalinin geniş kütləsinin əlyetənliyinin təmin edilməsi və onlarla hüquqi maarifləndirmə işinin təşkilidir. Bu məsələdə rəhbəri olduğumuz İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun fəaliyyəti xeyli bizə yardımçı olur. Məhz İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun xətti ilə də deputat fəaliyyətimizə fayda gətirən əlavə işlər də görürük. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətin olduqca ciddi tədqiqatlar aparırıq. Son üç il ərzində iqtisadi, hüquqi, sosial sahələri əhatə edən araşdırmalarımızın konkret nəticəsi olaraq 3 kitab institutumuz tərəfindən nəşr edilərək ictimaiyyətin müzakirəsinə təqdim edilib.

Deputat fəaliyyətinin əhatə etdiyi fəaliyyət çərçivəsində vətəndaş və soydaşlarımızla münasibəti ikinci kateqoriya kimi qeyd etmək olar. Sual oluna bilər ki, nə üçün burada biz ənənəvi olaraq digər həmkarlarımızın və media nümayəndələrinin qeyd etdiyi kimi, "seçicilərlə təmas” yox, "vətəndaşlarla, soydaşlarımızla təmaslar” ifadəsini işlədirik? Çünki deputat kimi bizə olunan müraciətlərin 80 faizindən çoxu seçildiyimiz Şəki rayonundan yox, Bakıdan və Azərbaycanın digər regionlarından gələn məktub və müraciətlərdir. Deputat kimi fəaliyyət göstərdiyimiz müddətdə biz seçicimiz olub-olmamasından asılı olmayaraq bizə müraciət edən hər şəxsin probleminə diqqət göstərməyə, onun həllinə öz töhfəmizi verməyə çalışmışıq. Ofisimizin fəaliyyətinin təşkili zamanı qarşıya qoyulan əsas vəzifə, təkcə təmsil olunduğumuz dairənin problemləri ilə maraqlanmaq yox, bütün ölkə insanının problemlərinin səmərəli həllinə dair təkliflərin hazırlanması, həll yollarının optimal modellərinin tapılması olmuşdur. Bizə olan müraciətləri nəzərə alaraq ipoteka şərtlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb mətbuat vasitəsilə dəfələrlə aidiyyəti orqanlara müraciət etmişik. Milli Məclisdə İpotekanın regionlarda tətbiqinin genişləndirilməsi və eləcə də "Sosial Evlər” barədə verdiyimiz təkliflər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, müavinətlərin, xüsusən də əlillərin müavinətlərinin artırılması məsələləri də bizim çıxışlarımızda mühüm yer tutur.

Bizə edilən müraciətlərin sayı minlərlədir və müraciət edən şəxslər arasında həm də xaricdə yaşan soydaşlarımızda vardır ki, bu da təbiidir. Çünki dünyada yaşayan 50 milyona yaxın azərbaycanlıların yeganə dövləti Azərbaycan Respublikasıdır ki, biz millət vəkilləri də onların problemlərinə daim diqqət göstərməyə borcluyuq.

Deputatlıq fəaliyyətinin 3-cü kateqoriyası kimi, Parlament nümayəndə heyətlərimizin təmsil edildiyi beynəlxalq təşkilatların tərkibində beynəlxalq fəaliyyətdir ki, biz GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi artıq uzun illərdir ki, həmin quruma üzv olan və həmin qurumla tərəfdaşlıq edən müxtəlif ölkələrdə keçirilən çoxsaylı tədbirlərdə iştirak edərək, müxtəlif məsələlərə dair məruzələr etmişik. Bir sıra ölkələrin parlament qruplarının üzvü kimi səfirliklərin təşkil etdikləri tədbirlərdə, eləcə də xaricdə bir sıra beynəlxalq konfrans və digər tədbirlərdə iştirak edirik, məruzələr, təqdimatlar, çıxışlar edirik, Azərbaycanı təmsil və təbliğ edirik. Xarici ölkələrdəki tədbirlərdə iştirak zamanı işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsi tələbinin əsaslandırılması məruzə və çıxışlarımızın əsas xətlərindən birini təşkil edir.

Dünya iqtisadiyyatında gedən proseslər və onun Azərbaycan iqtisadiyyatına təsiri, eləcə də ölkəmizin, xüsusən də regionların sosial-iqtisadi həyatının aktual problemlərinə dair televiziya kanallarında, elektron informasiya portallarında və digər kütləvi informasiya vasitələrində müsahibə və məqalələrlə çoxsaylı çıxışlarımızı davam etdiririk və imkan düşdükcə həmin məsələləri dairəmizdəki problemlərlə əlaqəli təqdim edirik. Bir sözlə, sözügedən istiqamətlərdə harda olduğumuzdan asılı olmayaraq Azərbaycanı, Parlamenti və seçiciləri layiqincə təmsil etməyə çalışırıq....

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

- Əslində vətəndaşımızın ən xırda bir probleminin həllinə yol açan istənilən məsələnin həlli bizi sevindirir. Bununla belə həlli ən çox bizi sevindirən problemlərdən biri Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin qaytarılması məsələsinin həllidir. Çoxlarına məlumdur ki, sovet dövründən qalma əmanətlərin qaytarılması məsələsinə dair qanunvericilik sənədləri paketini biz hazırlayıb Milli Məclisə təqdim etmişdik. Doğrudur, qeyd etdiyimiz kimi, sovet dövründən qalma əmanətlərin qaytarılması xüsusi prezident fərmanı ilə həyata keçirilsə də, Milli Məclis səviyyəsində bu məsələnin hüquqi bazasının yaradılması və təqdim edilməsi bizim adımızla bağlı olduğundan, bu problemin hansı variantda həll olunmasından asılı olmayaraq, onun reallaşması bizi sevindirir.

Seçildiyimiz dairəyə gəldikdə isə Şəki kəndlərində məktəb, tibb ocaqları, körpülərin tikintisi, kənd yollarının yenidən qurulması, ləng də olsa, kəndlərin qazlaşdırılması istiqamətində atılan addımlar bizi sevindirir. Xüsusən də dəfələrlə qaldırdığımız, lakin bütün səylərimizə rəğmən ölü nöqtədən tərpədə bilmədiyimiz Şəki rayonunun kəndlərinin qazlaşdırılması məsələsində son iki ayda olan irəliləyişlər bizi çox sevindirir. Kənd yollarının yenidən qurulması istiqamətində görülən işlər də sevindiricidir. Kəndlərdə məktəb tikintisi üzrə investisiya proqramına saldırmağa nail olduğumuz yerlərdə məktəblər tikilib və bu iş davam edir.

Bizim təkliflərimiz əsasən də Vergi Məcəlləsində olan dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsində həmkarlar təşkilatının rolunun artırılmasına dair təşəbbüsümüz və sairin reallaşması təbii ki, bizi sevindirir.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Bizim seçicilərimiz Şəki ilə əlaqədar olsa da, hesab edirik ki, onlar ölkə vətəndaşının bir hissəsi olmaqla, hər birimizin həll olunmamış ən böyük problemi işğal edilmiş torpaqlarımızla bağlıdır. Ümid edirik ki, getdikcə güclənən Azərbaycan timsalında biz bu problemin həllinə nail olacağıq və ən böyük arzumuzu gerçəkləşdirəcəyik.

Digər məsələlərə gəldikdə isə həm deputat kimi təmsil etdiyimiz dairədə, həm Milli Məclisdə, həm də İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun ofisində qəbullar keçiririk. Seçicilərlə görüşür, onların problemlərinə dair aidiyyəti orqanlara müraciətlər edirik. Vətəndaşlarımızı narahat edən ən böyük problem məşğulluq – işsizlik problemidir. Regionlarda yeni iş yerlərinin açılması və onların davamlı fəaliyyətinin təmini insanlarımızın rifah halının yaxşılaşdırılması və layiqli həyat şəraitinin təmin olunması baxımından olduqca vacibdir. Digər problemlər sırasında bu gün kənd təsərrüfatı ilə, təhsil və səhiyyə işinin təşkili ilə, su-kanalizasiya sistemləri şəbəkəsinin genişləndirilməsi ilə, qaz, enerji təchizatı ilə, ən əsası isə elektrik təsərrüfatının yenilənməsi ilə bağlı bir sıra problemlər qalmaqdadır. Sonda səsləndirdiyimiz məsələ ilə bağlı biz istər mətbuat vasitəsi ilə, istər Milli Məclisdəki çıxışlarımızda və həm də "Azərenerji” ASC-yə göndərdiyimiz məktublarda Şəki kəndlərinin timsalında regionlardakı enerji təchizatı sahəsindəki problemləri vaxtaşırı qabartmışıq. Şəkinin Dəhnələr, Göynüklər, Oxud və onlarla digər kəndinin timsalında "Azərenerji” ASC-nin rəhbərinə və onun yerli qurumuna dəfələrlə müraciət etmişik. Milli Məclisin iclaslarında bu məsələni qaldırmışıq ki, kəndlərdə elektrik enerjisi ilə təchizat hava şəraitinə adekvat deyil, pis vəziyyətdədir. Kənd yerlərində bir balaca külək əsən kimi köhnə dirəklər aşır, yaxud da yağış olan kimi işıq verilməsi dayandırılır. Buna baxmayaraq çox təəssüf ki, indiyəcən əhalini çox narahat edən bu problemə münasibətdə bu son 5 ildə "Azərenerji” ASC-nin rəhbərindən sorğularımıza əhalinin bu sahədəki dözülməz durumuna çox biganəliklə və manipulyasiya dolu standart cavablar almışıq. Ona görə də güman edirik ki, bu sahədəki struktur islahatlarından sonra rayonların enerji ilə təchizatını "Azərenerji”dən "Azərişıq”a keçməsi bu sahədə mövcud olan problemlərin həllinin sürətləndirilməsinə xidmət edəcək.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Növbəti dəfə deputat olmaq istəyi bir sıra amillərdən asılıdır... Bunların arasında deputatın öz vəzifəsinin öhdəsindən necə gəlməsi əsas yer tutur. Deputatın əsas vəzifələri qanun yaradıcılığı prosesində fəal iştirak etmək, öz seçiciləri ilə görüşmək, onları qəbul etmək, onların müraciətlərinin yazılı və şifahi şəkildə aidiyyəti orqanlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni etmək, mətbuatla təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik prizmasından münasibət bildirmək, imkanı daxilində xeyriyyəçilik tədbirlərində iştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir.

Fikrimizcə, seçkidə iştirak etmək arzusunda olan hər kəs bu kontekstdən öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv dəyərləndirməklə hərəkət etməlidir. Milli Məclisə seçkilərə 5 aya qədər vaxt qalır... Bu müddət ərzində platformamı və həmin istiqamətdə gördüklərimi və bundan sonra da görə bildiklərimi obyektiv dəyərləndirməklə, həm də əlbəttə ilk növbədə əgər seçicilərin əhval-ruhiyyəsi növbəti dəfə də namizədliyimi görməyə köklənəcksə, onda qismət olsa, növbəti parlament seçkilərinə qatılacam. Əsas məqsədimiz yenə də Azərbaycanı, Parlamenti və seçiciləri layiqincə təmsil etmək olacaqdır.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Fikrimizcə, bu məsələyə münasibətdə bir neçə məqamı ayırmaq lazımdır. Elə deputat var ki, üzv olduğu komitənin iclaslarında, ictimai tədbirlərdə, seçildiyi dairədə xarici ölkələrdə keçirilən tədbirlərdə fəallıq göstərir, amma Milli Məclisin Plenar İclaslarda çıxış etməyə bir o qədər də həvəs göstərmir. Deputat da var ki, həm üzv olduğu komitənin iclaslarında, həm ictimai tədbirlərdə, həm xarici ölkələrdə keçirilən tədbirlərdə fəallıq göstərir, həm də Plenar İclasda çıxış edir. Birinci kateqoriyaya aid deputatlarda, əsas problemin nə olduğunu fikrimizcə, həmin kateqoriyaya aid deputatın özündən yaxşı heç kim dəqiq bilə bilməz... Şəxsi mülahizəyə gəldikdə isə burada potensial göstəricilərlə yanaşı, həm də psixoloji baryer problemi də mühüm rol oynayır. Kim həmin baryeri aşa bilirsə, Plenar İclasda daha fəal görünür.

Bir də ki, plenar iclaslarda fəal olan deputatların azlıq təşkil etməsi təkcə Azərbaycan parlamenti üçün yox, əksər ölkələrin parlamentləri üçün xarakterik məsələdir.

Milli Məclisin plenar iclaslarında fəallıq da iki yerə ayrılır. Birinci qrup çıxışlar professional səviyyədə çıxışlardır ki, bunlar qanun yaradıcılığına və ictimai-siyasi proseslərə səriştəli münasibət və təsir baxımından daha dəyərli, daha faydalıdır. Məsələn, daha çox hüquq sahəsinə aid məsələlərin müzakirəsində Milli Məclisdəki hüquqşünaslarımız, iqtisadi məsələlərin müzakirəsində - iqtisadçılar, təhsil və səhiyyə ilə bağlı sahələrdə, media ilə bağlı məsələlərdə həmin sahə üzrə mütəxəssislərimiz öz kompitensiyalarına aid məsələlər üzrə çox sanballı çıxışlar edirlər.

Cari məsələlərin müzakirəsində deputatlarımız tərəfindən bir qayda olaraq həm Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əks etdirən, həm də cəmiyyəti düşündürən, seçiciləri narahat edən məsələlər yetərincə professionallıqla qaldırılır.

Bütün bunlara baxmayaraq onu da etiraf etməliyik ki, çox olmasa da, bəzən sadəcə çıxış etmək naminə çıxışlara da rast gəlmək olur. Həmin qəbildən olan çıxışların elmi yükü, konseptual cəhətdən sanbalı çox aşağı olur və daha çox çıxış eləmək naminə çıxış xarakterli olduğundan, belə çıxışları fəallıq nümunəsi kimi dəyərləndirmək olmaz. Bizim qənaətimizə görə çıxış eləmək naminə çıxış etməkdənsə, ümumiyyətlə heç çıxış eləməmək daha yaxşı variantdı. İnanın ki, bizim Plenar İclasın gündəliyinə daxil olan bütün məsələlərə dair çıxış eləmək üçün əlimizdə yetərincə material olsa da, adamları yormamaq və həmin sahənin sırf mütəxəssisləri sayılan deputatlara söz çatması şansını artırmaq naminə, biz edə biləcəyimiz 5-6 çıxışın əvəzinə daha çox iqtisadi xarakterli məsələlərə dair çıxışlar edirik. Bundan əlavə yalnız ən vacib saydığımız məsələlər üzrə çıxışla qənaətlənirik. Bəzən zaman darlaşanda deputat həmkarımıza çıxış üçün əlavə zaman qalsın deyə Vahid Əhmədov və Əli Məsimlinin adından birləşdirici bir çıxış edirik.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Əgər bu sualda söhbət daha geniş mənada Azərbaycanın yerləşdiyi regiondan gedirsə, Azərbaycan Cənubi Qafqazın ən güclü, ən nüfuzlu dövlətidir. Ölkəmizin nüfuzunun qorunması və artırılması hakimiyyətin 3 əsas qolundan biri kimi ümumiyyətlə Parlamentin, Milli Məclisin rəhbərliyinin fəaliyyətində, xarici səfərlərində, parlamentlərarası beynəlxalq münasibətlərdə fəal iştirakla yetərincə təmin olunur.

Digər anlamda yanaşdıqda isə Azərbaycan Milli Məclisini regionlarda öz fəaliyyətin deputatlar və deputat köməkçiləri vasitəsilə həyata keçirirlər. Kim bu işi seçicilər və yerli hakimiyyət strukturları ilə yaxşı qurubsa, onun işləri də yaxşı gedir. Məsələn, bizim deputat səlahiyyətinə aid olan sahələr üzrə heç bir problemimiz yoxdur. Platformada nəzərdə tutulan istiqamətlər üzrə işlərimizin öhdəsindən gələ bilirik.

Amma bu məsələyə ümumiyyətlə yanaşdıqda, bir məqam deputat fəaliyyətinə ciddi problem yaradır... Belə ki, seçkiqabağı təbliğat kompaniyası zamanı bəzi namizədlər öz üzərlərinə ölkə Prezidentinin, Baş Nazirinin səlahiyyətlərinə aid məsələlər səviyyəsində öhdəliklər götürürlər …və çox təəssüf ki, belə əsassız vədlər ümumilikdə millət vəkili və onun fəaliyyəti haqqında mənfi fikirlər formalaşmasında ciddi rol oynayır. Ona görə də biz seçicilərimizin qarşısında çıxış edərkən açıqca bildirmişdik ki, insanlar həyatlarında 3 məqamda daha çox yalan danışırlar:

Birincisi, ovdan qayıdanda… Balaca bir dovşan vurur, deyir nəhəng bir ayı vurdum, təəssüf ki, qayadan dərəyə yuvarlandı tapıb çıxara bilmədim. Yaxud 20 santimetrlik balaca balıq tutur, deyir ki, 2 metrlik balıq tutdum, qarmağı qırıb qaçdı.

İkincisi, əsgərdən qayıdanda… Əsgərdən qaydanı danışdıranda, bir qayda olaraq deyir ki, orda hamını döydüm, gəldim, amma heç döyüldüyünü boynuna alan olmur.

Üçüncüsü, bir də seçkiqabağı kompaniya zamanı bərk yalanlar danışılır. Bayaq dediyim kimi, seçkiqabağı kompaniyada bəzi namizədlər öz üzərlərinə ölkə Prezidenti, Baş Nazirinin səlahiyyətlərinə aid məsələlər üzrə belə öhdəlik götürürlər.

Ona görə də biz seçicilərimizə bildirmişik ki, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərimiz çərçivəsində platformamızda öz əksini tapan istiqamətlərdə əlimizdən gələni əsirgəməyəcək, bacardığımızı edəcəyik. Belə də edirik.

Seçicilərlə iş sahəsində yenilik hesab olunan 2 məqamın tətbiqi də bizim deputat fəaliyyətimizlə bağlıdır:

Birincisi qanun layihələrinin yerlərdə müzakirəsinin təşkili və onların fikirlərini də almaqla həmin layihələrə dair rəyin hazırlanması. Biz Şəkidə həm Təhsil Qanunu, həm də "Rəqabət Məcəlləsi”nin müzakirəsini təşkil edib, həmin hüquqi normativ sənədlərin təkmilləşdirilməsinə dair sənədlər hazırlamışıq.

Düşünürük ki, insanların özünün gələcəkdə onların dövlət və bir-biriləri ilə münasibətlərini tənzimləyəcək qanunların hazırlanmasında iştirakı, həm qanunların uğurlu icrası mexanizmlərinin tapılması, həm də ki, insanlarda dövlətə, qanunverici orqana inamın və etimadın artırılmasına xidmət etmiş olar.

Bu mənada ikinci maraqlı təcrübəmiz də olub. Belə ki, biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin köməyi ilə Şəki şəhərində İKT-nın ən son nailiyyətlərindən istifadə edilməklə ictimai müzakirələr təşkil edilmişdir. Həmin ictimai müzakirələrdə Azərbaycan Parlament tarixində ilk dəfə olaraq, biz ictimai müzakirələrə video-konfrans sistemi ilə qoşularaq, həmmüəllifi olduğumuz "Təhsil Kreditləri” haqqında qanun layihəsi barədə məlumat vermiş, tədbir iştirakçılarının təqdim olunan layihə və digər məsələlərlə əlaqəli suallarını cavablandırmışıq. Düşünürük ki, bu maraqlı layihə olmaqla, gələcəkdə də davam etdirilməlidir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Bizim Milli Məclisdəki fəaliyyətimiz Konstitusiyamız və Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanuna müvafiq qurulub. Qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində fəaliyyət göstəririk. Konstitusiyamıza əsasən Milli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir. Biz istər mərkəzi hakimiyyət orqanları, istərsə də yerli hakimiyyət orqanları ilə işlərimizi konstruktiv əsaslar üzərində qurmuşuq. Seçiciləri narahat edən məsələləri öyrənir və həmin məsələlərlə bağlı həm mərkəzi hakimiyyət orqanlarına, həm də yerli hakimiyyət orqanlarına müraciətlər edirik. Qanun çərçivəsində imkan daxilində olan məsələlərin müsbət həlli yöndə cavablar alırıq. Müraciət etdiyimiz hökumət qurumlarının əksəriyyəti ilə normal münasibətdəyik. Məsələn, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna olan müraciətlərimiz qanun çərçivəsində çox böyük ehtiramlı münasibət şəraitində həll olunur.

Bununla yanaşı fəaliyyətimizdə deputatın yox, hökumətin aidiyyəti strukturlarının bilavasitə vəzifəsi olan işlərin də sürətləndirilməsinə təsir göstərməyə çalışırıq. Bu yöndə kəndlərin qazlaşdırılması, su ilə təchizatı, elektriklə təchizat zamanı yaranan texniki problemlərin aradan qaldırılması, kənd yollarının təmiri, məktəb tikintisi və sair bu kimi məslərinin həllinin sürətləndirilməsinə səy göstəririk. Kəndlərdə məktəb tikintisi üzrə investisiya proqramına saldırmağa nail olduğumuz yerlərdə məktəblər tikilib və bu iş davam edir. Kənd yollarının təmiri ilə bağlı müəyyən işlər görülüb. Kəndlərin qazlaşdırılması işi çox ləng getsə də son aylar Şəkinin 5 kəndinə qaz çəkilişi sahəsində canlanma var. Kəndlərdə artezian quyularının qazılması istiqamətində addımlar atılır. Bəzən "Azrenerji” kimi xalqın problemlərinə biganə olan qurumlarla da rastlaşırıq. Çoxsaylı müraciətlərimizə baxmayaraq bizim dairədəki kəndlərdə elektrik xətlərinin problemli sahələri üzrə demək olar ki, heç bir iş görülməyib.

Dəvət aldığımız tədbirlərində istər Bakıda, istərsə də seçki dairəmiz üzrə Azərbaycanda olanda özümüz iştirak edirik, olmayanda isə köməkçimiz iştirak edir.

Ədil Ədilzadə