adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 May 2015 12:48
4614
MƏMLƏKƏT
A- A+

İlham Nağıyev: “Heç kim işdən çıxarılmayacaq”

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin APA-ya müsahibə verib. O, müsahibəsində müəllimlərin işə qəbulu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.  Nazir müavini qeyd edib ki,  təhsil naziri Mikayıl Cabbarovun əmri ilə müəllimlərin işə qəbulu və yerdəyişməsi haqqında qaydalar təsdiqlənib: "Qaydalar özü-özlüyündən bir rayon (şəhər) daxilində bir məktəbdən digər məktəbə yerdəyişmə, həmçinin bir rayonda (şəhər) başqa rayona (şəhər) dəyişməsini əks etdirir. Burada yeni işə qəbul olmaq istəyən müəllimlər üçün də qaydalar yer alıb. Bu il 1-10 iyun tarixlərində müəllimlərin yerdəyişməsinin aparılması  nəzərdə tutulub. İyulun 1-15 aralarında isə müəllimlərin işə qəbulu aparılacaq. Bu proses tam elektronlaşdırılıb. Yəni, işə qəbul üçün hər bir namizəd müvafiq səhifədə məlumatları doldurur, istədiyi vakant yeri seçir, sonra Təhsil Nazirliyi tərəfindən imtahana dəvət olunur. I mərhələdə onlar üçün test, II mərhələdə isə müsahibə keçirilir. Test imtahanından keçənlər müsahibəyə dəvət olunurlar. Yekun nəticədə hər bir mərhələdən uğurla keçən müəllim işə qəbul edilir. Müəllimlərin işə qəbulu üzrə iyulun 1-də başlayacaq müsabiqə avqustda yekunlaşacaq”.

 

 Bu ilki vakant yerlər barasində danışan İ.Nağıyev bildirib ki, vakansiyaların sayı 3 mindən çox olacaq: "Yalnız Bakının özündə müxtəlif fənlər üzrə 500-dən vakant yer ayrılıb. Digər yerlər isə respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edir. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlər arasında hər zaman ibtidai sinif, dil ədəbiyyat və ingilis dili müəllimləri üstünlük təşkil edir. Məsələn, ötən il müsabiqədə iştirak üçün sənəd verən 20 min namizəddən 6 minə yaxını yalnız ibtidai sinif müəllimləri olub. Vakansiyalara gəlincə, ölkə üzrə xüsusilə bölgələrdə daha çox  kimya, fizika, biologiya, coğrafiya fənləri üzrə müəllimlərə böyük ehtiyac var. Bakıda isə Rus bölməsində ibtida sinif müəllimliyi əsas lazım olan və müəllimə ehtiyacı olan fəndir”.

 

 

 Nazir müavini müəllimlərin dərs yükü ilə bağlı ortaya çıxan suallara da aydınlqı gətirib: "Bu ildən Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 18 saat müəyyənləşib və əməkhaqları buna uyğun olaraq 1,5 dəfə artıb. Amma bu, o demək deyildi ki, bütün müəllimlərin 18 saat dərs yükü var. Məsələn, paytaxtda 12, 14 saat dərs yükü olan müəllimlər də var. Hazırda bölgələrdə də belə vəziyyət mövcuddur. Ötən il bölgələr üzrə dərs yükü norması 6 saat götürülmüşdüsə, bu il 12 saat olub. Bölgələrdə bu gün 12 saatdan az dərs yükü olan kifayət qədər sayda müəllim var.  İstəyirik ki, vakant yer müsabiqəyə təqdim edən zaman hər bir müəllimin 12 saat dərsi olsun, ondan sonra hansısa boş yer vakant olaraq çıxarılsın. Bu gün tələb edirik ki, bölgələrdə 12 saatdan az dərs deyən müəllimlərin dərs yükü artırılsın. Müəllim ordusu kifayət qədər böyükdür. Təhsil Nazirliyinin də tapşırığı var ki, dərs yükünün optimallaşdırılması üçün heç kim işdən çıxarılmasın. Bu, müəyyən zaman alan prosesdir”.