adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏLLƏRiNiZ NiYƏ ƏSiRDi, SER?

MƏZAHİR ƏHMƏDZADƏ
27709 | 2011-06-01 02:10
Hamı yazacaq, hamı bu möhtəşəm final oyununu şərh edəcək. Qəzetimizin də idman şərhçiləri öz sözlərini deyəcək. Çünki UEFA Çempionlar Liqasının final oyunu gerçəkdən uzun müddət xatirələrdə yaşamağa layiq hadisə idi. Mən bu görüşü şərh etməyəcəm, ancaq bəzi deyəcəklərim var. "Barselona"- "Mançester Yunayted" qarşılaşmasının favoriti vardımı? Bu dəfə məsələ başqa cür idi. "Barselona"nın vurğunları öz komandalarına qələbə arzuladıqları kimi, İngiltərə təmsilçilərinin də azarkeşləri eyni hissləri keçirirdilər.
   
   Tanınmış şərhçilərin də mülahizələri müxtəlif nəticələrə aparırdı. Finalın Londonda keçirilməsi, bir növ doğma meydan amili proqnozlarda ingilislərə azacıq üstünlük verirdi. Bunlar matç öncəsi oxuduqlarım və eşitdiklərimdir.
   
   Mən özüm isə bir az fərqli düşünürdüm. "Barselona" rəqibindən aşkar güclüdür. Ancaq bir Ferqyuson dahiliyi də var. Məntiq və reallıq isə əsas amillərdə monolit komandanın üstünlüyünü ortaya qoyur. Heç Qvardiolanın bilinməyən tərəflərini nəzərə almasaq belə, bir futbol patriarxının həmişəki gözlənilməz və xilaskar missiyasına ürəkdən bel bağlamaq da mümkün deyildi. Rəqib neçə illərdir ki, təsadüfi uğursuzluqları nəzərə almasaq, yalnız irəlidə, "gələcəkdə" oynayan "Barselona"dır.
   
   Həmişəki kimi oyunu çox sakit izlədim. "M.Y."-nin əsas silahı - sürətli və kəskin oyun alınmadı. Heç "ikinci mərtəbəyə" də qalxa bilmədilər. Bundan ötrü top daha çox səninlə işləməlidir. Futbolun bu ən adi qanununu isə onun vətənində daha yaxşı anlayırlar. İngilislərin aşkar oyundankənar vəziyyətdən hesabı bərabərləşdirərkən Messinin və komanda yoldaşlarının bir anlıq da olsa etiraz etməməsi, hakimin səhv qərarına sakitcə mərkəzə getməklə cavab verməsi, hamıdan çoxg Ferqyusonu təsirləndirdi. Operatorlardan biri onun "saqqızını oğurlayaraq" əllərini göstərdi. Serin əlləri əsirdi. Bərabərliyə baxmayaraq, ser qələbəyə inamını çoxdan itirmişdi. Onun komandasının topa sahib olma göstəricisi 35 faizi keçə bilmirdi və qabaqcadan deyim ki, bu göstərici final fitinədək ortalama elə-belə də davam etdi.
   
   "Barselona" ümumiyyətlə, bütün oyun komponentlərinə görə üstün idi. Ümid haradasa Aleksin hansısa fantastik bir gedişinə qalmışdı. Bacarmadılar, möcüzə baş vermədi. "Barselona" rəqibini özünəməxsus klassik bir üslubda, elə klassik bir hesabla (3:1) məğlub edərək Avropanın ən güclüsü oldu.
   
   Təkcə Avropanınmı? Doğrudanmı kimsə ümid edir ki, bu komandanı məğlub etmək mümkündür? Əlbəttə, "Barselona" hansısa bir oyunu təsadüfən uduza bilər. Məhz özü uduzar, ürəklə oynamayıb əhəmiyyətsiz bir görüşdə məğlub olar. Ancaq bu gün dünyanın bütün futbol ulduzlarından bir komanda düzəldib, lap Xosep Qvardiolanın özünü bu komandaya məşqçi təyin etsələr belə "Barselona"nın yeniləcəyinə inana bilmirsən. Bu komandanın oyun fəlsəfəsi ulduzları da çaşdırır, "sistemlərini" silkələyir.
   
   Bir vaxtlar (bəzən də ayrı-ayrı dönəmlər) "Real", "Milan", "M.Y.", "Liverpul", "Bavariya", "Ayaks", "İnter", hətta "Dinamo" (Kiyev)g çox güclü görünüb, uğurlu nəticələr qazanıblar. Xüsusilə "Real"ın oyunu və nəticələri. Ancaq heç bir klub komandası indiki "Barselona" kimi rəqiblərindən bu dərəcə üstün görünməyib və dünyaya bu dərəcədə gözəl futbol bəxş etməyib. Bunu qiymətləndirmək lazımdır. "Barselona"nın oyunu nə ispan futboludur, nə Argentina futboludur, nə də Braziliya, İtaliya... Bu, məhz elə "Barselona" futboludur, qəbul etmək, öyrənmək gərəkdir.
   
   Görürsünüzmü, mən heç dünyanın ən güclü futbolçusu adını daşıyan Messidən ayrıca söz açmadım. Çunki Messinin özü də elə "Barselona"dır.

TƏQVİM / ARXİV