DüNYA DAğILIR...

FAİQ QİSMƏTOĞLU
30398 | 2011-05-28 07:13
...Dünyanı görəsən, bəlalardan, müharibələrdən, haqsızlıqlardan və işgəncələrdən nə xilas eləyə biləcək? Bir çox yazarlar deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Amma çətin ki, dünyanı gözəllik xilas eləsin. Əksinə, gözəlliyə gözü düşən super dövlətlər o gözəlliyi əldə eləmək üçün dəridən-qabıqdan çıxırlar. Necə başa düşmək olar, axı hamı yaxşı başa düşür ki, İraq, Əfqanıstan və ərəb dünyası gözəlliklərlə zəngindir. Gözəl ormanlar, meşələr, dağlar, çaylar, dənizlər... Hələ biz qeyri-adi tarixi və mədəniyyət abidələrini demirik.
   
   Amerika onları nə günə saldı, onu hamı yaxşı bilir. İraqın gözəl-gözəl şəhərləri, memarlıq abidələri yerlə-yeksan olundu, Əfqanıstanın hər qarış torpağı od tutub yandı, qədim tarixə malik olan ərəb dünyasının tarixi abidələri dağıdıldı. Budurmu ABŞ-ın gətirdiyi haqq-ədalət?! Əgər gözəllik dünyanı xilas edəcəkdisə, bəs niyə ABŞ bu ölkələri dağıdanda o gözəlliklərə baxıb bir dəqiqə əl saxlamadı, əksinə ağır bombaları ərəb dünyasının başına yağdırdı və dünyanı təəccübləndirən və heyrətləndirən gözəlliklər bir göz qırpımında məhv oldu.
   
   Bizcə dünyanı nə gözəllik xilas eləyə bilər, nə də başqa şeylər. Əgər bir məmləkətdə ki, padşah ədalətli deyilsə, prezident öz xalqını güllələməyi əmr verirsə, onda hansı ədalətdən danışmaq olar?! Dünyanı xilas edəcək yeganə bir yol var: o da ədalətdi. Ədalət olmayana qədər heç vaxt dünya nə bəlalardan xilas olacaq, nə müharibələrdən qurtaracaq, nə də haqq-ədalət hiss olunacaq. Sadəcə olaraq, biz həmişə axtara-axtara nəyisə gəzirik. Gəzdiyimizi isə tapa bilmirik. Bir ölkənin prezidentinin, padşahının, kralının ədalətli olması ilə dünya düzələn deyil. Dünyanın düzəlməsi üçün bütün məmləkətlərdə padşah, prezident, kral, nə bilim baş nazir ədalətli olmalıdır. Yəni övladı da haqsızdırsa, qanunu pozubsa, cəzasını almalıdır. Bax, onda məmləkətin əhalisi görəcək ki, padşah öz yolundan azan oğlunu cəzalandırır, haqq tələb edir və ölkədə də başqaları qanunlara əməl edəcək. Amma indiki dünyamızda elə ilk növbədə haqq-ədalət padşahların saraylarında, prezidentlərin iqamətgahlarında, kralların bər-bəzəkli salonlarında tapdanır. Haqq-ədalət isə tapdananda dünyanın mizan-tərəzisi itir, it yiyəsini tanımır, yiyəsi də itini və hər şey qalır ayaqlar altında.
   
   Əgər dünyanı idarə edənlər ədalətli olsalar, bəlkə Allah-Təalanın da insanlara yazığı gələr. Hələ nə yaxşı ki, nurlu və əməli-saleh insanların üzünə dünya dağılmayıb. Çünki hər gün dünyanın dağılacağı ilə bağlı internet saytlarında, müxtəlif informasiya vasitələrində məlumatlar yayılır. Elə ötən həftənin şənbə günü internetdə belə bir məlumat yerləşdirilmişdi ki, saat 18-də Yer kürəsi dağılacaq. Nə yaxşı ki, bunlar baş vermədi. Amma Allah-Təala yolunu azmış bəndələrə göstərdiyi təbii fəlakətlərlə tez-tez xəbərdarlıq edir. Nə bu zəlzələlər, nə sunamilər, nə qasırğalar, nə də qeyri-adi təbiət hadisələri hələ ki, dünyanı idarə edən qüvvələrin ürəyinə insaf sala bilməyib. Çünki onlar elə bilirlər ki, var-dövlətə və böyük imkanlara malik olduqları üçün hər şeyə qadirdilər. Bəziləri də hətta özlərini Allah kimi aparır və əbədi yaşayacaqlarını düşünürlər. Amma bir gün Allahın qəzəbi tutanda dünyanı idarə edən qüvvələrin də dodağı dörd yerdən partlayacaq, ayaq qoymağa yer tapmayacaq və canları ilə əlləşə-əlləşə qalacaqlar. Çünki dünyanın işini bilmək olmur. O qədər fironlar, padşahlar, prezidentlər olub ki?! Ancaq onların heç biri Allah olmayıb. Düzdür, onlar özlərini camaata Allah kimi qəbul etdirmək istəyib, əhalinin müəyyən hissəsi bu fironları Allah kimi qəbul etsələr də, böyük əksəriyyət onları inkar edib. Çünki həmin fironlar ədalətli olmayıblar. Bir daha dünyanı bütün bəlalardan və bütün fəlakətlərdən ədalət xilas edə bilər. Bir şərtlə ki, bütün padşahlar, prezidentlər, krallar Allahın qoyduğu yolla gedələr və yolunu azmayalar...
   
   
   
   ***
   
   Camaat gözləyir ki, bazarlarda ucuzluq olsun. Ancaq ucuzluq əvəzinə günbəgün hər şey bahalaşır. Yazıq camaat nə fikirləşir və nələr görür. Xüsusən də yaz və yay mövsümündə payız və qışa nisbətən bostan-tərəvəz məhsullarının, meyvənin qiyməti adətən ucuz olur. Amma deyəsən, bu yaz camaat tamamilə başqa fərqli qiymətlərin, daha doğrusu, bahalığın şahidi olurlar. Yəni bazara gedəndə görürlər ki, göy-göyərti, pomidor, xiyar, kartof, soğan və digər kənd təsərrüfatı məhsulları ötən ilkilərdən nisbətən bir qədər də bahalaşıb. Təbii ki, yaz mövsümündə insanlar göy-göyərtidən və tərəvəz məhsullarından daha çox istifadə etməyə çalışır. Çünki tərəvəz məhsullarında vitaminlər çoxdu və bu məhsullarla qidalananda insanlar sağlam həyat tərzi yaşayır. Elə ki, bazara gedirsən, piştaxtalara baxırsan, görürsən yox, heç də hər şey sənin cibinə uyğun deyil. Yəni cibindəki pulla uzaqbaşı səbətin yarısını doldura bilərsən. Ürəyin istədiyi çox şeyləri ala bilməyəcəksən. Ona görə ala bilməyəcəksən ki, cibindəki pul bayaq dediym kimi, bazarlığa çatmayacaq.
   
   Ölkədə ucuzluq yaratmaq məqsədi ilə Bakının Yasamal, Nəsimi, Xətai, Nərimanov, Suraxanı rayonlarında həftənin şənbə-bazar günləri yarmarkalar təşkil edilir. Düzdür, ilk baxışdan adama elə gəlir ki, bu yarmarkalarda satılan kənd təsərrüfatı məhsulları ucuzdur. Belə baxanda Nəsimi, Təzə bazarla müqayisədə yarmarkalarda ucuzluq hiss olunur. Amma 8-ci Kilometr bazarı ilə müqayisədə yarmarkada satılan məhsullar həm bahadır, həm də keyfiyyətsizdir. Üstəlik də yarmarkada ürəyin istədiyin keyfiyyətli məhsulu ala bilmirsən.
   
   Yasamal yarmarkasında elə bir vəziyyət yaranıb ki, bəzən anti-sanitariya əlindən ora girmək istəmirsən. Satılan məhsullar isə o qədər keyfiyyətli deyil. Bir çox məhsulların səhər-səhər üstündə qiymətləri olsa da, nəzarətçilər uzaqlaşan kimi, satıcılar onu camaata baha qiymətə satırlar. Biri də iradını bildirəndə satıcı deyir ki, elə bilirsiniz bunu özüm yetişdirmişəm, pul verib bazardan almışam. Gərək mən də çörək pulu qazanam, ya yox?! Yarmarkada alver edən satıcıların çoxu heç rayondan gəlməyiblər. Məlum olur ki, onların bəziləri rayondan gəlsə də, onlara təzyiq edirlər ki, satdıqları məhsulları camaata ucuz qiymətə versinlər. Bu da satıcılara sərf eləmir.
   
   Xətai rayonundakı yarmarkada da özbaşınalıq höküm sürür. Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri yarmarkaya lazımınca nəzarət edə bilmirlər. Yəni bir çox halda yazılan qiymətlərdən baha qiymətə əhaliyə məhsullar təklif edilir. Soruşursan ki, soğanın kiloqramı neçəyədir? Deyirlər ki, 80 qəpiyə. Amma satıcı bəzən onu 80 qəpiyə yox, daha baha qiymətə satır. Təbii ki, əhalinin böyük hissəsi yarmarkaya ona görə üz tutur ki, orda ucuzluq var. Bu ucuzluğu görməyəndə onlar yenidən bazarlara gedirlər. Təbii ki, bu məsələlər Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrini dərindən düşündürməlidir. Xüsusən isti yay günlərində əhali ət satışından daha çox narazılıq eləyir. Camaat deyir ki, səhər saatlarında yarmarkaya gətirilən ətlər günün altında qalaraq qaralır, keyfiyyətini itirir və üstünə milçək qonur. Bir qəssab da tərpənmir ki, o milçəkləri ətin üstündən qovsun. Bu cür anti-sanitariyanı görən alıcı aydındır ki, yarmarkadan ucuz qiymətə də olsa ət almayacaq. Bir çox alıcılar da deyirlər ki, yarmarkalarda satılan camış, keçi ətləri dana, qoyun əti əvəzinə piştaxtanın üstünə qoyulur. Əlbəttə, deyilənlərə inansaq məlum olur ki, hətta yarmarkalarda mənşəyi məlum olmayan ət də satıla bilər. Elə ona görə də əhalinin böyük əksəriyyəti yarmarkalara gedərkən ehtiyatlı olur və çox da ucuz olan əti almaq istəmirlər.
   
   
   
   ***
   
   Deyirlər ki, Gürcüstanda yaşayan azərbaycanlılar, xüsusən vəzifədə çalışmaq istəyən adamlar gürcü dilini bilmirlər. Hansı ölkədə yaşayırsansa, hansı ölkədə anadan olursansa o ölkənin adət-ənənələrindən tutmuş, dilinə qədər hər şeyini yaxşı bilməlisən. Elə ki, yaxşı bildin, o millətlə sənin heç bir problemin olmayacaq. Çoxları bir məsələni yaxşı bilir ki, Bakıda yaşayan ermənilər Azərbaycan dilində elə gözəl danışırdılar ki, bilmirdin o adam ermənidi, yoxsa azərbaycanlı. İndi bizim Gürcüstanda yaşayan bəzi vəzifə tutmaq istəyən adamlarımızdan tələb edirlər ki, gürcü dilini bil, sonra səni vəzifəyə qoyaq. Bizimkilər isə iş görmək əvəzinə boş-boş işlərlə məşğuldular. Yəni dili öyrənmir, gürcülərin boş damarını tuta bilmir, sonra da hər hansı vəzifə kreslosunda oturmaqda çətinlik çəkirlər. Sadəcə olaraq, bir xalqın ürəyini ələ almaq istəyirsənsə, ilk növbədə onun dilini bilməlisən.
   
   Bəs necə olur, anadan olduğu yerdə yaşayasan, uzun illər ömür sürəsən, sonra da o millətin dilini bilməyəsən. Təbii ki, o millətin onda səndən xoşu gəlməyəcək. Heç onları da qınamalı deyil. Çünki öz dilində bir millətlə danışa bilmirsənsə, çətin ki, o, səni öz həyatına, öz aləminə yaxın buraxa. Gürcüstanda yaşayan ermənilərin böyük əksəriyyəti gürcü dilini gözəl bilir. Hətta ermənilər soyadlarını da dəyişib gürcüləşdiriblər. Yəni bu ermənidi, ondan hər şey gözləmək olar. Ancaq düşməndən də yaxşı şey götürmək mümkündür. 70 il Gürcüstanda yaşayıb gürcü dilini bilməmək vallah, qəbahətdir. Gürcü görəndə ki, 15 yaşındakı erməni gürcü dilində bülbül kimi ötür, 70 yaşındakı azərbaycanlı gürcü dilini bilmir, bax onda bizim işimiz qəlizləşir. Bir balaca özümüzə əziyyət versək, çətinlik çəksək və üzərimizdə işləsək, gürcü dilini də bilərik, başqa dilləri də. Və o dili də biləndə həmin millətin boş damarını tutmaq daha asan olur...

TƏQVİM / ARXİV