adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

YALANçININ ŞAMI

SEYFƏDDİN ALTAYLI
45202 | 2011-05-28 07:13
Anadoluda bir atalar sözü var "yalançının şamı yatar vaxta kimi yanar". Həmin anlamda Azərbaycanda da ayrı bir atalar sözü deyilir "yalan ayağa durar; ancaq yeriyə bilməz". Hər iki atalar sözümüz də yalanın başda arzuladığı nailiyyəti əldə etsə də uğurunun müvəqqəti olduğunu və nəticədə heç nə əldə edə bilməyəcəyindən xəbər verir.
   
   Yazılarımı oxuyanlar bilir ki, amerikalıların, avropalıların, xüsusilə də ingilislərin öz maraqları uğruna insan hüquqlarıymış, mərhəmətmiş, yazığı gəlmək imiş, qarşıdakına hörmət imiş, bunların tamamını bir ləhzədə ayaq altına salıb çığnayacaq xarakterdə olduqlarını, xirtdəklərinə kimi dolu olan imperialist mənəmliklərini təmin üçün üz tutmayacaqları zülm, qəddarlıq və şeytanlıq olmayacağını daimi olaraq vurğulayıram. Bu barədə haqlı olduğumu sübut üçün hal-hazırda İstanbulun Moda səmtində yaşayan 85 yaşlı Ömər Musolu adlı həkimin başına gələn bir hadisəni sizlərə çatdırmaq istəyirəm. Dr. Musolunun dedikləri insanı dəhşətə gətirir.
   
   Dr. Ömər Musolu 1957-ci ildə İstanbul Tibb İnstitutunu qurtarır və ixtisas təhsili üçün Amerikaya gedir, Nyu-Yorkda Medikal Center Hospitalda işləməyə başlayır. Əvvəlki günlərdə onu müalicə üçün xəstəxanaya gələnlərdən qan almaq, sistem qoşmaq kimi işlərə yönləndirirlər. Xəstəxana tərəfindən müəyyən edilən qaydalara əsasən xəstələrin yoxlanması işini, ümumiyyətlə, ixtisas üçün təzə gələn həkimlərə tapşırmır və onların müəyyən bir vaxt prosesində özlərincə təyin olunan səviyyəyə çatmasından sonra ancaq bu işi görmələrinə icazə verirmişlər.
   
   Dr. Ömər Musolu bir gün xəstəxanaya müalicə üçün gələn və xərçəng xəstəliyinə düçar olmuş 75 yaşlı bir xəstədən qan almaq üçün otağına gedir, ona qolunu çırmamasını xahiş edir. Xəstə, həkimin dediklərinə əməl edir və qolunu çırmadıqda əzələsinin üstündə döydürdüyü Türk bayrağındakı ay və beş künclü ulduz doktorun gözünə ilişir. Dr. Musolu xəstəyə Türk olub-olmadığını sual verir, xəstə "Türk deyiləm" dedikdə həkim, qoluna nəyə görə Türk bayrağını döydürdüyünü soruşur. Xəstə, doktorun maraqlandığını görür və ona "Türksənə" deyə sual verdikdə həkim "bəli Türkəm" cavabını verir. Xəstə, başlayır qolundakı döymənin hekayətini danışmağa:
   
   "1915-ci il idi. Türkiyədə Çanaqqala deyə bir yer vardı. Orda vuruşmaq üçün Xristian dövlətlərdən əsgər yığırdılar. Mən avstraliyalıyam və Anzağam. İngilislər bizi yığıb dedilər ki, "Vəhşi türklər xristian dünyasını yandırıb dağıdacaqdı və bütün dünya onlara qarşı cəbhə alıb. Bu müharibə həddən artıq önəmlidir, biz də yığılıb əlbir olacayıq və o barbarların üstünə yeriyəcəyik. Biz də ingilislərə inandıq və heç neyi sorub-soruşdurmadan vuruşmaq üçün onlara qoşulduq. Bizi gəmilərə doldurub Misirə apardılar, orada bir neçə ay təlim keçdik. Özlərinin təyin etdiyi mərhələyə çatdığımızı başa düşdükdə yenə gəmilərə doldurub bu dəfə dəhşətli döyüşlərin getdiyi Çanaqqalaya apardılar. Başımızı xarab eliyən ingilislər, min bir yalanla dünyanın dörd bir küncündəki müstəmləkələrindən yığıdıqları əsgərləri səngərlərə doldurub türklərə qarşı vuruşdururmuş, bunu hardan biləcəkdik! Hərbin nə olduğunu Çanaqqalada gördüm. Hər dəfə hücum çəkdiyimizdə bizdən də, Türklərdən də yüzlərlə gənc ömrünün baharında həlak olub gedirdi. Həm say, həm də texnoloji silah yönündən Türklərdən qat-qat üstün olmağımıza baxmayaraq onlara qalib gələ bilmirdik və bu da bizi heyrətləndirirdi. Əvvəllər Türklərin, ingilislərin bizə dediyi kimi barbar olduqlarına görə bu cür dəhşətli vuruşduqlarını, qorxu-hürkü bilmədiklərini, ölümün gözünə dik baxdıqlarını zənn edirdim, sən demə onlara bu gücü və qüdrəti verən şey, vətənlərinə duyduqları sevgi imiş, imanları imiş. Biz hücum çəkir onlar geri oturdur, var qüvvəmizlə təkrar-təkrar üstlərinə yeriyir, ancaq nəticə ala bilmir, yenə də naçar qalıb qalxdığımız yerə oturmalı olurduq. Yenə bir hücum əsnasında təpəmə bir tüfəngin qundağının endiyini və məni yerə sərdiyini xatırlayıram, gözümü açdıqda yad adamların, yəni ingilislərin bizə "vəhşi" deyə tanıtdığı insanların arasında olduğumu başa düşdüm. Düzünü deyim qorxudan sarılığımı udmuşdum; ancaq üzlərinə diqqətlə baxdıqda onların mənə düşmən gözüylə baxmadıqlarını gördüm. Yaralarımı bağlamışdılar, tamam-kamal özümə gələndən sonra bellərinə bağladıqları çantalarından çörək-zad çıxartdılar mənə verdilər. Onların qida maddələrini tapmaqda çətinlik çəkdiklərini komandirlərimiz bizə danışmışdı, bunu bilirdim; ancaq ingilislərin bizə "barbar" deyə tanıtdığı bu adamlar özlərinə belə kifayət etməyən ərzaqlarını mənə verirdi. İstəsələr o anda məni öldürə bilərdilər; ancaq onlar bunun tam əksini həyata keçirirdi. Biz əsirlərlə sözün əsl mənasında əziz qonaqları kimi rəftar edirdilər. Bizə deyilənlərlə bunların rəftarı arasında yerlə-göy qədər məsafə vardı. Aralarında qaldığım qısacıq zaman prosesində Türkləri çox yaxşı tanıdım. İngilislər onlara nifrət elədiyinə, türk düşmənçiliyi ilə xirtdəklərinə qədər dolu olduqlarına görə yalan danışıb bizi aldatmışdılar və onlarla döyüşmək üçün səngərlərə doldurmuşdular. Elədiklərimə görə min peşman olmuşdum; ancaq peşmançılığımın nə xeyri olardı ki?! Nəhayət, hərb qurtardı, Türklər bizi azad buraxdı və ölkəmə qayıtdım. Qayıdar-qayıtmaz da türk millətini ömürlük unutmamaq üçün gördüyün bu ay və ulduzu qoluma döydürdüm. Qolumdakı Türk bayrağının hekayəti belədir doktor. Taleyin hökmünə baxın ki, 1915-ci ildə ölümün astanasında çırpınarkən yaralarımı bağlayıb məni sağaldan da türklərdi, indi də Amerikada məni müalicə etməyə çalışan da türkdü. Avstraliyadan Amerikaya gələrkən bir türklə bu cür rastlaşacağım yatsam yuxuma da girməzdi. Sizlər sözün həqiqi mənasında mərd, ürəyi insan sevgisi ilə dolu mərhəmətli bir millətsiniz.
   
   -Adınız nədir həkim?
   
   -Ömərdi.
   
   -Sənə niyə Ömər adını qoyublar?
   
   -İslamiyyətin ikinci xəlifəsinin adıdır ona görə.
   
   -Adın müsəlman adıdır?
   
   -Bəli.
   
   -Adın gözəlmiş. Mənim adım da Josef Millerdi, bundan sonra adımı Anzaklı Ömər olaraq dəyişdirmək istəyirəm. Həkim, mənə müsəlmanlıqdan danışa bilərsən, müsəlman olmaq istəyirəm.
   
   -O saat müsəlman olmaq qərarına gəldin?
   
   -Yox, çoxdandır bu fikir başımda idi; ancaq mənə kömək olacaq birini tapa bilmirdim, indi axtardığımı tapdığımı görürəm ona görə.
   
   -Siz müsəlmanlar təsbeh çəkir və hər çəkişdə də Allahın adını anırsınız, mənə bir təsbeh tapa bilərsən?
   
   -Əlbəttə taparam!..
   
   -Məni tək-tənha qoyma həkim, olar?
   
   -Necə yəni?!
   
   -Hərdən gəl mənə müsəlmanlıqdan danış.
   
   -Baş üstə...
   
   O gündən sonra tez-tez yanına getdim, söhbət elədik və bildiyim qədəriylə ona dinimizdən danışdım, onun qaydalarını öyrətdim. Bir gün xəstəxananın səsucaldan aparatından adımın çəkildiyini və 217 nömrəli otağa təcili getməyimin xahiş edildiyini eşitdim. Qaçaraq Ömər əminin otağına qalxdım. Sağ əlində təsbehi vardı, üzündə həddən artıq xoşbəxt bir insanın ifadəsi hakimdi. Tələsik keçib baş ucunda oturdum və başını qaldırıb bədənimə yasladım, ölüm halında idi. Kəlmeyi-şəhadət gətizdirdim, mənim dediklərimi eynilə təkrar etdi. Qolunda türk bayrağının döyməsi və dilində Kəlimeyi-Şəhadətlə ruhunu əsl sahibinə, Tanrıya təhvil verdi. Doyana kimi ağladım və Allaha onu bağışlaması üçün dua etdim".
   
   Bəli, Josef Miller adlı Anzak, Dr. Ömər Musola bunları danışıb. İngilis adlı millətin əsl kimliyini, nə cür bir millət olduğunu bu dramatik hekayə çox gözəl başa salır.
   
   İngilislər sadəcə olaraq Çanaqqala döyüşlərində şeytani yalanlarla insanları aldadıb ölüm qoxuyan səngərlərə doldurmamış, məsum insanların qanını yalnızca Çanaqqalada tökməmişdir. Avropa, Amerika, Avstraliya və Okyanusyadan tutun ta Hindistana kimi, Britaniya adasından Asiya qitəsinin daxili hissələrinə kimi bu ucsuz-bucaqsız torpaqlarda doymaq bilməz vampir iştahalarının tələbini təmin etmək üçün etmədikləri zülm və vəhşət qalmayıb.
   
   Şəhidlər Xiyabanı yaxınlığında belə Azərbaycanı işğal üçün gələn və orda həlak olan ingilis hərbçilər üçün abidə qoyulub. İngilislər o vaxtlar silahla, qanla özlərinə məxsus olmayan torpaqlara hücumlar çəkir, öz maraqları üçün məsum insanların qanını sel kimi axıdırdı. İndi isə daha pisini həyata keçirirlər. İstismar edəcəkləri yerlərin xalqının əvvəlcə mədəniyyətini öz soy-kökündən ayırıb özgələşdirir, xalqı özünə yadlaşdırır, hibrid ruhlu insanlar güruhu yaradır, sonra da qanı-canı bir olan qardaşları bir-birinin canına daraşdırırlar. İngilis planı ilə öz milli mənliyindən uzaqlaşan, özünə yadlaşan qaragüruhçu cahillər, daha düzü bu yazıq insanlar kütləsi bir-birini boğazladığı vaxt, onlar da hərəkətə keçib ölüm qusan müasir silahlarıyla özlərinə aid olmayan torpaqları İraqda, Əfqanıstanda, Ərəb yarımadasında, Liviyada olduğu kimi iyrənc şəkildə çığnayır, işğal edirlər. Onların murdar ayaqlarını qoyduqları torpaqlardan bütün dünyaya qan iyi yayılır, işgəncə edilən, təcavüzə məruz qalan insanların çarəsiz qışqırıqları, nalələri əks-səda verir. Bunlar sonra da ayağa qalxıb üzləri qızarmadan, "biz demokratiyadan müdafiə edirik, insan hüquqlarına hörmətkarıq" deyir.
   
   İngilis millətinin hegemon anlayışı və iştahası sındırılmadığı, saxtakarlığı, yalançılığı, imperialist xarakteri bütün insanlığa layıq olduğu şəkildə başa salınmadığı, insanlıq aydınlaşdırılmadığı müddətcə, dünyada qan su yerinə axacaq, məsum insanlar məhv ediləcək, namusları ayaqlar altında tapdalanacaq, işgəncələr və təcavüzlər davam edəcəkdi.

TƏQVİM / ARXİV