Görünən Amerikaya nə bələdçi...

ETİBAR CƏBRAYILOĞLU
37302 | 2011-05-28 07:13
1998-ci ildə Amerika Birləşmiş Ştatlarına səfər etmək fürsəti məndən asılı olmayan səbəblərdən reallaşmadı. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvətinin həyata keçməsinə texniki məsələlər mane oldu. Həmin vaxt okeanın o tayını gəzəndən sonra yazacağım reportajla oxucuları bəlkə də təəccübləndirmək olardı. Amma indi durum tam fərqlidi. Amerikanı gəzib gələn soydaşlarımız da çoxalıb, Amerika haqqında bilgisi olanlar da. İnternetin canı sağ olsun, bilgisayarın bircə düyməsinə toxunmaq yetər ki, ABŞ barədə bolluca məlumat toplayasan.
   
   Hər halda, gəzib öz gözlərinlə görməyin ayrı ləzzəti var. Babalar nə demiş- min eşitməkdənsə, bir görmək əfsəldi. Ona görə də adımı Qafqaz Müsəlmanları İdarəsinin ABŞ-a göndərəcəyi nümayəndə heyətinin siyahısında görəndə təbii ki, sevindim.
   
   Xristofor Kolumb hələ 1492-ci ildə Amerikanı kəşf etməklə işin ən çətinini görmüşdü. Qalırdı işin nisbətən asan tərəfini reallaşdırmaq- "Açıq Dünya" proqramına qoşulub ABŞ-a uçmaq.
   
   
   
   Hamıya açıq dünya- "Açıq Dünya"
   
   
   
   Azərbaycan dini tolerantlıq sahəsində böyük uğurlar əldə edib. Dünyanın ən nüfuzlu dövlət və din xadimləri, aparıcı qurumları qədim tarixə, mədəniyyətə sahib ölkəmizi tolerantlığın gerçək ünvanı kimi göstərirlər. Azərbaycanın bu sahədə əldə etdiyi uğurları Amerika ictimaiyyətinə çatdırmaq, ABŞ-dakı təcrübəni öyrənmək üçün yaxşı fürsət qazanmışdıq. Bu imkanı isə bizə Beynəlxalq təhsil üzrə Amerika Şurası "Açıq Dünya" Proqramı yaratmışdı. Səfər təəssüratlarına keçməzdən əvvəl bir qədər "Açıq Dünya" haqqında...
   
   1999-cu ilin aprelində Konqres Kitabxanasının direktoru, Rusiya üzrə tanınmış ekspert Ceyms Billinqton Konqresdəki iclas zamanı "Açıq Dünya" proqramı haqqında fikirlərini bölüşür. Bir ay sonra proqram pilot layihəsi kimi həyata keçirilir və Konqres Kitabxanası bu layihəyə məsul olur.
   
   "Açıq Dünya" 2001-ci ilin oktyabrından ABŞ Konqresinin Kitabxanasında yerləşir. 2003-cü ildən başlayaraq proqram MDB və Baltikyanı dövlətləri də əhatə etməyə başlayıb. Xüsusi qeyd etmək yerinə düşər ki, "Açıq Dünya" proqramı Amerika hökumətinin qanunvericilik qolu tərəfindən maliyyələşən yeganə mübadilə proqramıdı. Mərkəzin Himayədarlar Şurasında Senatda çoxluğun rəhbəri Bill Först, ABŞ-ın Rusiyadakı sabiq səfiri Ceyms F. Kollins, senator Ted Stivens kimi tanınmış siyasətçilər təmsil olunur. "Açıq Dünya" proqramından danışarkən bir şəxsi qeyd etməmək mümkün deyil. Bu, təkcə Rusiyada deyil, bütün dünyada yaxşı tanınan akademik Dmitriy Lixaçovdu. Proqram mərkəzin yaradılmasında müstəsna əməyi olan mərhum akademikin xatirəsinə həsr edilib.
   
   2007-ci ildən Azərbaycan da bu proqramda təmsil olunur. Bu vaxta kimi 140 Azərbaycan vətəndaşı "Açıq Dünya" proqramının məzunu olmaq fürsəti qazanıb. Bu il mübadilə proqramına ilk dəfə dini tolerantlıq mövzusunun daxil edilməsi nümayəndə heyətimizin məsuliyyətini daha da artırmışdı. Bunu Amerika Şurasının təşkil etdiyi səfər öncəsi toplantıda da hiss etmək mümkün idi. Proqramın Bakı nümayəndəliyinin direktoru xanım Emi Pitersen, əlaqələndirici Nailə xanım Nəbiyeva ABŞ-da qalacağımız müddətdə bizim üçün gərəkli ola biləcək bütün məlumatları diqqətimizə çatdırdılar, bütün suallarımızı səbirlə cavablandırdılar. Təyyarəyə minənə qədər bütün təşkilati işləri yüksək səviyyədə həyata keçirdilər.
   
   
   
   Göyün yeddinci
   
   qatında Zəlimxan Yaqubla birlikdə
   
   
   
   Uzun, incə bir yol Bakı- Frankfurt marşrutu ilə başladı. Hava Limanında bəlli oldu ki, incəsənət ustalarından ibarət bir qrup da ABŞ-a səfərə gedir. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun başçılıq etdiyi nümayəndə heyətilə Los-Ancelesdə görüşəcək, maraqlı və yaddaqalan bir konsertin iştirakçısı olacaqdıq. Bu barədə növbəti reportajların birində. Hələ ki biz Bakı-Frankfurt marşrutu ilə uçan təyyarədəyik. Dünyaca məşhur "Lufthansa" şirkətinə məxsus hava gəmisinin sərnişinləri arasında xalq şairi Zəlimxan Yaqubu görmək bizim üçün xoş sürpriz oldu.
   
   4 saatdan bir qədər çox çəkən uçuşdan sonra Frankfurtda yerə endik. Ayağımız Almaniya torpağına dəyən kimi, elə təyyarənin trapı önündə söz-söhbəti heç zaman əskik olmayan Zəlimxan Yaqub bizi maraqlı bir lətifəyə qonaq elədi. Növbəti müalicəsi üçün Almaniyaya gələn ünlü şairə Allahdan şəfa diləyib ayrıldıq. Qarşıda bizi Vaşinqtona 12 saatlıq uçuş gözləyirdi.
   
   Göyün yeddinci qatında bu qədər vaxtı boşa vermək olmazdı. Dostum, tanınmış jurnalist, böyük maraqla qarşılanan "Möcüzəsiz möcüzə" kitabının müəllifi Ərşad Əzimzadənin "Rədd olsun eynəklər!" kitabını vərəqləyirəm. Gələcəkdə ola bilsin ki, mən də müəllif dostumun bu şüarına qoşulacam. Amma Amerikanı daha yaxından görmək üçün indi eynək mənə çox lazımdı...
   
   
   
   Çarlz Pyer de Lanfanın möhtəşəm əsəri- yaşıl donlu Vaşinqton
   
   
   
   ABŞ paytaxtı Atlantik okeanını keçib gələn qonaqlarını 3 hava limanında qəbul edir. Onlardan ən məşhuru sabiq prezident Ronald Reyqanın adını daşıyan aeroportdu. Biz isə Dalles Beynəlxalq Hava Limanında yerə endik.
   
   Qədim kişilərin dililə desək, Vaşinqton bizi narın yağan yağmurla qarşıladı. Lakin təbiət qərib yolçulara güzəşt etdi. Yağış qəfil başladığı kimi də dayandı.
   
   Azərbaycandan gələn nümayəndə heyətini "Açıq Dünya"nın Vaşinqton ofisinin təmsilçisi qarşıladı. Və bizi qalacağımız "Embassy Suites" otelinə aparmalı olan avtobusun texniki problemlər üzündən gecikdiyini bildirdi. İşə bax ki, Amerikanın paytaxtında da texniki problem yaxamızdan yapışdı. Amma bəxtdən gileylənməyə dəyməzdi. 10 günlük səfər ərzində bu elə sonuncu qüsur oldu.
   
   Hava limanında xeyli nəfəs dərəndən sonra təşkilatçılar nəqliyyat problemini çözdülər və biz otel yolunu tutduq. Hava limanından şəhərə doğru irəlilədikcə yolun hər iki tərəfindəki yaşılıq yorğunluğumuzu unutdurdu. Bir neçə yerdə yeni yol qovşaqlarının tikildiyinə də şahidlik etdik. Bizim üçün ayarlanmış otel Vaşinqtonun qədim məhəllələrinin birində yerləşirdi. Təşkilatçıların verdiyi xəritədən belə məlum oldu ki, "Embassy Suites"dən "Ağ Ev"ə piyada cəmi 20 dəqiqəlik yoldu. Lakin biz oteldə yerbəyer olan kimi "Ağ Ev"ə getmədik. Səfər proqramına görə rəsmi görüşlərimiz və ABŞ prezidentinin iqamətgahına ekskursiya səhərə planlaşdırılırdı. Vaşinqtonda ilk gecəni rahat dincəlib səhərki görüşlərə hazırlaşdıq.
   
   İlk rəsmi görüşümüz ABŞ Konqresi Kitabxanasında nəzərdə tutulmuşdu. Təşkilatçılar Konqresin Kitabxanasına qədər yolu bizi xüsusi ayrılmış avtobusla apardılar və yolüstü Azərbaycandan gələn qonaqları yaşıl dona bürünmüş Vaşinqtonla tanış etdilər.
   
   ABŞ-ın paytaxtı, siyasi və mədəniyyət mərkəzi sayılan bu şəhər Potomak çayının sahilində salınıb. Amerikanın ilk prezidenti Corc Vaşinqton paytaxtın planlaşdırılmasını memar, mühəndis, inqilabi orduda döyüşən fransız Çarlz Pyer de Lanfana etibar edib. Prezidentin dəstəyindən sonra 1790-cı ildə paytaxtın salınmasına start verilib. Həmin il Konqresdə xüsusi qərar qəbul olunub. Bu gün 650 min əhalinin yaşadığı Vaşinqton şəhəri fransız Lanfanın şah əsəri sayıla bilər. Paytaxt elə layihələndirilib ki, rəsmi binalar bir-birinə yaxın məsafədə yerləşir. Şəhərdəki yaşıllıq, geniş parklar hər kəsi valeh edir. Bu yaşıllıqları qazıb yerində nəsə tikmək yəqin ki, bu şəhərdə heç kimin ağlından keçmir...
   
   Səhər tezdən olsa da şəhərdə nə maşınların uzun-uzadı tıxacına, nə də yarışa giriblərmiş kimi siqnal verən avtomobillərə rast gəlinir. Küçələrdə yeriyən adam da gözə dəymir. Hamı ya şəxsi avtomobilindən istifadə edir, ya da ictimai nəqliyyatdan. Küçədə gözə dəyən insanların hamısı qaçır- səhər idmanı ilə məşğul olur.
   
   Yaşıl donlu gözəli- paytaxt Vaşinqtonu seyr edə-edə Kapitoliya binasına tərəf gəlirik. Azad ölkənin demokratiya məbədi sayılan bu binanın müəllifi Ulyam Torntondu. 33 yaşlı həvəskar memar 1792-ci ildə elan edilən müsabiqədə qalib gələndən sonra adını tarixə yazdırıb. 8 il sonra onun inşa etdiyi Kapitoliyanın şimal qanadında hökumətin ilk iclası keçirilib. Az sonra ölkədə ingilis-amerika müharibəsi başlayır və paytaxtı işğal edən britaniyalılar Kapitoliyanı yandırırlar. Həmin gün başlayan qəfil tufan isə binanı tamamilə yanıb məhv olmaqdan xilas edir. 1825-ci ildə amerikalılar bu əhəmiyyətli binanı yenidən qurmaq üçün özlərində güc tapırlar. Bu gün də Vaşinqton sakinləri Kapitoliyaya böyük sayğı ilə yanaşırlar. Paytaxtın mərkəzində Kapitoliyadan hündür bina tikmirlər.
   
   İlk rəsmi görüşümüzü Konqresin Kitabxanasında keçiriləcəyini nəzərə alıb kitabxananın Ceyms Medison binasına yaxınlaşırıq. Konqresin Kitabxanası haqqında bir az sonra...
   
   
   
   ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: "Amerika fürsəti əldən verdi"
   
   
   
   Konqres Kitabxanasının Ceyms Medison binasında Azərbaycandan gələn nümayəndə heyətini "Açıq Dünya" Mərkəzinin İcraçı Direktoru, sabiq səfir Con Okif qarşıladı. Xatırlatmaq yerinə düşər ki, cənab Okif ABŞ Dövlət Departamentində uzun müddət fəaliyyət göstərib və ölkəsində nüfuzlu diplomatlardan sayılır. Amerikanın Qırğızıstanda səfiri olub. Əfqanıstandakı əməliyyatları dəstəkləmək üçün müttəfiqlərə bu ölkədə baza yaratmaq imkanı verən müqavilənin imzalanması məhz onun adı ilə bağlıdı. Cənab Okif müxtəlif zamanlarda Dövlət Departamentinin Müvəqqəti Baş Direktoru, Dövlət Katibinin köməkçisi vəzifələrində çalışıb. SSRİ dağıldıqdan sonra Avropada və Balkan ölkələrində ABŞ-ın 20-dən çox səfirliyinin yaradılmasında yaxından iştirak edib. Bir neçə nüfuzlu mükafatlarla təltif edilib.
   
   Con Okif Bakıdan gələn qonaqları səmimi salamlayandan sonra İcraçı Direktor kimi "Açıq Dünya"nın məram və məqsədlərini açıqladı. Bizim ABŞ səfərimizin uğurlu və yaddaqalan olmasını arzuladı.
   
   Sonra kürsünü Azərbaycanda və qardaş Türkiyədə yaxşı tanınan bir personaya təhvil verdi. Siyasətlə məşğul olan, mətbuatın gündəmini yaxından izləyən azərbaycanlılara Ros Vilson adı tanış gəlməlidir. Ömrünün 30 ilini diplomatik fəaliyyətə həsr edən cənab Vilson 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub, sonrakı üç ilini isə səfir kimi Türkiyədə keçirib. Müxtəlif illərdə Dövlət Katibi müavininin aparat rəhbəri, Yeni Müstəqil Dövlətlər üzrə Dövlət Katibinin Xüsusi Məsləhətçisi və Xüsusi Səfirinin birinci müavini kimi önəmli postlarda çalışıb. Hazırda ABŞ Atlantik Şurasında Avrasiya Mərkəzinin Direktorudu. Türkiyəni, Qafqaz regionunu yaxından tanıdığı üçün bu bölgədə baş verən proseslər, xüsusi ilə enerji layihələrilə bağlı məsləhətləri Amerika hökumətində maraqla qarşılanır.
   
   Cənab Vilson Azərbaycandan gələn qonaqları ABŞ-da salamlamaqdan məmnunluğunu ifadə etdi: "Sizlərlə yenidən görüşməkdən şadam. Azərbaycan və onun mehriban insanları yaddaşımda həmişəlik qalıb. Azərbaycan dövlət müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşır. Müstəqilliyin 10 illiyilə bağlı Bakıda keçirilən tədbirlər yaxşı yadımdadı. Sizin gəlişiniz maraqlı məqamlarla üst-üstə düşür- ABŞ-Azərbaycan əlaqələrinin bu il 20 yaşı tamam olur. Ötən bu müddət ərzində ölkənizdə böyük dəyişikliklər baş verib. Azərbaycan ciddi uğurlara imza atıb, nəhəng layihələri reallaşdırmaqla regionda nüfuz qazanıb. Dünyanın ən nüfuzlu qurumlarına inteqrasiya olunub".
   
   Qarabağ probleminə toxunan təcrübəli diplomat maraqlı etirafda da bulunur: "Çox təəssüf ki, bu illər ərzində Qarabağ problemi həll olunmamış qalıb. Mən bir diplomat kimi bu məsələ ilə 1997-ci ildən məşğulam. Problemin həllinə biz o zaman indikindən daha yaxın idik. Təəssüf ki, bu şansı əldən verdik. Son illər problemin müsbət həll edilməsində bir millimetr də irəliləyiş yoxdu. Müsbət çalar isə döyüşlərin dayandırılmasıdı. Hərbi əməliyyatların bərpası regionda böyük problemlər yaradardı. Mən bu gün rəsmi şəxs deyiləm, amma onu deyə bilərəm ki, Qarabağ məsələsinin çözülməsində Rusiyanın və Türkiyənin əhəmiyyətli rolu ola bilər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti daha da gücləndirilməlidi. Ən əsası, bayaq dediyim kimi, hərbi əməliyyatların bərpasına hər bir vasitə ilə mane olmaq lazımdı. Ermənistan rəsmi Moskvadan hədsiz-hüdudsuz hərbi yardım alır. Belə vəziyyətdə döyüşlər başlasa nələrin yaşanacağını təsəvvür etmək çətin deyil. Bu gün Qarabağda məskunlaşan erməniləri inandırmaq lazımdır ki, Azərbaycanın tabeliyində yaşamaları onlar üçün daha yaxşı olacaq".
   
   ABŞ-ın ölkəmizdəki sabiq səfiri sonda Bakıdakı dostlarına salam aparmağımızı xahiş edir: "Mən də, xanımım da Azərbaycanda qazandığımız çoxlu dostlarımızı həmişə xatırlayırıq. Qubaya, Lənkərana, Gəncəyə, Şəkiyə səfərlərimiz yaddaqalan olub. Azərbaycanda həyatımızın maraqlı anlarını yaşadıq. Oradakı dostlarımıza mənim və ailəmin salamlarını yetirin".
   
   
   
   Keçmiş Prezident Ceffersonun kitabları
   
   
   
    Sonra ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin məsul əməkdaşı xanım Lisa Karrla, ötən ilin yekunlarına görə Amerikada ən yaxşı dərs deyən aspirant, Corctaun Universitetinin əməkdaşı Samuel Cozef Potolikkio və "Rusiya-Amerika münasibətlərinin başlanması. 1765-1815" ABŞ-SSRİ birgə nəşrinin redaktoru, Corctaun Universitetindəki Liberal Araşdırmalar Mərkəzinin professoru Con Braunla maraqlı görüşlərimiz oldu.
   
   Həmin görüşlər bitincə Konqres Kitabxanası ilə yaxından tanışlıq fürsəti əldə etdik. Yuxarıda söz verdiyim kimi, indi də bir qədər Konqres Kitabxanası barədə...
   
   Konqresin kitabxanası 1800-ci ildə yaradılıb və Kapitoliyada yerləşib. Kitabxanada yalnız hüquq və qanunlarla bağlı ədəbiyyat saxlanılıb. 1814-cü ildə şəhərdə döyüşlər gedərkən bayaq xatırlatdığım kimi, ingilis əsgərləri Kapitoliyanı yandıranda kitabxana da məhv olur. Bir il sonra ölkə prezidenti Tomas Cefferson Konqresə maraqlı təkliflə müraciət edir. Ömrünün 50 ilini ABŞ-da ən yaxşı kitabları toplamağa həsr edən Cefferson şəxsi kitablarının Konqres tərəfindən alınmasını istəyir. Konqres də prezidentin bu təklifini bəyənir. Prezidentin kitabxanasında müxtəlif sahələri əhatə edən kitablar olduğundan Konqresin Kitabxanası universal əhəmiyyət daşımağa başlayır. 1897-ci ildə kitabxana üçün ayrıca bina inşa edilir və ona Tomas Ceffersonun adı verilir. 1939-cu ildə Con Adams binası tikilir. Azərbaycan nümayəndə heyətinin görüşlər keçirdiyi Ceyms Medison binası isə 1980-ci ildən istifadədədi.
   
   Bu gün kitabxananın fondunda 470 dildə, 130 milyon adda kitab var. Əvvəllər yalnız konqresmenlər üçün nəzərdə tutulan kitabxanadan indi 18 yaşdan yuxarı hər bir vətəndaş pulsuz istifadə edə bilər. Şəxsiyyət vəsiqəsini göstərəndən sonra 23 oxu zalının qapıları üzünüzə açıq olur.
   
   Konqres Kitabxanası ilə tanışlıqdan sonra piyada gəzə-gəzə "Ağ Ev"in qarşısına gəlirik.
   
   Bu da ABŞ prezidenti Barak Obamanın oturduğu "Ağ Ev"...
   
   
   
   (ardı növbəti şənbə sayımızda)
   
   
   
   
   
   

TƏQVİM / ARXİV