KüT BIçAQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
38522 | 2011-05-28 07:13

   
   İş günü yenicə başlamışdı. Yenicə deyəndə ki, indi iş günlərinin nə vaxt başlayıb, nə vaxt qurtardığını müəyyənləşdirməyin özü böyük bir problemdir. Çünki iqtisadi çətinlik, ailə qayğıları və həyatın özünün günü-gündən artan tələbləri adamı gecə-gündüz işləməyə və bu yolla da nəyəsə qovuşmağa məcbur edir. Yaxından tanıdığım bir çox qələm, söz adamları kimi mənim özüm də indi az qala gecələri də gözü açıq yatıram. Çünki nə qədər çalışsam da beyin oyaq olurgfikirləşir, arayır, axtarır, ip ucu tapmağa çalışır. Ammag
   
   Bəli, qayıdaq yazının əvvəlinə. Deməli, iş günü yenicə başlamışdı. Ömrünü-gününü yazı-pozuya həsr etmiş, qələmlə çörək qazanmağa, sözlə yaşamağa alışmış Mais Hacıyev - dəyərli jurnalist, tərcüməçi dəhlizdə göründü. Ayağa qalxıb onu qarşıladım. Həmişəki kimi hal-xoş etdik. Öz təmkini, öz aurası olan Mais müəllim yenə də özünəməxsus şəkildə sifətinə təbəssüm gətirib dedi:
   
   - Sən bilərsən şair, bəzi adamlar çörək pullarını, nə bilim evlərinin əşyalarını satıb ayda bir dəfə və yaxud iki dəfə barmaqsayı qəzetlər buraxırlar. Səbəbini anlaya bilmirəm, bəlkə sən deyəsən?
   
   Doğrusu, öncə nə deyəcəyimi bilmədim. Çünki konkret kiminsə bostanına daş atmaq mənlik deyil. Amma ağsaqqalı da intizarda qoya bilməzdim. Ona görə də bir məşhur ifadədən istifadə edəsi oldum:
   
   - İstəyirlər desinlər ki, filankəsin də qəzeti var.
   
   Bəli, nə dediyimi anladı və mən də bu məsələnin üstünə qayıtmadım. Çünki həmsöhbətimin davranışından hiss etdim ki, sualı verməyinin başqa bir məqsədi var. Ona görə də gözlədim ki, fikrini özü açıqlasın və belə də oldu...
   
   Mais müəllim çalışdığı qəzetdəki durumdan, baş verən dəyişikliklərdən və nəhayət qoyulmuş şərtlərə razılaşmayıb öz ərizəsi ilə işdən çıxmasından danışdı. Düzü, ürəyim ağrıdı. Ömrün bu çağında, iqtisadi gərginliklərin at oynatdığı bir məqamda işdən çıxmaq, qələmdən, sözdən bir növü təcrid olunmaq jurnalist üçün, yazar üçün böyük zərbədir. Təəssüf ki, bunu bəziləri anlamır və yaxud anlamaq istəmirlər. Bunları düşünə-düşünə ona təsəlli vermək istədim, amma tapmadım. Bir də ki, Mais Hacıyev uşaq deyildi ki, mən ona hansısa bir sözlə təsəlli verim. O, dünyanı, onun adamlarını məndən yaxşı tanıyır. Ona görə də:
   
   - Canın sağ olsun, qələmin, istedadın ki, özünlədi. İnşallah, sözünü çap etməyə, misralarını, tərcümələrini oxuculara çatdırmağa o qədər mətbuat var ki. Elə biri biz. Nə vaxt qulluğun olsa, hazırıq.
   
   Bəli, Mais müəllim getdi. Amma onun gətirdiyi o ağırlıq, əslində hər bir qələm adamını gözləyən o yük mənimlə qaldı. Nə qədər başımı qatmaq, fikirlərimi yayındırmaq istədim, amma alınmadı. Elə bil ki, bütün günüm bir göy əskiyə büküldü, özümü də günahkar saydım. Düşündüm ki, imkan olsaydı, bacarsaydım Mais müəllimə bir küncdə yer ayırardım və deyərdim ki, ustad, buyur bu bilgisayar, bu da sənin yaradıcılq meydanın. Amma mənim özümə bəzən elə gəlir ki, kimsə qapını açıb "sağollaşmağa" gəlmişəm deyəcək... Yəni burda qəribə, gözlənilməz bir şey yoxdu.
   
   Həyat davam edir və bu davam edən həyatın bir gündə mənə yaşatdığı məqamları saf-çürük edə-edə bir də görürəm ki, ağ kağızda misralar bir-birini tamamlayır...
   
   
   
   bütün hallarda
   
   hamı üçün
   
   yaxşı olmaq
   
   çətindir!-
   
   bəlkə də
   
   mümkün deyil!..
   
   buna baxmayaraq
   
   əgər adamsansa
   
   heç vaxt
   
   pisliyə etmə meyil!..
   
   çalış
   
   adam kimi
   
   adamlığını et...
   
   və
   
   adamlardan
   
   ayrılanda da
   
   ağır itki kimi get!
   
   onda ən yaxşı
   
   və
   
   ən pis halda
   
   qalacaqsan
   
   ən azı
   
   yaddaşda-
   
   adamlarla...
   
   ***
   
   
   
   İnsan bir varlıq olaraq həmişə qəribəliklərin, təzadların içərisində yaşamağa məhkumdur. Əgər hər şey eyni biçimdə olsa və bütün həyat da bu biçimin içərisində keçsə, onda nələr baş verdiyini, insanın da hansı məşəqqətlərə dözdüyünü təsəvvür etmək də, görmək də çox çətin olar. Adicə bir neçə gün ardıcıl bir xörəyi yemək və yaxud eyni yazını bir həftə dalbadal kağızdan-kağıza köçürmək adamı yorur, usandırır, əsəbləşdirir. İndi təsəvvür edin ki, bütün ömrüm boyu eyni nöqtədə, eyni geyimdə, eyni düşüncədə, bir sözlə, eyni eyniyyətlərin içərisində olasan. Onda həyatın hansısa bir mənasını anlamaq olarmı? Məncə yox!..
   
   Bəli, istənilən insan təkcə özünün yox, həm də ətrafındakıların bir parçasıdır. Və özü ilə ətrafındakılar onu əslində bir insan kimi formalaşdırıb, insan kimi ortaya qoyub. Bax, ona görə də atılan addım, görülən iş, verilən qərar, hətta edilən ixtiralar belə, insanın insana xidmətidir, insanın həm də özünün tamlığına xidmətidir. Mən bu düşüncələrin içərisində belə bir məqamı da diqqətdən yayındırmıram ki, bəzən bir fərd hamı üçün eyni durumda, eyni ölçüdə, eyni qabiliyyətdə, eyni düşüncədə ola bilmir, görünə bilmir. Bunun da səbəbi bax, elə əvvəldə dediyim həyatın rəngarəngliyindədir. İnsanlar həm də onunla fərqlənirlər ki, onlar hər şeyə öz prizmalarından, öz münasibətlərindən baxıb yanaşırlar, özləri kimi də qiymət verirlər.
   
   İndi öz-özümə verdiyim bu qərarların, gəldiyim nəticələrin fonunda sanki bir rahatlıq tapıram. Guya ki, nəsə kəşf etmişəm. Amma gerçəkliyin etirafı da elə müəyyən mənada bir kəşfdi, bir ixtiradı. Doğrudur, deyirlər ki, etiraf həm də böyüklükdür. Amma bütün etirafların həm də böyüklük kimi qəbul olunuğuna məndə o qədər də böyük inam yoxdur. Bu məqamda yadıma qəribə, həm də yumorlu deyim düşür. Həmin o hikmətli deyimdə bildirilir ki, kimsə nəsə həqiqəti sübut edənə qədər onun dərisini boğazından çıxarırlar və sonra da onun həqiqət olduğunu görüb əməllərindən təəssüflənirlər. Mən də indi həmin o bir-birindən fərqli, həm də əslində eyni olan məqamları düşünə-düşünə özümdən razı halda bilgisayara diktə edirəm.
   
   
   
   həmişə olduğu kimi
   
   indi də düşünürəm ki,
   
   ətrafımdakıların
   
   hamısının
   
   və yaxud da
   
   lap elə yarısının
   
   ürəyincə
   
   ola bilmişəm!..
   
   həmişə olduğu kimi
   
   indi də düşünürəm ki
   
   ətrafımdakılarn
   
   hamısının
   
   və yaxud da
   
   lap elə yarısının
   
   düşüncəsindən
   
   xəyanəti,
   
   xəbisliyi,
   
   riyakarlığı
   
   silmişəm!..
   
   amma...
   
   həmişə olduğu kimi
   
   elə indi də düşünürəm ki
   
   ətrafımdakıların hamısının
   
   daha dəqiqi
   
   ən azı yarısının
   
   ürəyində bir ümid
   
   cücərtmişəm-
   
   hamı etiraf edib ki
   
   dünyaya
   
   onlar kimi mən də
   
   sevgi üçün gəlmişəm!..
   
   
   
   
   
   ***
   
   
   
   Dünyada xoşbəxtlik və bədbəxtlik anlayışı mənə görə nisbi olduğu qədər də fərdidi. Çünki istənilən sevinc, istənilən gözəllik hamı tərəfindən eyni cür qəbul olunmur. Yəni hətta ən böyük gülüş ustasının oynadığı komik rola hamı eyni səmimiyyətlə gülə bilmir. Onun gülüşünü özünün gülüşünə çevirməyi bacarmır. Və yaxud ən ağır itkiyə hamı eyni ürək ağrısını yaşayıb, eyni acığını, eyni göz yaşlarını nümayiş etdirmir. Bu da dediyim kimi, insanın hər birinin fərd olmasından, hər birinin öz dünya görüşü, öz duyğusu, öz anlayışı olmasından qaynaqlanır. Axı, bu mənada mənim üçün təbəssüm doğuran və yaxud ürəyimə bıçaq kimi sancılan məqamları bəzən özümə son dərəcə doğma bildiyim insanlar belə tuta bilmirlər. Bunun özü də mənim üçün ikinci bir zərbə, ikinci bir acı olur. Həm də iş bununla bitmir. Mənim ağrı-acım, yaşadıqlarım başqasında ironik təbəssüm doğurur. Ona görə də özümə çəkilməli oluram, özümə qapanıram. Amma...
   
   Sözün açığı, məhz həmin məqamlarda ürəyimi bölüşməyə, sevincimi, kədərimi kiminsə qarşısında süfrə kimi açıb tökməyə elə bir daxili tələbatım olur ki, bəlkə də başqa vaxtlar mən bunu hiss etmirəm. Amma neyləyim ki, bəzən əvvəldə dediyim kimi, ən doğma adama da hisslərini, duyğularını, düşüncələrini, yaşadıqlarını açıb danışanda onun baxışlarında, onun sifətində bir sükut və yaxud bir laqeydlik, bir etiraz, bir bezikmək cizgilərini görürsən və...
   
   Və onda içində nə isə qırılır, özün-özündən bir az da küsürsən, bir az da öz dərinliklərinə çəkilib gedirsən. Bu da həyatın bir çılpaq sifətidir. O mənada çılpaq ki, bu sifət boya götürmür, necə var elədi.
   
   Yaxşı ki, ürəyimi həmişə küt bıçaqlara etibar etmirəm. Yoxsa çoxdan axırıma çıxmışdılar. Bir az bülöv daşına çəkilmiş, bir az itilənmiş bıçaqlarla yol-yoldaşlığı edirəm. Harda sancır, harda kəsir fərqinə varmadan eləcə onun da varlığına şükür edirəm. Çünki bu bir taledir, bu bir alın yazısıdır. Onu da mən seçməmişəm, yazan belə yazıb...
   
   Və bir də yazıb ki, sənin ümidin də, sənin nicatın da, sənin yaşamağın da insanlığındadı, adamlığındadı, sevgindədi. Bu insanlıq, bu adamlıq, bu sevgi özü-özlüyündə həm də bir qismətdi, bir paydı, bir səsdi...yapış ondan və yaşa. Necə ki, yazmışam:
   
   
   
   Uzaq idi yolumuz
   
   Bir az kəsə dolandım...
   
   Bir az gülə, çiçəyə-
   
   Bir az, səsə dolandım...
   
   
   
   Bir kimsəm yox- kiridə
   
   Açar düşməz kilidə.
   
   Bir az da son ümidə-
   
   Son nəfəsə dolandım...
   
   
   
   Tanrım möcüzə- sirrdi
   
   Adildi, həm də birdi!
   
   Bir damcı ümid verdi-
   
   Mən o bəsə, dolandım...
   
   
   
   Hə, bütün bunlardan sonra istənilən bir günü yaşamağın özü də və yaşatdıqlarının içərisində küt bıçaqdan gileylənmək də yəqin ki, günahdı. Axı bu bıçaq da bilir kimə və hara üz tutsun...
   
   
   
   

TƏQVİM / ARXİV