adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Yekun

İNTİQAM VALEHOĞLU
18939 | 2011-05-27 06:46
Futbol üzrə növbəti Azərbaycan çempionatı başa çatdı. Elə çempionatın özüylə birgə azarkeşlərə yaşatdığı həyəcan da. Lakin bu o demək deyil ki, birinciliyin sona çatmasıyla söz-söhbətlər, umu-küsülər, qalmaqallar da səngidi. Nəysə, çox uzatmadan gəlin, geridə qalan mövsümdə bütün klublarımızın çıxışını dəyərləndirməyə çalışaq.
   
   "Neftçi"-hələ 3 tur əvvəl çempionluğunu elan etmiş "flaqman"ın bu qələbəsi heç də asan başa gəlmədi. Əvvəla paytaxt klubu bu qalibiyyəti nə az, nə çox, düz altı il gözlədi. Digər tərəfdən 3 il öncə almaniyalı Hans Yurgen Gedenin gəlişindən və komandanı bərbad edərək gedişindən sonra, bakılılar nə isə etmək haqda düşünürdülər. Düşündülər və elədilər də.
   
   Lakin elə bu gün də "Neftçi"nin çempionluğu müxtəlif qüvvələrin-AFFA, PFL və Hakimlər Komitəsinin köməyilə qazandığı iddia edilir. Etiraf etmək lazımdır ki, heyətdəki adlara nəzər salanda "xalq komandası" geridə qalan mövsümü elə də parlaq keçirmədi. Çünki ən azından heyətdə Emil Mpenza, İqor Mitreski, Slavço Georgiyevski kimi adlar var. Amma bütün hallarda qaliblər mühakimə olunmur. İl ərzində komandanın ən yaxşısına gəlincə, fikrimcə bu 34 yaşlı qolkiper Rauf Mehdiyevdir. Bizə isə yalnız "Neftçi"yə Çempionlar Liqasında layiq olduğu qələbələri sıralamağı arzulamaq qalır.
   
   "Xəzər Lənkəran"- çempionata çılğın azarkeşləri, transferləri və azarkeşlərin hazırladığı müxtəlif pankartlarla damğa vuran cənublular bu ili ikinci pillədə başa vurdular. Nəzərə alsaq ki, komandanın əsasını təşkil edən futbolçuların əksəriyyəti məhz geridə qalan mövsümün ortalarında heyətə cəlb olunub. İkinciliyi uğurlu nəticə hesab etmək olar. Ölkə kubokunun da sahibi olan komanda həm də Avroliqa turnirində ölkəmizi təmsil edəcək komandanın uğurlarına sevinmək. Komandanın ən yaxşısı isə Julios Vobay və Vinston Parkı hesab etmək olar.
   
   Ağdamın "Qarabağ" klubu isə bürünc medalları qazanmaqla premyer-liqanın ilk üçlüyünü tamamladı. Doğrusu, son illər bu komandanın ölkədaxili yarışlardakı çıxışlarına nəzər salarkən belə bir təəssürat yaranır ki, ağdamlıları çempionluqdan daha çox, avrokuboklarda uğurlu çıxış maraqlandırır. Sözsüz ki, bölgə təmsilçisinin ard-arda 9 tur qələbə qazanmasını da vurğulamaq lazımdır. İndi isə "Qarabağ"ı çətin Avrokubok sınağı gözləyir. Hər halda, inanırıq ki, komandamız ötən illərdəkindən də daha uğurla çıxış edərək, qrup mərhələsinə düşməyi bacaracaq. Son olaraq. Qeyd edim ki, göstərdiyi oyunla Gürcüstan Milli komandasına da dəvət alan Georgi damiya "Qarabağ"ın ən yaxşısıydı.
   
   AZAL-dördüncü pillənin sahibi çempionata çox yaxşı başlamışdı. Hətta 3-4 tur bu komandanın çempion olacağını da söyləmək olardı. Yeri gəlmişkən. Qeyd edim ki, şüvəlanlıların özəlliklərindən biri də budur ki, hər il ölkə çempionatının bombardirləri sırasında onların da üzvü olur. Məsələn, ötən il Anatoli Doroş, bu il Qvidas Yuşka, Gennadiy Bliznyuk. Komandanın ən yaxşısına gəlincə, sözsüz ki, bu Zouhari Benoharidir.
   
   Ötən ilki çempion "İnter" bu il beşinci pillənin sahibidir. "Bankirlər"in uğursuzluğunun əsas səbəbi kimi düzgün transfer siyasətinin yürüdülməməsi göstərir. Elə bir neçə gün öncə komandanın gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin həmkarlarımızla söhbətindən də bunu aydın sezmək olurdu:
   
   "Transferlərimiz özünü doğrultmadı. Mövsümün ortasında isə komandaya yeni oyunçular cəlb etmək imkanımız olmadığından uğursuzluqla qarşılaşdıq".
   
   Hər halda ölkə kubokunun finalına çıxmasını "İnter" üçün təsəlli hesab etmək olar. Heç şübhəsiz ki, Rövşən Əmiraslanov bu il komandanın nisbətən daha stabil oyun sərgiləyən futbolçusu idi.
   
   "Bakı"- bu komandanın altıncı yeri özü üçün necə çətinliklə təmin etməsini yəqin ki, futbol azarkeşləri yaxşı xatırlayır. "Qəbələ" ilə gərgin mübarizədən sonra il "altılığ"a düşməyi bacaran komanda çempionatın əsas mərhələsində demək olar ki, digər beş komandanı xalla təmin etməklə məşğul idi. Amma bir məsələni xatırlamaq lazımdır ki, Aleksandr Starkov komandanın başına gətiriləndə daha iddialı idi. Lakin günlər keçdi və mütəxəssis anladı ki, Latviya milli komandasını Avropa Çempionatının final mərhələsinə çıxarmaq olar, amma "Bakı"nı bu durumdan çıxarmaq daha müşküldür. Çünki Bülent Qorxmazın qurduğu, Cüneyt Biçərin isə daha da komplektləşdirdiyi komandanı Vinfred Şeferə, ardından isə Starkova həvalə etmək həqiqətən də lazımsız addım idi. Bütün hallarda "Bakı" mövsümün uğursuzudur. Bu komandada isə konkret kimisə fərqləndirmək çətin məsələdir.
   
   "Qəbələ" ikinci eşolonun lideridir. Bəlkə də bu komanda ilk altılıqda mübarizə aparsaydı, ən azı dördüncü pilləni tuta bilərdi. Çünki ikinci altılıqdakı rəqiblərindən açıq-aşkar üstün təsir bağışlayan, yalnız "Muğan"la oyunlarda büdrəyən qəbələlilərin bəxti gətirmədi. Hətta bir çox iddialara görə "Qəbələ" ikinci altılığa məhz hakim xətalarının üzündən düşdü. İstənilən halda Toni Adamsın ilk ildəki işini elə də uğursuz saymaq olmaz. Amma komandanın uğursuz transferləri də oldu. Məsələn, bir milyon avro qarşılığında Qəbələyə gətirilən Deon Barton qiymətinə layiq oyun sərgiləmədi.
   
   "Muğan" əgər bir qədər də tez toparlansaydı, bəlkə də birinci altlıq uğrunda mübarizə apara bilərdi. Çünki çempionatının ikinci mərhələsində Bəhmən Həsənovun komandasının göstərdiyi oyun doğrudan da xoş sözə layiqdir. Baxmayaraq ki, komanda lideri hesab olunan Elnur Abdullayevi "Xəzər Lənkəran"a satmışdı. Salyan təmsilçisi səkkizinci olsa da, sərgilənən oyun bir daha sübut elədi ki, yerli məşqçiylə də nəsə etmək olar. Nə qədər subyektiv görünsə də, Bəhmən Həsənov geridə qalan mövsümdə salyanlıların ən yaxşısıydı.
   
   "Gəncə"- doğrusu komandanı bu yerdə görmək sadəcə insanın ruhunu ağrıdır. Axı cəmi 7-8 il əvvəl qərblilər bu pilləni ağıllarına belə gətirmirdilər. Amma Mehman Allahverdiyevin gəlişindən sonra nəyəsə ümid etmək olar. Komandanın ən yaxşısına gəlincə, bu pleymeyker Ceyhun Sultanovdur.
   
   "Turan" isə artıq neçə illərdir ki, son anda canını aşağı dəstəyə yuvarlanmaqdan qurtarır. Hər halda tovuzlulara bu yer yaraşmır.
   
   Çempionatımızın daimi autsayderi MOİK və son illər heç də ondan fərqlənməyən "Simurq" haqqında isə demsəyə nəsə qalmır. Bu komandalara sadəcə birinci dəstədə uğur arzu etməkdən başqa.

TƏQVİM / ARXİV