adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
44328 | 2011-05-27 06:46
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Vəzifədə işləyən yaxın adamınız varmı? Varsa problemləriniz olanda sizə kömək edirmi?
   
   - 2-ci sual: Bu yay mövsümündə istirahətə hara gedəcəksiniz?
   
   - 3-cü sual: Səhhətinizlə bağlı problemləriniz varmı?
   
   
   
   1. - Kərimağa: (yaşıllaşdırma idarəsinin işçisi) Mənim vəzifədə işləyən nə bir qohunun var, nə də yaxınım. Biz kasıb adamlarıq. Bizim qohum-əqrabanın hamısı elə bizim kimi "prostoy" adamlardı. Amma olsaydı yaxşıydı. Özü kömək eləməsəydi də adı üstümüzdə bəs idi. Allahdan o da yoxdu. Neyləyək, buna da şükür.
   
   2. - Əvvəlki vaxtlar hara getmişəm ki, bu yay harasa gedəm? İstirahət bizim kimi adamların qismətinə yazılmayıb. Bizim ki, yay-qış, gecə-gündüz işləməkdi. Dolanışıq çətindi, işləməyəndə olmur. Qoy dincəlməyə pullular getsinlər.
   
   3. - Müəllim, səhhətimlə o qədər dərdimiz var ki, danışmaqla qurtarası döyül. Yoldaşımın şəkəri var, mənim bel xəstəliyim. İldə bir neçə dəfə tutur, vallah yerimdən də tərpənə bilmirəm. Bir qoca anam da var, yataqdadır, qalxa bilmir. Tay iynə-dərmana pul da çatdırmaq olmur. Ümidimiz ancaq o göydəkinədir...
   
   
   
   1. - Adını söyləmədi: (poçt işçisi) Vəzifədə yaxın adamım var. Özü də biri yox ey, bir neçəsi. (başını bulayır) Amma di gəl görüm biri adama kömək eləyirmi? Əstəğfürullah. Əslində heç üstlərinə də getmirəm, amma xeyirdə-şərdə görüşürük. Onda da özlərini dartıb elə dağın başına qoyurlar ki, elə bil alçaq dağları bunlar yaradıb. Elə vəzifəli qoumun olmasındansa olmaması yaxşıdı.
   
   2. - Şəxsən özüm getməyəcəyəm. Amma fikrim var ki, uşaqları dədəmgiliə, rayona - Zaqatalaya göndərim. Gedib kənddə-kəsəkdə bir az dincəlsinlər. Özümün isə işdən imkanım olmayacaq. Heç məzuniyyət vaxtım yay vaxtına da düşmür.
   
   3. - Səhhətiylə bağlı kimin problemi yoxdur ki? Var... Özü də hər il müalicə almalıyam. Cibimdə də dərman gəzdirirəm...
   
   
   
   1. - Tamara: (iş yerini söyləmədi) Bizim elə bir qohumumuz yoxdu. İnanmıram ki, olsaydı, bizim bir problemimizə kömək edərdi. (gülür) Vəzifəli, imkanlı adamların kasıb, imkansız qohumdan zəhlələri gedir. Hələ mən bunun tərsini görməmişəm.
   
   2. - Bu yay bəlkə öz rayonumuza getdik. Bunu da hələ dəqiq bilmirik. Yoldaşımın bir az işləri var, Bakıda qalmaq məcburiyyətindəyik. Tez həll olunsa beş-on günlüyünə getmək fikrimiz var...
   
   3. - Nə deyim, vallah, hər kəsin bir dərdi var də...
   
   
   
   1. - Qulu: (özəl firma işçisi) Sözün düzü var. Əskik olmasın, dara düşəndə həmişə əl uzadıb. Heç vaxt adamları darda qoymayıb, gücü çatandan köməyini göstərib. İndi işlədiyim bu işi üç il bundan qabaq mənə o düzəldib. Sağ olsun. Düzdü, lazımsızları da var, amma yaxşılara can qurban.
   
   2. - Çox yəqin ki, öz kəndimizə gedəcəyik. Pullu yerlərə gedib dincəlməyə imkanlarımız çatmır. Onun üçün bir az çox pul lazımdı.
   
   3. - Mənim elə bir problemim yoxdu. Amma yoldaşımın var. Bu üzdən də bizim həkimlərlə daimi əlaqəmiz var. İndi xeyli yaxşılaşıb. Çox şükür.
   
   
   
   1. - Fatma: (iş yerini söyləmədi) Yox, qardaş. Yoxdu. Biz kasıb adamlarıq, qohum-qardaşımızın da hamısı elə bizim kimi adamlardı. Bilirəm ki, olsaydı da biz bir xeyir görməyəcəkdik. Bizim problemlərimiz özümüzü bezdirib, hansı qohum bizdən ötrü başını ağrıdar? Qohumumuz da, yaxınımız da o tək olan Allahdı. Vəssəlam.
   
   2. - Canım, istirahət nədi? Bu cür sözləri pullulardan soruşmaq lazımdır. İl boyu dayanmadan işləməliyik ki, ailəni dolandıra bilək. Yoldaşım birinci qrup əlildi, pensiya alır. Hər şey mənim boynumdadır. Böyük oğlan əsgərdi. İnşallah qayıdandan sonra o da bir işin qulpundan tutar. Onda bir az vəziyyətimiz düzələr... Bizim üçün istirahət elə işləməkdi...
   
   3. - Var. Dedim də yoldaşım birinci qrup əlildi. Mən də xəstəyəm. Həkim uçotundayam. Deyirlər ki, əməlli-başlı müalicə olunmasam, vəziyyətim ağırlaşacaq. Amma neyləyim, müalicə oluna bilmirəm. Nə imkan var, nə də heç nə...
   
   
   
   1. - Qardaşxan: (avtoservisdə çilingər) (gülür) Vəzifədə yaxın adamım olsaydı, müəllim, mənim burada nə ölümüm vardı. Səhər tezdən axşamacan hisin-pasın içində əlləşirəm. Mən ağlayan adam döyüləm, amma qazandığımız çəkdiyimiz əziyyətə görə deyil.
   
   2. - Bəxtəvərlikdən danışırsız ey. İstirahət nədi? İstirahəti burada, "klyent" olmayanda eləyirik. Oturub çaydan-zaddan vururuq, bu da olur bizim istirahətimiz.
   
   3. - Doxdura getməkdən zəhləm gedir... Bilirəm ki, özümü yoxlatdırsam, vallah cürbəcür şeylər tapılacaq məndə. Harda qırılar, qırılar...

TƏQVİM / ARXİV