adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Boydan uca olanlar...

SAMİRƏ ƏŞRƏF
22596 | 2015-05-16 01:53
Yuğ teatrının hündür tavanlı, iç-içə otaqlarından keçib səhnəarxası otaqların birində əyləşirik. Müsahibim teatrın gənc rejissoru Ertoğrul Kamalovdu. Söhbətə başladığımız vaxtdan bir müddət sonra səhnədən səslər yüksəlməyə başlayır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşası təqdin olunur. Açığı tamaşaya bir dəfə baxdığım üçün ilk öncə o qədər də maraq duymuram. Lakin sevdiyim sənət zəhmətkeşlərinin əməkdar artist Məmməd Səfanın, Yaqut Paşazadənin, aktyorlar Amid Qasımovun, Təranə Atacanın səsləri məni səhnəyə doğru çəkir. Elə bu an aktrisalar səhnədən çıxıb bizim otaqla səhnə arasındakı dəhlizdə dayanırlar. Sən demə əyləşdiyimiz otaq səhnənin iki çıxışının açıldığı otaqdı. Müsahibənin ən maraqlı məqamında aktrisa Təranə Atacan otağın işığını söndürür. Otaq qaranlığa qərq olur. Məhz belə lazım olduğundan müsahibimlə mən qaranlıqda oturmağa məcbur oluruq. O, tez bir zamanda telefonundakı işığı yandırır. Otaq qəribə, ağ işığa bürünür.
Öz-özümə müsahibə aldığım digər zamanları xatırlayıram. Yox, deyəsən ilk dəfədir ki, yarıqaranlıq otaqda müsahibə götürürəm. Özlüyümdə gülürəm. Demək ki, iş təcrübəsində belə hallar da baş verirmiş. Bəlkə də ekstremal məqamlarla zəngin olan jurnalistika peşəsini məhz bu səbəbdən çox sevirəm.
Fikirim və suallarım yenə qarışır. Səhnədən Şamanın (Məmməd Səfa) ahəstə-ahəstə dediyi -oğul, oğul, oğul sözləri məni zala doğru çəkir. Artıq tamaşanın hansı hissəsinin olduğunu bilirəm. Hələ ən maraqlı məqamlar qarşıda olduğundan rejissora bildirirəm ki, son səhnələşdirdiyi tamaşaların adını çəksin. Məlum olur ki, elə "Boy" tamaşasının da rejissoru Ertoğrul Kamalovdur. İdeya və quruluş isə Tərlan Enginə məxsusdu.
Beləliklə keçirik zala. Öz yerlərimizdə əyləşirik. Təpəgözün doğulacağı, insanları diri-diri yeyəcəyi, Oğuz elindən hər gün beş yüz qoyun, yeddi oğul, yeddi qız tələb etməsi hələ qarşıdadı. Üç pəri qadın (Yaqut Paşazadə, Təranə Atacan, Könül Cəfərzadə) Təpəgözə (Vüqar Hacı) xeyir-dua verirlər. Barmaqlarındakı üzüyü çıxarıb onun barmağına taxmaqla Təpəgözü başına gələcək təhlükələrdən uzaq edirlər. Aktrisa Təranə Atacanın simasına qatdığı əzablı cizgilər onun canlandırdığı ana ifasına bir az da dolğunluq qatır.
Kölgə rolunun ifaçısı Amid Qasımovun ifasını böyük həvəslə izləyirəm. Kölgənin Şamanın ardınca qaçıb onun sözlərini təkrar etməsi, hiyləgər gülüşləri, atmacaları məni valeh edir.
Amid Qasımov gənc nəsil aktyorları içərisində istedadına ən çox güvəndiyim, səhnədən maraqla izlədiyim aktyorlardan biridi. Onun mükəmməl ifasını hələ iki il əvvəl "Mərc" tamaşasından da görüb bəyənmişdim. Öz-özümə ərkyana şəkildə söz verirəm ki, Amid Qasımovun iştirak etdiyi bütün tamaşalara gəlib baxım.
Təpəgöz qardaşının və Oğuz elinin qırılan igidlərinin qisasını almaq üçün onunla döyüşməyə gəlmiş Basatı (Elgün Həmid) müxtəlif tələlərə salıb məhv etmək istəyir. Lakin istəyi baş tutmur. Basat Təpəgözə qalib gəlir. Oğuz eli xilas olur.
Tamaşanın ab-havası, quruluşu, musiqisi əsrlərin o biri üzündə qalmış insan yaşantısını, hisslərini, duyğularını tamaşaçıya asanlıqla ötürə bilir. Bir saat ərzində sanki hansısa sehrli, izahı çətin olan məkana düşürsən və həmin məkandan ayrılmaq məqamı gələndə dərin təəssüf yaşayırsan.
Yuğun bəlli estetikası, tamaşaçını çaş-baş qoymaq və bununla yanaşı onu dərindən düşünməyə vadar etmək istəyi bu dəfə də uğurlu alınır.
Mənəvi aləmimdə dərin bir yüngüllük duyaraq zaldan çıxıram. Yolboyu aktyorların alınlarından puçurlanan tər damcılarını gözümün qarşısına gətirirəm. Özlüyümdə fikirləşirəm ki, indi dincəlməyə can atan bu sənət əzabkeşləri, teatr fədailəri, yaradıcılıq aşiqləri həqiqətən də boydan uca insanlardılar.



TƏQVİM / ARXİV