adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

MƏMMƏD İLQAR

MƏMMƏD DƏMİRÇİOĞLU
19043 | 2015-05-16 01:50
Elə mən özüm də bir neçə dəfə: - Məmməd, az görünürsən, az təbliğ olunursan. Səndən qat-qat zəif olan şairləri qapıdan qovurlar pəncərədən girir, efirdən, ekrandan, ədəbiyyat dərgilərinin səhifələrindən düşmürlər. Bu zamanda gizlənəni görmürlər - desəm də, əllərini yelləyərək: - Bunlar boş-boş şeylərdi. Qardaş, get halal sözünü yaz, özünə sözünə xəyanət etmə. Yazdıqların dəyərlidirsə, halaldırsa, öz sahiblərini tapacaq, yerinə-yurduna sahib çıxacaq, özlərini də, səni də sübut edəcəkdi, - deyib.
Doğru deyir Məmməd İlqar. Bir dəfə Qazağa birgə səfərlərimizin birində, yolun Ağsu aşırımı ərazisində münasib bir yeməkxanada dayanıb çörək yemək qərarına gəldik. Uzaqdan çiyni sazlı aşığı görüb yanımıza çağırdıq.
- A bala, bir-iki hava çal, oxu görək bu tərəflərin aşığı necə oxuyur, - deyib əlini cavan aşığın cibinə saldı. Nəməri alan aşıq həvəslə bir-iki hava oxudu. Bu dəfə sifarişi mən verib:
- Oğul, Məmməd İlqardan söz bilirsənmi, - dedim.
- Niyə bilmirəm, əmi. Özüylə də dostam. Hər buralardan keçəndə mənə bir-iki hava oxutmamış getməz, - deyib bir az da lovğa bir görkəm aldı. Məmmədə göz vurub, üz vurmamasını işarə etdim. Aşıq doğrudan da cavan olmasına baxmayaraq yeni bir şövqlə təcnis havasına ayaq verib, Məmmədin məşhur təcnislərindən birini oxumağa başladı:

İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?...

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !

Söz tamama yetəndə biz də durduq.
- Məmməd, bu cavan aşıq çox xoşuma gəldi. Gör maşında varsa, kitabından birini imzanla ver bu cavan oğlana. Gələcəkdə əlində səninlə dostluğu haqda sənədi olsun, - dedim.
Cavan aşıq məsələni anlamışdı, bir az da yanaqları allanmışdı. Məmməd maşından "Quzey qönçəsi" adlı kitabından birini imzalayıb aşığa bağışladı.
Aşıqla hallalaşaraq: - Həə, aşıq qardaş, sənin dostun şair Məmməd İlqar budur, - deyib yolumuza davam etdik. Bəli, bu doğrudan da belədir ki, Məmməd az reklam olunub, ancaq çoxlarından çox tanınan, sevilən şairlərimizdəndir. Çünki Məmmədin bütün qoşmaları, gəraylıları, təcnisləri sazın fövqünə ucala bilib. Özü demiş, "Saza ucalan sözə ölüm yoxdur".
***
Günlərin bir günü elçi kimi qapımı açdı dostum Məmməd İlqar.
- Dəmirçioğlu, biz dost idik, Allahın izni ilə indi də quda olmaq istəyirəm səninlə, - deyib qızım Ülkəri oğlu Babəkə istədi. Xeyli tərəddüdlərdən sonra qohumluğumuz baş tutdu.
Günlər, aylar ötür gedir. Günlərin bir günü səbirsizliklə nəvə gözləyən dostumla söhbət əsnasında soruşdum:
-Arkadaş, oğlum Daşqın mənim təkidimə baxmayaraq oğluna mənim adımı yaraşdırdı. Böyük kürəkənim Elşən babası Məhəmmədin adını oğluna ad elədi. İndi atanın adını oğula qoymaq dəbdədi. Oğul nəvən olsa yəqin ki, Babək də oğluna Məmməd adı qoyacaq. Belə olsa mən gərək nəvələrimi nömrələyim.
Xeyli gülüb dedi:
- Təki sağlıq olsun. Zaməddin Ziyadoğlu deyib ki, Məmmədlər çox olsa basılmaz Vətən.
Xoş günlərin birində Məmməd baba oldu. Təbrik edib soruşdum:
- Arkadaş, oğlandı, qız?
Telefonda gülə-gülə:
- Ayə bir gözəl Məmmədiyyə gəldi dünyaya, - deyib o da məni təbrik etdi...
Etibarlı dost olduğu qədər də gözəl ailə başçısıdı Məmməd. Hərdən həyat yoldaşı Fatma xanımla zarafatlarına, nəvələri Nigarla, İlqarla oynamağına tamaşa edəsən. Fatma xanıma, bir az baməzə, bir az da zarafatyana yazdığı bir təcnis nümunəsinə baxaq:

A GÖYÇƏK

Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı -
Culadılar - sən çəkərsən, ay göy*, çək.

Fağır canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydəş düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!

Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi - olub yar adı,
Dörd göyçəyin axırında "a" göyçək.
*kürəkən
***
Artıq bu gün bu fikirləri cəsarətlə söyləmək olar ki, İncə Dərəsinin özünə məxsus dil ləhcəsi, poeziya nümunələri, çağdaş Azərbaycan ədəbiyyatı, tənqidi tərəfindən ciddi bir formada qəbul olunmaqdadır. Hörmətli ədəbiyyatşünas alim Rüstəm Kamal: "Yüz imzasız şeir nümunəsinin içindən İncəlilərə məxsus bircə nümunə olsa, mən onu dərhal tanıyaram" - ifadəsi, çox hörmətli professorumuz, millət vəkili Nizami Cəfərovun mötəbər məclislərin birində: "İncəlilər dərsini ancaq tanrıdan alırlar" - kəlamı bu fikirləri təsdiq edə bilər.
Üzu Əfqan Hacıdan bəri (17 əsir) başlanan bu yol, Açıq Avdı Qaymaqlı sazında, sözündə cilalanıb, aşıq Cəlal Qəhrəmanov, açıq Kərəm İncəli, açıq Yəhya, aşıq Sadıq Avdıoğlu və s. ozanların sazında tumarlanaraq, Səyyar Vəli, Ələddin İncəli, Qarasultan oğlu İbrahim ləhcəsindən mayalanaraq, Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Hacı Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Rəfail İncəyurd, Avdı Qoşqar, Mahmud Vəli (Bu gün içi mən qarışıq adlarını sadalamadığım çox İncəli şairləri var ki, bu siyahıya görə məndən inciməsinlər) və nəhayət Məmməd İlqar zirvəsinə yüksəldi. O doğulub boya-başa çatdığı İncə Dərəsinin mənzərəsini elə parlaq boyalarla, dilin elə bir möcüsəsiylə yaradıb ki, nə özündən əvvəl, nə də özündən sonra bu abidəni yaratmaq başqalarına müyəssər olmayacaq:

Hüseyn Əfəndiyə

İncənimi soruşursan, Əfəndim,
Dünyanın bir bucağında bir eldi...
Halal yığar - haramılar daşıyar,
Haram bişməz ocağında bir eldi.

Əfsanələr incələnib adında,
Binələnib ürəyinin çatında,
Kök-köməci yerin yeddi qatında,
Başı qardaş bıçağında bir eldi.

Yüz Məmmədə ilqar verib - gözləyir,
Qibləm - yönüm, Tanrım - Pirim gözləyir,
Qucağında qəbir yerim gözləyir,
Qəbirləri qucağında bir eldi.


Elə bu aradaca Məmməd İlqarın özünə məxsus poeziya ləhcəsi, dil şirinliyi və hətta deyərdim görk ola biləcək çox mükəmməl təcnisləri, qoşmaları, gəraylıları haqda söhbət açsaydıq yerinə düşərdi. "Kəndə məktub" nümunəsindən bir parça:

Salam, Qara Quzey,
Salam, Ağ dərə!
Çeyillər, çəmənlər, necə varsınız?
Bir nəğmə yazmışam - sizə göndərəm -
Müğənni kəkliklər, oxuyarsınız.

Sizdən ayrılalı kiməm, gör nəyəm...
Bir parça ürəkdə min ölüm oldu.
Ağlama ay bulub, mən də köytəyəm,
Mən ölüm ağlama, mən ölüm oldu!

Nə sirli sevdalar coşur canımda,
Dəli duyğuların yuxusu gəlmir.
Havaxtdı tələbə çamadanımdan
Qoyun pendirinin qoxusu gəlmir.

Of, necə qurutdu bu şəhər məni,
Ruhum aranızda, can qəfəsdədi.
Ta çətin saxlayar fələklər məni,
O hicran vardı ha, - son nəfəsdədi...

Və yaxud ANAMIN SAÇININ QARA VAXTLARI
Nümunəsinə nəzər salaq:

Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.

Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda...
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.

Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş-yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə " yox olmaq" var,
Neçə "çıxış" var
Anamın saçının qara vaxtları.

Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.

Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.

Deyim ki, yuxuydu -
yuxu deyildi,
Deyim ki, nağıldı-
Axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.

Məmməd İlqar məhsuldarlıq baxımında az yazan şairlərimizdən olmasına baxmayaraq, nər sözün, nər misranın üstündə əsib, yadda qalan, dillər əzbəri olan sənət nümunələri yaratmışdır. Və ən maraqlısı da budur ki, az yazan adlandırdığımız bu maraqlı şair sanki səs gülüstanının bağında, bağçasında əl dəyməmiş bir gül, bir çiçək qoymamışdır. Bu danılmaz bir həqiqətdir ki, cinas meydanında onunla at oynatmaq hər şairin işi deyil:

Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdən - ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən - ömrün.
Hər günü zülümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl.

Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevdanın kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!

Hörmətli abimiz, poeziyamızın Məmməd Aslanı deyir ki, təcnis dünyasında elə bir cinas qalmayıb ki, ona Məmməd İlqarın əli dəyməmiş olsun. Təkcə cinas yox, Əlini hara atırsan:

... Narsan - sənə bolüm yoxdur,
Yarsan - sənsiz yolum yoxdur,
Varsan - mənə ölüm yoxdur,
Dərdim, ömrün uzun olsun...
Və yaxud:
Dərd nə şeydi, bilməyəsiz,
Sizə gələn mənə gəlsin.
Dərdin işi mənimlədi,
Çox gəlibdi, yenə gəlsin...

Yenə gəlib Məmmədlə rastlaşırsan.

Ümumən götürsək, Məmmədin yaradıcılığını qətiyyən təhlil etmək fikrim yoxdur. Əslində mən bir rəssam olaraq, haqqında yazdığım insanların sözlə portret rəsmlərini işləməyə cəhd edirəm.
Məmməd İlqar bütün yazılarını, çıxışlarını, hətta deyərdim şeirlərini də qısa, lokanik yazır. Amma nədənsə mən onun haqda nə qədər çalışdım, qısa yaza bilmədim. Əslində heç uzun da yazmadım. Bəlkə heç nə yazmamışam hələ...

TƏQVİM / ARXİV