FİLLƏR MƏNİM DOSTUMDU

ƏBÜLFƏT MƏDƏTOĞLU
59488 | 2015-05-16 01:49
Görünür yaşla, arxada qalan illərlə bağlı deyilən fikirlərin canındakı məqamlar həqiqətə söykənir. Çünki insan yaşlaşdıqca onu torpaq çəkdiyi kimi, xatirələr də çəkir və günün müəyyən hissəsi dünənlə, arxada qalan illərlə bağlı olur... Ya kimisə xatırlayırsan, ya hansısa hadisəni dilə gətirirsən, ya da dünəndən nümunə söyləyib nəticə çıxarılmasını istəyirsən...
Təbii ki, bu məqamda, bu yerdə insan öz düşüncəsinin, dərk etməsinin fövqundə dayana bilir. Anlaya bilir ki, onun dünəni, keçmişi hara bağlıdır və bu günə hardan başlayıb gəlibdi. Nə vaxt ki, bu anlayış baş verir, bu bağlılığa ehtiram göstərilir, onda gələcək səni topa tutmur. Çünki sən keçmişinə güllə atmırsan...
Bəli, neçə gündür ki, bir fikri özümlə gəzdirirəm. Bu fikir gecəmin, gündüzümün şərikinə çevrilir. O məşhur əsərlərimizin birində deyildiyi kimi, nə qədər çalışsam da meymunu yadımdan çıxara bilmirəm. Ona görə də istədiyimi, yəni o fikrin mənə diktə etdiklərini yazmaqda çətinlik çəkirəm. Bir az da konkret söyləsəm, bu çətinliyin mayasında mənim necə qəbul olunacağım, yazdıqlarımın necə qarşılanacağı dayanır. Axı, indi qaşınmayan yerdən qan çıxarmaq, öküzün yanında bala axtarmaq və yaxud da isti aşa soyuq su calamaq çoxlarının peşəsinə çevrilib. Onların çörəyi belə şeylərdən çıxdığına görə, suyu necə deyərlər, üfürə-üfürə içmək, ən vacibi isə öz gözündəki tiri görmək daha önəmlidir. Zənnimcə, bunu görə bilən kəsin heç vaxt başı ağrımaz. Bunu günün reallığı kimi qəbul etsək, onda siz də mənimlə razılaşarsınız. O ki, qaldı özümlə gəzdirdiyim fikrə...
Təqribən ilin əvvəlləri idi. Həyatımda önəmli yeri olan içimdəki adamlardan biri sözarası vurğuladı ki, bizim görüş yerimiz "fillərin qəbiristanlığıdı". Doğrusu, həmin fikrə dərhal reaksiya verə bilmədim. Çünki nə dediyini, nəyə işarə vurduğunu ilk anda fəhm edə bilməmişdim. Üstündən bir xeyli vaxt keçdi, mən öz-özümə hardansa yadıma düşən o sözün, fikrin üzərinə qayıtdım. Sanki kimsə məni silkələdi. Kimsə mənə dedi ki, bu sözün alt qatı var. Ən azından ona görə ki, məmləkətimdə fil adlı bir canlının mövcud olduğunu, hardasa rast gəlindiyini nə oxumuşam, nə də eşitmişəm. Ona görə də bir söz adamı kimi həmin o fikrin başına ip salıb dalınca getməyə başladım. Və...
Günlərin birində yolumu şəhərimizin məşhur istirahət guşələrindən birinə saldım. Bu da səbəbsiz deyildi. Məhz həmin dostumla görüşmək istəyirdim. Əvvəldən də mənə məlum idi ki, həmin istirahət parkı onların səhər-axşam gəzinti yeridi. Yaxınları ilə, doğmaları ilə, həmkarları ilə həmin parkda gəzir, söhbət edir, arada vaxt tapıb nərd də oynayır, çay da içirlər. Ona görə də birbaşa istirahət parkına yollandım. Yanılmamışdım. O, tanışları ilə birlikdə parkda gəzirdi. Yaxınlaşdım, öpüşüb görüşdük, hal-əhval tutduq. Sonra məni yanımdakı insanlara təqdim etdi. Onlara da əl uzatdım... onları da mənə təqdim etdi. Məhz bu təqdimatda ağlımda sanki bir şimşək çaxdı. Deyəsən özümlə gəzdirdiyim fikrin hara işarə olunduğunu artıq anlamağa başlamışdım. Çünki...
Bu məqamda mütləq həmin o fikrin təsiri ilə qələmə aldığım misraları təqdim etməliyəm. Çünki yeri və məqamıdı. Oxusanız siz də bu misraların yerinə düşməsi ilə razılaşacaqsınız.

Qış ötəcək, yaz olacaq bilirəm
Fəsillərin düzümüdü bu belə...
Sevgin artıb, azalacaq bilirəm -
Min illərin süzümüdü bu belə!..

Axar varsa axacaqdı nə isə
Alov varsa yaxacaqdı nə isə!..
Hərə bir cür baxacaqdı nə isə -
Bir fikirin çözümüdü bu belə!..

Daş daş ilə çiyindaşdı qoy olsun
Odlanmamış çiyin daşdı, qoy olsun...
Yerin daşdı, göyün daşdı qoy olsun-
Daş ömürün dözümüdü bu belə!...

Bir yarpağın yanağında yüz xalı
Ötür onu bir gözəlin üz xalı...
Heç gəlmədi Əbülfətin düz xalı -
Öz yazısı, öz ömrüdü bu belə!..

***
Dostumun mənə təqdim etdiyi kişilərin hamısı cəmiyyətin tanıdığı adamlardı. Onların arasında nazir müavini vəzifəsinə qədər yüksələn, icra başçısı olan, komitə idarə edən, ən azı "JEK" müdiri vəzifəsindən təqaüdə göndərilən şəxslərə qədər hər kəs var. Bu insanların bir qismi yaşla bağlı vəzifəsinə əlvida deyib, bir qismi yol verdiyi nöqsanlara görə, bir qismi də səhhətiylə bağlı... Deməli, bu adamlar məmləkətin müəyyən zaman kəsiyinin onların nəbzi ilə bərabər döyünməsinə, eləcə də onların işarələri ilə müəyyən sahələrin idarə olunmasına qədər çeşidli vəzifələr idarə ediblər. Xidməti maşınları da olub, dövlət telefonları da, katibləri də, səlahiyyətləri də... Üstəlik şərəflərinə məclislərdə ayaq üstə badə də qaldırıblar... Onlar yubananda məclis, mərasim öz işinə başlamayıb...Onlar durub getməyincə ziyafət tamamlanmayıb... Hətta onların olduğu yerdə kimsə qərar verə bilməyib...Olsa-olsa müəyyən təkliflər səslənib... Bu da onlara yaxın şəxslərin dilindən...
Hə, yəqin siz də anladınız. İdarəçilik bir şahmat taxtasıdı. Onun üzərində müxtəlif fiqurlar var. Demək, bu adamlar həmin şahmatın filləri imiş. İndi bu fillər artıq şahmat taxtası üzərində deyillər. Onların gedişləri dayandırılıb....Onlar əvəzlənib... Və nəticədə onlar bir-birlərini bu istirahət parkında tapıb qalan ömürlərini burda yaşayırlar, burda keçirirlər, burda dünənə, bu günə, sabaha qiymət verirlər. Bu parka gələnlər həmin o fillərdən zaman-zaman qopub ayrılır və onlardan əbədiyyətə yolçuluq edənlər də olur. Məhz bu mənada mən indi dostumun nəyə işarə vurduğunu anladım. Başa düşdüm və gördüm ki, burdakı fillərin sırası necə seyrəlir. Onlar oyunlarını başa vurmuş fillərdi. Ona görə də burdan ancaq son mənzilə yollanırlar...
Bəli, bura fillər qəbiristanlığıdı... Amma həm də bura fillərin görüş yeridi... Mən bu iki fikri eyni məqamda dilə gətirirəm və hər kəs də yaxşı bilir ki, yeganə canlılardan biri fillərdi ki, ölümlərini öncədən duyur və öz qəbiristanlıqlarına öz ayaqları ilə gəlir, orda diz çöküb ölümə təslim olurlar...
Qəribə və maraqlı sonluqdu. Şəxsən mən fil ömrü və fil ölümü barəsində düşünəndə həmişə kövrəlirəm, mütəəssir oluram.
Özümdən asılı olmadan bu ömrün özəlliklərinə daxilən bir həsəd hissi keçirirəm. Amma hər kəsin öz ömrü olduğu kimi, öz ölümü də var. Ona görə də həsəd hissi keçirməyə dəyməz və yaxud da olmaz. Hər halda, mən indi tam səmimiyyətimlə və bir az da dəliqanlılıqla deyə bilərəm ki, fillər mənim dostumdu. Çünki...
Külək belə əssə yarpaq qopacaq-
Üz-gözü xallanıb, həm də saralıb...
Ayağım altından torpaq qopacaq
Başım dumanlanıb, nəfəs daralıb -
Vallah yıxılacam mən öz içimdən...

Üşüyən əllərim isti əl gəzir
Göynəyən dodağım öpməyə yanaq...
Təklik göz görəsi canımı əzir
Sınacaq başımda mənim bu çanaq-
Vallah yıxılacam mən öz içimdən...

Sözümü deyirəm gülüş doğurur
Arzum dəfn edilir - səssiz, duasız...
Yazdığım hardasa bəlkə oxunur-
Özümsə ortada evsiz, yuvasız-
Vallah yıxılacam mən öz içimdən...

Qurduğum xəyaldan asılıb hər gün
Tamarzı qalıram addım səsinə...
Oyuncaq sandığın mənasız ömrün -
Sən çətin çatasan son nəfəsinə-
Vallah yıxılacam mən öz içimdən...

***
Bu yazını bilgisayara diktə edərkən ağlıma belə bir fikir gəldi ki, görəsən insan öz sonunu, xüsusilə səlahiyyət sahibi olan Allah bəndəsi səlahiyyətinin bitəcəyi gündən sonrakı məqamı heç düşünürmü? Ümumiyyətlə, bu barədə nə isə ağlından, ürəyindən keçirirmi? Və yaxud ona məhz həmin o səlahiyyətdən sonrakını xatırladana qarşısındakına çımxıranda, sayqısızlıq göstərəndə sonra üz-üzə necə gələcəyini, necə qarşılaşacağını, ona hansı münasibətin göstəriləcəyini bir anlıq da olsa kino lenti kimi, günün gerçəyi kimi gözünün önünə gətirirmi?.. Ola bilsin ki, mənim vurğuladığım bu suallar, qabartdığım bu məqam ritorik xarakter daşıdı, kiməsə istehza bəxş etdi, kimsə məni bu məntiqə görə qınadı... Mən bütün bunları təbii qəbul edirəm. Çünki mənim suallarımın cavabı bu gün üçün havadan asılı qalıb. Elə bir boşluqdadı ki, onu hamı görür, amma ona heç kim toxuna bilmir. Bunun da səbəbi həmin o səlahiyyətdədi, orda axtarılmalıdı. Nə qədər ki, səlahiyyət var, o cavabı heç kim ortaya qoya bilməz. Kimsə də cəhd edib ortaya qoysa, xoş üzlə, xoş sözlə qarşılanmaz. Ən çox da yarınanlar, yaltaqlananlar, dəsmal gəzdirənlər tərəfindən...
Bax, bütün bu sual-cavabın, bütün bu düşüncənin, bütün bu gerçəkliyin içərisində bir orta nöqtə var. Ona mərkəz də demək olar, dayaq nöqtəsi də!.. Amma burada adın əhəmiyyəti yoxdu. Yəni ad hər şeyi həll eləmir. Əsas məsələ odur ki, o nöqtə var. Bu nöqtə səlahiyyətin bitdiyi yerdi. Ordan sonra yeni sətir başlayır. Bax, bu sətrin necə başlayacağı o nöqtəyə qədər bəlli olmalıdı, müəyyənləşməlidi. Çox təəssüf ki, çoxları nəinki o nöqtəyə qədər, hətta o nöqtəni bir xeyli keçəndən sonra da özlərini, öz kimliklərini, öz yerlərini olduğu kimi etiraf edə bilmirlər. Təbii ki, bunun ağrısını, bunun təpkilərini onlar özləri daha çox yaşayır, amma bu, arzu olunan deyil. Doğrudur, bəzən deyirlər ki, əkdiyini biçərsən. Amma bir insanlıq deyilən anlayış da, məqam da var. Kimsə ya bilərəkdən, ya səhvən gərəksiz, lazımsız, ehtiyac duyulmayan, ümumiyyətlə faydası olmayan bir nəsnəni əkibsə, onu da biçməsinə razı olmaq, göz yummaq heç də doğru olmaz. Çünki o, artıq əkəndə öz günahını işlədibdi. Heç olmasa biçəndə ona yardım göstərmək, onu doğruya, gərəkliyə tərəf çəkmək Allaha da xoş gedər, bəndəyə də. Nə bilim, bu mənim özəl düşücəm və özəl yanaşmamdı. Heç vaxt arzu etməmişəm ki, kimsə etdiyi günahın cəzasını artıqlaması ilə çəksin. Sadəcə, içimdən gəlib keçib ki, kaş günahkar günahını anlasın. Məncə bu, kifayət edər. O ki, qaldı fillər məsələsinə...
Bəli, mən bu yazını yekunlaşdırarkən hardansa yadıma gənclik illərimizin, daha doğrusu, sovet dönəminin "bərk gedən" hind filmləri duşdu. O məşhur hind filmləri arasında maraqla izlədiyimiz bir bədii film də var idi. Yəqin ki, baxmısınız, izləmisiniz. Film belə adlanır:

- "Fillər mənim dostumdu!"

Doğurdan da bu gün fillər mənim dostumdu və mən onlarla həmin o istirahət parkında gəzəndə həm yoldaş kimi, həm qəzet işçisi kimi söhbətlərini dinləyib maraqlı xatirələrinə qulaq asıb neçə-neçə mətləbi yenidən anlayıram, yenidən sanki bir həyat dərsi keçirəm, bir məktəb oxuyuram. Və görürəm ki, insanların böyük əksəriyyəti həm ətrafı görür, həm də özlərini. Məncə bu, çox böyük və müsbət bir haldı. Deməli, həyatın, daha doğrusu, səlahiyyətin bitdiyi nöqtədən sonra başlayan həyatın maraqlı, oxunaqlı, öyrənməli səhifələri də var. Bunu sadəcə oxumaq lazımdı. Lap sadəcə bu oxumağı istəmək, arzulamaq lazımdı. Onda fillərlə dost olduğuma görə siz məni də başa düşəcəksiniz.

TƏQVİM / ARXİV